Elmira Axundova (Elmira Hüseyn qızı Axundova; ) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005–2010), IV (2010–2015) və V çağırış (2015–2020) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023).
17 oktyabr 2023-cü ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür.
Bioqrafiyası Moskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olmuşdur. 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1977–1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rus redaksiyasında müxbir kimi çalışmışdır. 1980–1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində referent və məsləhətçi olmuş, 1983-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir. 1988–1990-cı illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı olmuşdur.
1990–1998-ci illərdə “Literaturnaya qazeta”nın Azərbaycan üzrə müxbiri olmuş, daha sonra “Delovoy mir”, “Obşaya qazeta”, “Vek”, “24 saat”, “İzvestiya” kimi KİV-lərlə əməkdaşlıq etmişdir. 1993–2002-ci illərdə “Svoboda” radiosunun rus xidmətində çalışmışdır. 1997–1998-ci illərdə “Populyar” jurnalının baş redaktoru olmuşdur. On ilə yaxın Elmira Axundova Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin jurnalist qrupunda olmuşdur və Ümummilli lideri bir çox xarici səfərlərdə müşayiət etmişdi (1994-2002). 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilmişdir. Hazırda Birliyin Ağsaqqallar Şurasının üzvüdür.
1991-1998-ci illərdə “Literaturaya qazeta”ya rəhbərlik etmiş Arkadiy Udaltsovun yubileylə əlaqəli Bakıya göndərdiyi təbrikdə xüsusilə qeyd olunurdu:
1995–2020-ci illərdə Prezident yanında Əfv Komissiyasının üzvü olmuşdur. 1999–2006-cı illərdə Bakı Slavyan Universitetində dərs demişdir.
2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, komitə üzvü kimi fəaliyyət göstərmişdir. Avropa Şurası Parlament Assambleyası və MDB Parlamentlərarası Assambleyasında Azərbaycanı təmsil etmişdir.
2020–2023-cü illərdə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının üzvüdür.
Ailəsi 2 övladı və üç nəvəsi var.
Elmi və yaradıcılıq fəaliyyəti Elmira Axundova 1980–1990-cı illərdə bədii tərcümə ilə məşğul olmuş, Elçin, Anar, İsmayıl Şıxlı, Vidadi Babanlı və Manaf Süleymanov kimi yazıçıların əsərlərini rus dilinə tərcümə etmişdir.
Filologiya üzrə fəlsəfə doktorudur (1984). “Cəlil Məmmədquluzadə realizmi və XIX əsrin sonu – XX əsrin əvvəllərində rus ədəbiyyatının təcrübəsi” (1985) monoqrafiyasının müəllifidir.
“Cənubi Azərbaycan nəsrinin antologiyası” və “Cənubi Azərbaycan poeziyasının antologiyası” kitablarının tərtibatçısıdır.
2000-ci illərdə Elmira Axundova bədii publisistika və memuar janrında məhsuldar fəaliyyət göstərir, “Fərmanla əfv olunub...”(2000), “Naşirin ölümü” (2001), “Həqiqət anları” (2003), “Əlövsət Quliyev: o, tarix yazırdı” (2003), “Bu bizik” (2003), “Yaşamaq vaxtıdır” (2003), “Şüşə Saray” (2007), “Dostlarımın gözəl cizgiləri” (2011 və 2015), “Elçinin fövqalmissiyası” (2015), “Prezidentin portreti dəyişikliklər fonunda” (2016), “Anar Məmmədxanov. Kapitanın taleyi” (2018), “Ədəbi səyahətlər...” (2023) kimi kitabların müəllifidir.
Heydər Əliyevin ilk bioqraflarından olan Elmira Axundova 10 ilini “Heydər Əliyev. Şəxsiyyət və Zaman” (2013) adlı çoxcildlik roman-tədqiqatın yazılmasına sərf etmişdir. 2014-cü ildə bu əsərə görə E.Axundova Dövlət mükafatı adına layiq görülmüşdü. Bu kitab rus, ingilis, türk, qazax, özbək, macar, Ukrayna və bir sıra başqa dillərə tərcümə edilmişdir.
Böyük qazax şairi və ictimai xadimi Oljas Süleymenov bu unikal roman haqqında bunları demişdir:
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Elmira Axundovanın 50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlanmışdır:
Hörmətli Elmira xanım! Sizi - respublikamızın tanınmış publisisti və jurnalistini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz zəngin ənənələrə malik Azərbaycan publisistikasının istedadlı nümayəndəsi kimi dərin siyasi təhlil gücü ilə səciyyələnən sənədli əsərlər yaratmış, ictimai-siyasi publisistikanın bu gözəl nümunələri ilə xalqımızın yaxın tarixi dövrünün aydın mənzərəsini əks etdirmisiniz. Dünyanın beynəlxalq terrorizmin hədəfinə çevrildiyi bir zamanda terror və sifarişli qətllərin ifşası istiqamətində apardığınız araşdırmalar da Sizin yüksək jurnalist peşəkarlığınızdan xəbər verir.
Ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, xarici mətbuat orqanlarındakı cəsarətli çıxışlarınızda Siz vətəndaşlıq əzmi nümayiş etdirmiş, beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin yurdumuza qarşı təcavüzü nəticəsində qaçqın həyatı yaşayan soydaşlarımızın problemlərinə yönəltmisiniz.
Müxtəlif dövrlərdə hazırladığınız televiziya verilişləri və maraqlı reportajlar ölkəmizdə telejurnalistikanın inkişafına layiqli töhfə olmuşdur.
"Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri olarkən, eləcə də Rusiyanın kütləvi informasiya vasitələrində çalışarkən Siz Azərbaycanı həmişə ləyaqətlə təmsil etmisiniz. "Azadlıq" radiostansiyasında müxbir kimi çoxillik fəaliyyətiniz isə Azərbaycanın milli maraqlarının qorunması işinə xidmət və xalqımızın haqq işinin dünyaya çatdırılması baxımından mənalı və yaddaqalandır.
Bədii tərcümə sahəsində göstərdiyiniz fəaliyyət də təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatının qiymətli nümunələrinin rus dilində geniş oxucu kütləsinə çatdırılmasında Sizin mühüm xidmətləriniz vardır. Bir ədəbiyyatşünas kimi qələminizin məhsulu olan əsərlər elmi ictimaiyyət tərəfindən maraqlı qarşılanmışdır.
İnanıram ki, Siz bundan sonra da Azərbaycan həqiqətlərini əsl vətəndaşlıq mövqeyindən işıqlandırmaqla yurdumuzun müstəqilliyinin əbədi, sarsılmaz olması naminə qüvvə və bacarığınızı əsirgəməyəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.
Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
2022-2025-cü illərdə Elmira xanımın Ümummilli liderimizə həsr edilmiş yeni kitabları işıq üzü görmüşdür: “Зарифа и Гейдар Алиевы. Любовь длиною в вечность” (2022), “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (2023), “На страже государства. Гейдар Алиев и чекисты» (2023), «Самым большим диссидентом среди вас был я. Гейдар Алиев и творческая интеллигенция” (2023), “Sizin aranızda ən böyük dissident mən idim. Heydər Əliyev və yaradıcı ziyalılar” (2025), “Гейдар Алиев – основатель политики азербайджанского мультикультурализма» (2025).
Mükafatları və fəxri adları 2003-cü ildə Şöhrət ordeni ilə təltif edilmişdir. 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. 25 may 2023-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında çoxillik səmərəli fəaliyyətinə görə II dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Azərbaycan Yazıçılar Birliyinin “Nəcəf Nəcəfov” və Beynəlxalq Ədəbiyyat Fondunun “Rəsul Rza” mükafatlarına layiq görülmüşdür. 08 iyul 2009-cu ildə «Məhəbbət və sədaqətə görə» medalı ilə təltif edilmişdir, Rusiya. 14 yanvar 2010-cu ildə "Seçki hüquqlarını müdafiə edən fəal deputat" nominasiyasının qalibi olmuşdur. 30 oktyabr 2011-ci ildə "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən təqdim olunan "Xəzər" Milli Mükafatına layiq görülmüşdür. 27 mart 2012-ci ildə parlamentarizmin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə MDB Parlamentlərarası Assambleyasının "MDB MPA. 20 il" medalı ilə təltif edilmişdir. 24 may 2013-cü il tarixində Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir. 27 may 2014-cü ildə “Heydər Əliyev. Şəxsiyyət və Zaman” əsərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatını almışdır. 2015-ci ildə "Azərbaycan mədəniyyət assosiasiyası SİMURG 25 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 16 aprel 2015-ci ildə MDB Parlamentlərarası Assambleyasının "Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə" medalı ilə təltif edilmişdir. 24 noyabr 2016-cı ildə MDB Parlamentlərarası Assambleyasının MDB PA Şurasının Fəxri Fərmanı ilə təltif edilmişdir. 27 mart 2017-ci ildə MDB Parlamentlərarası Assambleyasının “MDB MPA. 25 il” medalı ilə təltif edilmişdir. 25 may 2018-ci ildə Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adına layiq görülmüşdür. 05 iyul 2018-ci ildə "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. 24 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı ilə təltif edilmişdir. 27 may 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. 14 avqust 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsi Xidmətinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunmuşdur. 16 oktyabr 2019-cu ildə Azərbaycan Mətbuat Şurasının mükafatı ilə təltif edilmişdir. 21 dekabr 2020-ci ildə Ukraynada "İrpen şəhərinə xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. 2021-ci ildə TÜRKSOY tərəfindən Nizami Gəncəvinin 880 illiyi münasibətilə yubiley medalı ilə təltif olunmuşdur. 2021-ci ildə "Україна славетна" Ümumukrayna Birliyinin illik "İlin diplomatı" mükafatı. 8 may 2023-cü ildə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunmuşdur. 20 sentyabr 2023-cü ildə "HONOR ET GLORIA" medalı ilə təltif olunmuşdur. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur. 3 dekabr 2024-cü ildə Qazaxıstan Respublikasının "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur. 18 may 2025-ci ildə Qazaxıstan Respublikası Jurnalistika Akademiyasının Oljas Süleymenov adına beynəlxalq mükafatı ilə təltif olunmuşdur. 30 oktyabr 2025-ci ildə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif olunmuşdur. 19 dekabr 2025-ci ildə Avrasiya Mədəniyyət Fondunun "Oljas Süleymenov" fəxri medalı ilə təltif olunmuşdur. 25 fevral 2026-cı ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilmiş və "Qızıl ulduz" medalı ilə təltif edilmişdir.
Tərcümələri Кара Намазов. Искусство азербайджанских ашугов. Баку: Язычы, 1983, 184 стр. Исмаил Шыхлы. Золотая змея (сборник рассказов). Баку: Язычы, 1984. Молодая проза Азербайджана. Баку: Язычы, 1984, 167 стр. И. Шыхлы. Огненные дороги. М.: Воениздат, 1986, 204 стр. В. Бабанлы. Растревоженная тишина. М.: Советский писатель, 1987, 510 стр. Б. Байрамов. Караванная дорога. Баку: Язычы, 1988, 350 стр. М. Сулейманов. Дни минувшие. Баку: Азернешр, 1990, 300 стр.
Filmoqrafiya Bir anın həqiqəti (teleserial, 2003)
Elmira (sənədli film, 2013) — “Azərbaycan teleradio yayımı” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunmuşdur. Film yazıçı, publisist, tərcüməçi, filoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundovaya həsr olunmuşdur. İlk dəfə Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında nümayiş etdirilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları