Rafiq Yaqub oğlu Zeynalov () — Azərbaycan jurnalisti və ictimai-siyasi xadimi, fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi (1988–1990), Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət İnformasiya Agentliyinin ("Azərinform"un) direktoru (1986–1988), Bakı Sosial İdarəçilik və Politologiya İnstitutunun rektoru (1990–1995), Azərbaycan Ali Sovetinin XI çağırış və XII çağırış deputatı.
Həyatı Rafiq Yaqub oğlu Zeynalov 1938-ci il martın 16-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi bitirdikdən sonra Neft hasilati üzrə Azərbaycan Elmi-Tədqiqat İnstitutuna operator vəzifəsinə qəbul olunmuşdur. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində, 1974–1976-cı illərdə isə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında SSRİ tarixi ixtisası üzrə təhsil almışdır. Fəlsəfə üzrə dissertasiya müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsini almışdır.
1969-cu ildə rəhbər partiya vəzifəsinə irəli çəkilmiş, 1974-cü ilədək Azərbaycan KP MK-nın Təbliğat və təşviqat şöbəsində təlimatçi vəzifəsində çalışmışdır. 1976–1986-cı illərdə Azərbaycan KP MK-nin Təbliğat-təşviqat şöbəsi müdirinin müavini, 1986–1988-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət İnformasiya Agentliyinin ("Azərinform", hazırkı "AzərTac") direktoru, 1987–1988-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqının sədri olmuşdur. 1988–1990-cı illərdə Mərkəzi Komitənin və Mərkəzi Komitə bürosunun üzvü olmaqla Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi vəzifəsində işləmişdir. 1990–1995-ci illərdə Bakı Ali Partiya Məktəbinin (müstəqillik dövründə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun) rektoru olmuşdur.
Rafiq Zeynalov 1987–1995-ci illərdə XI və XII çağırış Azərbaycan Ali Sovetinin, habelə 1988–1990-cı illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1966, 1988), "Şərəf nişanı" ordeni (1981) ilə təltif edilmişdir.
Rafiq Zeynalov 1995–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda və 1999–2009-cu illərdə hazırkı Bakı Avrasiya Universitetində professor işləmiş, 2009-cu ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tam ştatlı müəllim olmuşdur.
Rafiq Zeynalov 5 sentyabr 2014-cü ildə vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəhbərləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin sədrləri Kateqoriya:Tarix üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Tarix elmləri namizədləri