Söz bağçası və ya Yaponiyada tanınan adı ilə — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır.

Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir. Yukino Takaoya adı da daxil olmaqla özü barədə heç nə demir, lakin Takao onun üçün ayaqqabı hazırlamaq istədiyini bildirir. Tezliklə Takao Yukinonun əsl şəxsiyyətini və şəxsi problemlərini öyrənir, ikili arasında emosional münasibətlər yaşanır. Şinkay hekayəni "tənha kədər nağılı" kimi yazdığını bildirmiş, yapon dilindəki ənənəvi "sevgi" sözünün mənasından ilhamlanmış və ayaqqabıdan həyat üçün metafor kimi istifadə etmişdir. Əsas mövzunu yağış, Manyoşuu poeziyası və yapon bağçası təşkil edir. Şinkaya görə əsas personajlar arasındakı yaş və şəxsiyyət fərqləri hətta yetkinlərin belə özlərini yeniyetmə kimi hiss edə biləcəklərini göstərir.

"Söz bağçası" filminin premyerası 28 aprel 2013-cü ildə Avstraliyada keçirilmiş Qızıl Sahil Film Festivalında baş tutmuşdur. 31 may 2013-cü ildə Yaponiya premyerası baş tutmuşdur. Azərbaycanda isə 19 fevral 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş etdirilmişdir. Yaponiya premyerası zamanı Şinkayın rejissoru olduğu adlı qısametrajlı anime filmi ilə birlikdə ekranlaşdırılmışdır. Yaponiya premyerasının baş tutduğu gün film iTunes üçün buraxılmışdır. DVD və Blu-ray buraxılışlarının buraxıldığı 21 iyun 2016-cı il tarixində film hələ kinoteatrlarda nümayiş etdirilirdi. Film Şimali Amerikada Sentai Filmworks, Böyük Britaniyada Anime Limited, Avstraliya və Yeni Zelandiyada isə Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. Bir çox yerli və beynəlxalq film tədbirlərində nümayiş etdirilmişdir. Film 2013-cü ildə iTunes-da ilin ən yaxşı animasiyası seçilmişdir. 2013-cü ildə Animation Kobe Bədii Film Mükafatına layiq görülmüş, Fantaziya Beynəlxalq Film Festivalında və Ştutqart Animasiya Filmi Festivalında mükafatlar qazanmışdır. Filmin çizimləri ümumilikdə müsbət rəylər almış, lakin hekayənin uzunluğu, məzmunu və emosional klimaksı ilə bağlı müxtəlif fikirlər səsləndirilmişdir.

Məzmun "Söz bağçası" dram və romantika janrındadır. Hadisələr yağış mövsümündə Tokioda Takao Akizuki adlı 15 yaşlı gənc oğlanın və ayaqqabı dizaynerinin bir səhər məktəbə getməyərək Şincuku Qyoen parkında ayaqqabı eksizləri çəkməyə qərar verməsi ilə başlayır. Takao parkda işinə getməyərək şokolad yeyən və pivə içən Yukari Yukino adlı 27 yaşlı qadınla rastlaşır. Uniformasındakı məktəb gerbini görən Yukino vidalaşanda ona tanka (Yaponiya poeziyasında janr) deyir və Takaonun ağlında Yukinonun ona dediyi bu tapmaca hərlənməyə başlayır. Takao və Yukino hər yağışlı səhərdə parkda görüşməyə davam edirlər, lakin hələ də bir-birilərini tanıtmırlar. Yukino Takaonun ayaqqabı dizaynerliyi ilə maraqlandığını bildirdikdən sonra Takao onun üçün ayaqqabı dizayn etmək istədiyini ifadə edir. Yağış mövsümünün sonunda Takao parka gəlməyi dayandırır və bütün diqqətini işinə yönəldir.

Yay tətilindən sonra Takao məktəbə qayıdır və Yukino ilə qarşılaşır. Takao dostundan öyrənir ki, Yukino ədəbiyyat müəllimidir və dedi-qoduların hədəfi olub. Məlum olur ki, əlavə mübahisələrdən yayınmaq istəyən Yukino işdən yayınaraq parka gəlməyə qərar veribmiş və beləliklə qorxularının öhdəsindən gələrək yenidən "gəzə" biləcəyini düşünübmüş. Günortadan sonra Takao Yukino ilə qarşılaşır və onun tankasına cavab olaraq Manyoşuu Yaponiya poeziyası kolleksiyasından 2514-cü şeiri əzbərdən deyir. Qəfildən şiddətli yağış başlayır və onlar Yukinonun mənzilinə gedib günortanı orada keçirirlər. Günorta yeməyindən sonra Takao Yukinoya onu sevdiyini etiraf edir, lakin Yukino müəllimə olduğunu və tezliklə Şikokuya köçəcəyini bildirir. Takao qəflətən sağollaşıb mənzildən ayrıldıqdan sonra Yukino səhvini başa düşür və dalınca qaçaraq onu pilləkən qəfəsində tapır. Hələ də qanı qara olan Takao əsəbi şəkildə ondan nifrət etdiyini bildirir və adamayovuşmaz olduğuna görə onu sərt tənqid edir. Yukino onu qucalayaraq ağlamağa başlayır və parkda keçirdikləri vaxt zamanı onu xilas edən şəxsin o olduğunu deyir.

Əlavə səhnələrdə Takaonun imtahanları güclə də olsa keçdiyi və məqsədlərinə çatmaq üçün işlədiyi göstərilir. Yukino isə Şikokuya köçür və müəllimliyə davam edir. Post-kredits səhnəsində Takao qışda parkı yenidən ziyarət edir, Yukinonun məktubunu oxuyur, tamamladığı ayaqqabıları skamyanın üzərinə qoyur və karyerasında uğur əldə etdikdən sonra onu tapacağına and içir.

Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyasında hekayəyə əlavələr edilmişdir. Məsələn, yağış mövsümünün başa çatmasından sonra yağışlı bir yay günündə Yukino Takaonu yenidən görmək ümidi ilə yenidən parka gəlir, lakin Takao daxil olmaq istədiyi ayaqqabı kollecinə baş çəkməyə getdiyindən gələ bilmir. Bundan əlavə, hekayənin sonunda Yukinonun Takaonun onun üçün hazırladığı ayaqqabıları geyindiyi təsvir olunur.

Personajlar

Takao Akizuki ayaqqabı dizayneri olmaq üçün gərgin çalışan 15 yaşlı gənc lisey tələbəsidir. Yağışlı səhərlərdə məktəbə getmir və parkda ayaqqabı dizayn etməklə məşğul olur. Miyu İrino tərəfindən səsləndirilmişdir. Uşaqlıq səhnəsində isə Vataru Sekine tərəfindən səsləndirilmişdir.

Yukari Yukino müəmmalı 27 yaşlı qadındır. Takao hər yağışlı səhərdə onunla qarşılaşır. Daha sonra Takao öyrənir ki, Yukino onun liseyində müəllimədir və müxtəlif dedi-qoduların hədəfi olub. Kana Hanazava tərəfindən səsləndirilmişdir. Makoto Şinkayın "Sənin adın" adlı başqa bir anime filmində də görünmüşdür.

Takaonun anası Takaonun 47 yaşlı anasıdır və həyat yoldaşından boşanıb. Ailəsindən çox şəxsi həyatına önəm verir. Fumi Hirano tərəfindən səsləndirilmişdir.

Takaonun qardaşı Takaonun 26 yaşlı qardaşıdır. Evi tərk edərək sevgilisi ilə yaşamağa başlayır Takeşi Maeda tərəfindən səsləndirilmişdir.

Qardaşının sevgilisi Takaonun qardaşının 24 yaşlı sevgilisidir. Takao ilə dostdur və ayaqqabı dizaynerliyi ilə maraqlanır. Yuka Terasaki tərəfindən səsləndirilmişdir.

Takaonun sinif yoldaşı və dostu, eləcə də Satonun sevgilisidir. Suquru İnoe tərəfindən səsləndirilmişdir.

Takao ilə birlikdə eyni liseyə gedir və Takaonun dostudur. Mequmi Han tərəfindən səsləndirilmişdir.

Həmişə dostlarının əhatəsində olan və Takao ilə eyni liseydə oxuyan qızdır. Yukinonun liseydəki problemləri onunla əlaqədardır. Mikako Komatsu tərəfindən səsləndirilmişdir.

İstehsal

"Söz bağçası" filmi Makoto Şinkayın rejissorluğu ilə çəkilmişdir. Orijinal hekayə və ssenari Şinkay tərəfindən yazılmışdır. Animasiya kompazisiyası, açar animasiya və montajdan da o məsul olmuşdur. Şinkayın dediyinə görə filmdə bu qədər roldan məsul olmasının əsas səbəbləri şirkətin kiçik olması və filmdə öz ideyalarını daha dəqiq təsvir etməsinə icazə verilməsidir.

Anime filmi Shinkai Creative, CoMix Wave Films tərəfindən istehsal olunmuş və prodüseri Noritaka Kavaquçi olmuşdur. Keniçi Tsuçiya animasiya rejissoru və personaj dizayneri, Hiroşi Takiquçi isə art-direktor olmuşdur. Filmin çəkilişlərinə hazırlıqlar 2012-ci ilin yazında başlamış və həmin ilin 24 dekabrında film anons edilmişdir. Yaponiya buraxılışı üçün təyin olunan ilk tarix 2013-cü ilin ilk yarısı idi. İstehsal prosesi Şinkayın Şincuku ətrafında məkan axtarması ilə başlamış və cəmi 6 ay çəkmişdir. İstehsal rəsmi şəkildə Şinkayın çəkdiyi şəkillər əsasında şəkilli eskizlər hazırlaması ilə başlamışdır.

2013-cü ilin əvvəllərində Şinkaya materialı manqaya adaptasiya etmək təklifi edilmişdir. Manqa adaptasiyanın rəssamı Midori Motohaşi təyin olunmuşdur. Aprel ayında Şinkay açıqlamışdır ki, manqa adaptasiyasının istehsalında heç bir rol oynamamış, işi tamamilə manqakanın öhdəsinə buraxmışdır. Lakin tamamlanmış işlə maraqlandığını ifadə etmişdir.

İlham mənbəyi, mövzular və bənzətmələr Şinkaya görə "Söz bağçası" filmi onun ilk "sevgi" sözünün yapon dilindəki ənənəvi mənasından istifadə edərək sevgi hekayəsi yaratmaq cəhdi idi. Hazırda adı ilə tanınan milli yapon sözləri Manyoşuu dövründə kanci ilə yazılmağa başlamışdır və "sevgi" mənasını verən koy sözü (hazırda 恋 kimi yazılır) 孤悲 ("tənha kədər") şəklində yazılırdı. Şinkayın qeyd etdiyi kimi "romantika" sözünün daha müasir forması olan Qərb mədəniyyətinin təsiri ilə yaranmışdı. "Söz bağçası" koy sözünün orijinal mənasını ("bir nəfəri tənhalıqda gözləmək") müasir şəkildə açıqlayır. Şinkaya görə tənhalıq filmin mərkəzi elementidir. Bir müsahibədə Şinkay qeyd etmişdi ki, filmi özünü tənha hiss edən və ya sosial problemləri olan insanları cəsarətləndirmək üçün yaratmışdır. Lakin o bunu da bildirmişdir ki, film tənhalığı mütləq düzəldilməli bir şey kimi dəyərləndirmir.

thumb|left|Zəmin üçün çəkilmiş şəkil (aşağıda) və animedən səhnə (yuxarıda). Tənhalığın filmin əsas mövzusu olmasına baxmayaraq, ayaqqabıdan və yağışdan, eləcə də, Manyoşuu poeziyası və yapon bağçasından mövzu kimi istifadə edilmişdir. Yağışın adətən kədər və qəmginlik ünsürü kimi hesab edilməsinə baxmayaraq, "Söz bağçası"nda yağış dünyanı canlandırır və əsas personajları həyatın reallıqlarından və cəmiyyətin təyin etdiyi məhdudiyyətlərdən qoruyur. Şinkay qeyd etmişdir ki, sevgi ilə yağış arasındakı paralellik nə idarə edilə, nə də dayandırıla bilər.

Şinkaya görə ayaqqabı Yukinonun yenidən "gəzməyi" öyrənmək istədiyi həyatı təmsil edir. Takaonun ayaqqabı dizaynerliyi isə onlar arasındakı münasibəti simvolizə edir. Eyni şəkildə, Yukino stresdə olarkən istifadə etdiyi əsas qidalar – şokolad və pivə onun emosional sağlamlığı üçün metafor təşkil edir.

Şinkayın bir çox filmləri səhv anlaşılmalar və qarşılıqsız sevgi üzündən kədərli sonluqla bitir. Şinkaya görə yazdığı hekayələrdə əsas məqsəd müxtəlif problemlərlə qarşılaşan yeniyetmələri cəsarətləndirməkdir. Bir müsahibədə Şinkay etiraf etmişdir ki, o artıq qadınlar tərəfindən rədd edilməyə öyrəşib və hiss etmişdir ki, hekayələri cəsarətləndiricidir, çünki hekayələrin personajları sevgidə uğursuz olsalar da, cəhd etməyə davam edirlər. "Söz bağçası"nda göstərilir ki, əslində insanlar bizim düşündüyümüz kimi xətti və düzgün şəkildə dolğunlaşmırlar. Şinkay "Biz hamımız 27 yaşlı uşağıq" deməklə Yukinonun 27 yaşında olmasına baxmayaraq, özünü kamil və yetkin hiss etmədiyini demək istəmişdir. Yukinonun seyyusu Kana Hanazava da Şinkayın bu fikri ilə razılaşmışdır.

"Söz bağçası" filminin ərsəyə gəlməsinin arxasında duran əsas ideya Şinkayın müasir Tokionun gözəlliyini çəkmək və filmdə göstərmək arzusu idi. On il Şincukuda yaşamış rejissor bu yeri film üçün əsas məkan seçmiş və minlərlə şəkil çəkərək şəkilli eskizlərini yaratmışdır. Yaponiyadakı ən sevdiyi məkanların dincliyini və harmoniyasını insanlarla bölüşərək onları bu yerləri ziyarət etməyə cəsarətləndirmək istəyən Şinkay Tokiodakı Şincuku Qyoen Milli Bağını filmdə göstərmək qərarına gəlmişdir. 2011-ci ilin martında baş vermiş zəlzələdən sonra Şinkay bağın məhv olmasından narahat olmuş və onu anime filmində "qorumaq" istəmişdir.

Animasiya thumb|right|İstehsal prosesi zamanı işığın dəri üzərində refraksiyanı təqlid etmək üçün roman rəngləndirmə metodundan istifadə olunmuşdur.|300px