Klemens fon Metternix (, ) — Avstriya dövlət xadimi və diplomat. Mühafizəkar siyasətçi olan Metternix 1809-cu ildən Avstriyanın xarici işlər naziri, 1821-ci ildən isə kansleri vəzifəsində çalışdığı üç onillik ərzində “Avropa konserti” kimi tanınan Avropadakı qüvvələr balansı sisteminin mərkəzində dayanmışdı. 1848-ci il inqilabları onu istefaya məcbur edənədək o, Avropanın siyasi və diplomatik həyatında mühüm rol oynamışdır.
1773-cü ildə diplomat oğlu kimi Metternixlər nəslində anadan olan Klemens fon Metternix Strasburq və Mayns universitetlərində yaxşı təhsil almışdı. Metternix Saksoniya krallığında, Prussiya Krallığında və xüsusilə Napoleon Fransasında səfir vəzifələri də daxil olmaqla, mühüm diplomatik postlarda çalışaraq karyerada yüksəlmişdir. Xarici işlər naziri kimi ilk vəzifələrindən biri Fransa ilə münasibətlərin yumşaldılmasına nail olmaq idi və bu proses Napoleonun Avstriya ershersoqu Mariya-Luiza ilə evlənməsi ilə nəticələndi. Tezliklə o, Avstriyanın Altıncı Koalisiyanın tərəfində müharibəyə qoşulmasını təmin etdi, Napoleonu sürgünə göndərən Fontenblo müqaviləsini imzaladı və post-Napoleon dövründə Avropanı böyük dövlətlər arasında bölüşdürən Vyana Konqresində Avstriya nümayəndə heyətinə rəhbərlik etdi. Avstriya imperiyasına xidmətlərinə görə 1813-cü ilin oktyabrında ona knyaz titulu verildi.
Onun rəhbərliyi altında beynəlxalq konqreslərdən ibarət “Metternix sistemi” daha on il davam etdi və bu dövrdə Avstriya Rusiya ilə, daha az dərəcədə isə Prussiya ilə müttəfiq münasibətlər qurdu. Bu dövr Avstriyanın diplomatik əhəmiyyətinin ən yüksək mərhələsi oldu və bundan sonra Metternix tədricən beynəlxalq diplomatiyanın periferiyasına çəkildi. Daxili siyasətdə isə Metternix 1821-ci ildən 1848-ci ilədək həm I Fransiskin, həm də onun oğlu I Ferdinandın hakimiyyəti dövründə dövlət kansleri vəzifəsini tutdu. 1851-ci ilədək davam edən London, Brayton və Brüsseldəki qısa sürgündən sonra o, Vyana sarayına qayıtdı, lakin bu dəfə Ferdinandın varisi Frans İosifə məsləhətlər vermək üçün. Öz siyasi nəslinin əksər nümayəndələrindən daha uzun ömür sürən Metternix 1859-cu ildə 86 yaşında vəfat etdi. Ənənəvi mühafizəkar olan Metternix qüvvələr balansını qorumağa, xüsusilə Rusiyanın Mərkəzi Avropada və Osmanlı imperiyasında ərazi ambisiyalarının qarşısını almağa çalışırdı. O, liberalizmi qəbul etmir və Avstriya imperiyasının parçalanmasının qarşısını almağa səy göstərirdi. Məsələn, Avstriyanın Şimali İtaliyadakı millətçi üsyanlarını amansızlıqla yatırırdı. Daxili siyasətdə də o, oxşar siyasət yürüdür, narazılıqları və iğtişaşları yatırmaq üçün senzura və genişmiqyaslı casus şəbəkəsindən istifadə edirdi.
Metternix həyata keçirdiyi siyasətə görə həm yüksək qiymətləndirilmiş, həm də ciddi tənqid olunmuşdur. Onun tərəfdarları qeyd edirdilər ki, beynəlxalq diplomatiyanın Avropada böyük müharibələrin qarşısını almağa kömək etdiyi dövrdə o, “Avstriya sistemi”nə rəhbərlik edirdi. Onun diplomat kimi keyfiyyətləri yüksək qiymətləndirilir, bəzi tədqiqatçılar danışıqlardakı mövqeyinin zəifliyinə baxmayaraq, əldə etdiyi nailiyyətlərin əhəmiyyətli olduğunu vurğulayırdılar. Digər tərəfdən, tənqidçiləri hesab edirdilər ki, o, Avstriyanın gələcəyini təmin etmək üçün daha çox iş görə bilərdi və Avstriyada islahatların həyata keçirilməsinə maneə yaradırdı. Metternix həmçinin incəsənətin, xüsusilə də musiqinin böyük tərəfdarı idi; o, Haydn, Bethoven, Rossini, Paqanini və Ferens List də daxil olmaqla, Avropanın ən görkəmli bəstəkarlarından bəzilərini şəxsən tanıyırdı.
Həyatı Avropa mühafizəkarlığının ən aparıcı simalarındandır. Ömrünün 39 ilini (1809-1848) Avstriya imperatorluğunun Xarici İşlər Naziri vəzifəsində çalışan Metternix, bu illər ərzində Avropa tarixinin şəkillənməsində rol alan nadir dövlət adamlarından biri olub. Metternix həmçinin Vyana konqresinin (1815) əsas arxitektlərindən biri kimi Post- Napoleon Avropasının qurulmasında çox önəmli rol oynayıb. "Metternix sistemi" adlanan və davamlı konqreslərlə müşayiət olunan bu güc balansı, 1848-ci il İnqilablarına qədər Avropanın böyük dövlətləri (Prusiya, Avstriya, Rusiya, Böyük Britaniya, Fransa) arasındakı münasibətlərin tənzimləyən başlıca mexanizm olub. Metternix, 1848-ci ildə 39 il fasiləsiz diplomatik fəaliyyətdən sonra istefa veribdir.http://www.publitaz.blogspot.com/
Hətta istefadan sonra belə Avstriya imperatoru I Frans İosif daima xarici siyasət məsələlərində onunla məsləhətləşirdi.
Klemens Metternix, mühafizəkar bir dövlət adamı kimi Fransız İnqilabı ilə təməlləri atılan liberalizm, millətçilik hərəkatları və dövrün bir çox yeniliklərinə qarşı kəskin düşmən münasibəti bəsləyərək bu meyillər ilə mübarizə aparmaq üçün qitə gücləri arasında davamlı məsləhətləşmələr edilməsi, birliyin qurulmasının əsas təşəbbüskarı olmuşdur. 1820-ci ildə Rus Çarı I Aleksandrın müraciəti üzrə hazırlanan memorandumda Metternix öz şəxsi görüşlərinə əsaslanaraq Avropadakı liberal hərəkatları, millətçilik meyillərini şərh edir, onların səbəblərini analiz edir və mübarizə üsulları ilə həll yollarını irəli sürür. Metternixin irəli sürdüyü mühafizəkar prinsiplər, demək olar bütün XIX əsr boyu, Avropadakı imperiyaların öz mövqelərini saxladığı bir dövrdə mühafizəkarların liberalizmə, inqilablara, milli azadlıq hərəkatlarına, siyasi hüquqlara, islahatlara, Konstitutsiyaya, mətbuata və.s yenilik adlanan bir çox anlayışa qarşı mövcud olan münasibətlərini ümumi şəkildə əks etdirdiyi üçün həmin dövrdə mühafizəkarlığın daxili böhranını, bir dönmə nöqtəsində olduğunu başa düşməkdə əhəmiyyətli mənbələrdəndir.
Ədəbiyyat
Энгельс Ф., Начало конца Австрии, К. Маркс и Ф. Энгельс, Соч., 2 изд., т. 4; Энгельс Ф., Борьба в Венгрии, там же, т. 6; Энгельс Ф., Революция и контрреволюция в Германии, там же, т. 8, с. 30-36; Энгельс Ф., Роль насилия в истории, там же, т. 21, с. 432-37; Оберман К., О роли Меттерниха в европейской дипломатии 1813 г., в сборнике: Освободительная война 1813 г. против наполеоновского господства, М., 1965; Раковский Х. Г. Князь Меттерних. Его жизнь и политическая деятельность. СПб, 1905 Чубарьян А. О. Эволюция европейской идеи (до конца XIX века). — Вопросы истории, 1981, № 5 Шедивы Я. Меттерних против Наполеона. М., 1991 Орлик О. В. Россия в международных отношениях 1815—1829. М., 1998 Рахшмир П. Ю. Князь Меттерних: человек и политик. Пермь, 1999 3ак Л. А., Монархи против народов. Дипломатическая борьба на развалинах наполеоновской империи, М., 1966; Srbik Н., Metternich der Staatsmann und der Mensch, 3 Aufl., Bd 1-2, Münch., 1957; Bertier de Sauvigny G., Metternich et son temps, P., 1959; May A. J., The age of Metternich. 1814—1848, N. Y., 1965; Obermann K., Bemerkungen über die bürgerliche Metternich-Forschung, "Zeitschrift für Geschichtswissenschaft", 1958, No 6; Schroeder P. W., Metternich studies since 1925, "Journal of Modern History", 1961, v. 33, ?3. Alatlı Alev. Batı'ya Yön Veren Metinler (4 Cilt Takım),İlke eğitim ve sağlık vakfı, 2010
İstinadlar
Kateqoriya:Reynland-Pfaltsda doğulanlar Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:Avstriyanın xarici işlər nazirləri Kateqoriya:Avropa tarixi Kateqoriya:Ateizmin tənqidçiləri