Mesopotamiya dini qədim zamanlardan Xristian və İslam dövrünün başlanmasına qədər Yaxın Şərq reqionunda yayılan dini inaclardır. Bu inanclar o zaman orada yaşayan bütün xalqlar arasında yayılmışdır. Bu inancların mənşəyi Şumerdən gəlir. Sonra onlar başqa xalqlar arasında yayılmışdır.
Şumer, Akkad, Babil, Assuriya kimi dövlətlərin dinlərinin mənşəyi birdir. Onların hamısını Mesopotamiya dini kimi adlandırırlar. Assuriya və Babil dinlərinin xüsusiyyətləri ayrıca məqalələrdə verilmidir: Babil dini Assuriyada din
Mesopotamiya inanclarının özəllikləri Mesopotamiyada, bütün Yaxın Şərqdə olduğu kimi, dinlər əsasən çoxtanrılı (politeist) və bütpərəst olmuşdur. Politeist düşüncəsi dünyanın hər bir təzahürünün arxasında bir tanrın olduğunu iddia edir. Qədim şumerlər inanırdılar ki, tanrılar hər bir şeyi yaradıb, idarə edirlər. Onlar insan cildində və insanabənzər təsəvvür edilirdi: insanlar kimi ailə qururlar, xəstələnirlər, əsəbləşirlər, savaşırlar, yaralanırlar, sevirlər, nifrət edirlər, bir birinə xəyanət edirlər, uşaq doğurlar və s. Tanrılar arasında insanlarda olduğu kimi iş bölgüsü aparılmışdı.
Şumerlərdə qadın ilahların çoxluğu onlarda matriarxat quruluşu olmasının göstəricisi hesab olunur. Sonrakı dövrlərdə şumerlərdə qadın obrazının mövqeyi nisbətən zəifləmişdir. Bizimim zamanəmizə çatmış şumer yazı lövhələrində 1500-ə qədər tanrı adları çəkilməkdədir, və bu onların panteonunun nə qədər çoxsaylı olduğunu göstərir.
Bilindiyi kimi, gədim insanlar külək, şimşək, zəlzələ və s. kimi təbiət hadilərərini tədricən simalaşdırmış, onlara adlar verərək tanrılaşdırmışdırlar. Bundan başqa xalqlar qədim zamanlarda yaşamış bəzi mömin, igid, mərd insanları və çarları onların ölümlərindən sonra tanrılaşdırırdılar, onlara mifoloji xüsusiyyətlər əlavə edərək, əsatirlərə çevirirdilər. Bu da tanrıların sayını daha da çoxaldırdı.
Mesopotamiyalılar dünya və kainat: onların yaranması, quruluşu və qanunları haqqında düşünürdülər. Artıq e.ə. III minillikdə onların düşünürləri bunlarla bağlı suallara cavablar axtararaq, öz kosmoqoniya və teoqoniyalarını yaradmışdırlar. O dövrlərdə başqa ədəbi və elmi üslubun olmadığına görə, onlar öz fikirlərini əsatirlərə vasitəsi ilə ifadə edirdilər. Məbədlərdə rəqqasələr, çalğıçılar fəaliyyət göstərirdi. Onların ən vacib işləri tanrıları əyləndirmək idi. Şumerlər tanrıların qəzəblənərək onları cəzalandırmalarından qorxurdular.
Qədim şumerlərin e.ə. III minilliyə aid olan gil lövhələri üzərində yazılmış mətnlərdən bilinir ki, onlar tanrıları göy, dəniz, günəş kimi təbiət qüvvələrinin təcəssümü kimi qəbul edirdilər. Sonra, ictimai inkişaf dərinləşdikcə, tanrılar əvvəlki keyfiyyətlərini saxlayaraq, eyni zamanda şəhərlərin, əkinçilərin, çobanların və s. himayəçisi kimi tanınıb qəbul edilirdilər. Eyni zamanda, tanrılar hər bir insanın dünyagörüşündə və gündəlik həyatında da önəmli rol oynamışdırlar. Məsələn: günəş tanrısı Utu hər şeyi görür, ədaləti qoruyur, insanlara yardım edir, falçılara himayəçilik edir; bilik və su tanrısı Enki insanların və sehrbazların qoruyucusudur; Venus (Venera) planetinin (bu planet göydə ulduz kimi görsənir) tanrısı İnanna sevgililərin qoruyucusudur.
Sonra xalq arasında bu tanrılarılarla bağlı çeşidli əsatirlər meydana gəlmişdir. Bu proseslər şumer dinində müşahidə olunmaqdadır. Ümumiyyətlə Mesopotamiya dinlərinin əsasında məhz şumer əsatirləri durur. Zaman keçdikcə, burada başqa mədəniyyətlərin yayılmasına baxmayaraq, onlar şümer tanrılarını və əsatirlərini qəbul etmişdirlər. Sadəcə öz əsatirləri ilə onları daha da zənginləşdirmişdilər. Bəzən isə o tanrıların adlarını dəyişdirib öz dillərinə uyğunlaşdırsalar da, mahiyyətcə şumer dininin özəyini saxlamışdırlar.
Çox güman ki, qədim şümerlər tanrılarına münasibətlərini müqəddəslik, əxlaqi və mənəvi müstəvidə deyil, gündəlik tələbatlarının ödənməsi üçün gərəkliliyi müstəvisində qurulmuşdurlar. Tanrılar bol məhsul, hərbi uğur kimi məsələlərdə insanlara yardımçı olmalı idilər. Yəni hər bir insan, tanrıya ibadət edərkən və qurbanlar kəsərkən, ondan əvəzində nəsə istəyirdi. Əgər edilən ibadətlərin və qurbanların qarşılığında, bu və ya başqa tanrı onlardan umulan şeyləri verə bilmirdiyi təqdirdə, insanlar onlara deyil, başqa tanrılara üstünlük verirdilər. Beləliklə tanrı ilə insan münasibəti “mən sənə qurbanlar verirəm ki, sən də mənə nəsə verəsən” prinsipi üzərində qurulmuşdur.
Şumerlər inanırdılar ki, tanrılar istədiklərini edirlər və insanlar qarşısında cavab vermirlər. Ancaq insanlar, edilən ibadətlər və kəsilən qurbanlara qarşılıq olaraq onlardan öz istəklərini öyrənə bilərlər. Buna qurban kəsdikləri heyvanların qaragiyərlərinin cizgiləri və işarələri üzərində fala baxmaqla nail olurdular. Bunun üçün kahinlərə müraciət edilirdi, onlar isə hər cizgi və işarənin nəyi göstərdiyini izah edirdilər.
Tanrıdan istənilən şey haqqında məlumatın əldə olunmasının başqa yolu yuxu yozumu olmuşdur. Hər hansı işin baş tutub-tutmayacağı, ya da o işin görülüb-görülməməyin daha məqsədəuyğun olmasını bilmək üçün insanlar niyyət edib, sonra tapınaqlara (məbədlər) gedib, orada tanrılara dualar edib, qurbanlar kəsirdilər. Sonra onlar tapınaqlarda uzanıb yuxuya gedirdilər. Ayılandan sonra kahinlər onlardan yuxuda nə gördüklərini soruşur və yuxu yozması yolu ilə tanrıların hökmünü açıqlayırdılar.
Tanrılara qarşı bu cür münasibətin olduğuna görə, onlardan heç biri başqalarının üzərində yüksələ bilməzdi. Ya da yüksəlsə də, hakimiyyəti mütləq və əbədi olmamışdır. Tanrı, insanların istəklərini təmin etdiyi vaxta qədər, yüksək mövqeyini saxlamış olurdu. Belə olmasaydı endirilirdi və insanlar başqa, daha da “yetərli” tanrini ucaldıb, ona üstünlük verirdilər. Bundan başqa hər hansı tanrının yüksəlməsi heç də başqa tanrıların inkar olunması demək deyil idi. Hansısa tanrıların “yüksəlməsi” və baş tanrıya çevrilməsi, əski çarların və ya kahinlərin istəkləri əsasında da cəmiyyətə qəbul etdirilirdi. Çarın rəğbət bəslədiyi hansısa tanrıya daha da çox ehtiram edilməsi,onun hakimiyyətinin qəbul edilməsi demək idi; o tanrının açıq inkar edilməsi isə çara qarşı üsyan kimi qiymətləndirilirdi. Bir çox hallarda çarlar hətta özlərini də tanrı, yaxud yer üzərində olan hansısa tanrının təcəssümü elan edirdilər və bu keyfiyyətdə özlərini xalqa təqdim edib, onu itaətə gətirirdilər.
Şumer dinində ME adlanan butün dünyanı və tanrıları idarə edən sirli qüvvələr anlayışı da olmuşdur. Bu barədə “Ninurtanın Eriduya səyahəti” əsatirində deyilir. Onlar hansısa bir varlıq şəklini alaraq tanrının ya da insanın (kahinin) ixtiyarında ola bilər. Hər şeyin ‘ME’si vardır: savaşın, barışın, ədalətin, hüququn və s. Bu bir obyektiv qanunauyğunluqdur. Şumer əsatirlərində tanrılar bir-birindən ilahi qüvvələri (‘ME’ləri) ala bilib daha da qüdrətli və ya zəif ola bilirdilər. Şumerlər inanırdılar ki, ‘ME’lərin hissələri hansısa məbədlərdə, kahinlərdə, şəhərlərdə, çarlarda və s. ola bilir və bu onları çox qüdrətli və müqəddəs edirdi.
Şumerlərin dini inancları bizim zamanəmizə çatmış dastanlarında əks olunmuşdur. Onların yazdıqları lövhələr bəşəriyyətin ən qədim yazılı ədəbiyyatıdır. Üstəlik Şumer mədəniyyətindən daha qədim və inkişaf etmiş mədəniyyət elmə məlum deyil. Buna görə də Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində yayılmış dinlərin məhz şümerlərin dini inanclarından qaynaqlanması faktı heç bir şübhə doğurmur. Məsələ burasındadır ki, o ərazilərdəki mədəniyyətlər sonra yaranmışdır, ancaq dini rəvayətlərinin və ibadət etdikləri tanrılarının Şumer tanrıları ilə bənzərlikləri vardır, adları fərqli olsa belə. Deməli bu bənzərliyi yalnız Şumer dinindən alınması ilə izah etmək olar. Örnək üçün, Suriyanın Adonis və Babilin Təmmuz tanrısı əslində Şumerin Dimuzid (ya da Dumuzi) adlı tanrısıdır; samilərin Anu və yunanların ‘Uranus’u onların An adlı tanrısıdır; sami tanrıcası İştar (ona sonralar Astarta da deyirdilər) əslində şumerlərin İnanna’sıdır; Aralıq dənizi hövzəsində tanınan ilahə Kibela şumerlərin Ki (torpaq anası) tanrısıdır; samilərin Sin və Şamaş adlı ay və günəş tanrıları şumerlərin Nanna və Uti tanrılarıdır; və bu siyahını hələ çox davam etdirmək olar.
Mesopotamiya inancları və monoteistik dinlər Hətta tək tanrılı (monoteist) dinlərlə də qədim şumer dininin müəyyən parallelləri vardır. Örnək üçün, Əhdi-Ətiqdə (Yaradılış, 6: 9) və Quranda. yazılan Nuh peyğəmbərin tufanı hadisəsinə bənzər hadisə “Gilqameş (hər şeyi bilmiş) haqqında ” adlanan qədim şumer-akkad dastanında da rəvayət edilmişdir. Əhdi-Ətiqə görə, Tanrı Nuha tufan haqqında xəbər verib və ona gəmini inşa etməyi əmr edib. Bu tufan nəticəsində bütün yeri su basmış və yalnız Nuh və onun ailəsi bu gəmiyə sığınaraq tufandan saq çıxa bilmişdirlər. Quranda da buna bənzər hadisə haqqında xəbər verilmişdir.
Şumer-akkad dastanı olan Gilqameşdə Şuruppak şəhərinin hökmdarı Ziusudra (akkadca Utnapişti ya da Utnapiştim) Enki tanrısından dünyanı tufan bürüyəcəyi xəbərini alır. Enkinin məsləhəti ilə, Ziusudra bir gəmi inşa etmiş və tufan zamanı oraya sığınaraq xilas olmuşdur.
Yunanlarda da buna bənzər rəvayət vardır. Orada tufan haqqında xəbəri tanrı Kronos Ksisutros adında adama vermisdi. Bu rəvayəti e.ə. IV-III əsrlərdə yaşamış yunan tarixçisi Beros qələmə almışdı.
Bu bənzərliyi izah edən araşdırmaçıların bir hissəsi Əhdi-Ətiqdəki tufan haqqında rəvəyətinin qədim şumer-akkad dastanından alınmasını; başqaları isə bu tarixi hadisənin hamıya məlum olduğundan, çeşidli xalqların dastan və kitablarında rəvayət edilməsini iddia etmişdirlər. Bəzilərinə görə Ziusudra (Utnapiştim) və Nuh (yəhudicə Noah) eyni adam da ola bilərlər, sadəcə çeşidli xalqlar eyni adama bir ad vermişdir.
“Çar Sarqon haqqında” adlı əfsanədə də maraqlı məqamlar vardır. Çar Sarqon (akkadca Şarruken) böyük Akkad dövlətinin yaradıcısı olmuşdur. O e.ə. 24-cü yüzillikdə yaşamışdı. Mesopotamiyada arxeoloqlar onun heykəlini tapıb, onun üzərində olan yazıları oxuya bilmişdirlər. Orada Sarqonun həyatı haqqında məlumat verilmişdiGeorge A. Barton, Archaeology and The Bible, 7th Edition, Copyright,. 1916, by American Sunday School Union, Seventh Edition, 1937, p. 375.. Mətndən bilinir ki, onun anasının hansısa səbəbdən uşaq doğmağa ixtiyarı yox idi. Bəlkə də o kahinə idi. Ancaq bu qadın gizli yerdə Sarqonu doğdu və bu əməlini cəmiyyətə bildirməmək üçün, onu bir hörmə səbətə qoyub, üstünü qatranla bağlayıb, Fərat cayının axarı ilə buraxdı. Çayda onu Akki adında bir adam xilas edərək, öz yanında saxlamış və böyütmüşdür. Sonra isə Sarqonu qadın tanrıcası İştar sevmiş və onu çarlıq rütbəsinə yuksəltmişdir.
Əhdi-Ətiqdə və Quranda peyğəmbər Musa da doğulandan sonra qır və qatranla sürtülmüş bir səbətə qoyulmuş və Nil çayının axarına atılmışdır (Çıxış, 2: 1-10 və Quran, 20: 36-39.). Oradan onu fironun qızı tapmış, xilas etmiş, və sona Musa fironun sarayında yüksək məqamlara çatmışdır. Ancaq bu hadisə Mesopotamiyada deyil, Misirdə cərəyan etmişdir. Ola bilsin ki, hansısa səbəblər üzündən arzu olunmayan doğulmuş körpə uşaqları səbətə qoymaq və çayın axarına atmaq, çayların sahillərinda yaşamış xalqların bir adəti olmuşdur. Örnək üçün, bu gün də belə uşaqları müxtəlif yerlərdə kiminsə qapısına qoyurlar. Yəni bu rəvayətlərin oxşarlığını bununla izah etmək olar. thumbnail|Əlində xaç tutan tanrı Təmmuz. Assur relyefi, e.ə. 1500-cü illər. Berlin Dövlət Muzeyi. Ancaq bəzi alimlər hesab edirlər ki, yəhudilər “Çar Sarqon haqqında” rəvayəti bilirdilər və bu hadisəni Misirdə Musaya aid etmişdirlər. Eyni zamanda qeyd edilməlidir ki, “Çar Sarqon haqqında” əfsanəsi Assur çarı Aşşurbanipalın kitabxanasında tapılmış gil lövhələrinin birində yazılmışdır. Bu lövhə isə çar Sarqonun dövründə deyil, sonrakı dövrlərdə, bəlkə də Musadan da sonra, yazılmışdır. Buna görə də ola bilsin ki, əksinə, yəhudilərin Musa haqqında rəvayətini assurlular çar Sarqonun rəvayəti kimi qələmə vermişdirlər Musa // Yəhudi elektron ensiklopediyası]].
Şumer və xaç simvolu