az yayılmış dinlərdən biridir. İslam dini Yaponiyaya çox gec çatan dinlərdən biri olmaqla yanaşı xristianlıqdan daha az yayılmış dindir. Müsəlman ölkələrdən uzaqda yerləşməsi, buddizmə marağın daha güclü olması və uzunmüddətli izolyasiya şəraitinə görə Yaponiya islamla ancaq XIX əsrin sonlarında tanış olub. 1920-ci illərdə ilk dəfə Rusiyadan müsəlmanların Yaponiyaya miqrasiyası baş verib.

Quranın yapon dilinə ilk tam tərcüməsi də 1920-ci ilə təsadüf edir. 1930-cu illərdə Yaponiya hökumətinin müsəlmanlara dəstək siyasəti nəticəsində ilk məscidlər ortaya çıxıb və ölkədə islam araşdırmaları güclənib. İkinci dünya müharibəsindən sonra yapon müsəlmanları ilk təşkilatlarını (1952) və ilk məscidlərini (1977) qurublar. 1973-cü ildə baş verən Neft böhranı və 1979-cu ildə İranda baş verən islam inqilabı Yaponiyada islama olan marağı daha da gücləndirib. 1990-cı illərdə müsəlman ölkələrdən başlayan miqrasiya axınının güclənməsi də Yaponiyada müsəlman əhalinin artmasına səbəb olur.

Hal-hazırda Yaponiyada 200 min müsəlman yaşayır ki, onlardan 43 mini yapon müsəlmanlardır. Onların böyük hissəsini islam dövlətlərindən işləməyə gələn miqrantlar təşkil edir. Müsəlman əhali əsasən Tokio şəhərində cəmlənsə də, Yaponiyanın digər böyük şəhərlərində də müsəlmanlar kompakt halda yaşayırlar. Məscidlərin sayı isə 105-dir. Ölkədə Yaponiya Müsəlman Assosiasiyası, Yaponiya İslam Mərkəzi, Yaponiya İslam Mədəniyyəti Cəmiyyəti, Yaponiya İslam Konqresi kimi təşkilatlar fəaliyyət göstərir. Yaponiyada yaşayan müsəlmanların qarşılaşdıqları əsas problemlər müsəlman qəbiristanlıqların azlığı, halal qida məsələsi və islam təhsilinin çatışmazlığıdır.

Tarix

1868-ci ilə kimi thumb|left|Alim Aray Hokuseki islamın Yaponiyadakı ilk şərhçisi hesab olunur. Tokuqava şoqunluğunun sonuna qədər (1868) Yaponiyada müsəlmanların yaşaması ilə bağlı heç bir qeyd yoxdur.

Müsəlman taciklərdən bəhs edən ilk yapon mənbə 1753-cü ilə aid olan "Zoku-Nihon Şoki" kitabı olmuşdur. Bu kitaba görə yapon nümayəndəliyi Tan sülaləsinin (618–907) sarayında taciklərlə qarşılaşsa da, dinləri barədə məlumat verilməyib. Naradakı Şosoin imperatorluq xəzinəsində Mərkəzi Asiyaya aid dulusçuluq məmulatları və geyimləri tapılsa da, ərəb dilində heç bir söz qeydə alınmamışdır. Nara və Heyan dövrlərində Yaponiyadan Çinə göndərilən nümayəndəliklər, buddist missiyaları, alim və tələbələrin bəzilərinin burada müsəlmanlarla qarşılaşdığı güman olunur. Çində islamın gücləndiyi dövrdə Yaponiyanın Çinlə əlaqələri zəifləmişdir.

1451-ci ildə Min sülaləsinə göndərilən Yaponiya nümayəndəliyinin başçısı paytaxtda Çində müsəlman xalq olan hueylər tərəfindən ziyarət edilmiş və onlardan 20 at almışdır. Növbəti gün isə onları ziyarət etmişdir. Bir başqa qeydə görə Hişiri adlı hind Çindən Yaponiyaya gəlmiş, bir yaponla evlənmiş və 2 uşağı olmuşdur. Uşaqlarından birinə Musuru adı vermişdi ki, bu adın müsəlman ad olan Məsurdan gəldiyi güman olunur.

1433-cü ildə Siama gedən bir Ryukyu nümayəndəliyi burada Əbu Səid adlı müsəlmanla qarşılaşıb. XV əsrdə Ryukyu ilə Asiyanın cənub regionlarında güclü ticarət əlaqələri olub. 1408-ci ildə Sumatrada yerləşən müsəlman sultanlıq Kyuşu adasında bir gəmi göndərib.

1543-cü ildə portuqalların Yaponiyaya gəlişindən və 1549-cu ildə xristianlığın Yaponiyaya tanıdılmasından sonra xristianlıq Yaponiyada missionerlər tərəfindən yayılmağa başlayıb. 1587-ci ildə xristianlıq Yaponiyada qadağan olunub və xristianlar təqib olunmağa başlayıb. 1600-cü ildə başlayan izolyasiya dövründən sonra Yaponiyanın xarici dövlətlərlə əlaqələri çox zəifləyib. Bu dövrdə Yaponiyada çox az alim islam və müsəlmanlar haqqında bəhs edib:

1647-ci ildə Naqasakidə nəşr olunmuş dünya xəritəsində Xorasan, Harsia (İran), Turko (Türkiyə), Arabia Ecit (Misir), Babaria və Maroko (Mərakeş) kimi müsəlman ərazilərin adı keçir. 1695-ci ildə C. Nişikava Çin ilə Qərb dünyası arasında ticarət əlaqələri haqqında yazı yazıb. Yazının 1708-ci ildəki təkrar nəşrində o, Hindistan, İndoneziya, İran, Türkiyə, Ərəbistan, Misir və digər müsəlman ölkələri haqqında geniş məlumat versə də, bu ölkələrin dini haqqında bəhs etməyib. 1715-ci ildə məşhur Tokuqava alimi Arai Hakuseki Qərb ölkələri haqqında bildiriş yayımlayıb və islamdan dünya dinlərindən biri kimi bəhs edib. Hakuseki islamın Yaponiyadakı ilk şərhçisi hesab olunur. 1801-ci ildə Yamamura Şoei "Sairan İqen" adlı kitabında Tunis, Tripoli, Əlcəzair, Mərakeş, Bəhreyn, Maskat, Ədən, Məkkə, Mədinə, Sinay kimi müsəlman əraziləri haqqında detallı məlumatlar verib. 1827-ci ildə Aoci Rinso tərəfindən buraxılan "Koçi Şiraku" adlı kitab bir holland alimin əsərinin tərcüməsidir. Əsər Türkiyə, Rusiya, İspaniya və Filippində yaşayan müsəlmanlar haqqında detalları məlumatlar verir.

Meyci dövrü thumb|İslamı qəbul etmiş ikinci yapon olan Yamada Toraciro İstanbulda ikən. 1868-ci ildə Meyci islahatından sonra modernləşməyə başlayan Yaponiyanın Qərb dünyası ilə əlaqələri güclənib. 1890-cı ildə Osmanlı dövləti Yaponiyaya əlaqələrini gücləndirmək üçün "Ərtuğrul" gəmisini göndərib. Bu, müsəlmanların Yaponiyaya gəlişi ilə bağlı ilk rəsmi qeyddir, lakin gəmi Yaponiya sahillərində qəzaya uğrayıb və heyətinin böyük bir qismi ölüb. 1891-ci ildə yapon jurnalist Şotaro Noda 1890-cı il qəzasında həlak olan türklərin ailələrinə kömək etmək məqsədilə yardım toplayıb və İstanbula gedərək bu yardımı Osmanlı hakimiyyət orqanlarına təqdim edib. İstanbulda olarkən Noda ingilismənşəli müsəlman Abdulla Qulamla görüşüb və bu görüşdən bir qədər sonra islamı qəbul edərək Əbdülhəlim adını götürüb. O, islamı qəbul etmiş ilk yapon hesab edilir.

1893-cü ildə digər bir yapon Yamada Toraciro 1890-cı il qəzasında həlak olmuş türklərin ailələrinə yardım məqsədilə toplanmış vəsaiti İstanbula gətirib və bu səfər zamanı islamı qəbul edib Əbdülxəlil adını götürüb. O, islamı qəbul etmiş ikinci yapon hesab edilir. Sultanın xahişi ilə o, Osmanlı dövlətində qalıb və hərbi məktəbdə yapon dilinin tədrisi ilə məşğul olub.

1905-ci ildə başa çatan Rus-yapon müharibəsindən sonra Rusiya ordusu tərkibində döyüşmüş bəzi müsəlman müharibə əsiri kimi Yaponiyaya gəliblər. Hətta Osaka prefekturasının İzumiotsu şəhərinin əcnəbi qəbiristanlığında Rus-yapon müharibəsinin 3 müsəlman müharibə əsirinin (Utur Haşmatov, Şakirov Alişan, Zakir Havliv) qəbri var.

1905-ci ildə Əhməd Fəzəli adlı misirli zabit Tokioda yerləşən Hərbi Akademiyada təhsil alıb və bir neçə il burada yaşayıb. O, Yaponiyada yaşayan və yapon qadınla evlənən ilk müsəlman ərəb hesab olunur. 1905-ci ilin sonu 1906-cı ilin əvvəllərində hindli müsəlman Sərfəraz Hüseyn Naqasaki və Tokioda olub və bu səfər zamanı islam dininə dair mühazirələr oxuyub. 1907-ci ildə Əli Əhməd Cəlcəvi adlı misirli panislamçı Yaponiyanı ziyarət edib və Tokioda bir sıra akademik əlaqələr qurub. Tokioda dinlərlə bağlı beynəlxalq konfransda o da iştirak edib.

1908-ci ildə Məhəmməd Bərkətullah adlı hindistanlı müsəlman Tokioda yerləşən xarici dillər məktəbində təhsil verməyə başlayıb və Yaponiyada 5 il yaşayıb. O, Yaponiyada urdu dilini tədris edən ilk şəxsdir. 1910-cu ildə o, "İslam qardaşlığı" jurnalını dərc etdirib və jurnal 3 il fəaliyyət göstərib. Jurnalın ingilis versiyasını isə islamı məhz Məhəmməd Bərkətullanın təsiri ilə qəbul etmiş və sonralar onun ardıcıllarından birinə çevrilmiş Həsən Qatano çap etdirib. 1909-cu ildə Rusiya türklərindən olan Əbdürrəşid İbrahim Yaponiyaya gəlib. O, tatarların müstəqilliyi üçün mübarizə apardığından Rusiyadan sürgün olunmuşdu. O, General Akaşi Motocironun yaxın dostu olduğundan onun köməyi ilə Yaponiyaya gələ bilib. Olduqca dindar şəxs olduğundan Yaponiyadakı ilk islam təbliğatçısı hesab olunur. Yaponiya haqqında təəssüratlarını, Yaponiyanın islam dünyası ilə münasibətlərini Əbdürrəşid İbrahim özünün "İslam dünyası və Yaponiyada islamın yayılması" kitabında əks etdirib. O, bir çox yaponun islam dininə keçməsinə nail ola bilib. Müsəlmana çevirdiyi şəxlər arasında ən görkəmlisi 1880-ci ildə Hiroşimada anadan olan və Tokiodakı xarici dillər məktəbindən məzun olan Kotaro Yamaoka olub. Rus-yapon müharibəsində iştirak edən Yamaoka müharibədən sonra İbrahimlə tanış olub və müsəlman olaraq Ömər adını götürüb. Onunla birlikdə 1909-cu ildə həcc ziyarətinə gedib və həcc ziyarətində olan ilk yapon olub. Həcc ziyarətində olmuş ikinci yapon isə islamı Çində qəbul etmiş Nur İppe Tanaka olub.

thumb|left|Əbdürrəşid İbrahim.|200px 1909-cu ildə yaradılmış Asiya Konqresi (Ajia Gikai) təşkilatı Yaponiya islam fəaliyyətlərinə təkan verib. Yapon intelektuallar və Əbdürrəşid İbrahim tərəfindən yaradılmış təşkilatın məqsədi Yaponiyada müsəlman-asiyalı həmrəyliyini nümayiş etdirmək olub. Təşkilatın üzvləri Osmanlı dövlətindən Tokioda məscid tikintisi üçün maddi vəsait və müsəlmanlar üçün din mütəxəssisləri tələb etmişdilər. Misir, Tunis, Çin, Hindistan, Rusiyadan olan müsəlman alimlər tərəfindən qurulmuş Tokio İslam Çağırışı Assosiasiyası da Yaponiyada islamın təbliği ilə məşğul olub.

XX əsrin əvvəllərində Çində təhsil sisteminin yenilənməsindən sonra Yaponiyaya çinli tələbələrin axını güclənib. Bu çinli tələbələr arasında 36 nəfərlik çinli müsəlman qrup da olub. O dövrdə islam çinli millətçilər üçün antiimperializm simvolu hesab edilirdi. Çinli müsəlman tələbələr Tokioda Xaricdə Oxuyan Tələbələrin Təhsil Assosiasiyanı qurmuşdular. 1909-cu ildə bu təşkilat "Xing Hui Pian" ("Müsəlmanların oyanışı") adlı jurnal dərc etdirib. Jurnalın ərəbcə başlığı olan "İstiqaz əl-islam" başlığını verən misir Əhməd Fəzəli də bu jurnalla tanış olub. Fəzəli Əbdürrəşid İbrahimlə Vaseda Universitetində islam haqqında mühazirələr vermişdir. 1911-ci ildə Çində baş verən inqilabdan sonra təşkilatın tələbələri Çinə qayıdıblar.

1913–1939 1923-cü ildə islam lideri Məhəmməd Əbdül Qurbanəli müsəlman yoldaşları ilə birlikdə Başqırdıstandan Yaponiyaya miqrasiya edib. 1917-ci ildə Rusiyada baş verən çevrilişdən sonra Rusiya müsəlmanlarının çoxu Mancuriya, Koreya və Yaponiyaya köçürdü. Rusiyadan Yaponiyaya miqrasiya edən müsəlmanların sayının 600 olduğu təxmin edilir. Onların çoxu İkinci dünya müharibəsindən sonra Türkiyə vətəndaşlığı əldə ediblər. Ona görə həmin müsəlmanları türk müsəlmanlar da adlandırırlar. Qurbanəli yapon tərəfdaşlarının köməyi ilə 1938-ci ildə Tokioda bir məscidin və Tokionun Yoyoqi məhəlləsində islam mədrəsəsinin açılmasına nail olub. O, mədrəsənin başçısı olaraq islam haqqında kitablar nəşr edən nəşriyyat da açmışdı. Nəşriyyatın işləri arasında "Yabi Yapon Hohberi" adlı jurnal da var idi, lakin o, İkinci dünya müharibəsi zamanı 1945-ci ildə ruslar tərəfindən müharibə əsiri kimi Sibirə aparılıb və bir daha Yaponiyaya qayıtmasına icazə verilməyib. Tokio və Kobedə yerləşən iki məscid hələ də bu miqrant qrupdan gələn türk imamlar tərəfindən idarə olunur.

1936–38-ci illərdə Yaponiyadan ilk dəfə həcc ziyarətləri baş tutub və Mancuriyadan olan çinli müsəlmanlar da iştirak ediblər, lakin İkinci dünya müharibəsinin başlaması ilə bu həcc ziyarətlərində fasilə baş verib və bu fasilə 1958-ci ilə kimi davam edib.

1938-ci ildə Yaponiyada İslam Sferası İnstitutu təşkilatı yaradılıb və təşkilatın "Islamic Sphere" adlı jurnalı nəşr olunmağa başlayıb. Hökumət dəstəkli "Dai-Nikon Kaikyo Kyokai" təşkilatı da "Islamic World" adlı jurnal təsis edib. Daha sonra Yaponiya Xarici İşlər Nazirliyi "Islamic Affairs" adlı periodik nəşr buraxmağa başlayıb. Bu təşkilatların bu fəaliyyətləri İkinci dünya müharibəsinin sonuna kimi davam edib.

İkinci dünya müharibəsi və sonrası