Məmmədtağı Abbas oğlu Bağırov () — Azərbaycan-sovet opera müğənnisi (bariton), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan SSR xalq artisti (1938).

Həyatı Məmmədtağı Bağırov 1890-cı ildə Bakıda anadan olmuşdur. İki il mollaxana təhsili almış, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxumuşdur. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxmış, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynamışdır. Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış etmişdir.

Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib. Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürmüşdür. Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib.

Məmmədtağı Bağırov 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib. Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılmışdır.

Məmmədtağı Bağırov 1934-cü ildə Qlierin "Şahsənəm" operasında Şahvələdin partiyasını ifa etmiş, sonra Müslüm Maqomayevin "Nərgiz" operasında Ağalarbəyin obrazını yaratmış, 1937-ci ildə isə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həsən xan rolunda çıxış etmişdir.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət və ədəbiyyatı ongünlüyündə M. T. Bağırov müvəffəqiyyətlə çıxış etmiş, ongünlükdən sonra o, Rossininin "Sevilya bərbəri" operasında Don Bazilionun, "Arşın mal alan" operettasında Sultan bəyin partiyalarını və başqa partiyaları ifa etmişdir.

Əsas partiyaları: Həsən xan ("Koroğlu", Üzeryir Hacıbəyov), Aslan şah, Ağalar bəy ("Şah İsmayıl", "Nərgiz", Müslüm Maqomayev), Şahvələd ("Aşıq Qərib", Zülfüqar Hacıbəyov), Əbdüləli bəy ("Sevil" Fikrət Əmirov), Bartolo ("Sevilya bərbəri", Coakkino Rossini).

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 may 1934 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 dekabr 1938 "Qırmızı əmək bayrağı" ordeni — 17 aprel 1938; 9 iyun 1959 "Qafqazın müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Opera ifaçıları Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri