Konstantinopolun süqutu və ya İstanbulun fəthi (), qərbi mənbələrdə Konstantinopolun süqutu və ya Konstantinopolun çökməsi () — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu (indiki İstanbul) ələ keçirməsi.
Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi. Mühasirə vaxtında Macarıstan krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı. Növbəti il mühasirə yenidən başladı və bu dəfə dəniz bağının qarşısını kəsmək üçün Anadolu Hasarı inşa edildi. Bizans İmperatorunun sülh təklifindən sonra mühasirə başa çatdı. Ankara döyüşündən sonra Osmanlı Fitrət dövrünü yaşadı. Bu dövrdə Konstantinopol I Bəyazidin oğlu olan Musa Çələbi tərəfindən 1412-ci ildə yenidən mühasirəyə alındı. Musa Çələbi qarışıqlığa Bizansın səbəb olduğuna və bəzi şahzadələrin Bizans tərəfindən dəstəkləndiyinə inanırdı. Buna baxmayaraq rəqib şahzadələrdən olan Mehmed Çələbinin hərəkətə keçməsi ilə bu mühasirə də dayandırıldı. Dördüncü mühasirə II Muradın dövründə oldu. II Murad Bizansa elçilər göndərərək Mustafa Çələbinin dəstəklənməməsini tələb etdi, ancaq bu tələbi müsbət nəticələnmədi. Üsyan ilə mübarizə aparan II Murad Mustafa Çələbini dəstəklədiyinə inandığı Bizans İmperiyası üzərinə irəlilədi və mühasirə başladı. Bizans İmperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqları və xərac verməyi qəbul etməsindən sonra bu mühasirə də başa çatdı. II Mehmed taxta çıxdığı vaxt Konstantinopol Osmanlı İmperiyasının torpaqları ilə əhatələnmiş vəziyyətdə idi.
Zəmin
Bizansın vəziyyəti Min il bundan əvvəl Bizans olaraq da tanınan Şərqi Roma imperiyası XV əsrdə dərin tənəzzülə uğramışdı. Bundan başqa, demək olar ki, o, çətinliklər içində idi. Demək olar ki, bütün mülkiyyətlərini itirdikdən sonra, o çox kiçik bir dövlət olmuşdu, onun hakimiyyəti paytaxtına yayılırdı — Konstantinopol şəhəri, onun ətrafları, Kiçik Asiya sahillərində bir neçə yunan adaları, Bolqarıstanın sahilində bir neçə şəhər, eləcə də Peloponnes yarımadası. Bu dövləti yalnız nominal olaraq imperiya hesab etmək olardı, çünki hətta qurumun nəzarət altında qalan hissəsinin hökmdarları da faktiki olaraq mərkəzi hakimiyyətdən asılı deyildilər. Buna görə də, XV əsrin ortalarında Bizans yalnız şərti bir imperiya hesab edilə bilər: şəhərin süqutu zamanı imperator hakimiyyəti yalnız Konstantinopolun qala divarları ilə məhdudlaşırdı və onun da əhalisi 50 min nəfərdən çox deyildi. Bizans İmperiyası 1000 ildən artıq mövcud idi, lakin onun paytaxtı, Konstantinopol yalnız bir dəfə, 1204 il dördüncü Xaç yürüşü zamanı işğal edilmişdi. Bizanslılar 1261-ci ildə paytaxtı azad edə bildilər. İmperiya, şəhərin özü kimi, XV əsrin birinci yarısına qədər türklərin mühasirəsində çətinliklə yaşayırdı. Tərəqqi dövründə 1 milyona qədər insanın yaşadığı Bizansın paytaxtında XV əsrin ortalarında 50 min əhali çətinliklə olardı. Amma imperatorluq hələ də paytaxtın və simvolun — Konstantinopolun mövcudluğu sayəsində saxlanılırdı. Bizans pravoslav, Şərqi xristian dininin vətəni və dayağı kimi böyük nüfuza malikdir.
XV əsrin ortalarında Bizans İmperiyası hər tərəfdən öz əsas rəqibi, müsəlman dövləti olan Osmanlı türklərinin əraziləri ilə əhatə olunmuşdu. Konstantinopol indi demək olar ki, Osmanlı dövlətinin ortasında, onun Avropa və Asiya əraziləri arasında qalmışdı. Bu səbəbdən türklər üçün Konstantinopolun istilası praktiki olaraq, müsəlmanlara qarşı növbəti xaç yürüşü zamanı ondan xristian platsdarmı kimi istifadəsinin qarşısını almaq üçün dövlət əhəmiyyətli zərurətə çevrilmişdi.
Dördüncü Səlib yürüşündə zəncirdən istifadə edən Bizans İmperiyası bu mühasirədə də Qızıl buynuz limanının girişini zəncirlə bağladı. Döymə dəmirdən istehsal olunan zəncir fərqli formadakı halqalardan ibarətdi. Daha əvvəllər də fərqli dövlətlərin hücumlarına məruz qalan Bizans zəncirlə bağlı keçmişdəki əskikləri aradan qaldırmışdı. 1204-cü ildə Səlibçilərin hücumu zamanı zəncirin Qalatada bağlı olduğu qüllə ələ keçirilmiş və zəncir zərərsizləşdirilmişdir. Bu səbəbdən də Bizans qülləni gücləndirdi və ətrafını qala divarları ilə əhatələndirdi. Mühasirəyə hazırlaşmaq üçün Bizans donanması gücləndirildi. 1453-cü ilin fevral ayında limandakı gəmilərdən burada qalması istənildi. Buna baxmayaraq çoxu şəhərdən qaçdı. Bartolemey Soliqo tərəfindən hazırlanan zəncir 2 aprel 1453-cü ildə Kasteliyon və Euqenios qüllələri arasında çəkilərək limanı bağladı və zəncirin arxasında qalan Bizans donanması keşik çəkməyə başladı. Zəncirin bütün halqaları eyni deyildi və qalınlıqları 1,9–6,2 sm arasında dəyişirdi. thumbnail|right|350px|Konstantinopolu təsvir edən şəkil. Bizansın başqa müdafiə silahı da qrejuva idi. Qrejuva suda sönmürdü və həm quru, həm də dəniz döyüşlərində istifadə olunacaqdı. Buna baxmayaraq Bizansın paytaxtı məzhəb çəkişmələri ilə qarşı-qarşıya qalmışdı. 1439-cu ildə Katolik və Ortodoks kilsələrinin birləşməsi qəbul edildi. Bu hadisəyə Bizanslılar mənfi reaksiya verdi. Bəzi mənbələr xalqın "Konstantinopolda latın başlığı görməkdənsə, Türk sarığı görməyi seçirik" düşüncəsini dəstəklədiyini göstərir. İmperator Konstantinin Avropa dövlətlərindən istədiyi köməklər də məzhəb məsələlərinə görə ləngiyirdi. Mühasirədən əvvəl Məryəmin təsviri olan ikonanı daşıyan bir qrup dualar edə-edə Konstantinopolun küçələrində dolaşmağa başladı. Təsvirin yerə düşməsi və ardınca yağışın başlaması səbəbindən Bizanslılar narahat olmağa başladı. Bu hadisə xalqın arasında söz-söhbətlərin yayılmasına səbəb oldu. Mühasirədən əvvəl şəhərin süqut edəcəyi ilə bağlı söz-söhbətlərin yayılmasının xalqda ruh düşkünlüyünə səbəb olduğu düşünülür. Mühasirə vaxtı sıxıntı çəkməmək üçün ərzaq və silah anbarları dolduruldu. Müxtəlif ölkələrdən gələn əsgərlərlə keşikçilərin sayı artırıldı və şəhərin divarları gücləndirildi. Papa dövləti tərəfindən üç gəmi ilə birlikdə 200 əsgər göndərildi və 30 gəminin də hazırlanmaqda olduğu bildirildi. 1453-cü ilin yanvar ayında Genuyalı komandir Covanni Yustiniyani komandanlığındakı 700 əsgərlə köməyə gəldi. İmperator tərəfindən Yustiniyani baş komandan olaraq təyin olundu. Mühasirədən Bizans tərəfi qalib ayrılacağı təqdirdə Yustiniyaniyə Limni adası vəd olundu.
Bizansın müdafiə planında əsas ünsür şəhərin divarları idi. İlk dəfə 410–442-ci illərdə 1400 hektarlıq ərazini əhatə edəcək şəkildə 19 kilometr uzunluğunda Konstantin divarları inşa olunmuşdu. Əhalinin artması səbəbindən II Feodosiy əvvəlki divarlardan təqribən 1400 metr məsafədə yerləşən yeni divarların tikilməsinə göstəriş vermişdi. Bu divarların hündürlüyü 11 metr, eni isə 4,8 metrdi. Əsas divardan 14,5 metr irəlidə 8 metr hündürlüyü olan ön divarlar vardı. Bu divarların önündə isə 18 metr enində olan xəndəklər vardı. Divarlar təkcə qurudan ediləcək hücumlardan müdafiə üçün nəzərdə tutulmamışdı. Şəhərin dəniz sahili də bütünlüklə divarlarla əhatələnmişdi. 8,5 kilometr uzunluğu olan dəniz divarları da II Feodisiy dövründə tikilmişdi. Divarların 36 qapısı, 101 qülləsi və 27 bürcü vardı. Qızıl buynuz sahilindəki Qalata divarlarının tikintisi isə 439-cu ildə başlamış və 5,2 kilometr uzunluğa sahib olan bu divarlar 2–3 metr enində idi. Bu divarların 20 qapısı, 172 qülləsi vardı. Konstantinopol Ortodoks Kilsəsinin yerləşdiyi yerdə də iç qala vardı. XIV əsrdə Bizans-Genuya müharibəsi səbəbindən Qalata divarlarının da qarşısı xəndəklə əhatələnmişdi. Konstantinopolun su sistemi də inkişaf etmişdi. Təqribən 250 kilometr uzaqlıqda yerləşən Ulduz dağlarından və ətrafdakı dərələrdən şəhərə akveduklarla su gəlirdi. Sular şəhərdəki su depolarında toplanırdı.
Osmanlının vəziyyəti thumbnail|300px|Mühasirədə istifadə olunan Şahi toplarından biri. 1444-cü ildə taxtından imtina edən II Murad öz istəyi ilə hakimiyyəti oğlu Mehmedə verdi. II Mehmed 12 yaşında idi və dövrün sədrəzəmi Çandarlı Xəlil Paşa bu qərarı düzgün hesab etməmişdi. Bu hakimiyyət dəyişikliyindən sonra yeni bir Səlibçi ordusu toplandı və Osmanlı üzərinə hücuma keçdi. II Mehmedin dəvəti və Çandarlı Xəlil Paşanın da səyi nəticəsində II Murad ordunun başına keçərək Varna döyüşündə Səlibçiləri məğlub etdi. Bu döyüşdən sonra II Murad yenidən taxta çıxdı və Vəliəhd Mehmed Manisaya göndərildi. 1445-ci ilin noyabr ayında II Murad hakimiyyəti yenidən oğlu Mehmedə verdi. II Mehmedin ikinci hökmdarlığında Ədirnədə qarət və yanğın hadisələri baş verdi. Çandarlı Xəlil Paşa və digər dövlət xadimlərinin səyləri nəticəsində II Mehmed yenidən taxtdan endirildi. Cozef fon Hammerə görə II Mehmedə yenidən taxtdan uzaqlaşmaq təklifi edilmədi. Çandarlı Xəlil Paşa ona birlikdə ova getməyi təklif etdi və II Mehmed taxtdan endirildiyini ovdan qayıtdıqdan sonra öyrəndi. 1444–1446-cı illərdə müvəqqəti olaraq hakimiyyətdə qalan II Mehmed 1451-ci ildə II Muradın ölümündən sonra sonuncu dəfə taxta çıxdı. Çandarlı Xəlil Paşa tərəfindən sürgün edilən Zağanos Paşa II Mehmedin müdaxiləsi nəticəsində Ədirnəyə geri döndü. Çandarlı Xəlil Paşa ilə Zağanos Paşa arasındakı anlaşmazlıq mühasirə müddətində də davam edəcək, Çandarlı Xəlil Paşa mühasirənin dayandırılmasını, Zağanos Paşa isə əksinə olaraq mühasirənin davam etdirilməsi düşüncəsini müdafiə edəcəkdi. Taxtdan endirilməsinə səbəb olduğu və mühasirə düşüncəsini dəstəkləmədiyi üçün II Mehmedin Çandarlı Xəlil Paşanı düşmən gözündə gördüyü qeyd olunmuşdur.
Konstantinopolun dənizlə olan bağını tamamilə kəsmək və mühasirə vaxtı şəhərə dənizdən kömək gəlməsinin qarşısını almaq üçün II Mehmedin göstərişi ilə Rumeli Hasarının tikintisinə başlanıldı. Rumeli Hasarı I Bəyazid tərəfindən tikilən Anadolu Hasarının qarşısında idi. Tikinti 1452-ci ilin aprel ayında başlamışdı. Rumeli Hasarının tikintisində 5–6 min işçinin işlədiyi qeyd olunmuşdur. II Mehmed tikintinin gedişi ilə şəxsən maraqlanırdı. Avqustda tikinti başa çatdı. Rumeli Hasarının 13 bürcü vardı və üç böyük bürcün üstü qurğuşun baca ilə örtülmüşdü. 400 əsgərlə birlikdə qalanın müdafiəsi Firuz Ağaya tapşırıldı.Rumeli Hisarı Tikintinin başa çatması və boğazda gediş-gəlişin dayanması Bizans tərəfini narahat edirdi. Tikinti getdiyi müddət ərzində Bizans tərəfindən tikintinin dayandırılması üçün göndərilən 2 elçi II Mehmedin göstərişi ilə edam edildi. 1452-ci ilin noyabr ayında 2 Venesiya gəmisi boğazdan keçməyə cəhd göstərdi. İki qaladan da atəş açıldı və Antoniyo Rizzo adlı kapitanın gəmisi batırıldı. Ələ keçirilən Rizzo Ədirnəyə aparıldı və payaya keçirdildi. Kapitanın bağışlanması üçün Konstantinopoldan ayrılan Venesiya elçisi onun edam edildiyini gördükdən sonra geri döndü və Osmanlıların Venesiyaya müharibə elan etdiyi qəbul edildi.
Mühasirəyə hazırlıq müddətində dövrünə görə böyük topların hazırlanmasına başlandı. Bizans zindanlarından qaçırılan Urban adlı mühəndis tərəfindən hazırlanan Şahi topu bunlardan biri idi. Bu topun bir mərmisi təqribən 550 kiloqram idi. Topun uzunluğu 8, ətrafı isə 2,5 metrdi. Bu topun Konstantinopolun mühasirəsinə aparılmasını Rumeli Bəylərbəyi Dayı Qaraca Paşa öhdəsinə götürdü. Osmanlı ordusunun sayı ilə bağlı müxtəlif düşüncələr vardır. Hammerə görə 250000, Barboya börə 160000, Sfrantzes və Dukasa görə 200000 əsgər vardı. Mühasirəyə dənizdən dəstək vermək üçün Osmanlı donanması da hazırlanmışdı. Baltaoğlu Süleyman Paşanın komandanlığındakı donanmadakı gəmilərin sayı haqqında da fərqli düşüncələr vardır. Dukasa görə bu rəqəm 300, Yergiyos Fransisə görə isə 160 idi.
Gedişat