II. Bəyazid və ya Sultan Bəyazid-i Vəli (Osmanlı türkcəsi: بايزيد ثاني Bəyazid-i Sani; ) ― Osmanlı İmperiyasının 8. padşahı. Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatundur.Bahadıroğlu, Yavuz (2009) Resimli Osmanlı Tarihi, 15.Baskı İstanbul:Nesil Yayınları, s. 129, ISBN 978-975-269-299-2 Taxta keçəndə 511.000 km²'i Asiyada, 1.703.000 km²'i Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya torpaqları, ölümündə təxminən 2.375.000 km² idi.
Şahzadəlik dönəmi II. Bəyazidin doğum yeri bu gün Yunanıstan sərhədləri daxilində qalan, Osmanlılar zamanında isə Ədirnəyə bağlı bir qəza mərkəzi olan Dimetoka'dakı Dimetoka Sarayıdır. Atası Fateh Sultan Mehmed elmə qarşı böyük bir sevgi bəslədiyi üçün, oğlu Bəyazidə hər şeydən öncə güclü bir təhsil verdirmişdir.
İstanbulun fəthindən sonra, 7 yaşında Xədim Əli Paşa rəhbərliyində Amasya hakimi olan Bəyazid, burada o dövrün ən məşhur alimlərindən dərslər aldı və padşah olacaq şəkildə yetişdirildi. O günlərdə Amasya şəhəri bir təhsil və mədəniyyət mərkəzi idi. Dövrün məşhur alimlərindən dərslər aldı, İslami elmlərin bir çoxunu öyrəndi. İslam elmi sahəsində dərs aldığı müəllimlərindən biri də Hünkar Şeyxi olaraq bilinən Bayrami təriqət şeyxi Muhyiddîn Mehmed-i İskilibî olmuşdur. İslami elmin yanında riyaziyyat və fəlsəfə təhsili də aldı. Bundan başqa Şeyx Hamdullah'dan da xətt dərsləri aldı. Ərəb və Farscanın habelə; Çağatay ləhcəsi və Uyğur əlifbasını də öyrəndi.
Şahzadə Bəyazid Rumiye-i Sugra hakimi olaraq 27 il Amasyada yaşadı. Bu vəzifədə ikən 1473'də Otluqbeli müharibəsində sağ qol komandiri olaraq vəzifə aldı. Bundan başqa 1479'da İrandan gələn karvanlara hücum etməsi səbəbilə, Şahzadə Bəyazidin hakim olaraq göndərdiyi yerli əyalət hərbi gücləri Hacıəmiroğulları Bəyliyinə bağlı Torul və ətrafını Osmanlı torpaqlarına qatdı.
Taxta çıxışı Fateh Sultan Mehmedin 4 may 1481-ci ildə Qəbzə yaxınlığında gözlənilməz bir şəkildə vəfat etməsi üzərinə Sədrəzəm Qaramanlı Mehmed Paşa, Bəyazid və Bəyazidin qardaşı Cem Sultana qasidlər (xəbərçi) göndərdi. Ancaq Cem Sultan, ona göndərilən xəbərçi yolda, Anadolu Bəylərbəyi Sənan Paşa tərəfindən tutulduğu üçün atasının ölüm xəbərini gec öyrəndi. Bu vaxt Bəyazidin tərəfini tutan yeniçərilər İstanbulda üsyan edərək Cem Sultan tərəfdarı Qaramanlı Mehmed Paşanı 4 may 1481-ci ildə öldürdülər və Bəyazidin oğlu Şahzadə Qorqudu atasına vəkalətən taxta çıxardılar.
Atasının vəfatını öyrənən və dövlət böyüklərinin, tələsik paytaxta gəlməsi haqqında göndərdikləri məktubları alan II. Bəyazid heyətində 4.000 nəfər olduğu halda Amasya'dan yola çıxıb 9 gündə Üsküdara gəldi. Ertəsi gün oğlu Şahzadə Qorquddan səltənəti rəsmən təslim alıb 22 may 1481-ci ildə Osmanlı taxtına çıxdı və dövləti idarə etməyə başladı. II. Bəyazid ilk olaraq qapıqullarına üç min axca cülus bəxşişi payladı. Yeniçərilərin ülufələrini 5 axcaya yüksəltdi.Sakaoğlu, Necdet "Beyazid II", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.1 s.299–302 İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7.
Cem Sultan məsələsi Ana maddə: Cem Sultan
Cem Sultan böyük qardaşı II. Bəyazidin səltənətini qəbul etmədi. Beləcə Osmanlı dövləti II. Bəyazid ilə Cem Sultan arasında uzun sürən və ən sonunda Avropanın da içinə qarışacağı bir taxt mübarizəsinə səhnə oldu.
II. Bəyazid İstanbulda taxta çıxmış olmasına baxmayaraq Cem Sultan 4.000 əsgəriylə İnəgöl önlərində Bəyazidin hələ hazır olmayan Ayas Paşa idarəsindəki ordusu ilə döyüşdü. Bu döyüşü qazanan Cem Sultan Bursada öz adına xütbə oxutmaq və pul kəsdirmək surətiylə hökmdarlığını elan etdi. Bursada 18 gün səltənət sürən Cem Sultan ətrafdakı şəhər və qəsəbələrə də hakimiyyətini qəbul etdirdi və II. Bəyazidə imperiyanın bərabər olaraq bölüşdürülməsini təklif etdi. Buna görə imperiyanın Anadolu torpaqları Cem Sultana veriləcəkdi. Ancaq dövlətin ikiyə bölünməsi mənasını verən bu təklif, yalnız Bəyazid tərəfindən deyil, bütün dövlət irəli gələnləri tərəfindən dəhşətlə qarşılandı. Osmanlı Dövlətinin bölünməsini öz maraqlarına uyğun görən Avropalılar və Məmlüklülər bu mövzuda Cem Sultanı dəstəklədilər.
1481-ci ilin iyun ayında II. Bəyazidin ordusu ilə Yenişehir düzənliyində etdiyi döyüşdə məğlub olan Cem Sultan öncə Konyaya çəkildi. Konyada kifayət qədər dəstək tapa bilməyən Cem Sultan Tarsus'a keçdi. Daha sonra da Məmlük sultanından aldığı dəvət üzərinə Qahirəyə getdi. Qahirədə böyük maraq görən Cem Sultan orada qaldığı müddət daxilində Məkkəyə gedərək həcc vəzifəsini yerinə gətirdi. Bu dövrdə, böyük qardaşı II. Bəyazid ona padşahlıqdan imtina etməsi halında 1 milyon axca verməyi təklif etdi. Amma Cem Sultan bu təklifi rədd etdi. Buna bənzər təkliflər təkrar edildisə də, bunlar da nəticə vermədi. Məmlüklər və keçmiş Karaman Bəylərinin köməyiylə təkrar bir ordu toplayan Cem Sultan, 27 may 1482-ci ildə Konyanı mühasirəyə aldı. Ancaq Osmanlı Ordusunun Konyaya hərəkət etməsi üzərinə mühasirə qaldırıldı. İki tərəf Akşehir'də qarşılaşdı. Döyüşü uduzan Cem Sultan Ankaraya keçdi. Ankarada da qaçışına davam edən Cem Sultan 1482-ci ilin yazında otuza qədər adamıyla birlikdə Rodos'a getdi. Cem Sultan 29 iyul 1482-ci ildə Rodos Cəngavərlərinin Böyük Ustadı Pierre d'Aubusson tərəfindən böyük bir mərasimlə qarşılandı. Cem Sultanın məqsədi Rumeli'yə keçərək mübarizəsini davam etdirmək idi. Ancaq bundan sonra bir daha həyatda ikən vətəninə dönə bilmədi. Artıq, Cem Sultan üçün Avropada macəralı bir əsarət həyatı başladı.
Cem Sultan Rodos'a çıxmasından sonra Papa VIII. İnnokentusun istəyi üzərinə Fransaya göndərildi. Bu hadisələrdən sonra əvvəllər Osmanlı dövlətinin daxili məsələsi olan taxt mübarizəsi, beləliklə millətlərarası bir məsələ halına gəldi. Bu hadisədən xeyir güdmək istəyən Papa VIII. İnnokentusun, Cem Sultana, xristian olması halında onu Osmanlı dövlətinin başına keçirə biləcəyini təklif etdiyi deyilir.
Osmanlı Dövlətinə qarşı yeni bir Səlib yürüşü həyata keçirilməsi üçün Cem Sultanı istifadə etməyi düşünən Papa VIII. İnnokentus 1492-ci ildə öldü. Beləcə Cem Sultan daha sərbəst bir həyata qovuşdu. Lakin bu dəfə Fransa Kralı, Cem Sultanı öz siyasi əməlləri üçün bir şans olaraq istifadə etmək istədi. Bu məqsədlə hərəkət edən Fransa Kralı VIII. Çarlz Roma üzərinə gedərək 26 yanvar 1495'də Cem Sultanı Papadan təslim aldı. Fransız Ordusu ilə birlikdə yola çıxan Cem Sultan 25 fevral 1495'də vəfat etdi. Bəzi qaynaqlar, Cem Sultanın əlindəki qiymətli girovu buraxmaq məcburiyyətində qaldığı üçün Papa tərəfindən zəhərləndiyini ifadə edir.
Cem Sultanın ölümünü öyrənən II. Bəyazid Osmanlı ölkəsində 3 gün yas elan etdi. Ölkədəki məscidlərdə Cem Sultan üçün qiyabi cənazə namazı qılındı. Bundan başqa II. Bəyazid qardaşının günahlarının bağışlanması üçün kasıblara 100 min axca sədəqə payladı.
İtaliyada torpağa verilən Cem Sultanın cənazəsi də bazarlıq mövzusu oldu. Uzun sürən bir mübarizənin ardından Cem Sultanın cənazəsi, vəfatından 4 il sonra 1499-cu ildə Osmanlı torpaqlarına gətirildi. Mudanya'da sahilə çıxarılan cənazə Bursada Muradiyə Məscidinin həzirəsində qardaşı Şahzadə Mustafanın də məzarının içində olduğu türbəyə basdırıldı.
Cem Sultan Avropada ikən, İspanlar qarşısında məğlubiyyətə uğrayan Əndəlüsdəki müsəlmanlar Osmanlı dövlətindən kömək istədilər. II. Bəyazid qardaşı Cem Sultanın Avropada əsir olması səbəbiylə lazımlı köməyi tam mənasıyla edə bilmədisə də, Kamal Rəisi İspaniyaya göndərdi. Kamal Rəis İspaniyadakı müsəlmanları Şimali Afrikaya, Yəhudiləri də Saloniki və İstanbula daşıdı. 1492-ci ildə müsəlmanlarla yanaşı 150 min qədər yəhudi də Osmanlı torpaqlarında yerləşdirildi.
İtaliyadan geri çəkilmə 1480-ci ildə Fateh Sultan Mehmed həyatda ikən Osmanlılar İtaliyanın ələ keçirilməsi üçün yarımadanın cənub-şərqində iştirak edən Otranto qalasını ələ keçirmişdi. Fatehin ölümü və Şahzadə Cem'lə II. Bəyazid arasındakı taxt mübarizəsi, İtaliyanın fəthi layihəsinin bir müddət daha ələ alınmamasına səbəb oldu. Bir il sonra Osmanlı hakimiyyətindəki Otranto qalası əldən çıxdı.
Napoli Krallığı, əlindəki qüvvələrlə Osmanlı ilə vuruşa bilməyəciyini bilirdi. Bundan başqa Osmanlıların İtaliyada olmasının krallığın gələcəyi üçün yaxşı olmadığını da bilirdi. O səbəblə Napoli Kralı, kürəkəni Macarıstan Kralı Matthias Corvinus'dan və eyni ailəyə mənsub olduğu, o zamanlar Araqon olaraq adlandırılan Şimali İspaniya kralından tələsik kömək istədi. Macarıstan kralının göndərdiyi 2.000 atlı və digər İtalyan dövlətlərindən aldığı yardım qüvvələriylə Otranto qalası önlərinə gəldi. Bu ordunu dənizdən Napoli, Papalıq və İspaniya gəmilərindən mütəşəkkil bir donanma dəstəkləyirdi. Fateh Sultan Mehmedin ölüm xəbəri bura da çatmış və Osmanlı əsgərləri arasında böyük bir istəksizlik ortaya çıxmışdı.
Bu zaman sərdar Gədik Əhməd Paşa, yanına aldığı bir miqdar əsgər və donanma ilə ani bir şəkildə Otranto'nu tərk etdi. Bir rəvayətə görə bunu öz qərarı, bir digərinə görə isə Sultan Bəyazidin istəyi ilə həyata keçirmişdir. Gədik Əhməd Paşa Otranto'da 8.000 qədər əsgər və əsgər üçün 1,5 illik sursat buraxdı. Bu qədər qüvvə ilə böyük bir orduya qarşı qoyulması da mümkün deyildi. Müqavimət göstərib 8.000 əsgəri həba etmək yerinə qalanın təslim edilməsinə qərar verildi. Osmanlı qüvvələri, əsgərlərin bütün silah və cəbhəxanalarını yanlarına alaraq çəkilməsinə icazə verilməsi halında, qalanı təslim edəcəklərini təəhhüd etdilər. Qalaya kömək gəlməsindən qorxan Napoli Kralı bu müqaviləni qəbul etdi. Beləcə 8.000 Osmanlı əsgəri bütün sursatı ilə gəmilərə minib, Otranto boğazını keçərək Albaniyada Osmanlı torpaqlarına çıxdı.
Napoli Kralı, türklərin yenidən İtaliyaya çıxmaması üçün II. Bəyazidin elçisi ilə görüşdü və türklərin İtaliyaya bir daha səfər etməməsi vədinə qarşılıq Napoli, aparılmayan türk toplarını, Napoli Krallığı içərisindəki bütün türk və müsəlman əsirləri Osmanlı Dövlətinə geri verdi. Bundan başqa dost olmaq şərtiylə Donanma-yı Hümayun'a (Osmanlı Donanması), Adriatik və Yunan dənizində sərbəst hərəkət etmək hüququ tanıdı.
Nəhayət Osmanlı dövlətinin, İtaliyadakı tək qalası olan Otranto ələ keçirilməsindən 13 ay sonra, 10 sentyabr 1481-ci ildə itirildi. Beləcə, Fateh Sultan Mehmed tərəfindən başladılan İtaliya səfəri Osmanlı dövlətinin daxili problemləri səbəbiylə dayandırıldı.
Apardığı müharibələr Cem Sultan hadisəsi və bu hadisə səbəbiylə Avropalıların İstanbulu geri alma ümidləri yenidən gündəmə gəldikdə II. Bəyazid çox diqqətli və sülhsevər bir xarici siyasət təqib etmək məcburiyyətində qaldı. Bununla birlikdə lazım gəldikdə döyüşdən çəkinmədi və Osmanlı Dövlətinin sərhədlərini genişləndirdi. II. Bəyazidin taxtda qaldığı müddət, demək olar ki, atası Fateh Sultan Mehmed ilə bərabərdir (təxminən 30 il). Fateh bəzən iki ildə bir səfərə çıxdığı halda, oğlu Bəyazid yalnız 5 dəfə səfərə çıxdı. Padşahların şəxsən sərdarlıq etdiyi bu səfərlərə Osmanlılar tərəfindən Səfər-i Hümayun adı verilmişdir.
Birinci Səfər-i Hümayun Sultan Bəyazid 1483 baharında Ədirnə, Plovdiv, və Sofiya üzərindən Serbiyaya gəldi. Morava çayı sahillərində yol alan padşah, Belqrad yaxınlarına qədər irəlilədi. Bu ətrafdakı bütün qalaları bərpa etdirdi. Noyabr 1483'də İstanbula döndü. Bu ilk səfər təxminən 7 ay davam etdi. Padşahın bu səfəri, Macarıstanı təlaşlandırdı. Osmanlı ilə bir döyüşü gözə ala bilməyən kral Matthias, 1483 sonlarında Osmanlı Dövləti ilə bir sülh imzaladı. Səfər nəticəsində Herseqovina Çarlığı da ilhaq edilərək Bosniya Əyalətinə qatıldı.Shaw, Stanford J.; "History of the Ottoman Empire and modern Turkey" Cambridge University Press, 1. cilt, s. 71–72.
İkinci Səfər-i Hümayun (Boğdan səfəri)