Ələsgər Cəfər oğlu Məmmədov və ya Əli Əsgər Cəfər oğlu Məmmədov () — azərbaycanlı şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi, alman və ərəb dilləri üzrə mütəxəssis, Nürnberq prosesində tərcüməçi. Ələsgər Məmmədov ərəb dilinin tədris metodikasına gətirdiyi yeniliklərlə tanınır.

Uşaqlıq illəri və təhsil həyatı Ələsgər Məmmədov 10 oktyabr 1919-cu ildə Bakının Keşlə qəsəbəsində anadan olub. Erkən yaşlarında valideynlərini itirən Məmmədov əmisinin himayəsində böyüyüb.

Yeddi illik orta məktəbi bitirdikdən sonra 1933–1937-ci illərdə Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda, 1937–1941-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun alman dili şöbəsində təhsil alan Ələsgər Məmmədov eyni zamanda həmin illərdə yenicə yaradılmış Bakı Ali Hərbi Dənizçilik Məktəbində alman dilindən dərs demişdir. 1941-ci ilin iyulunda Məmmədov Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndələrlə birlikdə Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilmiş və 1944-cü ildə Moskva Şərqşünaslıq İnstitutunun ərəb dili üzrə hərbi şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Fəaliyyəti Nürnberq prosesi

1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində baş referent kimi əmək fəaliyyətinə başlayan Məmmədov həmin ilin dekabrından 1946-cı ilin fevral ayına qədər alman dili mütəxəssisi kimi Nürnberq prosesinə tərcüməçi qismində cəlb edilmişdir. O, Ənvər Məmmədovla birlikdə hərbi tribunalda iştirak edən iki azərbaycanlıdan biri idi. Ələsgər Məmmədov nazirlikdə işlədiyi iki il yarım ərzində Almaniya Xarici İşlər Nazirliyinin ələ keçirilmiş diplomatik sənədlərinin böyük bir qismini, təxminən 30-dan çox sənədi alman dilindən rus dilinə tərcümə etmişdi. 26 yaşlı Ələsgər Məmmədov Nürnberq prosesində iştirak etmək məqsədilə alman dilindən imtahan verərkən imtahanı qəbul edən alman dili mütəxəssisi Qrabor-Passak ondan razı qalmış və gənc Ələsgərin tribunalda alman dili tərcüməçisi kimi çıxış etməsini məsləhət görmüşdür.

Sonralar Ələsgər Məmmədov Nürnberq Tribunalı ilə bağlı müsahibələrində aşağıdakıları xatırlayırdı:

Elmi-pedaqoji fəaliyyəti Şövkət adlı xanımla ailə həyatı qurduqdan sonra Məmmədov 1947-ci ilin avqust ayından Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində pedaqoji və elmi fəaliyyətə başlamışdır. Universitetdə fakültənin dekanı seçilən alim 1957-ci ildə fakültənin ərəb dili kafedrasının əsasını qoymuş və 29 il bu kafedraya rəhbərlik etmişdir. O, 1947–1950-ci illərdə universitetdə baş müəllim vəzifəsində işləmiş, 1948–1950-ci illərdə ərəb dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 1953-cü ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1954-cü ildə dosent, 1967-ci ildə professor olan Məmmədov 1992-ci ildə əməkdar elm xadimi adına layiq görülmüşdür.

Ərəb dili ilə yanaşı, rus, alman, fransız, fars və ingilis dillərini də mükəmməl bilən Ələsgər Məmmədov 30-dan artıq ərəb dili dərsliyi və dərs vəsaitinin müəllifidir. Onun 573 səhifədən ibarət ilk "Ərəb dili" dərsliyi 1958-ci ildə Sovet İttifaqında 5000 nüsxə tirajla nəşr olunmuş, Azərbaycandan başqa Tacikistan və Özbəkistanda da istifadə edilmişdir. Rus dilində yazdığı "Арабский язык" ("Ərəb dili") dərsliyindən Azərbaycanla yanaşı, Dağıstan, Tatarıstan, Ukrayna, Orta Asiya respublikaları və digər postsovet ölkələrinin şərqşünaslıq mərkəzlərində də istifadə olunur. Ələsgər Məmmədovun hazırladığı dərslik və dərs vəsaitləri şərqşünaslıq fakültəsinin Azərbaycan və rus bölmələri, eləcə də ilahiyyat, tarix və filologiya fakültələrində ərəb dilini öyrənənlər və ərəb təmayüllü orta məktəblər üçün nəzərdə tutulmuşdur. 1972-ci ildə Azərbaycan bölməsinin I və II kursları üçün yazdığı "Ərəb dili" dərsliyi sifariş əsasında 22 ölkəyə göndərilmişdir.

1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ələsgər Məmmədova doktorluq dissertasiyası müdafiə etmədən pedaqoji elmlər doktoru alimlik dərəcəsi vermişdir.

XX əsrin 90-cı illərində Ələsgər Məmmədov Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində "Quranşünaslıq" fənnini tədris etmişdir.

Ərəbşünaslığa verdiyi töhfələr 1958-ci ilin sentyabrında Ələsgər Məmmədovun təşəbbüsü ilə ilk dəfə Azərbaycan Radiosu nəzdində ərəb redaksiyası yaradıldı və onun ilk redaktoru özü oldu. 1969-cu ildən etibarən Ələsgər Məmmədov həm də SSRİ Semitoloqlar Kollegiyasının üzvü idi.

Vasim Məmmədəliyev, Aida İmanquliyeva, Gövhər Baxşəliyeva, Malik Mahmudov və İmamverdi Həmidov kimi Azərbaycanın tanınmış ərəbşünasları Məmmədovun yetirmələri hesab olunurlar. Ələsgər Məmmədovu "Azərbaycan ərəbşünaslıq elminin patriarxı" adlandıran ərəbşünas alim Nəriman Qasımoğlu yazırdı ki, "əgər Türkiyədə ərəbcəni 10–15 ilə mükəmməl öyrənmək mümkündürsə, Bakıda Ələsgər müəllimin üslubu ilə bu, 4–5 il müddətində başa gələ bilir." Ələsgər Məmmədov məktəbinin nümayəndələri ərəb ölkələrində, əsasən də İraq, Suriya, Sudan, İordaniya, Küveyt, Yəmən, Ədən, Misir, Liviya, Tunis və Əlcəzairdə tərcüməçi və diplomat kimi fəaliyyət göstərmişlər.

Ələsgər Məmmədov 1963-cü ilin martında sovet maarif işçilərinin nümayəndə heyətinin sədri kimi Misirə ezam olunmuşdu. 1973-cü ildə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri ilə birlikdə Bakı və Bəsrə şəhərləri arasında qardaşlıq müqaviləsi bağlamaq məqsədilə İraqa səfər etmişdi. İraqın rəsmi nümayəndələri "azərbaycanlı ərəb" adlandırdıqları Məmmədovu Kərbəla ziyarətinə apararaq ona qızıl suyuna çəkilmiş "Qurani Kərim" kitabını bağışlamışdılar. Misir, İraq və İordaniyanın bir sıra qəzet və jurnallarında Ələsgər Məmmədovun fəaliyyəti barədə geniş materiallar dərc edilmişdir.

Ölümü Ələsgər Məmmədov 29 yanvar 2000-ci ildə vəfat etmişdir. Vəfatından əvvəl M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır.

Xatirəsi Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Aztelefilm" Yaradıcılıq Birliyi tərəfindən Rəfiqə Məsudun ssenarisi əsasında Ələsgər Məmmədovun həyatından bəhs edən "Ömürdən qalan izlər" tammetrajlı filmi çəkilmişdir.

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycanlı şərqşünaslar Kateqoriya:Azərbaycan ərəbşünasları Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:SSRİ ərəbşünasları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Pedaqoji elmlər doktorları Kateqoriya:Poliqlotlar