Amin Babayev (, 5 may 1950, Sarıbaş kəndi, Qax rayonu) — azərbaycanlı alim, Torpaq münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması istiqamətində elmi tədqiqatlar aparan və Ekoloji Kənd təsərrüfatı hərəkatı anlayışını ilk dəfə Azərbaycana gətirmiş alim, Azərbaycan Milli Elmlər Akademiyasının Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktorudur.
Həyatı Amin Babayev 1950-ci il mayın 5-də Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU-nun) Aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq şöbəsini bitirmiş, həmin il M. V. Lomonosov adına Moskva Dövlət Universitetində məqsədli aspiranturaya daxil olmuşdur.
A. Babayev 1976-cı ildə elmlər namizədi, 1995-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır. 1997-ci ildə professor elmi adını almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlamışdır. 1976–1982 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Torpaqşünaslıq kafedrasının assistenti, dosenti vəzifələrində çalışmış, 1982–1985 illərdə Qərbi Afrika, Mali Respublikasının Katibuqu Kənd Təsərrüfatı İnstitutunun professoru, 1985–2013 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU-nun) Torpaqşünaslıq kafedrasının dosenti, professoru, kafedra müdiri olmuşdur, 1996 Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) prezidenti seçilmişdir. 1998–2000 illərdə Dövlət Elm və Texnika Komitəsinin nəzdində Gəncə Elm və Texnika Mərkəzinin direktoru işləmiş, 1997–2011 illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur.
2002-ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2004-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2004-cü ildən Amerika Torpaqşünaslar Cəmiyyətinin (ССА-nın) və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvüdür.
2006-cı ildən — "Ekoloji kənd təsərrüfatı" jurnalının baş redaktorudur.
2007–2014-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfati kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən Beynəlxalq "Известия Аграраной Науки" jurnalının redaktor müavini, 2009-cu ildən MDB üzrə "Агрохимэкосодружество"-nun vitse-prezidenti, 2009-cu ildən "Проблемы агрохимии и экологии" beynəlxalq jurnalın redaksiya heyətinin, 2010-cu ildən UNESKO üzrə "İnsan və Biosfera" Azərbaycan Milli Komitəsinin əsərləri məcmuəsinin redaksiya heyətinin, 2012-ci ildən Avrasiya Torpaqşünaslar Cəmiyyətinin üzvüdür. BMT-nin Beynəlxalq Ekologiya və Həyat Təhlükəsizliyi Elmləri Akademiyasının həqiqi üzvüdür.
2014–2015 ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutunda Torpaqların eroziyası laboratoriyasının müdiri vəzifəsində işləmişdir.
2015-ci ildən AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktorudur.
Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir.
Orta təhsili Amin Babayev 1957-ci ildə Sarıbaş kənd orta məktəbinin 1-ci sinfinə daxil olur. Bu məktəb qonşu İlisu kənd orta məktəbi ilə yanaşı nəinki Azərbaycan, hətta onun hüdudlarından çox uzaqlarda çalışan və fəaliyyət göstərən bir çox ziyalıların təhsil məbədi kimi tanınmışdır. Vaxtı ilə Qax rayonunun "milyoner kolxozu" hesab edilən Lenin ordenli “26 komissar” adına kolxozun 50-ci illərdə tikdiyi iki mərtəbəli müasir məktəb binası, üç kitabxana (məktəbin, kənd sovetinin və kolxozun), böyük mədəniyyət evi kənd sakinlərinin fəxr və güvənc yeri olmaqla sarıbaşlı gənclərin formalaşmasında və həyata vəsiqə almasında xüsusi rol oynamışdır. Çox nadir hallarda ucqar Sarıbaş kənd orta məktəbinin məzunları ali məktəbə daxil ola bilməzdi. Tək-tək olurdu belə hal…
Ali təhsili 1967-ci ildə orta məktəb təhsilini müvəffəqiyyətlə başa vuran A. Babayev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrokimya və torpaqşünaslıq şöbəsinə daxil olur. Onu bu şöbəyə kimya elminə böyük həvəsi, bu istiqamətdə hazırlıq səviyyəsi və son anda Qaxdan Bakıya getmək imkanlarının məhdudluğu gətirib çıxarmışdı. O vaxtlar ali məktəb tələbələrini sentyabr ayının 1-dən pambıq yığımına cəlb edərdilər. İnstitutda ilk başlanğıc olan bu tədbirdə fəal iştirakına, işgüzarlığına, müəllim və tələbə yoldaşları ilə davranışına görə onu fakültə komsomol bürosunun üzvü, II kursda fakültə komsomol təşkilatının katibi və institut komsomol komitəsinin büro üzvü seçirlər. A. Babayev III kursun əvvəlində Lenin təqaüdünə layiq görülür.
1972-ci ildə institutda təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elmi Şuranın qərarı ilə A. Babayev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə məqsədli aspiranturaya göndərilir.
Bu, çox məsuliyyətli göndəriş və ağır seçim idi. A. Babayev orta məktəbdə və institutda Azərbaycan dilində təhsil almışdı. Digər tərəfdən MDU və AzKTİ-nin tədris planları arasında olan fərqlər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün böyük çətinlik yaradırdı. Qəbul imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra (MDU-ya məqsədli aspiranturaya başqa ixtisaslar üzrə göndərilmiş digər 2 nəfər həmin səbəbdən daxil ola bilmədilər) A. Babayevin qarşısında onun elmi rəhbəri təyin edilmiş akademik Y. M. Sergeyev tərəfindən belə bir şərt qoyuldu ki, aspiranturanın 1-ci ilində iki namizədlik minimumu ilə yanaşı təhsil fərqlərinin ləğv olunması üçün digər fənlər də mənimsənilməli və fərq imtahanları verilməlidir. Bu belə də oldu, aspiranturanın birinci ilində 2 namizədlik minimumu və 10 fərq imtahanı verildi.
Akademik Y. M. Sergeyev zəmanəsinin çox görkəmli alimi idi. O, Lenin, Dövlət və Lomonosov mükafatlarına layiq görülmüşdü. Onun rəhbərlik etdiyi kafedranın əsası məşhur torpaqşünas M. Filatov tərəfindən qoyulmuşdu və A. Babayevin aspiranturada təhsil aldığı illlərdə həmin kafedrada 120 əməkdaş çalışırdı. Belə bir elmi məktəbin müdavimi olmaq A. Babayevə də nəsib oldu və MDU-da keçən aspirant illəri onun bir alim və ziyalı kimi formalaşmasında çox böyük rol oynamışdır.
A. Babayev 1976-cı ildə akademik Y. M. Sergeyevin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edərək geologiya–mineralogiya elmləri namizədi alimlik dərəcəsi alaraq təyinatla AzKTİ-nin Torpaqşünaslıq və geologiya kafedrasına öz ixtisası üzrə işləməyə göndərilir.
Elmi Fəaliyyəti — Əsas elmi nəticələri Professor Amin Babayev torpaq mineralogiyası, torpaq münbitliyinin modelləşdirilməsi, aqrar islahatlar, ekoloji kənd təsərrüfatı sahəsində 348 elmi əsərin, o cümlədən – 5 elmi monoqrafiyanın, 208 elmi məqalənin, 22 kitab və kitabçaların, 54 elmi-publisistik məqalələrın, 96 tədris-metodiki işlərin müəllifidir, 16 elmi əsərin elmi redaktorudur.
1972–1976-cı illərdə apardığı elmi tədqiqatların nəticələri Avropanın ən böyük torpaq bəndi olan Sərsəng su elektrik stansiyasının tikintisində tətbiq olunmuşdur.
1976–1985-ci illərdə, əsasən, Azərbaycanın müxtəlif torpaq-iqlim bölgələrində torpaqəmələgətirən süxurların və torpaqların struktur xüsusiyyətlərinin və kimyəvi-mineraloji tərkiblərinin öyrənilməsi istiqamətində əldə olunan elmi nəticələr əsasında torpaqların gübrələmə sisteminin təkmilləşdirilməsi üçün təklif və tövsiyələr irəli sürülmüşdür.
1985–1995-ci illlərdə aparılan elmi tədqiqatlar ikinci dövrdə görülən işlərin məntiqi davamı olmaqla Azərbaycan torpaqşünaslıq elmində yeni bir məsələyə — torpaq münbitliyinin modelləşdirilməsinə və proqnozlaşdırılmasına həsr olunub. Tədqiqatların nəticəsi olaraq Azərbaycan torpaqlarının münbitliyinin riyazi, konseptual və regional modelləri işlənib hazırlanmışdır.
A. Babayevin elmi yaradıcılığının üçüncü istiqaməti 1995-ci ildən sonrakı dövrə aiddir. İslahatların gedişinə fəal münasibət və bu prosesin elmi-metodiki baxımdan qiymətləndirmək səyləri "Torpaq islahatlarına elmi baxışlar və problemlərimiz", "Torpaq islahatlarının elmi-metodiki prinsipləri və Zaqatala təcrübəsi", "Gəncəbasar regionunda torpaq islahatlarının elmi-metodiki prinsipləri" və "Azərbaycanda İnformasiya-Məsləhət Xidmətinin təşkilinin konseptual əsasları" kimi elmi-monoqrafik əsərlərdə təqdim olunmuşdur.
A. Babayev tərəfindən son 30 ildə Azərbaycanda ilk dəfə olaraq 2 elmi-praktiki istiqamətin Ekoloji Təmiz Kənd Təsərrüfatı və Aqrar Məsləhət və İnformasiya Xidmətinin elmi və təcrübü əsasları işlənib hazırlandıqdan sonra ölkə miqyasında geniş tətbiq olunur.
Yüksəkixtisaslı kadrların hazırlanmasında da alimin böyük xidmətləri vardır. O, 3 elmlər doktorlarının, 8 fəlsəfə doktoru və aspirantın, 3 dissertant və 9 magistrantın elmi rəhbəridir
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayevin atasıdır.
A. H. Babayevin seçilmiş əsərləri 1. Şəki-Zaqatala bölgəsində torpaq əmələ gəlməsinin və proseslərin proqnozlaşdırılması
Şəki-Zaqatala bölgəsində torpaq əmələ gəlməsinin və proseslərin proqnozlaşdırılması A. H. Babayev, Moskva, 1994
Torpaqəmələgətirən süxurların və torpaqların mineraloji və kimyəvi tərkiblərinin müqayisəli təhlili göstərir ki, tədqiq olunan ərazidə ayrı-ayrı torpaqların genetik qatlarının tərkibi bircinslidir. Bu aşınma diagenetik proseslər və torpaq əmələgəlməsi dövründə ana süxur qatının dəyişikliyə az məruz qalması ilə əlaqədardır. Eyni zamanda dağətəyi zonadan Alazan və Əyriçay sahillərinə tərəf getdikcə torpaqların tərkib xüsusiyyətlərinin dəyişməsi müşahidə olunur. 1-ci cədvəldə verilmiş məlumatlardan məlum olur ki, açıq-çəmən torpaqlarının lil fraksiyasında tərkib elementlərinin horizontlar üzrə yayılmasında olan fərq zəif ifadə olunur. Ancaq torpaqəmələgətirən süxurların tərkibi ilə müqayisədə bu torpaqların profilində horizontlar üzrə Mg və K-un miqdarının nəzərə çarpacaq dərəcədə, SiO2-in, Fe2O3-in miqdarının isə müəyyən qədər dəyişməsi müşahidə olunur.
Analizin nəticələrindən göründüyü kimi bütün torpaqların lil fraksiyasında K2O, MgO və Fe2O3-in miqdarı ümumiyyətlə yüksəkdir ki, bunu da yüksək dispers funksiyasının və onun aşınma məhsullarının torpaq əmələgəlməsinə nisbətən az məruz qalmasına dəlalət edir. Dağ-şabalıdı torpaqlarında SiO2-in (51, 95–53, 71%) və bir yarım oksidlərin (Al2O3, Fe2O3) miqdarı arasında olan fərq nəzərə çarpan dərəcədədir. Profildə gilləşmənin intensiv getməsi bu torpaqların lil fraksiyasının torpaq əmələgəlməsinə daha çox məruz qalması ilə əlaqədardır. Allüvial-çəmən torpaqlarının lil fraksiyasında SiO2-in miqdarı 55, 29–56, 07%, Al2O-in miqdarı 25,02–28,62%, Fe2O3-in miqdarı 8,88–8,90% arasında dəyişməsinə diqqət yetirsək görərik ki, ana süxur kimi təşəkkül tapmış allüvial çöküntülərdə SiO2 – 50,9–63,5%, Al2O3 – 20,83–21,25%, Fe2O3 – 9,37–14,82% təşkil edir. Bu nəticələr bir daha o fakta istinad edir ki, ərazi torpaqlarında aşınmanın və torpaq əmələgəlməsi proseslərinin intensivliyi eyni zamanda ana süxurun litoloji tərkibi və onun tərkib elementlərinin bu proseslərə qarşı davamlılıq dərəcəsindən çox asılıdır. SiO2-in miqdarının Al2O3-in və Fe2O3-in miqdarına olan nisbəti ərazidə aşınmanın sialit tipli olmasını sübut edir (cədvəl 2). Alınan nəticələrdən göründüyü kimi bütün torpaqlarda profillər üzrə SiO2 : Al2O3 nisbəti 5,3–10,3 arasında dəyişdiyi halda lil fraksiyasında həmin nisbətin dəyişmə amplitudası 3,3–4,3 arasındadır. SiO2 : Al2O3 nisbətinin nəzərə çarpacaq yüksək qiymətləri çəmən, çəmən-meşə və allüvial-çəmən, dağ-şabalıdı torpaqlarına məxsusdur.