Suxoy Su-33 (; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir.
İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.
Əməliyyat tarixçəsi
Sovet İttifaqı və Rusiya Su-27K ilk dəfə 1990-cı illərin ortalarında silahlanmaya qəbul edilmişdir. 1995-ci ilin dekabrından 1996-cı ilin mart ayına qədər olan müddət ərzində Aralıq dənizində xidməti vəzifəsini yerinə yetirən Admiral Kuznetsov aviadaşıyıcısının üzərində iki ədəd Su-25UTG, doqquz ədəd Ka-27 və 13 ədəd Su-27K var idi. Buna baxmayaraq, təyyarənin rəsmi olaraq "Su-33" adı ilə silahlanmaya qəbul olunması 31 avqust 1998-ci ilə təsadüf edir. Həmin vaxt bu qırıcıların ilk partiyası Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal flotiliyasının Severomorsk-3 aviabazasında dislokasiya olunmuş 279-cu Dəniz Qırıcı alayına təhvil verilmişdi.
Sovet İttifaqının dağılmasından sonra Rusiya HDQ-də silahlanma ilə əlaqədar bir sıra proqramlar ixtisar olunmuşdur. 2009-cu ildə Rusiya HDQ öz silahlanmasında olan Su-33 qırıcılarını 24 ədəd MiQ-29K ilə əvəzləmək barədə qərar qəbul etmişdir. MiQ-29K qırıcılarının 2011-ci ildən 2015-ci ilə qədər Rusiya HDQ-nin silahlanmasına daxil ediləcəyi planlaşdırılmışdı. 2015-ci ildə Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor İqor Kojin mətbuata açıqlamasında artıq ikinci alayın da tamamilə MiQ-29 qırıcıları ilə təchiz edildiyi və hazırda silahlanmada olan Su-33 qırıcılarının isə modernizasiya edildikdən sonra gələcəkdə yenidən istifadə olunacağı barədə məlumat vermişdir. 2016-cı ilin payızında imzalanmış müqavilə nəticəsində Su-33 qırıcılarının SVP-24 hədəfləmə sistemi ilə təchiz olunmasına başlanmışdır. İlk modernizə edilmiş döyüş təyyarələri elə həmin ilin sentyabr ayında tədarük edilmişdir. Su-33 üçün modernizasiya olunmuş mühərriklərin təchizatına isə 2017-ci ildən etibarən başlanmışdır.
Taktiki-texniki xüsusiyyətləri
Ümumi göstəriciləri Ekipaj: 1 nəfər Uzunluğu: 21.19 m Qanad genişliyi: 14.7 m Hündürlüyü: 5.93 m Qanad sahəsi: 67.84 m² Boş çəki: 18,400 kq Yüklü çəki: 29,940 kq Maksimum qalxma ağırlığı: 33,000 kq Güc təminatçısı: 2 × Saturn AL-31F3 mühərrik
Uçuş keyfiyyətləri Maksimum sürət: 2.2 max (2300 km/saat) Məsafə: 3000 km Maksimum qalxma yüksəkliyi: 17,000 m Yüksəkliyə qalxma sürəti: 246 m/saniyə Qanad yüklənməsi: 483 kq/m² Çəkmə gücünün çəkiyə nisbəti: 0.83 Maksimum g yüklənmə: +8 g Eniş sürəti: 240 km/saat
Həmçinin bax Su-27 Aviadaşıyıcı MiQ-29
İstinadlar
Xarici keçidlər
Sukhoi Su-33 page on Milavia.net Sukhoi Su-33 and Su-33UB Flanker D on Ausairpower.net Su-33 (Su-27K) page on Globalsecurity.org Photos of Su-33 on Flankers-site.co.uk
Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Rusiya təyyarələri Kateqoriya:SSRİ-nin reaktiv qırıcıları Kateqoriya:Suxoy təyyarələri Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr