Lətif Qədimi və ya Lətif Qədimov () — azərbaycanlı mühəndis, pedaqoq, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.

Şuşa rus-tatar məktəbində və Şuşa Real Məktəbində orta təhsil alıb. 1917-ci ildə Bakıda keçirilmiş Qafqaz müsəlman şagirdlərinin I qurultayında iştirak edib. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, 1920-ci ildə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. 1920–1923-cü illərdə Şarlottenburq Politexnik İnstitutunda, 1923–1927-ci illərdə isə Karlsrue şəhərində Ali Texniki Məktəbdə inşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Berlində fəaliyyət göstərən Azərbaycan Tələbələri Komitəsinin üzvü olub.

Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Bakıya qayıdıb. 1938-ci ilədək müxtəlif yerlərdə mühəndis kimi fəaliyyət göstərib. 1938–1940-cı illərdə Azərbaycan Sənaye İnstitutunda alman dili müəllimi işləyib. 1940-cı il avqustun 6-da SSR XDİK tərəfindən həbs olunub. Antisovet təbliğat aparmaqda ittiham olunub və 8 il islah-əmək düşərgəsinə məhkum edilib. Cəzasını çəkmək üçün Perm diyarında yerləşən Usollaq düşərgəsinə göndərilib. 1942-ci ildə düşərgədə vəfat edib.

Həyatı

İlk illəri 180x180px|thumb|left|Lətif Qədimi (soldan üçüncü) məktəb yoldaşları ilə birlikdə. Lətif Şirin oğlu Qədimi 1895-ci il martın 20-də Şuşa şəhərinin Çuxur məhəllə məhəlləsində anadan olub. 1904–1907-ci illərdə Şuşada rus-tatar məktəbində oxuyub. 1907-ci il yanvarın 12-dən 1918-ci il martın 15-dək isə Şuşa Real Məktəbində təhsil alıb. 1917-ci ildə Bakıda keçirilmiş Qafqaz müsəlman şagirdlərinin I qurultayında iştirak edib.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Bu dövrdə Lətif bəy 1918-ci il noyabrın 11-də Bakı şəhər valiliyinin məhkəmə-inzibati bölməsinə kargüzar köməkçisi, 1919-cu il noyabrın 9-da isə ümumi bölmənin kargüzarı təyin olunub. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.208x208px|thumb|Lətif Qədimi və Ələkbər Əliyev Almaniyada təhsil alarkən.1919-cu il noyabrın 8-də Lətif Qədimi maarif nazirinə yazdığı məktubda dövlət hesabına Prussiyada Politexnik İnstitutunun yollar bölümündə ali təhsil almaq istədiyini bildirib. 1919-cu il dekabrın 31-də təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti hökumətinin göstərdiyi yerdə 4 il işləyəcəyi haqqında və oxuyacağı dövlətin ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı haqqında dilkağızları verib. 1920-ci il yanvarın 14-də Lətif Qədimiyə Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi haqqında 512 saylı vəsiqə verilib.

Bakı şəhər valisi Əmir bəy Nərimanbəyovun 1920-ci il 18 yanvar tarixli 23 saylı əmri ilə ümumi bölmənin kargüzarı Lətif Qədimov, inşaat bölməsinin çertyojçusu Firidun Əliyev, tərcüməçi Behbudəli Zeynalov və təsərrüfat hissəsinin müdiri Ələkbər Əliyev hökumət tərəfindən xaricə oxumağa göndərildikləri üçün tutduqları vəzifələrindən azad olunublar.

Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Lətif Qədimi Almaniyaya gedib əvvəlcə Berlində Şarlottenburq Politexnik İnstitutunda, 1923-cü ildən isə Karlsrue şəhərində Ali Texniki Məktəbdə inşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. 1920–1923-cü illərdə Berlində fəaliyyət göstərən Azərbaycan Tələbələri Komitəsinin üzvü olub. 1923-cü ildə Azərbaycan Tələbələri Komitəsi Sovet İttifaqı Tələbələri Komitəsi ilə birləşib. Lətif bəy 1926-cı ildə komitənin konfransında Karlsrue şəhərində təhsil alan tələbələrin nümayəndəsi seçilib. 1927-ci ildə ali təhsilini başa vurub.

SSRİ-də 180x180px|thumb|Lətif Qədimi həbsdə ikən|leftLətif Qədimi həyat yoldaşı ilə birlikdə 1927-ci il sentyabrın 16-da Bakıya qayıdıb. Burada müxtəlif yerlərdə mühəndis kimi fəaliyyət göstərib. 1933-cü ilin martından 1935-ci ilin aprelinədək şose sahəsi rəisi kimi həyat yoldaşı ilə birlikdə Şəkidə yaşayıb. 1938–1940-cı illərdə Azərbaycan Sənaye İnstitutunda alman dili müəllimi işləyib.

1940-cı il avqustun 6-da SSR XDİK tərəfindən həbs olunub. 1940-cı il sentyabrın 14-də təsdiqlənmiş qərara əsasən Lətif Qədimi və Hənifə Pirverdiyevin istintaq işləri birləşdirilib. SSRİ XDİK Özəl Müşavirəsinin 1941-ci il yanvarın 25-də verdiyi qərarla müttəhimlər Pirverdiyev Hənifə Mahmud oğlu və Qədimi Lətif Şirin oğlu antisovet təbliğat apardıqları üçün Azərbaycan SSR CM 72-ci maddəsinin I hissəsi ilə 8 il islah-əmək düşərgəsinə məhkum olunublar. Lətif Qədimi cəzasını çəkmək üçün Perm diyarında yerləşən Usol islah-əmək düşərgəsinə göndərilib. 1942-ci il avqustun 1-də düşərgədə vəfat edib.

1962-ci il oktyabrın 6-da ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğu müəyyən edilib və Lətif Qədimi bəraət alıb.

Ailəsi 200x200px|thumb|Lətif Qədimi və ailəsi 1934-cü il. Lətif bəy Şuşa şəhər sakinləri Məşədi Şirin Ağakişi oğlu Qədimov və Bilqeyis Əli qızının ailəsində anadan olub. Onların Manaf, Lətif, Zəhra, Hacı, Qulam, Xanım və İslam adlı övladları olub. 1910-cu ildə Bilqeyis xanım vəfat edib. Bundan sonra Şirin Qədimov ikinci dəfə Züleyxa adlı bir xanımla ailə qurub. Bu evlilikdən isə 1912-ci ildə Əsgər adlı oğlu dünyaya gəlib. Şirin Qədimov 1917-ci ildə vəfat edib.

Lətif bəy Almaniyada təhsil aldığı dövrdə, 1924-cü ildə Doroti Karl qızı Lanqnerlə ailə qurub. Övladları olmadığı üçün onlar Lətif bəyin bacısı Zəhranın qızı Rəfiqəni övladlığa götürüblər. Bakıya qayıtdıqdan sonra Doroti xanım Azərbaycan Tibb İnstitutunda alman dili müəllimi işləyib. 1941-ci ilin oktyabr ayında qızı ilə birlikdə Qazaxıstana sürgün olunub. Bir müddət kolxozda yaşayıblar. Altı ay sonra Doroti xanım bruselyoz xəstəliyinə yoluxub və vəfat edib. Rəfiqə xanım anasının ölümündən sonra 5 il sürgündə qalıb.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri Kateqoriya:Qədimovlar Kateqoriya:Qafqaz müsəlman şagirdlərinin birinci qurultayının iştirakçıları