Husçular hərəkatı (həmçinin Husçu müharibələri və Bohemiya müharibələri kimi də adlanır) — Yan Qus tərəfdarlarının 1419–1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Husçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi.

Hərəkatın yetişməsi XIV əsrin ortalarında Çexiya kralı IV Karl (1342–1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi. Kral sənətkarlığın, mədən işlərinin və ticarətin inkişafını himayə edirdi. Bu zaman Çexiya iqtisadiyyatı yükşəliş dövrünü yaşayırdı. Çoxlu yeni torpaq sahələri əkilməyə başlanmışdı. Ölkədə çoxlu su və yel dəyirmanları vardı. Çexiyanı hər tərəfdən əhatə edən dağlarda yeni mis, qalay, dəmir yataqları tapılmışdı. Metal əridilməsi artmışdı. Çexiya gümüş çıxarılması sahəsində Avropada ilk yerlərdən birinə çıxdı (o zaman Avropada pullar gümüşdən kəsilirdi). Şəhəərlərdə 200-dən çox sənətkarlıq sahəsi vardı. Mahud toxunması, həmçinin o zaman nadir peşə olan şüşə qablar istehsalı Çexiyada yayılmış sənət sahələrindən idi. Avropanın mərkəzində yerləşən Çexiya ərazisində mühüm karvan yolları qovuşurdu. Paytaxt Praqada ildə iki dəfə böyük yarmarkalar açılırdı. Bu yarmarkalara Polşa, Almaniya və İtaliyadan da tacirlər axışırdı. Praqa şəhəri IV Karlın dövründə imperiyanın paytaxtı oldu. O zaman Praqa 40.000 nəfər əhalisi olan böyük bir şəhər idi. Burada böyük tikinti işləri gedirdi. Həmin dövrdə məşhur Karl körpüsü salınmış, Müqəddəs Vita Kilsəsinin əsası qoyulmuşdu. Dəbdəbəli saraylar və məbədlərlə bəzədilmiş Çexiya paytaxtı haqlı olaraq Avropanın ən gözəl şəhərlərindən biri hesab olunurdu. Bu zaman Çexiyada Avropanın ən böyük ali məktəblərindən biri olan Praqa Karl Universiteti açıldı.

Lakin iqtisadiyyatın yüksəlişi xalqın vəziyyətini yüngülləşdirmədi. Əksinə, feodalların və şəhər varlılarının zülmü şiddətləndi. İri çex feodalları olan panlar cah-calal içərisində yaşayırdılar. Cəngavərlər də onlardan geri qalmaq istəmirdilər. O dövrün yazıçısı feodalları bu cür ələ salırdı: Hamı pan olmaq istəyir. Çünki kök atlara minib gəzmək, sadə adamlara hədə-qorxu gəlmək, onların var-yoxunu əlindən almaq həmişə yaxşı yemək və bolluca içməkdən yaxşı nə ola bilər!?. 14-cü əsrdə Çexiya kəndində foedal mükəlləfiyyətlərinin bütün növləri, biyar, məhsul və pul töycüsü artmışdı. Bəzi sənədlərdə deyilirdi ki,məhsul toplanışı zamanı kəndlilər pan nə vaxt çağırsa, gedib ona işləməlidirlər. Təhkimli kəndlilər feodalların tam hakimiyyəti altına düşmüşdülər. Kralın əmrinə əsasən öz ağalarından məhkəməyə şikayət etmək təhkimli kəndlilərə qadağan olunmuşdu. Şəhərlərdə yaşayan əhalinin demək olar ki, yarısı yoxsullar idi. Dəbdəbəli kilsələrin qapıları ağzında duran dəstələrlə ac-yalavac dilənçilər ötüb keçənlərdən sədəqə dilənirdilər.

Çexiyada ən böyük torpaq sahibi katolik kilsəsi idi. Ölkədəki ən münbit torpaqların üçdə biri onun əlində idi. Çexiya kilsəsinin başçısı olan Praqa baş yepiskopunun 14 şəhəri və 900 kəndi var idi. Monastırlar xüsusilə varlı idilər. Onlar qıtlıq olan illərdə artıq məhsullarını od qiymətinə sataraq aclıq çəkən əhalinin hesabına varlanırdılar. Saysız-hesabsız kilsə vergiləri kəndliləri və şəhərliləri əldən salmışdı. Ruhanilər Çexiya əhalisindən əldə etdikləri gəlirin xeyli hissəsini Romaya göndərirdilər. Yepiskoplar və abbatlar tutduqları vəzifələri qızılla satın alır, bunun əvəzini isə dindar əhalidən çıxırdılar. Roma papalarının acgözlüyü və satqınlığı bütün ölkələrdə hiddət və gülüş doğururdu. Belə bir acı zarafat geniş yayılmışdı: Əgər İsa Romaya gəlib çıxsaydı, onun özü ilə də rüşvətsiz danışmazdılar. Çexiyada katolik kilsəsinə qarşı ümumi narazılıq yetişmişdi. Panlar və cəngavərlər yepiskopların, monastırların var-dövləti və mülklərinin paxıllığını çəkirdilər. Onlar öz mülklərini kilsə torpaqları hesabına genişləndirmək istəyirdilər. Varlı şəhərlilər ruhaniləri saxlamaq üçün xərcə düşmək istəmirdilər. Kəndlilər və şəhər yoxsulları da kilsəyə qarşı çıxırdılar. Lakin onlar eyni zamanda həm də feodal zülmündən xilas olmaq uğrunda da mübarizə aparırdılar.

Çexiyanın sərvətinə alman feodalları da göz dikmişdilər. Əsilzadə alman zədəganları Çexiya krallarına xidmət edir, sarayda yüksək vəzifələr tuturdular. Bunun müqabilində mükafat olaraq onlara geniş torpaq mülkləri verilirdi. Çexiya panları kimi, alman feodalları da özlərinin krala yaxın olmalarından istifadə edərək hər cür yolla cəngavərləri sıxışdırır, hətta onların torpaqlarını da əllərindən alırdılar. Yoxsullaşmış cəngavərlərin bir çoxu öz ölkələrində və ya xaricdə muzdlu ordularda xidmət edir, bəziləri isə yollarda quldurluqla məşğul olurdu. Çexiya şəhərlərində alman tacirləri və ustaları məskən salmışdılar. Onlar şəhər idarə orqanlarını öz əllərinə keçirmişdilər. 14-cü əsrin ortalarına qədər Praqa Şəhər Şurasında bir nəfər də olsun çex yox idi. Çexiyanın filiz mədənləri də almanların əlinə keçmişdi. Mədən sahibləri çex filizçıxaranlarının üzücü əməyi hesabına var-dövlət toplayırdılar. Çexiya sənətkarları və tacirləri şəhər idarəçiliyində iştirak etmək uğrunda mübarizə aparırdılar. Onları bu mübarizədə yoxsullar müdafiə edirdilər. Çünki şəhər yoxsulları alman varlılarının zülmündən daha çox əziyyət çəkirdilər. Yepiskoplar və abbatlar içərisində də çoxlu alman vardı. Almanlar hətta Praqa Karl Universitetində də ağalıq edirdilər. Müasirlər yazır ki, Çex öz vətənində elə yaşayır ki, elə bil bura sürgün olunmuşdur.

Husçular Hərəkatının başlanması

Yan Qusun çıxışları thumb|300px|Yan Qusun tonqalda yandırılmasını təsvir edən miniatür, 1485 XV əsrin başlanğıcında Praqa küçələrinin birindəki kiçik bir kilsə çox adamı özünə cəlb etməyə başlamışdı. Şəhərlilər, kəndlilər və cəngavərlər bura Praqa Universitetinin professoru Yan Qusun alovlu çıxışlarını dinləməyə axışırdılar. Yan Qus (1371–1415) kəndli ailəsində böyümüşdü. O universitet təhsilinə malik biri idi. Lakin qabiliyyətli və əməksevər gənc olan Yan Qus universitet təhsilini başa vurmaq üçün çox məhrumiyyətlərə və çətinliklərə dözməli olmuşdu. Çox çəkmədən Qus professor oldu. Sonra isə Praqa Universitetinə başçılıq edən ilk çex oldu.

Öz çıxışlarında Yan Qus acgöz ruhaniləri amansızcasına ifşa edirdi. O, Romada kilsə vəzifələrinin pula satılmasından hiddətlənərək papanı baş fırıldaqçı adlandırırdı. Yan Qus deyirdi: Keşişlər içərisində tutduğu vəzifəni pulla satın almayan və dindarlardan vergi toplamayan az tapılar… Ləyaqətsiz ruhani kasıb qarının gizlədib saxladığı axırıncı qəpik-quruşunu da əlindən qoparıb alır. Bundan sonra necə deməyəsən ki, o oğrudan da betər hiyləgər və zalımdır?!. Yan Qus Çexiyada "cənnət qəbzlərinin" satılmasını kəskin surətdə pisləyirdi. Qus ruhaniləri tənqid etməklə kifayətlənmirdi. O, kilsənin yenidən təşkil olunmasını tələb edirdi. Kilsənin əhalidən qarət edib topladığı sərvəti, yepiskopların və monastırların torpaqlarını onların əlindən almağa çağırırdı. Dindarlar üçün saysız hesabsız ruhani ordusu olmamalı, Çexiyanın öz kilsəsi olmalıdır. Həm də bu kilsə Roma papasına deyil, Çexiya kralına tabe olmalıdır. Qus deyirdi; Qardaşlar, indi müharibə və qılınc dövrü başlanacaqdır. Yan Qus dini ayinlərə görə haqq verilməsi qaydasının aradan qaldırılmasını tələb edirdi. O, ibadətin doğma dildə aparılmasını istəyirdi. Qus çex dilinin qrammatikasını işləyib hazırlamışdı. Yan Qus vətənpərvər idi. O öz vətənini, xalqını dərindən sevirdi. O öz xalqına müraciət edərək deyirdiki, çexlər quyruqda sürünməməli, başda olmalıdırlar. Qus qətiyyətlə öz xalqını yadellilərə qarşı mübarizəyə çağırırdı. Lakin Qus başqa xalqlara nifrət bəsləmirdi. Qus deyirdi ki, onun üçün yaxşı alman pis çexdən daha yaxındır. Qus feodalizm quruluşunun əleyhinə çıxmırdı. Lakin kəndlilərin dilənçi kökündə və hüquqsuz vəziyyətdə yaşamasını ədalətsizlik sayırdı. O deyirdi ki, panlar və ruhanilər yoxsulların var-yoxunu soyub əlindən alır, özləri isə cah-calal içərisində qarın otarırlar. Qusun fikrincə, əgər feodallar ədalətsiz hərəkət edirlərsə, onda xalqın ədalətsiz hakimlərə qarşı nəinki üsyan etmək hüququ var, hətta onlar üsyan etməyə borcludurlar.

Yan Qusun həlak olması Praqa baş yepiskopu Qusa din əleyhinə təbliğat aparmağı qadağan etdi, daha sonra isə onu kafir elan edib lənətləndirdi. Lakin bu, Qusu qorxutmadı. O, Praqanı tərk edərək iki il Çexiyanın cənubunda yaşadı və kəndlilər qarşısında çıxışlarını davam etdirdi. Belə olduqda, Roma papası Qusu ali ruhanilərin qurultayı olan kilsə məclisinə çağırtdırdı. Bu zaman kilsə məclisi Almaniyanın cənubunda Konstans şəhərində keçirilirdi. İmperator Qusa toxunulmazlıq fərmanı verdi. O, bu fərmanla Qusa tam təhlükəsizlik vəd edirdi. Qus öz görüşlərini müdafiə etmək üçün Konstans şəhərinə getməyi qərara aldı. Konstansda Qusu qandalladılar və yarım il nəm, soyuq zindanda saxladılar. Sonra isə onu mühakimə etdilər. Kilsə məclisi Qusu kafir elan etdi. Ondan tələb olundu ki, öz görüşlərindən əl çəksin. Qus belə cavab verdi. Mən öz vicdanıma xəyanət edə bilmərəm. Əgər mən həqiqətdən üz döndərsəm, həmişə həqiqət söyləməyi öyrətdiyim xalqımın gözlərinə nə cürətlə baxa bilərəm? O, inamından əl çəkməkdənsə, ölümü üstün tutdu. Yan Qus 1415-ci ildə tonqalda yandırıldı. O, işgəncəli edamı mərdliklə qarşıladı.

Silahlı mübarizənin başlanması Qusun edam olunması Çex xalqının qəzəbini alovlandırdı. Kəndli izdihamları dağlara qalxır, orada Qusun tərəfdarları olan xalq təbliğatçılarının nitqlərini dinləyirdilər. Onlar çex xalqının öz düşmənlərinə qarşı mübarizə üçün silahlanmağa və hər cür zülmə son qoymağa çağırırdılar. Xalq Qus təlimindən cəsarətli nəticələr çıxardı. Yan Qusun bütün tərəfdarları özlərini Husçular adlandırıdılar. 1419-cu ildə Praqada şəhər yoxsullarının üsyanı oldu. Onlar bələdiyyə idarəsinin binasına daxil olub mənfur şəhər hakimlərini pəncərədən atdılar. Üsyançılar müəyyən müddət paytaxtda hakimiyyəti ələ keçirdilər. Yoxsullar və sənətkarlar alman varlılarını Çexiya şəhərlərindən qovdular. Xalqın qəzəbi katolik kilsəsinə qarşı yönəldi. Üsyançılar monastırları dağıdır, ruhaniləri qırır və ya çıxardıb qovurdular. Xalq hərəkatından istifadə edən bir çox panlar kilsə torpaqlarını zəbt etdilər.

Taborçular və Mötədillər