Kamil Müseyib oğlu Əliyev () — Azərbaycan xalçaçı-rəssamı, professor, Azərbaycan SSR xalq rəssamı (1982).

Həyatı Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, Ermənistan SSRin mərkəzi İrəvan şəhərində anadan olmuşdur. Anası Xanım, atası Müseyib kişi olub.Dahi xalçaçılar — Kamil əliyev

1936-cı ilin sentyabr ayında anası onu, Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən Kamil Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.

Kamil Əliyev Böyük Vətən müharibəsində iştirak etmiş, 22 orden və medalla təltif edilmişdir.

Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam — müəllifi kimi özünü təsdiqlədi. Bədii sənət üzrə fəxri fərmanın, respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olmuşdur.

Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib.

Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir.

2007-ci ilin oktyabrın 26-da Kamil Əliyevin vaxtilə yaşadığı evin qarşısında xatirə lövhəsi və ev muzeyi açılmışdır.Xalq rəssamı Kamil Əliyevin barelyefinin açılış mərasimi keçirilib

Yaradıcılığı 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və digər sənət adamları ilə birlikdə ornamental rəssam kimi çalışmışdır.

1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz peşəsini davam etdirir. Bir müddət o, Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışır. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionalıqla Azərbaycan klassiklərinin, dövlət xadimlərinn portretlərini yaradır.

Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr etmişdir.

Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə tanış olur, İndira Qandinin portert-xalçasını yaratmaq üzərində düşünür. Azərbaycana qayıtdıqdan sonra uzun müddət xalçanın çeşnisi üzərində işləyir. O, Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəmxəsus surətdə ustalıqla istifadə etmişdir.

Kamil Əliyevin Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də, neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.

Kamil Əliyev Heydər Əliyevin 75 illiyi münasibətilə general libasında portret xalçasını yaratmışdır.Dahi xalçaçaılar — Kamil Əliyev

Kamil Əliyevin əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR tətbiqi incəsənət ustası" fəxri adı — 24 may 1960 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 7 iyul 1967 "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1 dekabr 1982Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı "İstiqlal" ordeni — 27 dekabr 1999 "Şərəf nişanı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Döyüş xidmətlərinə görə" medalı — 22 aprel 1943 "Qafqazın müdafiəsinə görə" medalı — 23 aprel 1945 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı

Mənbə Əsgər Zeynalov, "İrəvan ziyalıları", Bakı, "Oğuz eli", 1999. səh.255-də.

Həmçinin bax Kamil Əliyevin ev-muzeyi

İstinadlar

Xarici keçidlər Xalq rəssamı Kamil Əliyevə — Bakı şəhəri, 27 dekabr 1999-cu il "Azərbaycan xalça sənətinin Kamili" kitabının təqdimatı olmuşdur AME Görkəmli xalçaçı-rəssam Kamil Əliyevin 100 yaşı tamam olur

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanın xalçaçı rəssamları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycan xalçaçıları Kateqoriya:Azərbaycanın portret rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:SSRİ çavuşları Kateqoriya:Azərbaycan professorları