Bosfor ( və ya ) — Qara dəniz və Mərmərə dənizini bir-birləri ilə əlaqələndirən su keçidi. Bosfor boğazı ümumi olaraq şimal-şərq və cənub-qərb istiqamətində uzanır və İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır. Boğazın hər iki tərəfində mövcud olan məskunlaşma ərazisi "Boğaziçi" olaraq adlandırılır. Bosfor boğazı Mərmərə dənizi və Dardanel boğazı ilə birlikdə Türk boğazlarının siyahısına daxil edilmişdir. Boğaz Avropa və Asiya qitələrini bir-birlərindən ayıran təbii sərhədlərdən biri olaraq qəbul edilir. 1 may 1982-ci il tarixində qüvvəyə minən İstanbul Liman Nizamnaməsinin qərarına əsasən Bosfor boğazının şimal sərhədi Anadolu mayakını Rumeli mayakına birləşdirən xətt, cənub sərhədi isə Axırqapı mayakını Kadıköy İnciburnu mayakına birləşdirən xətt olaraq təyin olunmuşdur.
Boğazın sahilləri tarix boyunca müxtəlif sivilizasiyalar yaradan xalqların məskunlaşdığı ərazi olmuş, e.ə. 685-ci ildə Meqаrаdan gələn yunanların hal-hazırda tarixi yarımada olaraq adlandırılan ərazidə şəhər dövləti yaratması ilə inkişaf edərək böyüməyə başlamışdır. Boğaz həm Böyük Roma İmperiyası, həm Şərqi Roma İmperiyası, həm də Osmanlı İmperiyasının paytaxtı olan və hal-hazırda Türkiyənin ən böyük şəhəri olan İstanbulun rəmzlərindən biridir. Bosfor boğazı həm şəhərin, həm də ölkənin ölkə xarici təqdimatlarında əsaslı rəmzlərindən biri kimi istifadə edilir.
Beynəlxalq dəniz nəqliyyatının həyata keçirilə biləcəyi ən dar keçid xüsusiyyətinə sahib olan Bosfor boğazının üzərində 15 iyul Şəhidlər, Fateh Sultan Mehmet və Yavuz Sultan Səlim adlı asma körpülər mövcuddur. Bu körpülər İstanbulun hər iki tərəfini əlaqələndirir, həmçinin Avropa tərəfi və Asiya tərəfi arasında keçid nöqtəsi yaradır. İstanbul xalq nəqliyyatının əsas nöqtələrindən biri olan Bosfor boğazında qitələrarası nəqliyyat dəniz avtobusları, yük, maşın və sərnişin aparan bərələr, şəhər xətləri dəniz paroxodları və sərnişin motosiklləri ilə əlaqələndirilir.
Bosfor boğazı Qara dəniz sahilində yerləşən Bolqarıstan, Gürcüstan, Rumıniya və Ukrayna üçün Aralıq dənizinə səyahət etmənin yeganə yoludur. Dardanel boğazı və Mərmərə dənizi ilə birlikdə Bosfor boğazının suverenlik haqları 20 iyul 1936-cı il tarixində imzalanan Boğazlar müqaviləsi ilə təyin olunmuş qaydalar əsasında Türkiyəyə aid olmuşdur.
Etimologiya Boğazın ən qədim sakinlərindən olan bizanslılar buranı Bosporos () adlandırırdı. Bu söz inək və ya öküz mənasına verən βοῦς (bous) və yol, keçid mənasını verən πόρος (poros) sözlərinin birləşməsindən yaranmışdır. Öküz və ya inək keçidi mənasını verən Bosfor adının boğaza verilməsi yunan mifologiyasında Zevsin İo adlı bir qıza aşiq olmağı hadisəsinə əsaslanır. Hekayəyə görə İo çaylar tanrısı İnaxın qızı idi. Baş tanrı Zevs bu gözəl qızı görəndə ona aşiq oldu və həyat yoldaşı Heradan gizli olaraq onunla yatmağa başladı. Bir gün həyat yoldaşı Heraya tutulan zaman özünü buluda, İonu isə inəyə çevirir. Aldanmayan Hera inəyi ərindən hədiyyə olaraq istər. Onu Zevsdən uzaqlaşdırmaq üçün Arqos Panoptisin adlı canavarın nəzarətinə təhvil verir. Ancaq Zevs Hermesi göndərib Arqosu öldürtdürür. Bundan sonra Hera inək halına gələn İonu narahat etmək üçün onun üzərinə milçəklər göndərir. İo milçəklərdən yaxa qurtarmaq üçün qaçanda özünü boğazın sularına atır və üzərək bu maneəni keçir. Sahilə çıxdıqda Keroessa adlı bir qız dünyaya gətirir və böyüdükdə dəniz tanrısı Poseydonla evlənir və Bizas adlı bir oğlan dünyaya gətirir. Bu uşaq doğulduğu yerdə öz adını verdiyi Bizantion şəhərini qurur. Bu mifoloji hekayələr həm İstanbul şəhərinə, həm də boğaza adların verilməsində əhəmiyyətlidir.
Boğazın qədim dövrlərində istifadə olunan adlardan biri olan Bosporusun mənşəyi ilə bağlı başqa bir fikir, bu sözün Fosforos (Yunan dilindən: Φωσφόρος — fosforlu, işıq saçan) sözlərindən gəlməsidir. Boğaz qərb dillərində hələ də bu ad və ya fərqli formaları ilə tanınır. Qədim türk mənbələrində Haliçi bahri rum (Marmara dənizinin boğazı), Haliçi bahri qara (Qara dəniz boğazı), Haliçi Honstantiniyye (Konstantin Boğazı), Merecül bahreyn, Mecmaül bahreyn (iki dənizin qovuşduğu yer) kimi adlara rast gəlinir.
Yaranması 200px|thumb|left|Boğaz Qara dənizdən aşağı və Mərmərə dənizindən yüksəkdə yerləşir. Ümumiyyətlə, İstanbul coğrafiyası və Bosfor boğazı 4-cü geoloji dövrdə meydana gəlmişdir. Ancaq Bosfor boğazının necə meydana gəldiyinə dair suala cavab verə biləcək dünyada qəbul edilmiş bir fikir yoxdur. Bu günə qədər aparılan elmi araşdırmalar nəticəsində boğazın dəniz suyu ilə dolmuş buzlaq çöküntüsü olduğu düşüncəsi üstünlük təşkil edir. Buna görə eramızdan əvvəl 20000–18000 illəri arasında Buz dövrü sona çatdı və dünyanın bir çox hissəsini əhatə edən buz kütlələri əriməyə başladı. Min illər boyu davam edən ərimə nəticəsində Aralıq dənizinin suları eramızdan əvvəl 8000–7000-ci illərdə ilkin səviyyəsindən təxminən 150 metr yuxarı qalxmışdır. Dəniz səviyyəsinin bu qədər yüksəlməsi nəticəsində Aralıq dənizinin suları Mərmərə dənizini basmış, Mərmərə dənizinin də səviyyəsi qalxaraq Qara dənizə birləşmişdir. Boğazın dərinliyinin şimaldan cənuba doğru azalması, keçmişdə şimaldakı bu yüksəkliklərin Marmara dənizi sularına qarşı bir səd rolunu oynadığını və dəniz səviyyəsinin yüksəlməsi nəticəsində aşınmışdır.
Başqa bir fikirə görə, qədim zamanlarda boğazın olduğu yerdə böyük bir çay var idi. Buz dövrü başa çatdıqdan sonra dünyadakı buzlaqlar əridikcə bütün çaylar kimi bu çayın su səviyyəsi artaraq indiki formasını aldı. Mərmərə dənizinin su ilə dolaraq Qara dənizlə birləşməsi hadisəsi mifologiyada bilinən və bəzi müqəddəs kitablarda yer almış Nuh tufanı ilə əlaqələndirilir. Bu mövzuda çox araşdırma aparıldı və 2001-ci ildə Amerikalı tədqiqatçı Robert Ballardın tapıntıları və dəlilləri çox böyük əks-səda verdi. Tədqiqatları 2001-ci ilin may ayında "National Geographic" adlı coğrafiya jurnalında dərc olunmuşdur. Robert Ballarda görə Buz dövründə Qara dəniz, münbit kənd təsərrüfatı sahələri olan böyük bir şirin su gölü idi. 12000 il əvvəl başlayan buzlaqların əriməsi ilə yaranan sular boğazın cənubundakı maneənin arxasında toplanmağa başladı. Sonda bu maneəni dəf edə bilən sular böyük bir sürətlə Qara dənizə axmağa başladı. Şirin sulu göl olan Qara dəniz duzlu dəniz suyu ilə doldu və bu müddətdə Qara dənizin suları gündə 15 sm qalxdı. Suyun səviyyəsindəki ümumi yüksəlişin 150 metrə çatdığı güman edildiyi üçün bu proses 1000 gün, yəni təxminən 3 il davam etdi. Tufan arqumentini müdafiə edən alimlərin fikrincə, münbit kənd təsərrüfatı sahələrini və gölün ətrafındakı yaşayış məntəqələrini basan bu fövqəladə suyun yüksəlişi Nuh tufanı kimi nəsildən-nəsilə ötürüldü.
Suyun xüsusiyyətləri Bosfor boğazı duzluluq və su istiliyi kimi fərqli xüsusiyyətlərə malik iki su kütləsinin arasında yerləşir. Qara dənizdəki duzluluq 17–18 ‰, Mərmərə dənizində isə 35–36 ‰-dir. Boğazın ən duzlu hissələri Mərmərə dənizi ilə birləşdiyi bölgələr, xüsusilə Üsküdar sahilidir. Boğazın duzluluq dərəcəsi müəyyən nöqtələrdə aşağı olmasına baxmayaraq ümumilikdə yüksəkdir. Ən aşağı duzluluq səviyyəsi boğazın Qara dəniz ilə birləşdiyi hissədədir. Bosfor boğazındakı duzluluq səviyyəsi fəsillərə görə əhəmiyyətli dərəcədə dəyişir. Mərmərə dənizindənboğaza axan suyun miqdarı qışda artır, bu da qışda boğazın duzluluğunu əhəmiyyətli dərəcədə artırır. Boğazda suyunun duzluluq dərəcəsi havaların istiləşməyə başladığı aprel ayından etibarən azalmağa başlayır. Duzluluq dərəcələri iyun ayında ən aşağı səviyyədə və noyabr ayında isə ən yüksək səviyyədədir.
Bosfor boğazı əsasən Aralıq dənizi iqlim xüsusiyyətlərinə malikdir. Yayda isti və quru hava, qışda isə mülayim və yağışlı olan Aralıq dənizi iqliminə əlavə olaraq, Qara dəniz iqlim xüsusiyyətləri və Balkanlar və Anadolunun kontinental iqlimi də Bosforun və ətrafındakı suyun temperaturunda təsir edir. Boğaz suyunun istiliyi əsasən hava istiliyi ilə eyni olur.
Axıntılar 200px|thumb|right|23 fevral 1999-cu ildə şiddətli dalğaların sahilə vurduğu Honduras bayraqlı "Selin-S" gəmisi. Bosfor boğazı Dunay, Dnepr və Don kimi üç böyük və saysız-hesabsız kiçik çaylarla bəslənən Qara dəniz suyunun tək çıxış nöqtəsidir. Qara dənizdən axaraq boğazdan keçərək Mərmərə dənizinə axan suyun illik miqdarı 660 milyard kubmetrdir.
Bosfor boğazı Qara dənizdən alçaq, Mərmərə dənizindən isə yüksəkdə yerləşir. Səviyyə fərqi boğazın başlanğıc nöqtəsi və son nöqtəsi arasında 40 sm-dir. Buna görə də Qara dənizdən Mərmərə dənizinə davamlı səth axıntısı var. Boğazın mərkəzi hissəsində səth axıntıları daha şiddətli olur. Xüsusilə Kandilli sahilllərindən başlayaraq cənuba qədər sürəti 5 km/saata qədər artır. Qara dəniz üzərindən keçən şimal küləkləri dövründə səth axıntılarının ən sürətli vaxtı olur. Normal şəraitdə 6–7 km/saat olan axıntı sürəti küləklərlə qidalandıqda 11–12 km/saata qədər yüksəlir.
Mərmərə dənizinin suyu Qara dəniz suyundan təxminən iki dəfə daha duzlu olduğundan bu iki dəniz arasında böyük sıxlıq fərqi var. Daha çox duzlu olan Mərmərə dənizinin suyunun xüsusi çəkisi Qara dəniz suyunun və boğazın sularından daha yüksəkdir. Buna görə də bu iki su obyektini birləşdirən boğazda dib axıntıları meydana gəlir. Bu tip axıntı boğazın 15–20 metr dərinliyindən başlayır və dərinlik imkan verdiyi təqdirdə 45 metrə qədər enə bilər.
Boğazda bəzən əsas axın yolunda olan çuxurlara və əyilmələrə dolan su sahildəki axınları izləyərək əks istiqamətdə axması anaforlar yardır. Bu əyrilər dənizçilər arasında "güzgülər" də adlanır. Əmələ gələn çuxurun miqyası və intensivliyi əsas axının gündəlik intensivliyinə mütənasib olaraq artır. Boğazın tərs axıntılarının istiqaməti, ölçüsü və intensivliyi hava şəraiti, xüsusən küləklər ilə əlaqədardır. Cənubdan əsən küləklər çox güclü olduqda, əsas axın bütün boğazı əhatə edir və şimala doğru istiqamətlənir. Üsküdarın şimal buxtasında əks axıntı şimal-şərq istiqamətində dar bir xətlə axır. "Bəylərbəyi" rayonunun şimal-şərqindəki bayırda, "Vaniköydəki" körfəzdə, "Anadoluhisar"ında və İstinye və Bebek körfəzlərinin xarici hissələrində qısa əks axıntılar var.
"Garipçe" burnu və "Rumeli" burnu arasındakı yerlərdə şimal istiqamətində kiçik əks axıntılar müşahidə olunur. "Selvi" burnunun cənub-şərqindəki körfəzdə və "İncirköy" və "Beykoz" limanlarının yerləşdiyi "Paşabahçe" körfəzində sahildən mərkəzə doğru 4 gominaya qədər olan böyük axınlar mövcuddur. Boğazdakı əks axıntılar olan digər nöqtələr "Fil" burnu, "Keçilik" körfəzi, "Poyraz" və "Umuryeri" körfəzinin cənub hissələridir.
Boğaz üçün xarakterik olan güclü axıntılardan biri də orkozdur. Orkozlar cənubdan gələn güclü küləklər, xüsusilə Mərmərə sularının şimala yığılması nəticəsində yaranır. Bu zamanlarda boğazın Mərmərə girişindəki sular yarım metrə qədər qalxır. Bu qeyri-adi yüksəlmə boğazın mövcud rejimini də dəyişdirir və səthdə orkoz adlanan tərs axıntılar meydana gəlir. Bu axıntının sürəti zaman-zaman 11–12 km/saata qədər artır və Qara dənizdən Mərmərə dənizinə qədər yerüstü axıntının sürətinə çatır. Orkozlar ildə bir neçə dəfə olur və şəhər xətləri qayıqlarının səyahətlərini ləğv edə biləcək qədər güclü ola bilər.
Bosfor boğazındakı səth axıntıları güclü küləklərin yaratdığı əks axıntılar istisna olmaqla, əsasən şimaldan cənuba doğru olur. Boğazdakı ən çox rast gəlinən qəzalardan biri manevr edərkən axıntıların qarşı zolağa atması ilə sürətinin tənzimləyə bilməyib sahilə çırpılmasıdır. Boğazda qəzaya uğramış gəmilər əsasən Qara dənizdən gələn gəmilər olur. Bunun səbəbi isə məhz bu axıntılardır. Axıntılara qarşı vaxtında və yerində müdaxilələr olmadıqda, gəmilərin sahilə, hətta sahildən 10 metr kənarda olan boğazdakı evlərə belə çırpılması müşahidə olunmuşdur.
Coğrafiya 200px|thumb|left|Dumanlı günlər mart və aprel aylarında müşahidə edilir