Tofiq Xanlar oğlu Babanlı () — Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Prezident fərdi təqaüdçüsü (2002), Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi olaraq fəaliyyət göstərmişdir.

Həyatı və karyerası Tofiq Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. Onun atası Xanlar Babanlı istedadlı artist və 1941–1944-cü illərdə fəaliyyət göstərmiş igid partizan olmuşdur, lakin müharibədə xəyanət nəticəsində həlak olduğundan Azərbaycana dönə bilməmişdir, anası Böyük Xanım Babanlı ixtisasca həkim, əslən Bakı zadəganları nəslindən olmuş, lakin Çar Rusiyası dövründən başlayan siyasətin davamı olaraq Sovet hakimiyyəti illərində digər zadəgan ailələri kimi Tofiq Babanlının anasının da ailəsi öz xüsusi statuslarını itirmişdilər.

Tofiq Babanlı Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim olaraq çalışmağa başladı.

Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatcısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.

1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda pedoqoji fəaliyyətə başlayıb. 30-a yaxın elmi-metodiki əsərin, tədris vəsaitinin müəllifidir. 1999-cu ildə dosent elmi adına layiq görülüb.

1952–1962-ci illərdə boks idman növü ilə fəal məşğul olub. Dəfələrlə Azərbaycan çempionu, SSRİ həmkarlar ittifaqı mərkəzi Şurasının Spartakiadasında gümüş, SSRİ tələbələri Universiadasının qızıl medalını qazanmışdı. Bir neçə beynəlxalq yarışın qalibi olub. Nailiyyətlərinə görə SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Ümumittifaq dərəcəli hakim (1980), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi (1997), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006) adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.

1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2019-cu ildə ilin ən yaxşı idmançıları siyahısında ilin ən fəal veteranı adına layiq görülüb.

Dörd oğlu, altı nəvəsi var.

Ölümü Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı 2022-ci il yanvarın 10-da ömrünün 85-ci ilində vəfat etmişdir.

Mənbə Babanlı Tofiq Xanlar oğlu

Tofiq Babanlı

İstinadlar

Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar məşqçiləri Kateqoriya:Azərbaycanın kişi boksçuları