Vətən — Azərbaycan bəstəkarları Qara Qarayev və Cövdət Hacıyev tərəfindən İkinci Dünya müharibəsi illərində bəstələnmiş, dörd pərdəli, altı şəkilli operadır. Librettosu İsmayıl Hidayətzadə və Məmməd Rahim tərəfindən yazılmışdır. Əsər 1945-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə səhnəyə qoyulmuş və Azərbaycan opera sənətində müasir qəhrəmanlıq-vətənpərvərlik mövzusuna həsr edilmiş ilk iri həcmli klassik operalardan biri hesab olunur.
Opera İkinci Dünya müharibəsi dövründə Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsini əks etdirir. Əsərin süjeti cəbhə və arxa cəbhə hadisələrini birləşdirərək Vətənə sədaqət, fədakarlıq və insan mənəviyyatı ideyalarını ön plana çıxarır. Bəstəkarlar operada milli musiqi intonasiyalarını klassik Avropa opera dramaturgiyası və simfonik inkişaf prinsipləri ilə üzvi şəkildə sintez etmiş, leytmotiv sisteminə əsaslanan bütöv musiqi dramaturgiyası yaratmışlar.
Operanın premyerasına İsmayıl Hidayətzadə quruluş vermiş, tamaşanın dirijoru Niyazi, rəssamı isə İzzətxan Səidov olmuşdur. Baş rolları Bülbül, Ağababa Bünyadzadə, Sona Mustafayeva, Səltənət Quliyeva və Şirzad Hüseynov ifa etmişlər. Əsər ilk tamaşalarından etibarən həm tamaşaçılar, həm də musiqi tənqidçiləri tərəfindən müsbət qarşılanmış, Azərbaycan opera teatrının repertuarında mühüm yer tutmuşdur.
"Vətən" operasına görə Qara Qarayev və Cövdət Hacıyev SSRİ Dövlət mükafatına layiq görülmüşlər. Sonrakı musiqişünaslıq tədqiqatlarında opera Azərbaycan klassik opera məktəbinin inkişafında mühüm mərhələ, milli bəstəkarlıq məktəbində müasir mövzunun simfonik opera dramaturgiyası vasitəsilə ifadəsinin ilk uğurlu nümunələrindən biri kimi qiymətləndirilir.
Tarixçə Mənbə və mövzular
Vətən operasının yaranması İkinci Dünya müharibəsi illərində Azərbaycan musiqi mədəniyyətində baş verən proseslərlə sıx bağlı olmuşdur. Müharibənin başlanması Azərbaycan bəstəkarlarının yaradıcılığında hərbi-vətənpərvərlik, vətənin müdafiəsi və qəhrəmanlıq mövzularının ön plana çıxmasına səbəb olmuşdu. Əfrasiyab Bədəlbəyli 1946-cı ildə Vətən operasına həsr etdiyi məqaləsində müharibənin Azərbaycan bəstəkarları qarşısında dövrün hadisələrini və cəbhədə aparılan mübarizəni əks etdirən əsərlər yaratmaq vəzifəsi qoyduğunu qeyd etmişdir.
Bu dövrdə müharibə mövzusu Azərbaycan professional musiqisinin müxtəlif janrlarında işlənirdi. Bədəlbəyli Vətən haqqında müharibənin bitməsindən az sonra yazdığı məqalədə yeni operanın qəhrəmanlarının əvvəlki operalara xas hökmdarlar və tarixi şəxsiyyətlər deyil, müəlliflərin müasirləri və müharibədə iştirak edən insanlar olduğunu xüsusi vurğulayırdı. Onun fikrincə, müasir həyatdan götürülmüş belə bir mövzunun operaya gətirilməsi bəstəkarların qarşısında yeni dramaturji və musiqi ifadə vasitələri tapmaq vəzifəsi qoyurdu.
Vətənin yaranmasının bilavasitə tarixçəsi Qara Qarayev və Cövdət Hacıyevin daha əvvəl üzərində işlədikləri Ayna adlı opera layihəsi ilə əlaqədardır. Musiqişünas Leyla Cumayevanın araşdırmasına görə, Ayna Azərbaycan kəndində kolxozçuların həyatından bəhs edən opera kimi nəzərdə tutulmuş, onun librettosu Ənvər Məmmədxanlı və İsmayıl Hidayətzadə tərəfindən hazırlanmışdı. Bəstəkarlar əsərin birinci pərdəsi üzərində işləyərkən Almaniya–SSRİ müharibəsi başlamışdır.
Müharibənin başlanması əvvəlki layihənin dramaturji istiqamətinin dəyişdirilməsinə səbəb olmuşdur. Cumayevanın məlumatına görə, Azərbaycan Dövlət Opera və Balet Teatrının keçmiş direktoru və rejissor İsmayıl Hidayətzadə, Qarayev və Hacıyevə Aynanın librettosunu müharibə mövzusu ilə əlaqələndirməyi təklif etmişdir. Bundan sonra əvvəlki layihə əsasında Vətən operasının yaradılmasına başlanmışdır. Yeni operanın librettosunu İsmayıl Hidayətzadə hazırlamış, onun nəzm hissəsini isə şair Məmməd Rahim yazmışdır.
Beləliklə, Vətən, konkret bir roman, pyes və ya başqa ədəbi əsərin opera adaptasiyası kimi deyil, müasir hadisələr əsasında yaradılmış orijinal librettolu əsər kimi meydana çıxmışdır. Onun mövzu mənbəyini 1941–1945-ci illər müharibəsi, cəbhə və arxa cəbhədəki həyat, vətənin müdafiəsi və müharibə şəraitində insanların mənəvi seçimləri təşkil etmişdir.
Operanın əsas ideya xəttini vətənin müdafiəsi və müharibə şəraitində qəhrəmanlıq təşkil edir. Əsərin yarandığı dövrün sovet mədəniyyətinə uyğun olaraq burada müxtəlif xalqların ümumi düşmənə qarşı birgə mübarizəsi və xalqlar dostluğu ideyası da işlənmişdir. Əfrasiyab Bədəlbəyli sonrakı Azərbaycan musiqi tarixinə dair yazısında Vətənin mövzusunu Böyük Vətən müharibəsi zamanı sovet xalqının göstərdiyi qəhrəmanlıq və xalqlar dostluğu ilə əlaqələndirmişdir.
Operanın dramaturgiyası müharibə mövzusu ilə məhdudlaşmır. Leyla Cumayevanın musiqişünaslıq təhlilinə görə, əsərin musiqili dramaturgiyası iki əsas konflikt üzərində qurulmuşdur. Bunlardan birincisi müharibənin qarşı duran tərəfləri arasındakı xarici konflikt, ikincisi isə Aslan, Dilbər və Mərdan arasında yaranan məhəbbət üçbucağıdır. Bununla da ümumi hərbi-siyasi konflikt personajların şəxsi münasibətləri ilə paralel inkişaf etdirilmişdir.
Aslan operanın əsas qəhrəmanlarından biri kimi vətənə sədaqət, cəsarət və döyüşçü idealını təmsil edir. Əsərin başlanğıcında cəbhədən qayıdan Aslan kənd əhalisi tərəfindən qəhrəman kimi qarşılanır. Dilbər də ona rəğbət bəsləyir və özü cəbhəyə şəfqət bacısı kimi getməyə hazırlaşır. Mərdanın Aslana qarşı münasibəti isə əvvəlcə qısqanclıq və paxıllıq üzərində qurulur; onun Aslanla qarşıdurmasının şəxsi səbəblərindən biri Dilbərə olan sevgisidir. Mərdanın obrazı operanın gedişində dəyişiklik keçirir. Əsərin əvvəlində Aslana paxıllıq edən və hadisələrdən kənarda qalmağa çalışan personaj kimi təqdim olunan Mərdanın xarakterində sonrakı pərdələrdə dəyişiklik baş verir və o, ümumi mübarizəyə qoşulur. Musiqişünaslıq təhlillərində bu obrazın statik deyil, dramaturji inkişaf keçirən personaj olduğu qeyd edilir.
Operada fərdi personajlarla yanaşı xalq obrazı da dramaturji əhəmiyyət daşıyır. Kütləvi və xor səhnələri xalqı hadisələrin sadəcə müşahidəçisi deyil, müharibə və vətənin müdafiəsi mövzusunun kollektiv daşıyıcısı kimi təqdim edir. Azərbaycan operasının dramaturgiyasına dair tədqiqatlarda Vətənin bu xüsusiyyəti Üzeyir Hacıbəylinin “Koroğlu” operasında formalaşmış ənənənin davamı kimi qiymətləndirilir. Hər iki əsərdə xalq və əsas qəhrəman vahid məqsəd ətrafında birləşdirilir, qəhrəmani-vətənpərvərlik ideyasının açılmasında kütləvi xalq səhnələrindən istifadə edilir.Azərbaycan operasında dramaturji inkişaf məsələlərinə dair dissertasiya. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası. Bu kollektivlik ideyasının musiqi ifadələrindən biri birinci pərdədəki "Yallı "xarakterli rəqs səhnəsidir. Cumayevanın təhlilində operadakı yeganə rəqs nömrəsi olan bu epizod insanları birlik və həmrəyliyə çağıran səhnə kimi səciyyələndirilir.
Müasir mövzunun seçilməsi əsərin janr xüsusiyyətlərinə də təsir etmişdir. Əfrasiyab Bədəlbəyli 1946-cı ildə yazırdı ki, operanın qəhrəmanlarının bəstəkarların müasirləri olması ənənəvi opera şərtiliklərinin hamısından istifadə etməyə imkan vermirdi və müəlliflər müasir mövzuya uyğun yeni musiqili-səhnə həlləri axtarmalı olmuşdular. Bədəlbəyli bunu Vətənin qarşısında duran əsas yaradıcılıq problemlərindən biri hesab edirdi.
Yazılması
Qara Qarayev və Cövdət Hacıyevin birgə opera yaradıcılığı Vətən operasından əvvəl başlamışdı. Musiqişünas Zemfira Səfərovanın məlumatına görə, hələ 1938-ci ildə Azərbaycan SSR-in İncəsənət məsələləri üzrə Komitəsinin sifarişi ilə iki gənc bəstəkar "Ayna" adlı opera üzərində işləməyə başlamışdı. Əsər müasir Azərbaycan kəndinin həyatına həsr olunmuşdu. İkinci Dünya müharibəsinin SSRİ ərazisinə yayılmasına qədər operanın bütöv bir pərdəsi artıq yazılmışdı.
"Ayna"nın yazılma tarixinin daha erkən mərhələyə aid olduğunu Qara Qarayevin ailə arxivindən olan material da təsdiqləyir. Bəstəkarın oğlu Fərəc Qarayevin xatirələrində "Ayna" operasının partiturasının son səhifəsində Qara Qarayev tərəfindən 15 mart 1940-cı il, Bakı tarixinin qeyd edildiyi bildirilir. Bu məlumat "Ayna" üzərində işin 1941-ci ildən əvvəl aparıldığını göstərir.
1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra ilkin opera layihəsinin istiqaməti dəyişmişdir. Səfərovanın yazdığına görə, Bakı Opera və Balet Teatrının keçmiş direktoru İsmayıl Hidayətzadə gənc bəstəkarlara "Ayna"nın librettosunu hərbi mövzu ilə əlaqələndirərək dəyişdirməyi təklif etmişdir. Bundan sonra Qarayev və Hacıyev yeni dramaturji konsepsiya əsasında “Vətən” operası üzərində işləməyə başlamışlar.
Musiqişünas Leyla Cumayeva da "Vətən"in meydana çıxmasını "Ayna" layihəsinin yenidən işlənməsi ilə əlaqələndirir. Onun məlumatına görə, “"Ayna" Azərbaycan kəndində kolxozçuların həyatından bəhs edirdi və müharibənin başlanmasından sonra İsmayıl Hidayətzadə əsərin librettosunun yeni tarixi şəraitə uyğunlaşdırılmasını təklif etmişdi. Nəticədə ilkin məişət mövzusu müharibə və vətənin müdafiəsi mövzusu ilə əvəz edilmiş və "Vətən" operasının yaradılması prosesi başlanmışdır.
Bununla belə, "Ayna" layihəsi tamamilə kənara atılmamışdır. Səfərovanın qeyd etdiyinə görə, əvvəlki operanın introduksiyasının başlanğıcı "Vətən" operasının birinci pərdəsində saxlanılmışdır. Beləliklə, "Vətən" yeni süjet və ideya istiqamətində yaradılmış müstəqil əsər olsa da, onun musiqi materialının müəyyən hissəsi bəstəkarların əvvəlki opera təcrübəsi ilə bağlı idi.
"Ayna"nın yaranma tarixi haqqında mənbələrdə fərqli məlumatlar mövcuddur. Səfərova əsər üzərində işin 1938-ci ildə başlandığını göstərdiyi halda, Leyla Cumayeva bunu 1941-ci ilə aid edir. Fərəc Qarayevin bəhs etdiyi partituranın üzərindəki 15 mart 1940-cı il tarixi isə əsərin ən azı həmin tarixdə artıq mövcud olduğunu göstərir. Buna görə "Ayna" layihəsinin başlanmasını 1941-ci ilə aid edən məlumatla müqayisədə 1938-ci il tarixləndirilməsi mövcud arxiv məlumatı ilə daha çox uyğunlaşır.
Mənbələrdə "Ayna"nın librettosu ilə bağlı da fərqli məlumatlara rast gəlinir. Leyla Cumayeva onun müəllifləri kimi Ənvər Məmmədxanlı və İsmayıl Hidayətzadəni göstərir. Zemfira Səfərovanın tədqiqatında isə libretto Ənvər Məmmədxanlı və opera rejissoru İ. P. Rappoportun adı ilə əlaqələndirilir. Mənbələrdəki bu fərq "Ayna" layihəsinin müəlliflik tarixinin tam aydınlaşdırılmadığını göstərir.
"Vətən" üçün yaradılmış yeni libretto İsmayıl Hidayətzadənin adı ilə bağlıdır. Mətnin nəzm hissəsini şair Məmməd Rahim yazmışdır. Qara Qarayevin yaradıcılıq xronologiyasında isə Hidayətzadə və Məmməd Rahim birlikdə operanın libretto müəllifləri kimi göstərilirlər. Buna görə müxtəlif nəşrlərdə "Vətən"in librettosunun müəllifliyi ya İsmayıl Hidayətzadəyə aid edilərək Məmməd Rahim nəzm mətnlərinin müəllifi kimi, ya da hər iki müəllif birlikdə librettoçu kimi təqdim olunur.
Operanın yaradılması Qarayev və Hacıyevin təhsil və yaradıcılıqlarının erkən dövrünə təsadüf edirdi. Hər iki bəstəkar Moskva Konservatoriyasında təhsil almış və Dmitri Şostakoviçin bəstəkarlıq məktəbi ilə bağlı olmuşdur. Müharibə onların Moskva Konservatoriyasındakı təhsilinin gedişinə də təsir etmişdi. Buna baxmayaraq, "Vətən" üzərində birgə iş müharibə illərində davam etdirilmişdir.
İki bəstəkarın eyni opera üzərində işləməsi "Vətən"in yaradılmasının səciyyəvi xüsusiyyətlərindən biri idi. Fərəc Qarayevin xatirələrinə görə, sonralar atasından Qarayev və Hacıyevin bir əsəri birlikdə necə yazdıqlarını soruşduqda bəstəkar bu təcrübəyə münasibətini izah etmiş və "Vətən"dən sonra birgə bəstəkarlıq təcrübəsini davam etdirməmişdir. "Vətən" Qara Qarayev və Cövdət Hacıyevin ən mühüm ortaq əsəri kimi onların hər ikisinin yaradıcılıq bioqrafiyasına daxil olmuşdur.
Əsərin yazılması 1945-ci ildə tamamlanmışdır. Zemfira Səfərova həmin ildə Cövdət Hacıyev və Qara Qarayevin "Vətən" operasını tamamladıqlarını qeyd edir. Qara Qarayevin yaradıcılıq xronologiyasında da opera 1945-ci ilin əsəri kimi göstərilir.