Axund Məhəmməd Pişnamazzadə (tam adı: Axund Molla Məhəmməd Molla Əli oğlu Pişnamazzadə; ) — Zaqafqaziya şeyxülislamı (1915–1918) , axund.

Həyatı Məhəmməd Əli oğlu Pişnamazzadə 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur.

Maarifçilik 1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi. Axund Molla Məhəmməd Pişnamazzadə yeni tipli, "Üsuli-Cədid" məktəblərinin tərəfdarı idi. 1909-cu ildə rəsmi olaraq həmin məktəblərin icazəsini alır. Gəncə və Gəncə ətrafında yeni tipli məktəblər açdırır (Gəncə, Çobanabdallı, Borsunlu, Aşağı Ayıblı, Morul, Qarabağlar, Qazax, Sarıtəpə, Əhmədbəyli, Qovlarsarı).

Həbsi və sürgünü thumb|Tiflis quberniyası jandarm idarəsinin Molla Məhəmməd Pişnamazzadə haqqında hazırladığı sənəd 1890-cı ilin dekabr ayında Axund Məhəmməd Əli oğlunun yaşadığı evdə polis tərəfindən axtarış aparılır, Türkiyə və İran hökumətləri əlaqə saxlamaqda günahlandırılır. Axund Məhəmməd və 37 nəfər azərbaycanlı həbs olunur. Türkistana sürgünə göndərilir. 1892-ci ildə əfv edilib, vətənə qayıdırlar. 1906-cı ildə Məhəmməd Pişnamazzadənin evində təkrar axtarış aparılır. Onun otağında "Difai" Partiyasına məxsus sənədlər ələ keçirilir. Axund ikinci dəfə həbsə atılıb Kazana sürgün edilir. Sürgün vaxtı da Həştərxanda nəşr olunan "Həmiyyət", "Günəş", "Burhani-tərəqqi" kimi qəzetlərdə məqalələrlə çıxış edir, müsəlman qızların təhsilə yiyələnmələrinin vacibliyindən xüsusi söhbətlər açırdı. 1909-cu ildə Axundun sürgün vaxtı bitdiyindən o, Tiflisə köçür və həmin il iyulun 20-də Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri seçilir.

Sürgündən sonra 1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə olarkən həm şiə, həm də sünni məscidlərinə gedərək, müvafiq olaraq Şeyxülislam Məhəmməd Pişnamazzadə və Müfti Hüseyn Əfəndi Qayıbovla görüşmüş, onların çıxışlarını dinləmiş və onların simasında bütün müsəlmanları salamlamışdı.

Şeyxülislamlığı 1915-ci ilin yanvarın 14-də Daxili İşlər İdarəsinin təqdimatına əsasən imperator artıq 6 il şeyxülislam vəzifəsini icra etməkdə olan Məhəmməd Pişnamazzadəni Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və Zaqafqaziya Şeyxülislamı vəzifəsini təsdiqləyir. 1917-ci ilin fevral inqilabı dövründə Gəncə Müsəlman Komitəsində idi.

1918-ci ilin may ayının 28-də Tiflisdə Milli Şura Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını bəyan edir. Azərbaycan hökuməti suveren dövlət kimi fəaliyyətə başlayır. Bu zaman Qafqaz şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdilər.

Müfti Hüseyn Qayıbzadə 1917-ci ildə vəfat etdiyindən və bu, çar Rusiyanın dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini Mustafa Əfəndizadə icra edirdi. 1918-ci il sentyabrın 1-də onlar könüllü olaraq "Məşixə" deyilən vahid orqanda birləşmək qərarına gəldilər. Məşixəyə şeyxülislam və müfti ilə birlikdə 31 ruhani-16 şiə və 15 sünni qazısı daxil oldu. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxülislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu.

ADR-də fəaliyyəti 1918-ci ilin oktyabrın 30-da Seyxülislam Pişnamazzadənin imzası ilə hökumətə 367 N-li təkliflər məktubu ünvanlamışdı. Həmin təkliflər 4 bölmədən ibarət idi: Azərbaycan Cümhuriyyəti hüdudlarında "Məşixət-i İslamiyyə" (Şeyxülislamlıq) adı altında ruhani idarəsi təsis edilsin və ona Osmanlıda mövcud olan şeyxülislamlıq kimi tam müstəqillik verilsin; 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən, hər iki idarənin birləşdirilməsi məqsədilə birinə şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin; Şeyxülislam iclaslarda iştirak etmək hüququ ilə rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin; Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi dini məsələlərin həll edilməsi məqsədilə şeyxülislamın da iştirakı ilə fövqəladə yığıncaq çağırılsın.

Məhəmməd Pişnamazzadənin məktubuna uzun müddət cavab verilmədi. Həmin dövrdə, Məhəmməd Pişnamazzadə Zaqafqaz Şeyxülsiflamı ünvanı ilə Osmanlı hökumətinə yazdığı məktubda müraciətlə deyir:

İrəli sürülən təkliflər yalnız 1920-ci ilin martında hökumətin geniş müzakirəsinə çıxarıldı ki, artıq bu vaxt Məhəmməd Pişnamazzadə istefa vermiş və onun yerinə Ağa Əlizadə şeyxülislam təyin edilmişdi.

Sonrakı fəaliyyəti 1918-ci il dekabrın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri və Şeyxülislamlıq vəzifəsindən səhhətində yaranan problemlərə görə istefa verdi və öz fəaliyyətini Gəncə Cümə məscidinin axundu kimi davam etdirmişdir.

1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. Məhəmməd Pişnamazzadə bu dəfə "Şura" adıyla gələn rusların növbəti təqibinə məruz qalır və az keçmir ki, həbs olunur. N. Nərimanov bu haqda məlumat alan kimi Şeyxin azad olunmasını əmr edir və onun Azərbaycan xalqının maariflənməsində böyük xidmətləri olduğunu söyləyir.

N. Nərimanovun ölümündən sonra Axund yenidən müxtəliq təqib və təzyiqlərə məruz qalır.

Axund Məhəmməd Pişnamazzadə ölüm tarixi fərqli mənbələrdə 1932, 1937 və 1938-ci il kimi göstərilmişdir. Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunmuşdur.

Ailəsi Oğlu Mirzə Əli Pişnamazzadə (1901–1988) kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Kənd Təsərrüfatı İnstitutunun müəllimi olmuşdur.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər "Difai hamisi" sənədli filmi…Axund Molla Məhəmməd Pişnamazzadə

Kateqoriya:Pişnamazzadələr Kateqoriya:Axundlar Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Azərbaycanlı din adamları Kateqoriya:Azərbaycanın din xadimləri Kateqoriya:Azərbaycanın İslam alimləri Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislamları Kateqoriya:İmamzadə qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri