Məhəmməd Maqomayev () — sovet teatr-kino rəssamı və karikaturaçısı. İkinci Dünya Müharibəsinin iştirakçısı.
Bəstəkar Müslüm Maqomayevin oğludur. Tanınmış opera və estrada müğənnisi Müslüm Maqomayevin atasıdır.
Həyatı
Məhəmməd Maqomayev 1916-cı ildə Bakıda, Xəqani küçəsi 19 nömrəli evdə anadan olmuşdur. Hazırda həmin ünvanda Azərbaycan Rəssamlar İttifaqı yerləşir. O, Azərbaycan klassik musiqisinin banilərindən biri, bəstəkar və dirijor Müslüm Maqomayev və Baydıgül Terequlova-Maqomayevanın ailəsində doğulmuşdur.
İncəsənət fəaliyyəti
Məhəmməd Maqomayev rəssam, şair ruhlu romantik insan olub. Royalda ifa etməyi və oxumağı bacarırdı. Teatr rəssamı kimi fəaliyyət göstərərək Bakı, Qroznı, Nalçik və Maykopda tamaşaların bədii tərtibatını hazırlamış, bir sıra filmlərin rəssamı olmuş, həmçinin animasiya filmləri yaratmışdır. 1935-ci ildə çəkilmiş "Abbasın bədbəxtliyi" adlı ilk Azərbaycan animasiya filminin quruluşçu rəssamlarından biri olmuşdur.
Maqomayev teatr tamaşası başa çatdıqdan və ya cizgi filmi nümayişə buraxıldıqdan sonra bütün eskizlərini məhv edirdi. Oğlu bunun səbəbini atasının "hər şey artıq baş tutubsa, heç bir eskizə və arxivə ehtiyac yoxdur" düşüncəsi ilə əlaqələndirmişdir.
Hərbi xidməti
1941-ci ildə Böyük Vətən müharibəsi başladıqdan sonra Məhəmməd Maqomayev könüllü olaraq cəbhəyə yollanmışdır. O, cəbhədən böyük qardaşı Cəmaləddinə mütəmadi olaraq məktublar yazırdı. Məktublarından birində müharibədən qayıda bilməyəcəyi təqdirdə oğlunun qayğısına qalmasını xahiş etmişdir. Müslüm Maqomayevin xatirələrinə görə, ailələrinin Mircəfər Bağırovla yaxın münasibətlərinə və Məhəmməd Maqomayevin cəbhəyə göndərilməməsi üçün möhlət ala bilməsinə baxmayaraq, Bağırov onun döyüşlərdə həlak ola biləcəyindən narahatlığını bildirmiş, Məhəmməd isə könüllü olaraq cəbhəyə yollanmışdır.
Məhəmməd Maqomayevin döyüş yolu Moldova, Polşa və Almaniya istiqamətlərində düşmənə ağır zərbələr vurulması ilə xarakterizə olunur. Arxiv sənədlərinə əsasən, Maqomayev müxtəlif döyüşlərdə şəxsən 45 düşmən əsgər və zabitini (o cümlədən 1 zabit) məhv etmişdir. Bura Moldova istiqamətində yaxın döyüşdə 6, sahilində 13, Oder çayı sahilində isə fərqli günlərdə 26 alman hərbçisi daxildir. O, cəbhə boyu keçirdiyi əməliyyatlarda ümumilikdə 21 düşmən əsgərini əsir götürmüşdür (Moldovada bir qrup döyüşçü ilə 18 nəfər, Oder sahilində isə şəxsən 3 nəfər). Maqomayevin kəşfiyyatçı və hədəf göstərici kimi fəaliyyəti nəticəsində divizion atəşi ilə düşmənin 6 pulemyot nöqtəsi, 1 minaatan batareyası, 1 artilleriya batareyası və 1 zenit qurğusu sıradan çıxarılmışdır. Bundan əlavə, o, əlbəyaxa döyüşlərdə və qumbalarla şəxsən 3 pulemyot nöqtəsini və onun heyətini məhv etmiş, 2 əl pulemyotunu isə qənimət götürmüşdür. O, həm Polşada Pilitsa çayı üzərindəki plasdarmın saxlanılması (6 əks-hücum), həm də Almaniyada Oder sahili və Selin məntəqəsi uğrunda döyüşlərdə (ümumilikdə 10-dan çox əks-hücum) piyada bölmələrinin tərkibində düşmən həmlələrinin qarşısının alınmasında həlledici rol oynamışdır. Onun sonuncu şücaəti 1945-ci il aprelin 24-də, Berlinin Treptov rayonunda Şpree çayını keçərkən qeydə alınmış, düşmən pulemyotunu izli güllələrlə nişan verərək qəhrəmancasına, öz canı bahasına onun məhv edilməsini və piyadaların irəliləməsini təmin etmişdir.
Dəfni
Maqomet Maqomayev əvvəlcə Polşada, qəsəbəsi yaxınlığında digər sovet hərbçiləri ilə birlikdə dəfn edilmişdi. Müharibədən sonra müxtəlif ərazilərdəki ayrı-ayrı hərbi məzarların eksqumasiyası həyata keçirilmiş və 1952-ci ildə Məhəmməd Maqomayevin də daxil olduğu bu məzarların qalıqları şəhərindəki sovet hərbçilərinin qardaşlıq məzarlığında yenidən dəfn edilmişdir.
Müslüm Maqomayev atasının məzarını uzun müddət axtarmış və nəhayət, 22 aprel 1972-ci ildə, atasının ölümündən 27 il sonra Xoynaya gedərək onun dəfn olunduğu qardaşlıq məzarlığını ziyarət etmişdir.
Ailəsi
Sonralar Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və sənaye naziri vəzifələrində çalışacaq Cəmaləddin Maqomayevin kiçik qardaşı idi.
Gələcək həyat yoldaşı, aktrisa Ayşət Əhmədovna ilə Məhəmməd Maykopda tanış olmuşdur. Ayşət burada dram teatrında aktrisa kimi fəaliyyət göstərir, Maqomayev isə tamaşanın bədii tərtibatını hazırlayırdı. Cütlük daha sonra Bakıya köçərək evlənmişdir. Bu nikahdan sonralar tanınmış opera və estrada müğənnisi olmuş Müslüm Maqomayev dünyaya gəlmişdir.
Məhəmməd Maqomayevin dayıları Əli və Hənəfi Terequlov dövrünün tanınmış opera müğənniləri, xalaları Məleykə Terequlova Azərbaycanın tanınmış bəstəkarı Üzeyir Hacıbəyovun, Əminə Terequlova isə Pənah Qasımovun həyat yoldaşı idi.
Təltifləri
"Qırmızı Bayraq" ordeni; 1-ci dərəcəli "Vətən Müharibəsi" ordeni; 2-ci dərəcəli "Vətən Müharibəsi" ordeni; "Qırmızı Ulduz" ordeni
Xatirəsi
1972-ci il avqustun 17-də, Müslüm Maqomayevin otuzuncu doğum günü münasibətilə dostu Robert Rojdestvenski ona "Ata və oğul" adlı şeir hədiyyə etmişdir. Sonralar bəstəkar Mark Fradkin şeirə musiqi bəstələmişdir. Müslüm Maqomayev şəxsi xarakter daşıdığı və ifa etməyin onun üçün ağır olduğu üçün əsəri səhnədə ifa etməmişdir. Atasına həsr etdiyi digər mahnını isə dostu, mühəndis və inşaatçı Gennadi Kozlovskinin şeiri əsasında hazırlamışdır. Əvvəlcə "Yad torpaq üzərində" adlandırılan mahnı sonradan "Son akkord" adı ilə "Oxuyur Müslüm Maqomayev" filmində səsləndirilmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Maqomayevlər Kateqoriya:Film rəssamları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsində həlak olanlar Kateqoriya:Berlində vəfat edənlər Kateqoriya:Polşada dəfn olunanlar Kateqoriya:Qərbi Pomeraniya voevodluğunda dəfn olunanlar Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:Azərbaycan teatr rəssamları