1920-ci il Zaqatala üsyanı — Zaqatalada antisovet, antibolşevik üsyan, sovet işğalına qarşı üsyanlardan biri. Üsyanın məqsədi Azərbaycandakı Sovet hakimiyyətini devirmək idi. Üsyan 1920-ci ilin iyununda Zaqatalada başlamış və bütün Zaqatala dairəsinə yayılmışdır.
Üsyançıların məqsədi bölgədəki bolşevik hakimiyyətini devirmək, Qarabağdakı üsyançılarla əlaqə qurmaq, ümumiyyətlə Sovet hakimiyyətini Azərbaycandan qovmaq idi.
Zəmin 28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsindən sonra Zaqataladakı yerli kommunistlər Müvəqqəti Əyalət İnqilab Komitəsinin formalaşdırıldığını elan etdilər. Beləliklə, aprelin 29-da Zaqatalada hakimiyyət bolşeviklərin əlinə keçdi. Həmin tarixdə XI ordunun təlimatçılarından biri olan Menşikovun göstərişləri əsasında mahal inqilab komitəsi təşkil edildi. Komitənin sədri vəzifəsinə əslən bu bölgədən olan 21 yaşlı Zəkəriyyə Balaxlinski, onun müavini vəzifəsinə Mahmud Qocayev, katibliyə isə Nikolay Levşin təyin olundular. Eyni zamanda əyalətdə hakimiyyətin bu yeni formalaşdırılan quruma keçdiyi də elan edilməkdə idi. İki gündən sonra Zaqatala şəhərində Sovet hakimiyyətini müdafiə edən şüarlarla bəzədilmiş yürüş keçirildi.
Lakin əslində bu ilkin mərhələdə yetəri qədər hərbi qüvvədən yoxsun olan kommunistlər bütün əyalətdə özlərinin real hakimiyyətini hələ formalaşdıra bilməmişdilər. Zaqatala dairəsindəki Sovet hakimiyyətinin ilk günlərində həm daxili nizam-intizamı, həm də Gürcüstanla sərhədi Zaqatala alayı qorumaqda idi. Bu alay Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun bir hissəsi olmuşdu və Müvəqqəti İnqilab Komitəsinə tabe olmaqdan imtina etmişdi. Komitənin hesabatlarında da 800 nəfərlik qüvvəyə malik alayın tabe olmaması barədə qeydlər edilmişdir. Komitənin üzvlərindən biri olan Məcid Qocayev tərəfindən Bakıya yazılmış hesabatda alayda 800 nəfərin xidmət etdiyi, komandanın polkovnik Əhməd Dibirov olduğu, eyni zamanda da alay komandanlığının Sovet hakimiyyətinin əmrlərinə tabe olmaqdan imtina etdiyi bildirilmişdi. İnqilab Komitəsi polkovnik Dibirovun vəzifəsindən azad edilməsini zəruri hesab etsə də, onu bu vəzifədə əvəz edəcək xüsusiyyətlərə malik adamları olmadığı üçün bu planlarını həyata keçirə bilmirdilər. Sovet hakimiyyətinin faktiki olaraq qurulması üçün zəruri olan planları həyata keçirmək üçün lazimi gücə malik olmayan İnqilab Komitəsi hələlik mövcud şəraitlə barışmağa məcbur idi.
Qarabağ üsyanının yatırıldığı vaxt, Zaqatala dairəsində sovet hakimiyyətinə qarşı üsyan qalxdı və Şəki bölgəsinin bir hissəsini də bürüdü. 1920-ci ilin iyununda Gürcüstan parlamentinin üzvləri Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı təşviqatı gücləndirmişdilər. Onlar əhali arasında şayiə dolu intibahnamələr yayırdılar ki, guya "əgər Zaqatala dairəsini Gürcüstana verməsələr, Gürcüstan zor gücünə tabe olmağa məcbur edəcək".Rusiya Dövlət Hərbi Arxivi (bundan sonra — RDHA), f. 4, s. 2, i. 5/s., v. 31–32.
Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan 1920-ci il iyunun 6-da belə bir bəhanə ilə başlandı ki, guya "Gürcüstan Azərbaycana müharibə elan etmişdir". Könüllü partizan dəstələrinin təşkili də bu yozumla aparılırdı. Çıxış üçün bəhanə əhalinin silahı təhvil verməsi barədə əmr oldu. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar (1000 nəfərdən çox adam) və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçilərinin hamısını həbs etməyə başladılar.
Üsyan Bolşeviklərin sərt tədbirləri əyalətdəki insanların onlara qarşı müxalifətinin daha da güclənməsinə yol açdı. Belə ki iyun ayının əvvəllərindən artıq əyalətdə üsyan üçün hazırlıqlara başlanılmışdı. Məscidlərlərdə və kənd toplantılarında həm imamlar, həm də ağsaqqallar insanları "İslam dinini təhqir edən qırmızı birliklərə" qarşı mübarizəyə başlamağa çağırırdı. Artıq üsyanın başladılması üçün artıq gizli bir komitə də formalaşdırılmışdı. Komitəyə Tala kəndinin imamı və bütün əyalətdə nüfuzlu şəxs hesab edilən Hafiz Əfəndi Molla Ramazan oğl rəhbərlik edirdi. Bu komitənin üzvləri o günlərdə ölkələrini işğal etməyə çalışan bolşeviklərə qarşı aktiv mübarizə aparan Gürcüstan hakimiyyəti ilə də danışıqlara başlamışdı. Bundan xəbər tutan bolşevik hakimiyyəti Zaqatalanın Müvəqqəti İnqilab Komitəsinin rəhbərini gizli şəkildə Gürcüstana göndərdi. Onun qarşısına qoyulan tapşırıq üsyançılarla Gürcüstan hakimiyyəti arasında aparılan danışıqların mahiyyətini, gəlinən razılaşmanın şərtlərini və s. öyrənmək idi. Balaxlinski və sərhəd mühafizə qvardiyasının komandanının müavini Kuznetsov bu məqsədlə Gürcüstana göndərilənlər idi. Özlərinin antisovet qüvvələrdən olduqlarını bildirən Balaxlinski və Kuznetsov Laqodexi sərhəd mühafizə alayının komandanı ilə danışıqlar apardılar. 1920-ci il iyunun 6-da aparılan danışıqlarda onlar bildirirdilər ki, "Sovet Rusiyasının qoşunlarını Azərbaycandan çıxarmaq üçün menşevik hökumətindən kömək istəyən hər kəsə yardım göstəriləcək. Zaqatalada milli qüvvələrin hakimiyyəti bərpa olunacaq və bütün kommunistlər güllələnəcək".
2-ci süvari alayının komandiri Vodopyanovun və 11-ci Qızıl Ordunun hərbi komissarı Tkaçovun ali komandanlığa göndərdiyi teleqramda göstərilirdi ki, Gürcüstan ərazisinə antisovet qüvvələri — Zaqatala alayının keçmiş zabitləri toplaşır. Zabitlərdən ikisi Abakarov və Muradov Balaxlinskinin şəxsiyyətini müəyyən edərək onun həbsini tələb ediblər. O, həbs olunmaqdan yayınıb geri qayıda bildi. Sözügedən zabitlər öz casusları vasitəsilə sovet agentlərinin sərhədi keçməsindən xəbər tutaraq, Kuznetsovu ələ keçirərək onu güllələmək niyyətində olan gürcü komandanlığına təhvil verdilər. Kuznetsov Balaxlinskinin tutulmasına kömək etməkdən imtina etdi və sərbəst buraxıldı. Sonra Balaxinskinin azad edilməsinə də kömək etdi.
1920-ci ilin may ayının sonlarında və iyun ayının əvvəllərində Zaqataladakı bolşevik ordu bölmələri Gəncə və Qarabağda meydana çıxan üsyanları yatırmaq üçün oraya göndərildilər. Buna görə də müəyyən müddətlik Zaqataladakı bolşevik ordusunun döyüş gücü əhəmiyyətli dərəcədə azaldı. Bundan istifadə edə bölgənin nüfuzlu şəxsləri əhalini yeni hakimiyyətə qarşı üsyana başlamağa təşviq etdi. Bu şəxslər Hafiz Əfəndi Molla Ramazan oğlu, Hacı Qurban Hacı İbrahim oğlu, Şeyx Molla Şeyxzadə, Məhəmməd Şeyx Əhməd oğlu, Müslim Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaçıyev və digərləri idi. Hafiz Əfəndi üsyançı qüvvələrin komandanı seçildi və Hacı Qurban ona köməkçi təyin edildi. Üsyana hazırlıqlar yüksək səviyyədə keçirilmişdi, bunun səbəbi isə üsyançıların sıralarında həm Çar ordusunda, həm də AXC ordusunda xidmət etmiş çox sayıda zabitin olması idi. Üsyançıların məqsədi Zaqatala bölgəsindəki Sovet hakimiyyətini qovmaq, ümumiyyətlə bütün bolşevikləri ölkədən qovmaqla milli qüvvələrin hakimiyyətini bərpa etmək idi.
3000 nəfərdən ibarət üsyançılar sovet birləşmələrini asanlıqla məğlub edərək 1920-ci il iyunun 9-da Zaqatala qalasını ələ keçirdilər. Polkovnik Əhməd Dibirovun komandanlığı ilə Zaqatala alayı neytral mövqe tutdu və alayın batalyonlarından biri üsyançılara qoşuldu. Qalada olan Əyalət İnqilab Komitəsinin üzvləri həbs edildi. Üsyançılar rayonda öz qələbələrini elan etdilər. Hafiz Əfəndinin başçılığı ilə Zaqatala qəzasının Xüsusi Müdafiə Komitəsi yaradıldı və bu komitə inqilab komitəsinin üzvlərinə ölüm hökmü çıxardı. Hafizə Əfəndi Alazan çayı boyunca yerləşən kəndlərin sakinlərinə silah paylamağı, həmçinin mahal sərhəddinin mühafizəsini gücləndirməyi tapşırmışdı. Əsas qüvvələr Gəncə və Qarabağ üsyanlarını yatırmaq üçün göndərildiyi üçün ilk günlərdə hökumət qoşunları tam cəlb olunmadı. XI Qızıl Ordu İnqilabi Hərbi Şurasının üzvü Vesnik Zaqatala qalasının üsyançılar tərəfindən tutulması barədə məlumat daxil olan kimi rayona hərbi qüvvələrin yeridilməsi haqqında əmr verdi. VII Qafqaz diviziyasının komandanlığı Qarabağ üsyanının yatırılmasında iştirak edən birləşmələrdən bir briqada və bir Plastun alayını ayıraraq onları Zaqatalaya göndərdi.
İlk toqquşma iyunun 9-da əraziyə kəşfiyyat aparmaq üçün göndərilən atlı kəşfiyyat qrupu ilə üsyançıların dəstəsi arasında baş verdi. 6 əsgərini itirən Qırmızı Ordunun kəşfiyyat süvari qrupu geri çəkilməyə məcbur oldu. Ertəsi gün VII Qafqaz diviziyasının göndərdiyi süvari dəstəsi də məğlub oldu. Bu ərazidəki sovet birləşmələrinin komandanlığı XI Ordunun İnqilabi Hərbi Şurasına verdiyi hesabatda üsyançılarla ilk toqquşmalarda məğlubiyyətin səbəbləri kimi dağlıq ərazini göstərmişdir.
Kommunist Partiyasının Qafqaz bürosunun üzvü Q. K. Orconikidzenin RSFSR Xarici İşlər xalq komissarı Georgi Çiçerinə 13 iyun tarixində göndərdiyi teleqramda belə deyilirdi:
Gürcüstandan gələn üsyançılara yardımın qarşısını almaq üçün XI Ordunun İnqilabi Hərbi Şurası tədbirlər gördü. Azərbaycan hökuməti Gürcüstanın Zaqatala rayonunda baş verən hadisələrə qarışmasına imkan verməməli idi. Sonrakı məlumatlardan aydın olur ki, Gürcüstan hökuməti Zaqatala üsyançılarına vəd etdiyi yardımı gözləniləndən az olsa da, göstərib. "Əksinqilabi müsavatçıların üsyanını yatırmaq üçün qoşunlarımızın Zaqatala qəzasına daxil olması ilə eyni vaxtda üsyançılara yardım etmək məqsədilə gürcü hərbi birləşmələri də bura daxil oldular. Biz qoşunlarımızla gürcü bölmələri arasında toqquşmaların qarşısını almağa çalışırıq. Lakin üsyan vaxtında aradan qaldırılmasa, Zaqatala qəzası Azərbaycan əks-inqilabının yuvasına çevriləcək.Bu zamana qədər artıq Zaqataladakı Sovet hakimiyyəti devrilmişdi. Vəziyyət nəzarətdən çxmış, bolşeviklər üçün daha ciddi təhlükə olmağa başlamışdı. Zaqatala üsyançıları Yevlaxa tərəf yönələrək oranı ələ keçirib Qarabağdakı üsyançılar ilə əlaqə qurmağı düşünürdülər. Bu plan barədə xəbər tutan bolşeviklər Zaqatalaya hücum hədəflərini daha da tez bir müddətə həyata keçirməyə tələsdilər. Onlar Zaqatala qalasını ələ keçirib, orada ölüm hökmünə məhkum edilən Müvəqqəti İnqilab Komitəsi üzvlərini həbsdən azad etmək istəyirdilər. Bakıdan Zaqatala rayonuna kommunist könüllülərindən ibarət bir batalyon, VII Qafqaz diviziyasının bir briqadası, bir Plastun alayı, bir II süvari alayı, Qarabağ üsyanının yatırılmasında iştirak edən XX diviziyanın bir briqadası, bir zirehli texnika və artilleriya göndərildi. Göndərilən hərbi birliyin tapşırığı üsyanı yatırmaq və üsyançı əhalinin silahlarını müsadirə etmək idi. Bolşeviklər 16 iyunda Zaqatala qalasına hücum etməyi planlayırdılar. Tapşırığı yerinə yetirmək üçün VII Qafqaz Diviziyası, könüllü kommunistlər dəstəsi, 58-ci piyada briqadası və 27-ci zirehli dəstə Vodopyanovun komandanlığı altına köçürüldü. 58-ci briqadanın komandirləri Todorski və 32-ci diviziyanın komandirləri Ştegerə Vodopyanovun sərəncamında olmaq üçün iyunun 15-dək Nuxaya gəlmək əmri verildi.
Həlledici əməliyyatlara rəhbərlik həvalə edilən Vodopyanov plana uyğun olaraq iyunun 16-da Zaqatala rayonuna daxil oldu. Azrevkom üzvü Əliyev Vodopyanovun köməkçisi təyin edildi. Üsyançıların ilk məğlubiyyəti iyunun 18-də qalada baş verən döyüş oldu. Bolşeviklərin həmin qələbəsindən sonra qırmızı birləşmələrin komandanlığı bir sıra təhlükəsizlik tədbirləri gördü. XI Ordu komandiri Levandovskinin rayonda fəaliyyət göstərən hissələrin komandiri Vodopyanova verdiyi 18 iyun tarixli əmrdə bildirilirdi: