Abdulla Bağırlı, Abdulla Məşədi Sadıq oğlu və ya Abdulla Bağırov — () — Cümhuriyyət tələbəsi, Tovuz qəzası Xalq Maarif Şöbəsinin müdiri.
Abdulla bəy əslən urmiyalıdır. Gəncə Kişi Gimnaziyasında təhsil alıb. Azərbaycan Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün təqaüd alıb. Kiyev Kommersiya İnstitutunun kommersiya-texnika bölməsində oxuyub.
Tovuz qəzasında Xalq Maarif Şöbəsinin müdiri olub. 1922-ci ildən sonra haqqında məlumat yoxdur.
Həyatı Abdulla Məşədi Sadıq oğlu 1888-ci ildə Gəncədə anadan olub. Əslən urmiyalıdır. 1906-cı il sentyabrın 1-dən 1912-ci il iyunun 2-dən Gəncə Kişi Gimnaziyasında təhsil alıb. Gimnaziyanı bitirdikdən sonra 1912-ci ildə Kiyev Kommersiya İnstitutunun kommersiya-texnika bölməsinə daxil olub. Təhsil haqqını ödəməkdə çətinlik çəkdiyi üçün 1914-cü ildə institutdan kənarlaşdırılıb. 1915-ci ildə V semestrə bərpa olunub. Lakin 1916-cı ildə yenidən təhsil haqqını ödəmədiyi üçün institutdan kənarlaşdırılıb. 1916-cı ildə yenidən bərpa olunub. Təhsil haqqını ödəyə bilmədiyi üçün V semestrdə saxlanılıb. Oktyabr inqilabından sonra Azərbaycana qayıdıb.
1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Abdulla bəy 1919-cu il iyulun 28-də Məsai Nəzarətinə Gəncə şəhərində əmək müfəttişi təyin olunmaq üçün müraciət edib. Avqustun 10-da eyni vəzifədə Şəkiyə təyin olunub. Lakin ora getməkdən imtina edib. 1919-cu il avqsutun 18-də Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinə təhsilini davam etdirmək üçün hökumət hesabına xaricə göndərilən tələbələrin siyahısına salınması üçün müraciət edib. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb.
Abdulla bəy 1919-cu il oktyabrın 25-də Azərbaycan Cümhuriyyəti xalq maarif naziri Rəşid xan Qaplanovun əmri ilə Gəncə şəhəri Ələkbər bəy Rəfibəyov adına 17 nömrəli məktəbə əlifba sinfinin müəllimi təyin olunub. Abdulla bəy ali təhsil almaq üçün xaricə göndərilmək üçün seçilmiş tələbələrdən biri olub.1919-cu il noyabrın 27-də təhsilini davam etdirmək üçün Azərbaycan Cümhuriyyəti tərəfindən 21 min manat təqaüd alıb. Ali təhsilini bitirdiyi haqda məlumat yoxdur.
1921-ci ildə Tovuz qəzası Xalq Maarif Şöbəsinin müdiri olub. 1922-ci ildən sonra həyatı haqda məlumat yoxdur.
Ailəsi Abdulla bəy Məşədi Sadıq Məhəmmədbağır oğlunun və Telli xanımın ailəsində anadan olub. Məşədi Sadıq Urmiyada anadan olub və işləmək üçün Gəncəyə köçüb. 1912-ci ildə Gəncədə vəfat edib.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Urmiyalılar Kateqoriya:Gəncə Kişi Gimnaziyasının məzunları