Saksen-Koburq-Zaafeldli Viktoriya Mariya Luiza (; ) — Saksen-Koburq-Zaafeld hersoqu Fransiskin qızı, evlilik yoluyla Layninqen şahzadəsi və Kent hersoginyası.
17 avqust 1786-cı ildə Saksen-Koburq-Zaafeld hersoqu Fransiskin dördüncü qızı kimi Koburqda dünyaya gəldi.
21 dekabr 1803-cü ildə Koburqda mərhum xalasının dul əri Layninqen şahzadəsi Emix Karlla evləndi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi.
Karl Fridrix Vilhelm Emix (1804-1856) Anna Feodora Avqusta Şarlotta Vilhelmina (1807-1872)
Ərinin 1814-cü ildə vəfatından sonra böyük oğlu Karlın azyaşlı olması səbəbilə naibə ünvanıyla Layninqen mülklərini idarə etdi. Onun bu vəzifəsi ikinci evliliyinin baş tutduğu 1818-ci ilədək davam etdi.
İkinci evliliyi Britaniya kralı III Georqun oğlu Kent hersoqu Eduard Avqustla baş tutdu. Qısa zamanda nişanlanan cütlüyün toy mərasimi 29 may 1818-ci ildə Koburqda və 11 iyulda Surreydə baş tutdu. Seçilən bəy namizədi mərhum qardaşı arvadı Uelsli Şarlotta Avqustanın əmisi idi. Evləndikdən qısa müddət sonra maliyyə problemləri səbəbilə, Almaniyada yaşamağa başlasalar da, Viktoriyanın hamilə olması və doğulacaq övladının Britaniya varisi olması səbəbilə vətənə döndülər. Burada Kensinqton sarayında məskunlaşdılar və yeganə övladları da burada doğuldu.
Cütlüyün bu nigahdan yeganə övladı dünyaya gəldi: Viktoriya Aleksandrina (1819-1901)
Övladının doğulmasından qısa müddət sonra əri Eduard Avqust vəfat etdi. Viktoriyanın artıq Britaniyada qalmasının heç bir mənası yox idi. Üstəlik, daha ucuz yaşaya biləcəyi Koburqda bir sarayı da vardı. Ancaq o dövrdə Britaniyada vərasət problemi var idi. Belə ki, böyük qayınları Uels şahzadəsi Georq Avqust, York və Albani hersoqu Frederik Avqust və Kumberland hersoqu Ernest Avqust evli olsalar da, xanımlarından ayrı idilər və rəsmi nigahdan doğulan övladları yox idi. Kiçik qaynı Susseks hersoqu Avqust Frederikin evliliyi isə qeyri-monarxial olduğu üçün övladları rəsmi olaraq tanınmırdı. O əsnada həyatda olan baldızları isə hələ evlənməmişdi və yaş etibarilə övlad sahibi olma ehtimalları çox az idi.
Bu səbəblə, Koburqda sakit bir həyat yaşamaq yerinə, Britaniyada qalıb qızının taxt hüququnu müdafiə etməyə və mərhum ərinin geridə qoyduğu külli miqdardakı borcları ödəməyə qərar verdi. Öncə ərinin, 6 gün sonra isə qaynatasının vəfatının ardından qızı Viktoriya Aleksandrina taxt sıralamasında üçüncü yeri tutmaqda idi. Parlament isə monarx ailəsinin borclarını ödəməyə meyilli deyildi və onları cüzi miqdarda aylıq maaş bağlayaraq, o əsnada gözdən düşmüş Kensinqton sarayında yaşamalarına icazə verdi. Bu illər boyunca həm maddi, həm də mənəvi olaraq ən yaxın dəstəkçisi isə qardaşı Leopold oldu. Belə ki, qardaşı Leopold vaxtilə taxt varisi Uelsli Şarlotta Avqusta ilə evli idi və bu səbəblə parlamentin ödədiyi illik 50 min sterlinq məbləğindəki maaşı xanımının ölümündən sonra da almağa davam edirdi.
1831-ci ildə IV Georq vəfat etdi və digər qaynı IV Vilhelm taxta çıxdı. Ancaq yeni kral da evli olmasına baxmayaraq varissiz idi. Beləcə, qızının taxta çıxma ehtimalı artdı. Bu səbəblə, həmin ilin avqustunda parlament Viktoriya və qızına ödədiyi aylıq maaşın məbləğini artırdı. Bunun bir digər səbəbi isə həmin il qardaşı Leopoldun Belçika taxtına çıxması və Britaniya parlamentinin ödədiyi illik ödənişdən imtina etməsi oldu.
Kensinqton sarayında yaratdığı xüsusi sərt rejim altında qızını böyütdü. Bu rejimin ən qorxunc tərəfi isə azyaşlı Viktoriya Aleksandrina həmyaşıdları da daxil olmaqla, ata qohumlarının çoxundan izolə bir həyat yaşadı. Qızının xüsusilə də, əmisi IV Vilhelmlə görüşməsinin qarşısını almağa çalışdı. Buna səbəb isə kralın həddindən çox qadın düşkünü olması və nigahdan kənar yaşadığı əxlaqsız həyat tərzi idi. Belə ki, qızının kralın bir il sonra baş tutan tacqoyma mərasiminə qatılmasına da mane oldu. Qızının taxta çıxacağı 1837-ci ilədək onunla eyni otaqda yaşadı.
Nəhayət, IV Vilhelmin vəfatının ardından yeganə övladı Viktoriya Aleksandrina taxta çxıdı. Ancaq illərdir gözlədiyi və qızının üzərində söz sahibi olması ümidləri suya düşdü. Belə ki, qızı Kraliça Viktoriya hakimiyyəti bölüşməkdən imtina edərək anasını saray həyatından uzaqlaşdırdı. Yalnız ilk övladı və adaşı olan şahzadə Viktoriyanın doğulduğu 1840-cı ildə saraya geri çağırıldı. Bunda əsas rolu isə kürəkəni olan şahzadə-konsort Albert oynadı.
Hersoginya Viktoriya 16 mart 1861-ci ildə saat 09:30 radələrində Vindzorda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Allen, W. Gore (1960). King William IV. London: Cresset Press
Longford, Elizabeth (1964) Victoria R.I., London: Weidenfeld & Nicolson,
Marshall, Dorothy (1972) The Life and Times of Queen Victoria, London: Weidenfeld & Nicolson, [1992 reprint] Packard, Gerrold (1973). Victoria's Daughters. New York: St. Martin's Press
Somerset, Anne (1980). The Life and Times of William IV. London, Weidenfeld & Nicolson, . St Aubyn, Giles (1991) Queen Victoria: A Portrait, London: Sinclair-Stevenson,
Waller, Maureen (2006) Sovereign Ladies: The Six Reigning Queens of England, London: John Murray,
Woodham-Smith, Cecil (1972) Queen Victoria: Her Life and Times 1819–1861, London: Hamish Hamilton,
İstinadlar Kateqoriya:XIX əsr Almaniya şəxsləri