Alabama ( ) — ABŞ-nin cənub-şərq bölgəsində yerləşən ştat. Şimalda Tennessi, şərqdə Corciya, cənubda Florida və Meksika körfəzi, qərbdə Missisipi ilə həmsərhəddir. Alabama ərazisinə görə ən böyük 30-cu, əhalisinə görə 24-cü ABŞ ştatıdır.
Alabama ştat quşunun şərəfinə Sarı ağacdələn ştatı ləqəbini almışdı. Alabama həmçinin "Diksinin qəlbi" və "Pambıq ştatı" adı ilə də tanınır. Ştat ağacı Pinus palustris və ştat çiçəyi kameliyadır. Alabamanın paytaxtı Montqomeridir və əhalisinə və ərazisinə görə ən böyük şəhəri Hantsvilldir. Ən qədim şəhəri 1702-ci ildə fransız kolonistləri (Alabama kreolları) tərəfindən Fransız Luizianasının paytaxatı olaraq əsası qoyulmuş Mobildir. Böyük Birminqem Alabamanın ən böyük metropoliten ərazisi və onun iqtisadi mərkəzidir.
Əvvəlcə bir çox yerli qəbilələrin yaşadığı indiki Alabama fransızlar XVIII əsrin əvvəllərində onu əldə edənə qədər XVI əsrdən başlayaraq İspan ərazisi idi. 1763-cü ildə İngilislər ABŞ İstiqlal müharibəsində onu itirənə qədər ərazini ələ keçirdilər. İspaniya Mobili 1813-cü ilə qədər İspan Qərbi Floridasının bir hissəsi olaraq saxladı. 1819-cu ilin dekabrında Alabama ştat kimi tanındı. Antebellum dövründə Alabama əsas pambıq istehsalçısı idi və afroamerikalı qul əməyindən geniş istifadə edilirdi. 1861-ci ildə ştat ABŞ-dən ayrılaraq ilk paytaxtı Montqomeri olan Amerika Konfederativ Ştatlarının bir hissəsi oldu və 1868-ci ildə yenidən İttifaqa qoşuldu. ABŞ Vətəndaş müharibəsindən sonra, kənd təsərrüfatı və bəzi əmtəə bitkiləri ştat iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olduğu üçün Alabama onilliklər boyunca iqtisadi çətinliklərlə üzləşəcəkdi. Digər keçmiş kölə ştatları kimi Alabama qanunvericiləri XIX əsrin sonundan 1960-cı illərə qədər Cim Krou qanunlarını tətbiq etdilər. Selmadan Montqomeriyə yürüş kimi yüksək səviyyəli tədbirlər 1950-ci və 1960-cı illərdə ştatı vətəndaş hüquqları hərəkatının əsas mərkəzinə çevirdi.
İkinci Dünya müharibəsi dövründə və bundan sonra ştat iqtisadiyyatı yeni sənaye sahələri ilə şaxələndirildikcə Albama inkişaf etdi. NASA-nın Hantsvilldəki Marşal Kosmik Uçuş Mərkəzi aerokosmika sənayesini inkişaf etdirməklə XX əsrin ortalarından sonlarına qədər Alabama ştatının iqtisadi inkişafına kömək etdi. XXI əsrdə Alabama iqtisadiyyatı avtomobil, maliyyə, turizm, istehsal, aerokosmik, mineral hasilatı, səhiyyə, təhsil, pərakəndə satış və texnologiyaya əsaslanır.
Ştatın coğrafiyası müxtəlifdir, şimalda dağlıq Tennessi vadisi və cənubda tarixən əhəmiyyətli bir liman olan Mobil körfəzi üstünlük təşkil edir. Siyasi baxımdan, Dərin Cənubun bir hissəsi olaraq, Alabama əsasən mühafizəkar bir ştatdır və Cənub mədəniyyəti ilə tanınır. Alabama daxilində Amerika futbolu, xüsusən kollec səviyyəsində ştat mədəniyyətinin əsas hissəsidir.
Etimologiya Alabama çayı və ştatın Avropa-Amerika adlandırılması çayın yuxarı axarlarında Kusa çayı ilə Tallapusa çayının qovuşmasından bir qədər aşağıda yaşayan Muskoke dilli qəbilə olan Alabamaların adından qaynaqlanır. Alabama dilində Alabama nəslindən olan bir insan üçün söz Albaamodur (bəzi dialektlərdə Albaama və ya Albàamo; cəm halı Albaamaha). Bu sözün yazılışı tarixi mənbələrdə əhəmiyyətli dərəcədə dəyişir. İlk istifadəsi 1540-cı ildə Ernando de Soto ekspedisiyasının üç hesabında görünür : Qarsilaso de la Veqa Alibamo sözündən istifadə edirdi, Elvas Cəngavəri və Rodriqo Ranjel isə müvafiq olaraq Alibamu və Limamu sözlərini bu terminin transliterasiyasında yazıblar. Hələ 1702-ci ildə fransızlar tayfanı adlandırırdılar, fransız xəritələrində çayı Rivière des Alibamons kimi təyin edirdilər. Adın digər yazılışlarına Alibamu, Alabamo, Albama, Alebamon, Alibama, Alibamou, Alabamu, Allibamou və bəlkə də Alabahmu daxildir. ABŞ-də hindi dillərindən törəmiş ştat adlarının istifadəsi geniş yayılmışdır; təxminən 26 ştatın yerli Amerika mənşəli adı var.
Mənbələr sözün mənası ilə bağlı fikir ayrılığına malikdirlər. Bəzi alimlər bu sözün Çokto dilində alba ('bitkilər' və ya 'alaq otları' mənasını verir) və amo ('kəsmək', 'bəzəmək' və ya 'toplamaq' mənasını verir) sözlərindən əmələ gəldiyini irəli sürürlər. Mənası 'kolluq təmizləyənlər' və ya 'ot toplayanlar' ola bilər, becərilməsi üçün torpağın təmizlənməsi və ya dərman bitkilərinin toplanması nəzərdə tutulur. Ştatda bir çox hindi mənşəli yer adları var. Bununla belə, Alabama dilində müvafiq oxşar sözlər yoxdur.
Jacksonville Republican qəzaetində 1842-ci ildə dərc edilən məqalə, 'Burada Dinlənirik' mənası verdiyini önə sürdü. Bu anlayış 1850-ci illərdə Alexander Bofort Mikin yazıları vasitəsilə populyarlaşdı. Muskoq dilləri üzrə mütəxəssislər belə bir tərcüməni dəstəkləmək üçün heç bir dəlil tapmadılar.
Tarix
Avropalılardan əvvəlki məskunlar thumb|left|Heyl qraflığındakı Maundvil Arxeoloji Parkı. 1000–1450-ci illərdə Missisipi mədəniyyətinə aid hindular tərəfindən zəbt edilmişdir.
Müxtəlif mədəniyyətlərə malik aborigenlər Avropa müstəmləkəçiliyinin gəlişindən əvvəl minlərlə il ərzində ərazidə yaşamışdılar. Ohayo çayı boyunca şimal-şərq tayfaları ilə ticarət kurqanlar dövründə (e.ə. 1000 –700-ci illər) başladı və avropalılarla əlaqəyə qədər davam etdi.
Aqrar Mississipi mədəniyyəti 1000-ci ildən 1600-cü ilə qədər ştatın böyük hissəsini əhatə edirdi, onun əsas mərkəzlərindən biri Alabama ştatının Maundvill şəhərindəki indiki Maundvil Arxeoloji Parkının yerində tikilmişdi. Bu, mədəniyyətin mərkəzi olan indiki İllinoys ştatındakı Kahokiyadan sonra klassik Orta Missisipi dövrünün ikinci ən böyük kompleksidir. Maundvilldə arxeoloji qazıntılardan əldə edilən artefaktların təhlili alimlərin Cənub-Şərqi Mərasim Kompleksinin (CŞMK) xüsusiyyətlərini formalaşdırmasının əsasını təşkil edirdi. Məşhur inancın əksinə olaraq, CŞMK-nın Mezoamerika mədəniyyəti ilə birbaşa əlaqəsi yoxdur, müstəqil şəkildə inkişaf edib. Mərasim Kompleksi Missisipi xalqlarının dininin əsas komponentini təmsil edir; onların dinini başa düşmək üçün əsas vasitələrdən biridir.
Avropalılarla əlaqə zamanı indiki Alabamada yaşayan yerli Amerika xalqının tarixi qəbilələri arasında İrokez dilli xalq olan Çeroki; və Muskoqi dilli Alabama (Alibamu), Çikosa, Çokto, Krik və Koasati qəbilələri var idi. Eyni böyük dil ailəsinin bir hissəsi olsa da, Muskoqi tayfaları fərqli mədəniyyətlər və dillər inkişaf etdirdilər.
Avropalıların məskunlaşması
İspanlar XVII əsrdə Şimali Amerikanı kəşf edərkən Alabamaya çatan ilk avropalılar idi. Ernando de Sotonun ekspedisiyası 1540-cı ildə Mabila və ştatın digər yerlərindən keçdi. 160 ildən çox keçəndən sonra fransızlar 1702-ci ildə Qədim Mobildə bölgənin ilk Avropa qəsəbəsini qurdular. Şəhər 1711-ci ildə Mobilin indiki yerinə köçürülmüşdür. Bu ərazi 1702-ci ildən 1763-cü ilə qədər Fransız Luizianasının bir hissəsi kimi fransızlar tərəfindən iddia edilmişdi.
Yeddiillik müharibədə fransızlar ingilislərə uduzduqdan sonra o, 1763-cü ildən 1783-cü ilə qədər Britaniyanın Qərbi Florida əyalətinin bir hissəsi oldu. ABŞ İstiqlal müharibəsində ABŞ-nin qələbəsindən sonra ərazi ABŞ və İspaniya arasında bölündü. Sonuncu 1783-cü ildən 1813-cü il aprelin 13-də Mobildəki İspan qarnizonunun ABŞ qüvvələrinə təslim olmasına qədər bu qərb ərazisinə nəzarəti saxladı.
İnqilab dövründə Britaniya monarxiyasına sadiq olan Tomas Bassett Mobildən kənarda ştatda ilk ağdərili köçkünlərdən biri idi. O, 1770-ci illərin əvvəllərində Tombiqbi rayonunda məskunlaşdı. Bölgənin sərhədləri təxminən Tombiqbi çayından bir neçə mil məsafədə olan ərazi ilə məhdudlaşırdı və bugünkü Klark qraflığının cənubunu, Mobil qraflığının ən şimalını və Vaşinqton qraflığının çox hissəsini əhatə edirdi.
İndiki Bolduin və Mobil qraflıqları 1783-cü ildə İspan Qərbi Floridasının, 1810-cu ildə müstəqil Qərbi Florida Respublikasının bir hissəsi oldu və nəhayət 1812-ci ildə Missisipi Ərazisinə əlavə edildi. İndi Alabamanın şimal üçdə iki hissəsi olan ərazilərin əksəriyyəti Britaniya müstəmləkəsi dövründən başlayaraq Yazu torpaqları kimi tanınırdı. 1767-ci ildən etibarən Corciya Əyaləti tərəfindən iddia edildi. İnqilab Müharibəsindən sonra, güclü mübahisələrə baxmayaraq, Corciyanın bir hissəsi olaraq qaldı.
Mobil və Yazu torpaqlarının ətrafındakı ərazilər istisna olmaqla, indi Alabamanın aşağı üçdə biri olan ərazi 1798-ci ildə təşkil edilərkən Missisipi Ərazisinin bir hissəsi idi. Yazu torpaqları 1804-cü ildə Yazu torpaq qalmaqalından sonra əraziyə əlavə edildi. İspaniya 1819-cu ildə Adams-Onis müqaviləsi ilə onu rəsmi olaraq ABŞ-yə verənə qədər sahilyanı qraflıqlara çevriləcək keçmiş İspan Qərbi Floridası ərazisi üzərində iddiasını saxladı.
XIX əsr
thumb|upright=0.9
1817-ci il dekabrın 10-da Missisipi ştatlığa qəbul edilməzdən əvvəl ərazinin daha seyrək məskunlaşmış şərq yarısı ayrıldı və Alabama Ərazisi adlandırıldı. ABŞ Konqresi 3 mart 1817-ci ildə Alabama Ərazisini yaratdı. İndi tərk edilmiş Sent-Stivens 1817-ci ildən 1819-cu ilə qədər ştat paytaxtı kimi fəaliyyət göstərmişdi.
Alabama 14 dekabr 1819-cu ildə 22-ci ştat olaraq qəbul edildi, Konqres ilk Müəssislər Məclisinin keçiriləcəyi yer olaraq Hantsvilli seçdi. 5 iyul - 2 avqust 1819-cu il tarixlərində nümayəndələr yeni ştat konstitusiyasını hazırlamaq üçün toplaşdılar. Hantsvill 1819-cu ildən 1820-ci ilə kimi hökumətin mərkəzi Dallas qraflığındaki Kahabaya köçənə qədər müvəqqəti paytaxt kimi xidmət etmişdir.
İndi kabus şəhər olan Kahaba 1820-ci ildən 1825-ci ilə qədər ilk daimi ştat paytaxtı idi. Ştat İttifaqa qəbul edildikdə Alabama qızdırması torpaq hərisliyi davam edirdi, köçkünlər və torpaq möhtəkirləri pambıq əkilməsi üçün əlverişli münbit torpaqlardan faydalanmaq üçün ştata axışırdılar. 1820-ci və 1830-cu illərdə sərhədin bir hissəsi olan konstitusiya ağ kişilər üçün ümumi seçki hüququnu təmin etdi.
thumb|right|Əsas ev, 1833-cü ildə Qrin qraflığında Tornhilldə tikilmişdir. Bu, keçmiş Qara Kəmər plantasiyasıdır. Alabamada pambıq plantasiyaları genişləndikcə Yuxarı Cənubdan olan Cənub-Şərqi əkinçilər və tacirlər özləri ilə qul gətirirdilər. Mərkəzi Qara Kəmərin iqtisadiyyatı (adını qara, məhsuldar torpağına görə almışdır) sahiblərinin sərvəti əsasən qul əməyindən istifadə edilən böyük pambıq plantasiyaları ətrafında qurulmuşdu. Ərazi həm də dolanışıq üçün fermerlərə çevrilmiş bir çox yoxsul, hüquqlarından məhrum insanları özünə cəlb edirdi. Alabamanın 1810-cu ildə təxmini əhalisi 10.000 nəfərdən az idi, lakin 1830-cu ilə qədər bu rəqəm artaraq 300.000 nəfərdən çox oldu. Yerli Amerika qəbilələrinin çoxu 1830-cu ildə Konqres tərəfindən Hindilərin sürgün aktının qəbulundan bir neçə il sonra ştatdan tamamilə çıxarıldı.
1826-cı ildən 1846-cı ilə qədər Taskalusa Alabamanın paytaxtı olub. 30 yanvar 1846-cı ildə Alabama qanunverici orqanı paytaxtın Tuskalusadan Montqomeriyə köçürülməsi üçün səsvermə keçirdiyini elan etdi. Yeni paytaxtda ilk qanunvericilik iclası 1847-ci ilin dekabrında toplandı. Filadelfiyadan olan Stiven Dekatur Buttonun rəhbərliyi altında yeni kapitol binası tikildi. Birinci tikili 1849-cu ildə yandı, lakin 1851-ci ildə eyni yerdə yenidən tikildi. Montqomeridəki bu ikinci kapitol binası bu günə qədər qalır. O, Men ştatının Ekseter şəhərindən olan Baraxias Holt tərəfindən hazırlanmışdır.
Vətəndaş müharibəsi və Yenidənqurma
1860-cı ilə qədər əhalinin sayı 964.201 nəfərə yüksəldi, onlardan təxminən yarısı, 435.080 nəfəri qul kimi saxlanılan afroamerikalılar, 2.690 nəfəri isə azad rəngli insanlar idi. 11 yanvar 1861-ci ildə Alabama İttifaqdan ayrıldığını elan etdi. Bir neçə gün müstəqil respublika olaraq qaldıqdan sonra Amerika Konfederativ Ştatlarına qoşuldu. Konfederasiyanın paytaxtı əvvəlcə Montqomeri idi. Alabama ABŞ Vətəndaş Müharibəsində ciddi şəkildə iştirak edirdi. Ştatda nisbətən az döyüşlər aparılsa da, Alabama müharibə cəhdlərinə təxminən 120.000 əsgər verdi.
thumb|left|1864-cü ildə federal qüvvələr tərəfindən tutulduqdan və işğal edildikdən sonra Hantsvilldəki Məhkəmə Meydanını işğal edən İttifaq Ordusu qoşunları