Rafil İsrafil oğlu Hüseynov () — Azərbaycan dövlət xadimi. 2019-cu ildən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısıdır; 2012–2019-cu illərdə Masallı Rayon İcra Hakimiyyətinə rəhbərlik edib. Dövlət qulluğunun baş müşaviridir.
Həyatı Təhsili 1953-cü il aprelin 14-də Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini, 1980-ci ildə ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbini, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakültəsini bitirib.
Sovet dövründə fəaliyyəti Əmək fəaliyyətinə 1969-cu ilin avqustunda Bərdə rayonunun "Kommunizm yolu" qəzetinin redaksiyasında başlayıb; 1977-ci ilin fevralınadək burada korrektor, ədəbi işçi, müxbir və şöbə müdiri vəzifələrində çalışıb.
Sonrakı illərdə komsomol və partiya orqanlarında işləyib: 1977–1978 — Azərbaycan LKGİ Bərdə Rayon Komitəsinin ikinci katibi; 1980–1981 — Azərbaycan LKGİ Mərkəzi Komitəsinin təlimatçı-metodisti; 1981–1988 — Azərbaycan LKGİ Bərdə Rayon Komitəsinin birinci katibi; 1988–1990 — Azərbaycan KP Bərdə Rayon Komitəsinin şöbə müdiri; 1990–1991 — Bərdə Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini.
Müstəqillik illərində 1991-ci ilin oktyabr–noyabr aylarında Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib, 1991–1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi olub. 1992-ci ilin iyul–dekabr aylarında Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 1992–1996-cı illərdə başçının müavini və rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi işləyib.
1996–2006-cı illərdə Kənd Təsərrüfatı Nazirliyində aqrar islahatlar üzrə qurumlarda çalışıb: Baş aqrar islahatlar idarəsində şöbə rəisi (1996–1998), Aqrar İslahatlar və Sahibkarlığın İnkişafı Baş İdarəsində rəis müavini və idarə rəisi (1998–2003), Aqrar İslahatlar və Sahibkarlığın İnkişafı şöbəsində müdir müavini və sektor müdiri (2003–2006) olub.
2006–2007-ci illərdə "Qara Torpaq" konsaltinq MMC-nin icraçı direktoru, 2007-ci ildə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası İcraçı Katibliyinin bələdiyyələrlə iş üzrə departamentinin direktoru işləyib. 2007–2012-ci illərdə Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri vəzifələrində çalışıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2015-ci ilin oktyabrında Hüseynov "cenubnews.com" saytının əməkdaşı Mirələm Həşimova qarşı məhkəməyə iddia qaldırıb; iddiada saytda dərc olunan üç yazı ilə onun şərəf, ləyaqət və işgüzar nüfuzunun alçaldıldığı bildirilərək 5 min manat təzminat tələb edilib.
20 noyabr 2019-cu il tarixli sərəncamla bu vəzifədən azad edilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Prezidentin 20 noyabr 2019-cu il tarixli sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2020-ci il iyunun 3-də Prezident İlham Əliyevin iştirakı ilə cəbhəyanı Ağcabədi şəhərinin yeni içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Tədbirdə Hüseynov dövlət başçısına layihə barədə məlumat verərək şəhəri su ilə təmin etmək üçün 14 subartezian quyusunun qazıldığını və 15 kilometrlik magistral su xəttinin çəkildiyini bildirib. Həmin gün Prezident rayonun Hindarx qəsəbəsində taxıl biçininə başlanması mərasimində də iştirak edib; Hüseynov ona rayonda məhsuldarlıq və təkrar əkin barədə məlumat verib.
Təltifləri "Əməkdə fərqlənməyə görə" medalı
Ailəsi Ailəlidir, üç övladı var.
İstinadlar
Kateqoriya:Bərdə rayonunda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları Kateqoriya:"Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Masallı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Ağcabədi Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Bərdə Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Bərdə Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri