Babaxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Əliqasımlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kəndin əsası XIX əsrin birinci yarısında, Babaxan adlı şəxs tərəfindən qoyulub. XX əsrin 30-cu illərində kolxoz yaradılıb və Babaxanlı kəndi Gülməmmədli inzibati ərazi sovetliyinə daxil olub. 1957-ci ildə kənd Əliqasımlı sovetliyinə verilib. 1992-ci ildə isə Babaxanlı kolxozu yaradılıb.

Toponimikası Düzənlikdədir. Etnotoponimdir. 1917 və 1933-cü illərdə Salyan rayonunun Kür Qarabucaq i.ə.v.- də də eyniadlı kənd qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 794 nəfər əhali yaşayır. Əhalinin milli tərkibi azərbaycanlılardan ibarətdir. Əhalinin yaş strukturunda əmək qabiliyyətli olanlar 62% dir. Uşaqlar 32%, qocalar 6% təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti dəmyə taxılçılıq, heyvandarlıq, qismən bağçılıq və tərəvəzçilikdir. Taxılçılıqda əsas yeri buğda, arpa tutur. Noxud, yaşıl mərci, lərgə və s. paxlalı bitkilər də becərilir. Heyvandarlıq ətlik-südlük qaramaldan və qoyunçuluqdan ibarətdir. Meyvəçilikdə nar, heyva, üzüm, çəyirdəkli meyvələr yetişir. Tərəvəzçilik xiyar, pomidor, kartof, soğan və s. təmsil olunur.

Coğrafiyası və iqlimi Babaxanlı kəndi Burovar dağlarının Muğan düzünə endiyi maili yamacda dördüncü dövrün allüvial süxurlarından ibarət gətirmə konusları ilə əhatə olunmuş çökəklikdə yerləşir. Səpinti halında filiz ehtiyatnın olması ehtimal edilir. Kəndin iqlimi qışı rütubətli, yayı isə isti və quraq keçən mülayim isti iqlim tipinə aiddir. Ərazidə qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Bu torpaq tipi əsasən meşələrin altında formalaşır. Məhz bu səbəbdən də kəndin ərazisinin yaxın keçmişə qədər meşələrin altında olması ehtimal olunur.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

Həmçinin bax Cəlilabad rayonu

Kateqoriya:Cəlilabad rayonunun kəndləri