Şahbaz Muradov (Şahbaz Musa oğlu Muradov; d. 10 avqust 1940, Laçın rayonu Xumarta) — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi (2001), iqtisad elmləri doktoru, professor, İqtisadiyyat İnstitutunun "Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri" şöbəsinin müdiri.

Həyatı

Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Azərbaycan Respublikasının Laçın rayonu­nun Xumarta kəndində anadan olmuşdur. O, 1946-50–ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnə­kənd 7 illik məktəbində təhsil almışdır. 1953-cü il­də həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə biti­rib, Azərittifaqın Bakı Kooperativ texnikumuna da­xil olmuşdur. 1956-cı ildə texnikumu əla qiymətlər və tərifnamə ilə bitirib, əlaçıların 5%-i hesabı ilə Azərittifaqın İdarə Heyətinin xüsusi qərarına əsa­sən, ali təhsil almaq üçün K.Marks adına Azərbay­can Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndərilir. O vaxt texnikumları əla qiymətlər və tərifnamə ilə bitirənlərin 5%-i hesabı ilə ali məktəbə təhsil al­mağa göndərilənlər orta məktəbləri “Qızıl medalla” bitirənlərə bərabər tutulduğundan Ş.Muradov qə­bul imtahanları vermədən həmin instituta daxil ol­muşdur. Ancaq, 1959-cu ildə institut ləğv edildiyi üçün Ş.Muradov təhsilini Azərbaycan Dövlət Uni­versitetinin İqtisadiyyat fakultəsində davam etdir­mişdir. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərq­lənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi iş­ləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndə­rilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmış­dır. O, eyni zamanda 1968-ci ildən “Demoqrafiya və iş qüvvəsinin təkrar is­tehsalı problemləri” şöbəsinə rəhbərlik edir. Ş.Muradov 1965-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, 1972-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 1977-ci ildə isə professor elmi adı almış, 2001-ci ildə AMEA-nın müxbir üz­vü seçilmişdir.

Fəaliyyəti

Professor Şahbaz Muradov keçmiş SSRİ məkanında iqtisad elmləri sahəsində ən gənc yaşlarında (32 yaşı tamam olmamış) elmlər doktoru dissertasiyası müdafiə etmiş 3-4 nəfərdən biri olub, çox gənc ikən öz elmi məktəbini yaratmış gör­kəmli iqtisadçı-demoqraf alimdir. Yüksək ixtisaslı iqtisadçı-demoqraf kadr­larının hazırlanması sahəsində əvəzsiz xidmətləri olan Ş.Muradovun elmi rəhbərliyi ilə 100-dən artıq fəlsəfə və iqtisad üzrə elmlər doktorluq disserta­siyası müdafiə edilmişdir. Onun apardığı tədqiqatların nəticələri 2000 ç.v. həcmindən çox olan 650-yə yaxın nəşr edilmiş əsərlərində öz əksini tapmış­dır. Həmin əsərlərin 30-dan çoxu irihəcmli monoqrafiya və kitablardır. Onun 70-dən artıq əsəri xarici ölkələrdə, o cümlədən ABŞ-da çap olunmuş­dur. Onların 15-i xarici ölkələrin görkəmli alimləri ilə şərikli yazılıb Moskva­da nəşr edilmişdir. Bunların arasında “İş qüvvəsinin təkrar istehsalı və əmək ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi” (Moskva, MQU, 1971); “Müttəfiq respublikaların əhalisi”(Moskva, Statistika, 1977); “Əhali sakinliyi və demoqrafik siyasət problemləri” (Moskva, Nauka, 1986); “Post­sosialist cəmiyyətdə sosial siyasət:vəzifələr, ziddiyyətlər, mexanizmlər” (Moskva, Nauka, 2001) və s. vardır. Ş.Muradov keçmiş SSRİ EA Rəyasət He­yəti tərəfindən hazırlanıb 1979, 1983 və 1987-ci illərdə Moskvada çap edilə­rək hökumətə təqdim edimiş “ETT-nin Kompleks Proqramlarının yekun nə­ticələri” adlı 50,0 ç.v. həcmində olan üç cildliyin müəlliflərindən biridir. O, MDB məkanında ilk dəfə olaraq qadın məşğulluğu və məşğulluq sahəsində gender problemlərinin tədqiqi ilə məşğul olan görkəmli iqtisadçı-demoqraf alim kimi tanınmış və  postsovet məkanında bu problemin kompleks şəkildə tədqiq olunması onun adı ilə bağlıdır. Onun 9 elmi nəticəsi, o cümlədən “Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri” (Bakı, Elm, 1974) monoqrafiyası SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən sovet elminin ən mühüm naliyyətləri sırasına daxil edilmişdir.

Ş.Muradovun elmi rəhbərliyi və bilavasitə, müəllifliyi ilə Ulu öndər Heydər Əliyevin 28 dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli Sərəncam­ları ilə ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf Kon­sepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasının demoqrafiya və əha­li sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər) ha­zırlanmış və ölkə rəhbəri tərəfindən təsdiq edilmişdir.

Ş.Muradov bir-çox xarici ölkələrdə keçirilmiş beynəlxalq simpozium, elmi konfrans və seminarlarda Azərbaycanın iqtisad elmini layiqincə təmsil etmişdir. Onun “Müasir mərhələdə demoqrafiya siyasəti” (Bakı, Elm, 1986-cı il); “Azərbaycan SSR-nin əmək ehtiyatları:nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər” (Bakı, Elm, 1987-ci il); “Insan potensialı:əsas meyllər, reallıq­lar, problemlər” (Bakı, Elm, 2004-cü il); “Azərbay­can Respublikasının dinamikası və quruluşu:əsas demoqrafik və etno-demoqrafik dəyişikliklər” (1897-2007-ci illər) azərbaycan, rus və ingilis dil­lərində, (Bakı, Elm, 2008-ci il); “Azərbaycan Res­publikasında etno-demoqrafik proseslər:tarixi də­yişkənlik və reallıqlar” (C.Baxışla şərikli, Bakı, Av­rora, 2013-cü il); “Ulu öndər Heydər Əliyevin inki­şaf strategiyasının təntənəsi:tənəzzüldən tərəqqi­yə yüksələn cətin 50 illik yolun sosial-iqtisadi nəti­cələri” (1969-2019-cu illər), (Bakı, Avrora, 2019-cu il) adlı monoqrafiyaları və bir çox başqa əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

Prof. Ş.Muradov 1970-1990-cı illərdə keç­miş SSRİ EA Rəyasət Heyətinin nəzdindəki “Əhali sakinliyinin sosial-iqtisadi problemləri” və “Əmək problemləri” adlı Problem Şuralarının büro üzvü, 1985-1990-cı illərdə Özbəkistan SSR EA İqtisadiy­yat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının üzvü, 2000-2008-ci illərdə AMEA İqtisadiyyat İns­titutunun nəzdindəki Dissertasiya Şurasının və 2004-2014-cü illərdə isə AMEA-nın nəzdindəki RETTƏŞ-nin İqtisadiyyat üzrə Problem Şurasının sədri; Naxçıvan Ensiklopediyası Elmi Redaksiya Heyətinin üzvü olmuşdur. O, hazırda Azərbaycanın Milli Ensiklopediyasının Redaksiya Heyətinin, YUNESKO-nun Azərbaycan Respublikasında “Bio­etika elmi bilikləri və texnologiyaları” Komitəsinin, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin El­mi Şurasının, AMEA-nın nəzdindəki İqtisadiyyat üzrə Problem Şurasının, AMEA İqtisadiyyat İnstitu­nun nəzdindəki Dissertasiya Şurası və İnstitutun Elmi Şurasının və Elmi əsərlərinin redaksiya şura­sının üzvü, həmçinin AMEA-nın Xəbərləri “İqtisa­diyyat seriyası” jurnalının baş redaktorudur.

Ş.Muradovun xidmətləri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. O, keçmiş Sovet İKP MK, SSRİ Nazirlər Soveti, ÜİHİŞ və ÜLKİ MK, Azərbaycan LKGİ-nin fəxri fərmanları, “Fədə­kar əməyə görə”, “Əmək veteranı” medalları ilə, AMEA-nın Fəxri fərmanları və Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Res­publikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 14 fevral 2004-cü il tarixdə “Şöhrət” ordeni ilə təltif edilmiş, 03 noyabr 2015-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Rəşad Muradovun atasıdır.

Mükafatları

“Şöhrət” ordeni - 14 fevral 2004-cü il. “Əməkdar Elm Xadimi” - 03 noyabr 2015-ci il. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu - 08.08. 2020-ci il “Fədakar əməyə görə” yubiley medalı. Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin 2000-ci ildə keçirdiyi müsabiqədə I dərəcəli mükafat. “Əmək veteran” medalı.

Əsas elmi əsərləri

Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri. Bakı, "Elm", 1974. Azərbaycan SSR-də əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi problemləri. Bakı, "Elm", 1978. Müasir mərhələdə demoqrafiya siyasəti. Bakı, "Elm", 1986. Azərbaycan SSR-in əmək ehtiyatları: nəzəri-metodologi və sosial-iqtisadi aspektlər. Bakı, "Elm", 1987. Bazar iqtisadiyyatına keçidin aktual problemləri: nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər. Bakı, "Elm", 1994. “Insan potensialı:əsas meyllər, reallıq­lar, problemlər” (Bakı, Elm, 2004-cü il); Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu. Bakı, "Elm", 2008. “Azərbaycan Res­publikasında etno-demoqrafik proseslər:tarixi də­yişkənlik və reallıqlar” (C.Baxışla şərikli, Bakı, "Av­rora", 2013. Ulu öndər Heydər Əliyevin inki­şaf strategiyasının təntənəsi:tənəzzüldən tərəqqi­yə yüksələn çətin 50 illik yolun sosial-iqtisadi nəti­cələri (1969-2019-cu illər). Bakı, "Avrora", 2019. Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər. Bakı, "Elm və bilik", 2021.İqtisadiyyat İnstitutunun əməkdaşının yeni kitabı çap olunub

İstinadlar

Xarici keçidlər Şahbaz Musa oğlu Muradov

Kateqoriya:Laçın rayonunda doğulanlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Professorlar Kateqoriya:İqtisad elmləri doktorları Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri