Vaqif Məcid oğlu Fərzəliyev () — kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi(2009), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024).
Həyatı Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Kimya fakültəsinə qəbul olunub. Elmi-tədqiqat işinə hələ tələbə ikən maraq göstərən Vaqif Fərzəliyev birinci kursda Tələbə Elmi Cəmiyyətinə üzv olmuş və "Duz-su sisteminin analizi" mövzusunda elmi işlər aparmışdır. İkinci kursda oxuyarkən TEC-in sədri seçilmiş və neft kimyası sahəsində ilk tədqiqatlarını aparmağa müvəffəq olmuşdur. Lenin təqaüdçüsü V. Fərzəliyevin əldə etdiyi elmi nəticələr uğurlu olduğundan 1962-ci ildə "ADU-nun elmi xəbərləri" məcmuəsində məqalə halında dərc edilmişdir.
1963-cü ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub. 1968-ci ildə "Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiya mövzusu müdafiə etmişdir. 1986-cı ildə "Sürtkü yağlarına yüksək təsirli kükürdlü aşqarların işlənib hazırlanmasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1987-ci ildə isə professor elmi adını almışdır.
Vaqif Fərzəliyev aşqarlar kimyası elminin inkişafı sahəsindəki uğurlarına görə 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1967–1987-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, "Sürtkü yağlarına polimer aşqarlar" laboratoriyası müdirinin müavini, "Aşqarların sintezi və təsir mexanizminin elmi əsasları" laboratoriyasının rəhbəri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1987-ci ildə Aşqarlar Kimyası İnstitutuna direktor əvəzi təyin edilib, növbəti ildə isə institutun kollektivi tərəfindən direktor seçilib. 2007–2013-cü illərdə AMEA RH-ın akademik-katibi vəzifəsində çalışıb.
Vaqif Fərzəliyev 2019-cu ildə qərargahı Belarus Respublikasi Milli Elmlər Akademiyasında yerləşən Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının "Neft Kimyası" Elmi şurasının üzvü seçilmişdir.
Elmi dərəcələri və elmi adları Vaqif Fərzəliyev 1968-ci ildə "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi (kimya üzrə fəlsəfə doktoru), 1986-cı ildə isə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1974-cü ildə "Neft kimyası" ixtisası üzrə baş elmi işçi (dosent), 1987-ci ildə isə həmin ixtisas üzrə professor elmi adına layiq görülmüşdür. Vaqif Fərzəliyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, 2022-ci ildə isə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Elmi fəaliyyəti Neft kimyası və üzvi kimya sahəsində alim olan Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqaməti müxtəlif təyinatlı sürtkü yağlarına, yanacaq və yağlayıcı-soyuducu mayelərə müxtəlif funksional təsirə malik yeni aşqarların sintezi, yüksək təsirə malik aşqarların məqsədyönlü sintezinin elmi əsaslarının yaradılması məqsədilə onların təsir mexanizminin, həmçinin tərkibi, quruluşu və funksional təsiri arasındakı asılılığın öyrənilməsi, yaradılmış aşqarlar əsasında yüksək keyfiyyətli sürtkü və yanacaq kompozisiyalarının, habelə yağlayıcı-soyuducu mayelərin yaradılması və istehsalata tətbiqi təşkil edir.
Vaqif Fərzəliyev ilk dəfə olaraq oksidləşmənin kombinə təsirə malik inhibitorları olan fenolların, naftolların və aromatik aminlərin kükürdlü törəmələrinin antioksidləşdirici təsir mexanizmini müəyyənləşdirmişdir. Karbohidrogenlərin oksidləşməsi prosesinin kombinə təsirə malik antioksidləşdirici aşqarlarla inhibitləşməsinin elementar reaksiyalarının kinetik qanunauyğunluqları və kəmiyyət xarakteristikaları müəyyənləşdirilmişdir. Nəzəri tədqiqatların nəticələri əsasında sürtkü yağlarına və yanacaqlara yüksək təsirə malik yeni nəsil antioksidləşdirici aşqarlar sintez edilmiş, antioksidantların səmərəli sinergetik kompozisiyaları işlənilmişdir. Bu tədqiqatlar ona yeni elmi istiqamətin – kombinə təsirli antioksidləşdirici aşqarların işlənilməsinin elmi əsasının yaradılması və inkişaf etdirilməsinə imkan vermişdir. Antioksidantlar sahəsində elmə və tətbiq təcrübəsinə verdiyi töhfələrə görə Vaqif Fərzəliyev 2009-cu ildə Rusiya Elmləri Akademiyasının təsis etdiyi "Akademik N. M. Emanuelin xatirəsi" medalı və diplomla təltif edilmişdir.
Vaqif Fərzəliyev tədqiqatlarının bir bölümü yeyilməyə və siyrilməyə qarşı kükürdlü aşqarların sintezi və təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, ilk dəfə olaraq tiiran birləşmələrin yeyilməyə və siyrilməyə qarşı yüksək təsirli aşqarlar olmasını elmi surətdə əsaslandırmaqla irəlicədən söyləmiş və praktiki olaraq üzə çıxarmış, onların funksional təsir mexanizmini öyrənmişdir. Bunlar isə ona xarici analoqlardan bəzi xassələrinə görə üstün olan yeyilməyə və siyrilməyə qarşı bir sıra tiiran tipli aşqarları yaratmağa imkan vermişdir.
Vaqif Fərzəliyev sürtkü yağlarına özlülük, dispersləyici və çoxfunksiyalı polimer aşqarların sintezi, tədqiqi, texnologiyasının işlənilməsi və tətbiqi sahəsində böyük həcmli elmi-tədqiqat işləri aparmışdır. Bunlardan dispersləyici və çoxfunksiyalı aşqarların işlənilməsi sahəsindəki tədqiqatlar xüsusilə diqqətəlayiqdir. O, SSRİ-də ilk çoxfunksiyalı təsirə malik polimer aşqarlarını (ИХП-361, ИХП-388, ИХП-476 və s.) yaratmışdır. Bunlar sürtkü yağlarının eyni vaxtda bir neçə xassəsini, məsələn, özlülük-temperatur, yuyucu-dispersləyici, korroziyaya, oksidləşməyə və yeyilməyə qarşı xassələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Həmçinin polimer aşqarların bir çox növlərinin sintezi reaksiyalarının qanunauyğunluqları müəyyənləşdirilmişdir. Vaqif Fərzəliyevin yaratdığı ИХП-388 çoxfunksiyalı polimer aşqar və onun əsasında işlənilmiş bir sıra motor yağları SSRİ Dövlət Komissiyası tərəfindən istehsala və tətbiqə buraxılmışdır.
Vaqif Fərzəliyevin sintetik yağlara aşqarların, eləcə də xüsusi texnikada istifadə edilən sintetik sürtkü kompozisiyalarının işlənilməsinə dair tədqiqatları da praktiki əhəmiyyətə malikdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra əvvəlki illərdə respublikamıza kənardan gətirilmiş sürtkü yağlarını əvəz etmək üçün Aşqarlar Kimyası İnstitutunda Vaqif Fərzəliyevin rəhbərliyi ilə qısa müddətdə Bakı baza yağları və mövcud aşqarlar əsasında müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü yağları yaradılmış və onların istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir. Vaqif Fərzəliyevin rəhbərliyi ilə Aşqarlar Kimyası İnstitutu AMEA-nın Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən AMEA-nın Təcrübə-Sənaye Zavodunun inkişafı üçün böyük elmi-texniki işlər yerinə yetirmişdir. Təcrübə-Sənaye Zavodunun fəaliyyətini gücləndirmək üçün institut tərəfindən zavodda müxtəlif təyinatlı sürtkü yağları və sürtkülərin yaradılması, istehsalının təşkili, istehsal və istehlakını təmin edən normativ-texniki sənədlərin işlənməsi, təcrübi sınaqların aparılması sahəsində elmi və praktiki işlər yerinə yetirilir. Belə ki, institutun elmi-texniki yardımı ilə Təcrübə-Sənaye Zavodunda onlarla yeni sürtkü materiallarının istehsalı təşkil edilmişdir.
Vaqif Fərzəliyevin bilavasitə rəhbərliyi ilə yaradılmış "Depressator – AKİ" aşqarı institutun "Aşqar" Elmi İstehsalat Birliyində istehsal olunaraq yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Sanqaçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunur. "Depressator– AKİ" "Məxfi" qriflə Azərbaycan patenti (İ 2016 05M) ilə müdafiə olunmuşdur.
Vaqif Fərzəliyevin rəhbərliyi ilə ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının unikal regenerasiya texnologiyası işlənib hazırlanmış və regenerasiya məhsulu əsasında bir sıra sürtkü kompozisiyalar yaradılmışdır. İşlənmiş sürtkü yağlarının yaradılmış regenerasiya texnologiyası "Məxfi" qriflə Azərbaycan patenti (İ 2016 03M) ilə müdafiə olunmuşdur.
Vaqif Fərzəliyev "Fizioloji fəal birləşmələrin sintezi və tədqiqi" elmi istiqamətin rəhbəri kimi böyük elmi uğurlar əldə etmişdir. Qeyd olunan mövzunun icrası nəticəsində bir sıra yüksək təsirli fizioloji fəal üzvi birləşmələr sintez edilmiş və onların canlı orqanizmdə baş verən bir sıra patoloji proseslərin (bədxassəli şiş, mədə traktı, tənəffüs yollarının iltihabı, Alzheimer xəstəliyi və s.) qarşısını alması müəyyən edilmişdir. Bu istiqamətdə Türkiyənin Atatürk Universiteti, İtaliyanın Florensiya Universiteti və Səudiyyə Ərəbistanının Kral Saud Universiteti ilə apardığı müştərək elmi tədqiqat işlərinin nəticələri "Web of Science" bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur.