Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin () — azərbaycanlı yazıçı.

Həyatı Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ailəlidir. Bir qızı var.

Fəaliyyəti Jurnalistika fəaliyyətinə 2009-cu ildən başlayıb.

2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 200-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir.

RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib. Ədəbiyyat sahəsində ən uğurlu telelayihələrdən olan "Yeni səhifə" ədəbi verilişinin müəllifi və aparıcısı olub. "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi və redaktor, Kulis.az mədəniyyət portalında redaktor vəzifəsində çalışıb.

2021-ci ildə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəni Tədbirlərin Təşkili Mərkəzinin mütəxəssisi vəzifəsində çalışıb.

2023-cü ildə ATV-nin səhər canlı efirinin - "Xəbərin olsun" proqramının aparıcısı olub.

2024-cü ildə Real Televiziyasında müəllifi olduğu "Başdan-başa" verilişini aparıb.

2022-ci ildən "Qafqazinfo.az" saytının yazarıdır. Bu platformada müəllifin 100-dən çox esse və köşə yazısı dərc edilib.

Kitabları 2013-cü ildə "Qaratoyuq nəğməsi" adlı ilk romanı işıq üzü görüb.

2015-ci ildə "Şeiraltı" şeirlər kitabı nəşr olunub.

2018-ci ildə müəllifin növbəti kitabı - "Su sərgisi" romanı çapdan çıxıb.

2020-ci ildə "Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" adlı araşdırma kitabı işıq üzü görüb.

2022-ci ildə "Şişirdilən məşhurlar, cırılan maskalar, kölgədə saxlanan şəxsiyyətlər – İfşa" adlı kitabı işıq üzü görüb. Kitabda yazıçının müxtəlif vaxtlarda qələmə aldığı portret yazılar və esselər yer alıb.

Mükafatları Müəllifi olduğu "Rənglər" sosial çarxı "Azərbaycan ailəsi" film festivalının xüsusi mükafatına, "Almafobiya" booktraileri III Booktrailer festivalında III yerə layiq görülüb. "Su sərgisi" romanına görə 2019-cu ildə Ədəbiyyat üzrə "Uğur" mükafatına layiq görülüb.

2019-cu ildə esse və məqalələrinə görə "Əli bəy Hüseynzadə mükafatı" alıb.

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar