Yens Stoltenberq (; ) — Norveç dövlət və siyasi xadimi, 2000–2001 və 2005–2013-cü illərdə Norveçin baş naziri, 1 oktyabr 2014-cü ildən NATO-nun baş katibi.

Həyatı Yens Stoltenberq Norveçdə tanınmış siyasətçi ailəsində dünyaya gəlmişdir. Onun atası, Turvald Stoltenberq 1979–1981-ci illərdə Norveçin müdafiə naziri, 1987–1989 və 1990–1993-cü illərdə isə xarici işlər naziri olmuşdur.

Yens karyerasına Norveçdə solçuların əsas mətbuat orqanı olan "Arbeiderbladet" qəzetində jurnalist kimi başlamışdır. 1985–1989-cu illərdə Norveç Fəhlə Partiyasının gənclər təşkilatına rəhbərlik etmişdir. 1993–1996-cı illərdə Qru Harlem Brundtland hökumətində ticarət və energetika naziri, 1996–1997-ci illərdə Turbyorn Yaqland hökumətində maliyyə naziri olmuşdur.

2000-ci ilin martında baş nazir vəzifəsini tutmuş, 10 sentyabr 2001-ci ildə keçirilən seçkilərdə onun partiyası 24% səslə öz tarixinin ən zəif nəticəsini göstərərək məğlub olmuşdur.

2002-ci ildə Norveç Fəhlə Partiyasının rəhbərliyində Turbyorn Yaqlandı əvəz etmiş və 12 sentyabr 2005-ci il seçkilərində qalib gələrək 17 oktyabr 2005-ci ildə yeni hökumətə rəhbərlik etməyə başlamışdır. 2009-cu il seçkilərində də yüksək nəticə göstərərək növbəti 4 il müddətində hakimiyyətdə qalmışdır. 2013-cü il seçkilərində Stoltenberqin partiyası parlamentdə üstünlüyü itirdi və onun hökuməti istefaya getdi.

28 mart 2014-cü ildə vəzifələrinin icrasına 1 oktyabr 2014-cü ildən başlamaqla NATO-nun növbəti baş katibi seçilmişdir.

İstinadlar

Kateqoriya:Norveç baş nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Norveç iqtisadçıları