Əli İmran oğlu Kazımov () — General-mayor, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı.
Həyatı Əli Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Nürgüt kəndində anadan olub.
Təhsili 1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızıbayraqlı Xəzər Ali Hərbi–Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis–şturman" ixtisasına yiyələnib.
Hərbi fəaliyyəti Əli Kazımov 1978–1989-cu illərdə Şimal Donanmasında xidmət edərək mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifəsinin icraçısı olmuşdur.
1989–1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakültəsində ali hərbi təhsil alan zabit Əli Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıtmış və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabr ayınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat–səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir.
1993-cü ilin dekabr ayından 1994-cü ilin sentyabr ayınadək cəbhə bölgəsində "N" nömrəli briqada komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir.
1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində "İqtisadiyyat və qoşun təsərrüfatı", "Qoşunların arxa cəbhəsi" kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat–Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat–Səfərbərlik İdarəsinin rəisi–Baş Qərargah rəisinin müavini vəzifəsini icra etmişdir.
Sonralar Müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general–mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılmışdır.
Təltif və mükafatları Azərbaycan Respublikası Müdafiə nazirinin 25 fevral 1996-cı il tarixli əmri ilə Əli Kazımova "1-ci dərəcəli kapitan" və Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli əmri ilə "general-mayor" ali hərbi rütbəsi verilmişdir. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 10 döyüş medalı ilə təltif olunub və müxtəlif mükafatlara layiq görülüb.
Ölümü Uzun sürən xəstəlikdən sonra istefada olan general–mayor Əli İmran oğlu Kazımov 2016-cı il oktyabr ayının 26-da ömrünün 60-cı ilində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Xəstəliklərdən vəfat edənlər