Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova () — Azərbaycan pedaqoqu və maarif xadimi.

Həyatı Nigar Vəlibəyova 1894-cü il iyunun 16-da Şuşa şəhərində anadan olmuşdur. O, Qori Müəllimlər Seminariyasının ilk azərbaycanlı məzunlarından biri olan pedaqoq Səfərəli bəy Vəlibəyovun qızı idi. Atası Səfərəli bəy Vəlibəyov uzun illər Qori Müəllimlər Seminariyasında fəaliyyət göstərmiş, "Üsuli-cədidi-lisani-farsi" dərsliyinin və "Xəzineyi-əxbar" adlı ensiklopedik lüğətin müəllifi olmuşdur.

Nigar Vəlibəyova 8 yaşında atasını itirmiş, bundan sonra bacısı Sürəyya xanımla birlikdə yazıçı və pedaqoq Süleyman Sani Axundovun himayəsində dövlət hesablı pansionatda yaşamışdır. 1912-ci ildə Bakı Müqəddəs Nina qız məktəbini bitirmiş, Qafqaz Tədris Dairəsi tərəfindən ona ev mürəbbiyəsi adı verilmişdir.

Pedaqoji fəaliyyəti Nigar Vəlibəyova 1912-ci ildə Bakı Şəhər Duması nəzdində fəaliyyət göstərən məktəb komissiyasına müraciət edərək müəllimə vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. Növbəti ildə Bakı şəhərinin II rus-tatar qadın məktəbində müəllimə vəzifəsinə təsdiq olunmuş, burada rus dili və hesab fənlərini tədris etmişdir.

Onun fəaliyyəti dövründə Bakıdakı rus-tatar məktəblərinin milliləşdirilməsi prosesi həyata keçirilmişdir. Sonrakı sənədlərdə çalışdığı təhsil müəssisəsi "2-ci qadın türk məktəbi" kimi qeyd olunmuşdur. 1919-cu ildə səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət müalicə almışdır. Həmin ilin sentyabrında ona qadın 2-ci türk məktəbinin idarə olunması həvalə edilmiş, 29 sentyabr 1919-cu ildən məktəbin müdiri vəzifəsinin icrasına başlamışdır.

Nigar Vəlibəyova azərbaycanlı qızların təhsilə cəlb olunmasına xüsusi diqqət yetirmiş, ailələri qız uşaqlarını məktəbə göndərməyə təşviq etmişdir.

Ailəsi Nigar Vəlibəyova Əmir bəy Zəkəriyyə bəy oğlu Aslanovla ailə qurmuşdur. Əmir bəy Aslanov 1938-ci ildə repressiya qurbanı olmuşdur.

Nigar Vəlibəyovanın ölüm tarixi barədə dəqiq məlumat olmasa da, 1938-ci ildə repressiya məruz qalması ehtimal edilir.

İstinadlar

Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan maarifçi qadınları