Gürcüstanın dövlət quruluşu — 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Dövlət quruluşu Gürcüstan dualist idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü iki dəfə — (1918) 26 may və (1991) 9 aprel tarixlərində qeyd edilir. Ölkə Konstitusiyası 24 avqust 1995-ci ildə qəbul olunmuşdur(15 oktyabr 2010-cu ildə yenidən baxılmışdır).

İnzibati ərazi bölgüsü 55 bələdiyyədən ibarət 10 diyara (Tbilisi-paytaxt şəhəri, Quriya, İmeretiya, Kaxetiya, KvemoKartli, Msxeta-Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Zemo-Svaneti, Samse-Cavaxeti, Şida-Kartli) və 2 muxtar respublikaya bölünür (Gürcüstanın tərkibinə 1921-ci ildən Acarıstan Muxtar Respublikası, 1922-ci ildən Cənubi Osetiya Muxtar Vilayəti (1990-cı ildə mərkəzi hakimiyyət tərəfindən ləğv edilmişdir) və 1931-ci ildən Abxaziya Muxtar Respublikası daxildir).

Dövlət başçısı Ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilən Prezidentdir. Gürcüstanın mövcud Konstitusiyasına görə, bir namizəd iki müddətdən əlavə ölkə Prezidenti vəzifəsinə seçilə bilməz.

Dövlətin başçısı, silahlı qüvvələrin ali baş komandanı, xarici əlaqələr üzrə Gürcüstanın ən yüksək təmsilçisi sayılan Gürcüstan Respublikasının Prezidenti, ölkənin daxili və xarici siyasətini istiqamətləndirir, xalqın milli birlik və bütövlüyünü, habelə dövlət qurumlarının və digər orqanların fəaliyyətini təmin edir, formal olaraq Baş naziri təyin edir.

2010-cu ildə Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində dövlət başçısının səlahiyyətləri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılmışdır.

Qanunverici hakimiyyət 150 üzvdən ibarət bir palatalı Parlamentə deputatlar ümumi seçkilər yolu ilə 4 il müddətinə seçilirlər. Parlamentin 75 üzvü birmandatlı dairələr üzrə, digər yarısı isə partiya siyahıları sistemi üzrə seçilirlər.

Parlamentin hökumətə etimadsızlıq göstərmək, prezidentin veto hüququnu 3/5 səs çoxluğu ilə ləğv etmək, Nəzarət Palatası vasitəsilə dövlət büdcəsinin istifadəsinə nəzarət etmək və s. digər mühüm səlahiyyətləri vardır.

İcraedici hakimiyyət Parlament seçkilərində qalib gəlmiş siyasi partiyanın lideri olan və namizədliyi formal olaraq Prezident tərəfindən parlamentə təqdim edilən Baş nazirin rəhbərlik etdiyi Nazirlər Kabineti tərəfindən həyata keçirilir,

Nazirlər Kabineti ali qanunverici orqan qarşısında kollektiv məsuliyyət daşıyır. Bununla belə Hökumət dövlət büdcəsinin layihəsini, ratifikasiya məqsədilə beynəlxalq müqavilələri və s. Parlamentə təqdim etməkdə, habelə səfir və diplomatik nümayəndəliyin başçısı vəzifəsinə təyin edilmək məqsədilə namizədlərin Prezidentə təqdimatında səlahiyyətlidir.

Məhkəmə hakimiyyəti Kasasiya instansiyası məhkəməsi olaraq, Gürcüstanın ədalət mühakiməsinin ən yüksək və son instansiya məhkəməsini təmsil edən Ali Məhkəmə, habelə digər ixtisaslaşmış və aşağı instansiya məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata keçirirlər.

İstinadlar

Mənbə Калатозишвили Г. Грузия, трансформирующаяся в парламентскую республику. Вестник Кавказа (vestikavkaza.ru) (23 августа 2012)

Kateqoriya:Gürcüstanın dövlət quruluşu Kateqoriya:Gürcüstanda siyasət