Qarşılıqlı yardım — ənənəvi olaraq icma üzvlərinin könüllü və əməkdaşlıq yolu ilə ümumi rifah naminə resurslar və xidmətlər mübadiləsi apardığı təşkilati model. Onun məqsədi kollektiv ehtiyacların ödənilməsinə mane olan sosial, iqtisadi və siyasi maneələri aradan qaldırmaqdır. Qarşılıqlı yardım qida, geyim və ya dərman kimi fiziki resursları, eləcə də səhər yeməyi proqramları və ya təhsil kimi xidmətləri əhatə edə bilər. Bu qruplar çox vaxt icmaların gündəlik ehtiyaclarını qarşılamaq üçün yaradılır, lakin qarşılıqlı yardım qruplarına təbii fəlakətlər və ya "COVID-19" kimi pandemiyalar zamanı da rast gəlmək mümkündür.
Nəzəri olaraq, resurslar qeyd-şərtsiz paylaşılır və bununla da bu model xeyriyyəçilik modeli ilə müqayisədə fərqlidir. Xeyriyyəçilikdə adətən yardım dəstəyini almaq üçün xüsusi şərtlər (vəsaitlərin yoxlanılması və ya qrant tələblərinin qoyulması kimi) irəli sürülür. Bu qruplar çox vaxt maddi və ya xidmət mübadiləsindən kənara çıxır və insanların bir-birlərinə qayğı göstərmək və siyasi şəraiti dəyişdirmək kimi məsuliyyət daşıdıqları siyasi iştirak forması kimi qurulur.
Qarşılıqlı yardım qrupları iyerarxiyanı hamarlaşdırmaq səyləri ilə seçilirlər. Liderliyi qapalı icraçı komanda daxilində yerləşdirmək əvəzinə, iştirakçı insanlar arasında kollektiv konsensus şəklində qərar qəbul etməyə çalışırlar. Bu birgə qərar qəbuletmə ilə bütün iştirakçı üzvlər dəyişiklik etmək və qrup üzrə məsuliyyət daşımaq səlahiyyətinə malikdirlər.
Tarixi "Qarşılıqlı yardım" termini anarxist filosof Pyotr Kropotkin tərəfindən özünün yazdığı "Qarşılıqlı Yardım: Təkamül amili" adlı esse toplusunda populyarlaşdırılmışdır. Bu əsərdə əməkdaşlıq təkamülün hərəkətverici mexanizmi kimi göstərilir. Kropotkin qarşılıqlı yardımın insanlar və heyvanların yaşaması üçün praqmatik üstünlüklərə malik olduğunu və təbii seçmə yolu ilə təşviq edildiyini və qarşılıqlı yardımın insan mədəniyyəti qədər qədim olduğunu iddia edirdi. Qarşılıqlı yardımın hər yerdə mövcudluğunun və fərdi faydalarının bu şəkildə izah edilməsi, fərdi rəqabəti və ən güclülərin sağ qalmasını vurğulayan sosial darvinizm nəzəriyyələrinə zidd idi.
İstinadlar
Kateqoriya:Kommunizm Kateqoriya:Solçuluq Kateqoriya:Təşkilati nəzəriyyə Kateqoriya:Sosializm Kateqoriya:Sindikalizm Kateqoriya:Etika Kateqoriya:Anarxizm Kateqoriya:Ailə Kateqoriya:Bioloji qarşılıqlı əlaqələr Kateqoriya:Dostluq Kateqoriya:Kollektivizm