— Seyci Kişinin rejissorluğu ilə "P.A. Works" və "Aniplex" tərəfindən istehsal olunmuş, 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar və hər ikisi "Kanon", "Air" və "Clannad" vizual romanlarının istehsalında iştirak etmişdilər. Anime serialı Yaponiyada 2010-cu ilin 3 aprelindən 26 iyununa kimi yayımlanmışdır. Birinci OVA seriyası 2010-cu ilin dekabrında, ikinci OVA seriyası 2015-ci ilin iyununda buraxılmışdır. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində olan personaj öldükdən sonra yaddaşını itirən Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyasındakı bir məktəbə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri onu Axirət Dünyası Cəbhəsi adlı təşkilata qoşulmağa dəvət edir. Yurinin başçılıq etdiyi bu təşkilatın əsas məqsədi məktəb şurasının prezidenti və fövqəltəbii güclərə malik Mələyə qarşı döyüşməkdir.
"Key" şirkəti "ASCII Media Works" nəşriyyatının "Dengeki G's Magazine" jurnalı ilə əməkdaşlıq edərək layihəni mediafranşizə çevirmişdir. "Dengeki G's Magazine" və "Dengeki G's Comic" jurnallarında 4 manqa adaptasiyası nəşr olunmuşdur: ikisi Haruka Komovatanın, ikisi Yuriko Asaminin rəssamlığı ilə. Maeda və GotoP tərəfindən hazırlanmış qısa hekayələr seriyası "Dengeki G's Magazine" jurnalında 2009-cu ilin noyabrından 2010-cu ilin mayına kimi serializasiya olunmuşdur. Animeni tanıtmaq üçün iki internet-radio verilişi yayımlanmışdır. "Key" tərəfindən Windows platforması üçün istehsal olunmuş vizual roman 26 iyun 2015-ci ildə buraxılmışdır.
"Angel Beats!" ümumilikdə tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Bir rəydə musiqi performansları, yumor və döyüş kimi individual elementlərin bir-birini tamamlaması təriflənmiş, lakin digər bir rəydə hekayənin müxtəlif elementlərlə həddən artıq "yüklənməsi" tənqid olunmuşdur. "P.A. Works" döyüş səhnələrinin animasiyasına və istifadə olunan silahların ətraflı təsvir edilməsinə görə təriflənmişdir. Tənqidçilərə görə anime serialının ən mənfi cəhəti çox qısa olmasıdır, çünki bir çox personajın keçmiş ilə bağlı hekayəsi açıqlanmamış qalmışdır. Anime serialı 2010-cu ildə baş tutmuş 14-cü Yaponiya Media Sənəti Festivalında jürilər tərəfindən "tövsiyə olunan iş" seçilmişdir.
Məzmun "Angel Beats!"də hadisələr rolunda çıxış edən məktəbdə baş verir. Bu məktəbə düşən şagirdlər əvvəlki həyatlarında arzularına və məqsədlərinə çata bilməyən şagirdlərdir və burada onlara arzularına çatmağı öyrədirlər. Arzusuna çatanlar bu dünyadan yox olur və real həyatda yenidən doğulurlar. Bu dünyada kimsə yaralandıqda ağrı hiss edə bilər, lakin ölə bilməz. Hadisələrin əsas diqqət mərkəzində öldükdən sonra yaddaşını itirən Otonaşi adlı oğlandır. Otonaşi bu dünyaya gələr-gəlməz Yuri adlı qızla rastlaşır. Yuri onu adlı təşkilata qoşulmağa dəvət edir. Bu təşkilatın üzvləri həyatda yaşadıqları çətinliklərin səbəbkarı kimi tanrını günahlandıranlardır və təşkilatın əsas məqsədi tanrıya qarşı döyüşməkdir. Yuri isə bu təşkilatın başçısıdır. Dörd qızdan ibarət Dead Girl Monster musiqi qrupu SSS-in əməliyyatları zamanı diqqət yayındırmaq rolunu oynayır, Gildiya isə SSS-i silahlarla təmin edir. SSS-in yeganə düşməni təşkilata qarşı döyüşmək üçün fövqəltəbii güclərdən istifadə edən Mələkdir. Mələk öz güclərini "Angel Player" adlı kompüter proqramının köməyi ilə yaradır. SSS-ə üzv olmayanlar, yəni məktəbin qalan şagirdləri və müəllimləri "normal" hesab olunurlar və Yuri onları "NPC-lər" (; ) adlandırır.
Arzusuna çatıb yox olan ilk SSS üzvü Dead Girl Monster musiqi qrupunun vokalisti Masami İvasava olur. Əsl adı Kanade Taçibana olan Mələk məktəb şurası prezidenti statusunu itirir və onu Ayato Naoy əvəz edir. Naoy hipnoz qabiliyyətindən istifadə edərək NPC-ləri SSS-ə qarşı döyüşməyə məcbur edir, amma Otonaşi Naoyu dayandıra bilir və Naoy sonda SSS-ə qatılır. Naoyun hipnoz qabiliyyətinin köməyi ilə Otonaşi ölümündən əvvəlki yaşadıqlarını xatırlayır, amma təşkilatda qalmaq qərarına gəlir. Otonaşi Kanade ilə dostlaşır və onu SSS-in fəaliyyətində iştirak etməyə dəvət edir. O, əvvəlki həyatında yaşadıqlarını tamamilə xatırladıqdan sonra Kanade ilə əməkdaşlıq edərək digər SSS üzvlərinə arzularına çatmağa kömək etməyə başlayır. Kanade planları üzrə məktəb şurası prezidenti vəzifəsinə qayıdır. Dead Girl Monster qrupunda İvasavanın yerini dolduran Yui arzusuna çatıb bu dünyadan gedən ikinci şəxs olur.
Sirli kölgə bədheybətləri SSS-ə hücum etməyə başlayanda Takamatsu bədheybətlərin biri tərəfindən "yeyilir" və NPC-yə çevrilir. Otonaşi digər SSS üzvləri ilə bu hadisə haqqında müzakirə aparır. Sonda SSS üzvləri, eləcə də, Dead Girl Monster qrupunun üzvləri və Gildiyanın lideri Çaa NPC-yə çevrilmək əvəzinə bu dünyadan yox olmaq qərarına gəlirlər. Yuri kölgə bədheybətlərin səbəbkarı olan, bu dünyada sevgi qeydə alınanda dünyanın əsl cənnətə çevrilməsinin qarşısını almaq və bu dünyanı limb vəziyyətində saxlamaq üçün aktivləşən kompüterləri tapıb məhv edir. Bu dünyanı hələ tərk etməyən son şəxslər — Otonaşi, Yuri, Kanade, Hinata və Naoy özləri üçün məzuniyyət tədbiri təşkil edirlər və bir-birilərinə təşəkkürlərini bildirirlər. Naoy, Yuri və Hinata da dünyanı tərk edirlər. Ən sonda Otonaşi Kanadedən öyrənir ki, o öldükdən sonra ürəyi Kanadeyə verilibmiş və Kanadenin ən böyük peşmançılığı buna görə Otonaşiyə təşəkkür edə bilməmək imiş. Kanade ona təşəkkür etdikdən və bu dünyanı tərk etdikdən sonra Otonaşinin qəlbi sınır. Epiloqda Otonaşi və Kanadeni xatırladan iki nəfərin real həyatda küçədə bir-biriləri ilə rastlaşdıqları göstərilir. Alternativ bir epiloqda isə Otonaşi axirət dünyasını tərk etməyib bura gələn insanlara bu dünyanı tərk etməyə kömək edir.
Personajlar
Əsas
Otonaşi anime serialının baş qəhrəmanıdır. Keçmişində baş verən hadisələrə görə Otonaşi ətrafındakılara böyük dəyər verir, heç kimin acı çəkməsi istəmir. Otonaşi öldükdən sonra yaddaşını itirir, lakin axirət dünyasında yaddaşını geri qazanır. Otonaşinin adlı bacısı var idi. Bacısı xərçəngdən ölmüşdür, lakin Otonaşi onun qayğısına çox qalırdı. Bacısı öldükdən sonra Otonaşi həkim olmağa qərar vermiş, kollecə daxil olmaq üçün imtahan verməyə gedərkən bir qatar qəzasında ölmüşdür. Başlanğıcda Otonaşi heç bir silahdan istifadə edə bilmir, lakin daha sonra yavaş-yavaş atıcılıq sənətinə yiyələnir. Əsasən Glock 17-dən istifadə edir.
Yuri və ya əzmkar şəxsiyyətə malikdir, lakin əslində ürəyi nazik və himayedici qızdır. O, Otonaşini başçılıq etdiyi və tanrıya qarşı döyüşmək üçün nəzərdə tutulmuş SSS təşkilatına cəlb edir. Əməliyyatlar keçirərkən və qərarlar verərkən ağıllı və inandırıcı görüntü verir. Əsasən gümüş Beretta 92 daşıyır. Sadəcə isti silahlarla yaxşı davranmır, yaxın döyüşdə də ustadır. Bunu bir dəfə Mələklə döyüş bıçağı ilə döyüşərkən Mələyin "əl soniki" hücumunun qarşısını alarkən nümayiş etdirir. Real həyatda evinə soxulub qiymətli şeylər axtaran oğrular tərəfindən 3 bacı-qardaşı öldürülükdən sonra axirət dünyasında tanrıya qarşı döyüşəcəyinə and içmişdir. Yuri bacı-qardaşlarının ölümlərinin qarşısını ala bilmədiyinə görə heç vaxt özünü bağışlamır. Yuri effektiv liderdir, amma özü belə düşünmür. Hekayənin gedişatında Kanade ilə döyüşdüyünə peşman olur, çünki onunla dost ola biləcəyini düşünür. Məzuniyyətdən sonra axirət dünyasını tərk edir.
Mələk axirət dünyasında məktəb şurasının prezidentidir. SSS tez-tez Mələklə döyüşür, çünki Mələk SSS təşkilatının qanun pozuntularını və digər dizruptiv fəaliyyətlərinin qarşısını almağa çalışır. SSS onun adını bilmədiyindən onu "Mələk" deyə çağırır, lakin adının Kanade Taçibana olduğu məlum olduqdan sonra belə ona "Mələk" deyə xitab edirlər. Onun nə düşündüyünü başa düşmək çətindir, çünki qeyri-emosionaldır və açıq danışır. Kanade şəxsən bura gələn şagirdlərin arzularına çatmasına kömək etməyə çalışır. Lakin SSS-ə nə etməyə çalışdığını başa salmaq haqqında heç fikirləşmir. Ədviyyatlı xörək növü olan Mapo tofu yeməyi sevir.
Kanade xoşxasiyyət və şirin görünsə də, inanılmaz dərəcədə güclüdür, o qədər möhkəmdir ki, hətta döyüş zamanı yaralarından gülləri çıxar bilir. "Angel Player" adlı kompüter proqramının köməyi ilə özü üçün "qoruma bacarıqları" adlı xüsusi güclər yaradır. Əsas qabiliyyəti "əl soniki" — 5 formada olan, bir və ya iki əlində çıxan bıçaqdır. Bundan başqa güclərə də malikdir: "əymə" — güllərin və mərmilərin qarşısını alan bariyer, "ləngitmə" — başı qarışmış rəqiblər üçün qalıq təsvir yaratma və "harmoniklər" — şüura malik klon. Kanade bu gücləri öz iradəsi ilə aktivləşdirir, amma ona xüsusi fiziki güc verən "yormaq" bacarığı həmişə aktivdir.
Hideki "Angel Beats! Heaven's Door" manqasının əsas personajıdır. Hideki parlaq zəkalı, sədaqətli oğlandır, Otonaşinin axirət dünyasında ən yaxın olduğu şəxsdir. Komanda yoldaşlarına həmişə kömək etməyə çalışır, komandanın sadiq üzvüdür. O və Yui hər gün bir-biriləri ilə "didişirlər", amma əslində Hideki Yuini çox sevir. Yui axirət dünyasını tərk edəndə Hideki real həyatda onunla evlənəcəyinə söz verir. Hideki yaxşı beyzbol oynaya bilir, amma real həyatda ən böyük peşmançılığı komandası üçün çox əhəmiyyətli oyunda beyzbol topunu tuta bilməməsi olub. SSS qurulanda Yuriyə Yurippe ləqəbini o verib, çünki anasının adı da Yuri olduğundan Yuri adından istifadə etmək xoşuna gəlməyib. "Heaven's Door" manqasında Yuriyə qarşı sevgi hislərini nümayiş etdirir. Real həyatda ölüm səbəbi bir avtomobilin onu vurması olub. Əsasən RPK-74 və S&W 645 istifadə edir.
Yan thumb|400px|right|"Angel Beats!"-in personajları (soldan sağa): İrie, Sekine, Takamatsu, Matsuşita, TK, Naoy, Otonaşi, Yuri, Mələk (Kanade), Noda, Hinata, Yui, Oyama, Fucimaki, İvasava, Hisako, Takeyama, Şiina və Yusa.
SSS ilk növbədə Naoyun NPC olduğunu düşünürdü. Öldükdən sonra Naoy hipnoz qabiliyyətini inkişaf etdirmiş və digərlərini kontrol etmək bacarığına malik olmuşdur. Real həyatda Naoyun atası məşhur dulusçu idi. Lakin onun əkiz qardaşı dulusçuluqda daha bacarıqlı olduğundan Naoy heç kimə lazım olmamışdır. Əkiz qardaşı öldükdən sonra onun yerinə keçmiş və atası ona ciddi dulusçuluq dərsləri verməyə başlamışdır. Buna görə də Naoy həyatının saxta olduğu qənaətinə gəlmişdir. Otonaşi ilə dostlaşdıqdan sonra Otonaşi onun həyatının saxta olmadığını deyir və Naoy SSS-ə qatılır. Naoy məktəb şurasının prezidentidir, özünü tanrı adlandırır, ciddi və özünübəyənəndir. Lakin Otonaşiyə qarşı mehribandır və həmişə onun rəğbətini qazanmağa çalışır. İstifadə etdiyi sialh dual USP 45-dir.
Takamatsu məktəbin ədəbli fəxri şagirdidir və eynək taxır. Daha çox komandanı informasiya ilə təmin etməklə məşğuldur, aktiv döyüşlərə girməkdən çəkinir. Yurinin sözlərinə görə eynəklərinə aldanmaq olmaz, əslində o, axmaqdır. Əməliyyatların birində Takamatsunun çox məşq etdiyi və yaxşı bədən yığdığı məlum olur. Bundan sonra çox vaxt köynəksiz gəzməyə başlayır, bu isə ətrafındakıların narahatlığına səbəb olur. Takamatsu kölgə bədheybətlərin biri tərəfindən "yeyilir" və NPC-yə çevrilir. Buna baxmayaraq daxilindəki güclü hislərə görə (Yurinin fikrincə) özünə qayıdır və komandasına qatılır. Əsas silahı Desert Eagle-dir, lakin Sig 552 də daşıyır.
Noda özünə arxayın gənc oğlandır, SSS-in əməliyyatlarında aktiv iştirak edir, əlində həmişə alebarda gəzdirir. Noda Yuriyə qulaq asdığı qədər heç kimə qulaq asmır. O, Yuriyə məftundur və hər kəslə qərəzi var. Otonaşi ilə onun arasında birtərəfli rəqabət var. Noda tamamilə axmaqdır, ən zəif yeri təhsildir. Hətta bir səhnədə Takeyama ona pi ədədini əzbər deməklə onun başının ağrısına səbəb olmuşdu. Yurinin yolunda dayanan şəxsləri öldürmək və döyməkdən çəkinmir. Çox vaxt alebardadan istifadə etsə də, bəzən isti silahdan istifadə etməyə məcbur olur. Halbuki Noda isti silahlardan istifadə etməyi sevmir.