Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasaında yerləşən ərazi.
Şirvan düzündə Şirvan (köhnə adı Əli Bayramlı), Hacıqabul, Kürdəmir, Göyçay, Ucar, Ağdaş, Zərdab rayonları yerləşir. Keçmişdə Şirvan adı altında Azərbaycan rayonlarının bütün şərq hissəsi, yəni Şirvan düzü, Qobustan, Abşeron yarımadası və Şimal-şərqi Azərbaycan nəzərdə tutulurdu. Hazırda isə Şirvan anlayışı Şirvan düzü, Ağsu, Şamaxı rayonlarını əhatə edir. Düz şirvan əyalətinin adı ilə adlanmışdır. Şirvan tarixi ərazi vahidi kimi Kür çayı ilə Şabran, Xəzər dənizi ilə Qəbələ arasındakı ərazidən ibarətdir. Orta əsr mənbələrində ölkə də adlanmışdır. İlk dəfə VII əsr erməni mənbələrində Albaniyada Sasani mərbazanlarının idarə etdiyi 11 əyalətdən birinin də Şirvan olması göstəlrilmişdir. Şirvanşahlar dövləti Şirvan ərazisində yaranmışdı. Şirvanşahlar dövlətinə son qoyan (1538) Səfəvilərin yaratdıqları inzibati ərazi vahidlərindən biri də Şirvan bəylərbəyi idi. XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri Şirvan ərazisini əhatə edən Şamaxı xanlığı olmuşdur.
Şirvan toponiminin arealı genişdir. Azərbaycanda Axtaçı Şirvan (Sabirabad rayonu), Şirvanlı (Ağdam, Bərdə, Oğuz rayonları), Şirvanmeşə (İsmayıllı rayonu), Şirvanovka (Qusar rayonu), Cənubi Azərbaycanda Şiervandeh, Şirvanşahlı, Şirvanşahlı Əliya., Siran, Şiran adlı kəndlər, Türkmənistanda Şirvan, Şirvanqala, Türkiyədə Şirvan, Şirvan Mazik məntəqələri var. XIX əsrdə Quba qəzasında Şirvanşalı, Zəngəzur qəzasında Şirvanşahlı, Dağıstanda Şirvanlar, İrəvan quberniyasında Şirvancuq adlı kəndlər mövcud idi. Orta əsr müəllifləri Xorasanda Şirvan adlı tarixi ərazinin olduğunu göstərirdilər. Bəzi müəlliflərin fikrincə, Şirvan əvvəllər bir şəhərin adı olmuş, sonralar bu ad tarixi və düzə aid edilmişdir. IX–XIII əsr ərəb müəlliflərinin əsərlərində Şabran və Şamaxı şəhərlərinin arasında Şirvan şəhərinin adı da qeyd olunmuşdur. Şirvan adı yalnız Sasanilər dövründə çəkilir. Ərəb mənbələrində Şirvan, fars mənbələrində Şervan, Suriya mənbələrində Sirvan, Parfiya dövrünə aid Zərdüşt məbədinin kitabəsində Siran və ya Sauran variantında iəsadüf edilməsi adın Sasanilərdən çox əvvəl mövcud olduğunu göstərir.'''Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.220.
Hazırda Şirvan düzü torpaqlarının çox hissəsi (70%-ə qədəri) kənd təsərrüfatında istifadə edilmir. Ərazinin torpaqlarının istifadə olunmasına burada mövcud olan çayların az sulu olması nəticəsində suvarma suyunun çatışmaması, torpaqlarda təkrar şorlaşmanın əmələ gəlməsi və s. səbəblər maneçilik törədir.
Mingəçevir su hövzəsinin tikilməsilə əlaqədar olaraq Yuxarı Şirvan kanalının çəkilməsi burada suvarılacaq əkin sahələrinin xeyli genişlənməsinə imkan yaradır ki, bu da Şərqi Şirvanda torpaqların meliorativ xüsusiyyətlərinin öyrənilməsini birinci dərəcəli vəzifə kimi qarşıya qoyur. Şərqi Şirvanda belə bir tədqiqatla-torpaqların su-duz rejiminin öyrənilməsilə məşğul olunmadığından 1952-ci ildən sonra bu məsələnin öyrənilməsinə başlanmışdır.
İqlimi Məlumdur ki, iqlim şəraiti bu və ya digər ərazidə landşaftın formalaşmasında və onun differensasiyasına təsir edən mühüm amillərdən biridir. Ə. M. Şıxlinskinin təsnifatına görə tətbiq olunan ərazidə müşahidə edilən iqlim tipindən biri yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimidir. Bu iqlim tipi ərazinin cüzi nəmlənməsi və əsasən qışın isti keçməsilə fərqlənir. Yayı çox isti, quru keçir. Ayrı- ayrı günlərdə havanın temperaturu 36–400 çatır. İkincisi, qışı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimidir. Bu iqlim tipi Şirvan düzünün qərb və dağətəyi sahələrində müşahidə edilib, zəif nəmlənməsi, mülayim, az yağıntılı qışı və nisbətən isti yayı ilə səciyyələnir.
Ərazidə günəşli saatların illik miqdarı 2100–2400 arasında dəyişir. Yüksəkliyin artması və buludluğun çoxalması ilə günəşli saatların illik miqdarı və ümumi günəş radiasiyası azalır. Şirvan düzündə radiasiya balansının illik miqdarı tədricən azalıb 40 kkal/sm2-ə enir. Ərazidə havanın orta illik temperaturu 14–150 arasında dəyişir. Məlumdur ki, hava temperaturunun müəyyən hədlərdən keçid müddətlərinin təyin edilməsi landşaftın dinamikasında, xüsusilə onun indiqatoru olan bitkilərin vegetasiyasında mühüm əhəmiyyətə malikdir.
Ə. M. Şıxlinskinin məlumatına görə, Şirvan düzündə torpağın temperaturu havanın temperaturundan, torpaq tarixindən və bitki örtüyündən asılı olaraq qeyri-bərabər paylanmışdır. Düzənliyin torpaq səthində ən alçaq orta aylıq temperatur 1–3,50, ən yüksək isə 30–350 müşahidə edilir. Torpaq səthində və bitki orqanizmində gedən bir sıra proseslər havanın rütubətliyi ilə də əlaqədardır. Hava rütubətliyinin paylanmasına torpağın səth örtüyü, dəniz, çay və göllər boyu təsir göstərir.
Şirvan düzündə yağıntılar qeyri-bərabər paylanmışdır. Ərazidə yağıntıların miqdarı ora hesabla 254–510 mm arasında dəyişir. Ən çox yağıntı yazda və payızda düşür. Qar çox az yağır. Qar örtüyünün qalınlığı 20–25 sm, yerdəqalma müddəti 10–13 gündür. Ərazinin şimalındakı yağıntılı və dumanlı günlərin miqdarı cənuba nisbətən iki dəfə çoxdur. Dumanlı günlərin miqdarı 43–47 gün arasındadır.
Şirvan düzündə əsən küləklər yerli şəraitin və kənardan daxil olan hava kütlələrinin təsiri ilə əmələ gəlir. Bu küləklər fəsillərin dəyişməsi ilə əlaqədar olaraq tez-tez istiqamətini dəyişir.
Şirvan düzünün küləkləri Ə. A. Mədətzadənin məlumatlarına görə musson xarakterlidir. Küləklər kənd təsərrüfatı və ümumiyyətlə, bitki aləmi üçün çox zərərlidir.
Hidroqrafiya Şirvan düzünə daxil olan çaylar tranzit xarakterlidir. Bu çaylar Kür hövzəsinə aid olub, Baş Qafqaz silsiləsinin cənub yamacında 2000–3500 m yüksəklikdən başlanır. Əlicançay, Türyançay, Göyçay və Girdimançay alçaq dağlıqdan Şirvan düzünə çıxdıqdan sonra bir sıra qollara ayrılır. Gətirmə konusları səthindən yer altına süzülən və kənar hissələrdə qaynamalar halında səthə çıxan sulardan Qarasu çayları yaranır. S. Rüstəmovun məlumatına görə Şirvan düzü çaylarının qidalanmasında yağıntılar, xüsusilə qar suları əsas yer tutur. Onlarda illik axının 65–70% – ə qədəri yaz və qismən yay aylarında olur. Türyançay Baş Qafqaz silsiləsinin Bazardüzü və Tufan zirvələrinin ətəklərindən, 3680 m mütləq yüksəklərindən başlayıb, Zərdab şəhərinin qərbində, 3,5 m yüksəklikdə Kürə tökülür. Yuxarı axımda Türyançayın sutoplayıcı sahəsi 1842 km2, su sərfi 15,6 m³/san illik axının həcmi isə 491 min m³-dir.
Göyçay öz başlanğıcını Savalan aşırımı və Babadağ zirvəsinin ətəklərində 2500–3000 m hündürlükdən götürüb 9 m-lik mütləq yüksəklikdə Qarasuya tökülürdü.
Sonradan keçirilən meliorativ tədbirlərlə əlaqədar olaraq birbaşa Kürə birləşdirilmişdir. Sutoplayıcı sahəsi 1770 km2, orta illik su sərfi 12,5 m³/san-dır. Çayın uzunluğu 50–60 km-dir.
Girdimançay Babadağ Zirvəsinin ətəklərində 3000 m yüksəklikdən başlayaraq 9 m yüksəklikdə Qarasuya tökülürdü. Sonradan süni yataq vasitəsilə Kür çayına axıdılmağa başlandı. Sutoplayıcı sahəsi 232 km2, su sərfi 2,34 km3/ san-dır. Şirvan düzü daxilində uzunluğu 25,2 km-ə yaxındır. S. Rüstəmov Şirvan düzündə 2 hidroloji rayon (Şirvan düzü və Kür – Araz) ayırmışdır. İkincidə birinciyə nisbətən çay şəbəkəsi azdır. Şirvan düzünün ümumi çay şəbəkəsinin sıxlığı 0,46–0,5 ka/ km2–dır. Ərazidə cənubdan Şimala, şərqdən qərbə yağıntıların artması ilə əlaqədar olaraq çay şəbəkəsinin sıxlığı çoxalır. Şirvan düzü çaylarında il ərzində axım qeyri-bərabərdir.
Yuxarıda göstərilən daimi axara malik çaylardan əlavə alçaq dağlıqdan başlanan və güclü leysan yağışları zamanı müvəqqəti axara malik müxtəlif uzunluqda bir çox quru dərə və yarğanlar da mövcuddur. Həmin dərələrin bəzisində su anbarlarının yaradılmasında istifadə olunmuşdur. Digər tərəfdən belə quru dərələr şor suları toplayan və şorlaşmanın qarşısını alan təbii drenajlardır.
Şirvan düzündə göllərin ən böyük gölü Hacıqabuldur. Sahəsi 16 km2 yaxın olan bu göldə suyun səviyyəsini sabit saxlamaq üçün Kür çayından bura su axıdılır. Gölün suyu şirindir. Göldən balıqçılığı inkişaf etdirmək üçün istifadə olunur.
Şirvan düzünün quru, arid iqlim şəraiti suvarmadan maksimum istifadə olunmasını tələb edir. Relyefin düzən olması ərazini bütünlüklə suvarmağa və mövcud hidroqrafiya şəbəkəsindən tam istifadə etməyə şərait yaradır. Mingəçevir su anbarından başlanan və 123 km-dən məsafədə uzanan Yuxarı Şirvan kanalı 47 min ha-dan çox sahəsi suvarmağa imkan verir. Şirvanın çay şəbəkəsindən daha səmərəli istifadə etmək üçün alçaq dağlığı kəsib düzənliyə çıxan sahələrdə sutoplayıcı qurğular yaradılmışdır. Şirvan düzü çayların gətirmə konuslarında zəngin yeraltı şirin su ehtiyatları vardır. Bu ehtiyatlardan mədəni landşaftların inkişafında, həmçinin məişətdə səmərəli istifadə edilə bilər.
Qrunt suları . Şirvan düzü qrunt suları ilə zəngindir. Ərazinin qrunt suları təzyiqsiz və nisbətən sərbəst səthə malikdir. Qrunt sularının qida mənbəyini yağıntılar, çay suları və suvarma ilə əlaqədar olaraq sızan sular təşkil edir. Düzənliyin ümumi meyilliyi qrunt sularının qida mənbəyinə yaxın və uzaqlığı ilə əlaqədar, ərazidə bu suların səviyyə zənginliyinə görə paylanmasında müəyyən qanunauyğunluq müşahidə edilir. Belə ki, Kür çayından dağ ətəyinə doğru hipsometrik yüksəkliyin artması ilə qrunt sularının səviyyə dərinliyi artır. Kür çayı sahil boyu ərazilərdə eni 5–6 km olan zolaqda qrunt sularının səviyyə – dərinliyi 1 m, Göyçay qrunt konusunda 1,5–2 m-dir. Son vaxtlar bataqlıqların qurudulması, şoranlıqların yuyulması və s. çəkilmiş kollektor və drenaj şəbəkələrinin qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.
Şirvan düzündə qrunt sularının axını çox zəif olub, əsasən düzənliyin ümumi meyilliyi istiqamətindəndir. Şirvan düzünün şərq hissəsinə nisbətən qərb hissəsində çaylar çox sulu olduğundan və süni suvarmadan daha geniş istifadə edildiyindən qrunt suları səthə daha yaxın yerləşir. Məlumdur ki, qrunt suları qida mənbəyindən uzaqlaşdıqca onun intisar tapdığı süxurların daha çox minerallaşmış olması, qida mənbəyinə yaxın sahələrdən yuyulmuş mineralların uzaq sahələrdə akkumlyasiya olunması və buxarlanma ilə əlaqədar olaraq minerallaşması artır. Şirvan düzünün şərq hissəsində qrunt sularının minerallaşmasına alçaq dağlıqda olan palçıq vulkanları da nisbətən təsir göstərir.
Torpaq örtüyü Şirvan düzünün torpaq örtüyü müxtəlifdir. Düzənliyin dağətəyi sahələrində açıq- şabalıdı və boz qonur, çayların gətirmə konuslarında açıq- çəmən, boz- qonur, Kür sahilində allüvial-çəmən və tuqay meşə, düzənliyin şərq hissəsində və gətirmə konusların ətraf hissələrində boz, boz – çəmən və şorlaşmış torpaqlardır.
Boz, boz- qonur, qonur və açıq şabalıdı torpaqlar prolüvial – delüvial və delüvial çöküntülər üzərində inkişaf etmişdir. Volubuyeve görə həmin torpaqların A qatının rəngi açıq strukturları yastı layları, B1 qatı qonur rəngli olub, prizmavari strukturalı, B2 qatı allüvial karbonatlı, S qatı isə az dəyişən süxurlardan ibarətdir. Humusun miqdarı üst layda 2%- ə qədər olub, alt laylara doğru azalır. Karbonatlar 1–3 %, 40–50 sm dərinliyində 10–20% və daha çox olur. Torpaqların şorlaşmış növlərində duzların miqdarı 0,1–0,2 % və daha az olur. 100–125 sm-dən aşağıda 1,0 %-ə çatır.
H. Ə. Əliyev Şirvan düzünün şərq hissəsində boz, boz- çəmən torpaqların şorakətli növlərinin inkişaf etdiyini və bu torpaqlarda humusun 2–3 %, karbonatların miqdarı isə 5,5 – 16% olduğunu və daim laylara doğru karbonatların miqdarının artdığını göstərir. K. Ə. Ələkbərov və Ə. Q. Zeynalov boz torpaqlarda humusun 1,5–2,5 % dərin qatlarda daha az, karbonatın isə dərin laylarda 15–20% olduğunu müəyyən etmişdir.
Düzənliyin mərkəzi hissəsində boz-çəmən, çökəkliklərdə karbonatlı torpaqlar inkişaf etmişdir. R. H. Məmmədova görə bu torpaqlarda humusun miqdarı 2–3% və ya bir hektarda 300–400 tondur.