Möminə Xatun türbəsi — Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri, Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşir. 1998-ci ildə Möminə Xatun türbəsi UNESCO-nun Mədəni irs siyahısına daxil edilmişdir.

Tarixi Türbənin tikilmə tarixi onun giriş qapısının üzərindəki kitabədə əks olunmuşdur. Kitabədə:"adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz …dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu Möminə Xatunun xatirəsinə tikməyi əmr etdi!…" Memarlıq tarixi tədqiqatçısı Əjdər Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdımışdır.

Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara əsaslanan tədqiqatçılar belə bir nəticəyə gəlmişdir ki, "…türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. C. Qiyasi ehtimal edir ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir". Tədqiqatçı Cəfər Qiyasinin bu fikrinə görə türbənin yerli əhali arasında "Atabəy Günbədi" adlandırılması onun Atabəylərin soy türbəsi olduğuna nişanədir.

+ Türbənin tarixi görüntüləricenter|140px center|380px center|140px Mömünə Xatun türbəsi və minarəli baştağ XIX əsrin ortalarında Atabəylər Memarlıq Kompleksində Mömünə Xatun türbəsi və Atabəylər məscidinin yeri Mömünə Xatun türbəsi 1896-cı ildə

Bərpası "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"na uyğun olaraq, Azərbaycan Avstriyanın "Atelier Erich Pummer GMBh" şirkəti ilə müqavilə bağlamışdır. Məqsəd Möminə Xatun türbəsinin bərpası və ərazisinin abadlaşdırılmasıdır. 2024-cü ilin sentyabrında şirkətin rəhbəri Erik Pumer və işçi qrup Naxçıvana getmiş, türbənin vəziyyətinin tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirmişdir.

2024-cü ilin dekabrında "Atelier Erich Pummer GmbH" şirkət Naxçıvan Mədəniyyət Nazirliyi ilə görüş keçirmişdir. İlkin baxışa əsasən hazırlanmış planlar və məlumatlar nazirliyə təqdim edilmişdir. Nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov görüşdə bildirmişdir ki, abidə detallara xüsusi diqqət ayıraraq və tarixiliyi qorunaraq bərpa edilməlidir. Şirkətin rəhbəri Erich Pumer isə interyerin tədqiq edilərək uyğun materialın təyin ediləcəyini bildirmişdir, yerli mütəxəssislərin və alimlərin fikrinin alınacağı da şirkət tərəfindən qeyd edilmişdir.

Memarlıq xüsusiyyətləri Möminə xatın türbəsinin ümumi quruluşu Naxçıvan memarlıq məktəbi üçün xarakterikdir. Türbə yeraltı sərdabə və yerüstü qülləvari hissədən ibarətdir. Yusif Küseyir oğlu türbəsi ilə müqayisədə memar bu türbənin xarici bəzəyində həndəsi ornamentlərin daha mürəkkəb kompozisiyasından istifadə etmişdir. Ornamentlərdə rəngli kaşılardan istifadə edilməsi türbənin zahiri görünüşünə daha xoş görkəm vermişdir. Tədqiqatçı O. Aslanapanın fikrincə Mömünə Xatun türbəsində memar Əcəminin ustalığı, həmçinin bu türbəni sifariş edənin nüfuzu və böyüklüyü də əks olunmuşdur.

Möminə xatun türbəsinin memarlıq və plan tərtibatında, Əcəmi, qüllələvari türbələrə xas olan bütün xüsusiyyətləri özünün əvvəlki əsərlərindən də daha aydın və parlaq ifadə etmişdir. Türbənin memarlıq həllində kompozisiya quruluşları, memarlıq forma və üsulları daha mükəmməl icra edilmişdir. Türbə, Atabəylər Memarlıq Kompleksinə daxil olan tikililər arasında memarlıq elementlərinin zənginliyi ilə seçilir. Onüzlü sərdabənin üzərində eyni biçimli qüllənin uca kərpic tutumu yüksəlir. Üst piramidal örtüyü uçulmuş türbənin indiki yerüstü ucalığı 25 metrə yaxındır. İlkin halında isə onun hündürlüyü 35 metr olmuşdur. XIX əsr və XX əsrin əvvəllərinin rəsm və fotoşəkilləri onun vaxtilə böyük bir memarlıq kompleksinin tərkib hissəsi olmasını təsdiq edir. Türbə qırmızı dioritdən olan qaya daşları ilə örtülmüş postament (altlıq) üstündə ucaldılmışdır.

Sərdabə thumb|179x179px|left|Türbənin zirzəmisi thumb|right|184x184px|Türbənin yan kəsimi və təməl planı Mömünə Xatun türbəsi öz sələfindən plan və həcm quruluşunun böyüklüyü mürəkkəbliyi ilə seçilir. Türbənin sərdabəsi planda onbucaqlı formasındadır. Memar Əcəmi alt qatın möhkəmliyinə xüsusi fikir vermiş, 38 il əvvəl Qırmızı Günbəd sərdabəsində işlədilən konstruktiv elementləri inkişaf etdirmişdir – ucaltdığı sərdabənin ortasında qalın onüzlü dayaq qoymuşdur. Dayağın üzləri yan tərəflərə sivri tağbəndlərlə birləşdiyindən göbələkvari bütöv və dayanıqlı örtük konstruksiyası yaranmışdır.

Göbələkvari dayağın gözəlliyini və işlənmə effektini daha da artırmaq məqsədilə memar onun tinlərindən qarşı künclərə kərpic qabırğalar – nervürlər atmışdır. Bu qabırğalar ulduzvari karkas yaratmışdır. C. Qiyasinin fikrincə, bu karkas da biçimcə abidəni bəzəyən və riyazi ahəngdarlığa əsaslanan naxışlarla eynidir. Karkasların araları saya naxışlı kərpic hörgüsü ilə üzləndiyindən konstruksiyanın tektonik gözəlliyi daha aydın nəzərə çarpır.

C. Qiyasi qeyd edir ki, Mömünə Xatun türbəsinin sərdabəsinin memarlığında yerli ənənələrə əsaslanan konstruksiyanın təkamül prosesi başa çatır. Tədqiqatçının fikrincə bu prosesin ən sürətli mərhələsi Atabəylərin hakimiyyəti dövrünə aiddir. Bu proses Qırmızı Günbəd Türbəsi – Gilan Türbəsi – Mömünə Xatun Türbəsi ardıcıllığı ilə baş vermişdir. Bu da Azərbaycan tarixində həmin dövrün elmi – bədii yüksəlişinin zirvəsi idi.

Təkcə Azərbaycan memarlığında deyil, ümumiyyətlə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən biri olan Mömünə Xatun türbəsinin uzunömürlüyü ilk olaraq onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi öz əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirmişdir. Abidənin dayaq sistemi, xüsusilə sərdabəsinin quruluşu ilə tanışlıq əyani göstərir ki, memar öz çağında "mühəndislər başçısı" adını layiqincə almışdır.

Qüllə

Türbənin yerüstü qülləsinin plan biçimi xaricdə onüzlü, daxildə isə dairəvidir. Araşdırmalar göstərmişdir ki, onüzlü planın seçilməsi təsadüfi deyildir. Mömünə xatın türbəsinin plan-məkan quruluşu bütövlükdə onluq prinsipi üzrə qurulmuşdur. Bu da böyük mütənnasiblik və ahəndarlıq yaradan qızıl bölgünün əsasıdır.

Mömünə Xatın türbəsi üçün seçilən onüzlü prizma Gürgandakı Kabus Günbədi (1006) tikilmiş ilə Marağada Dairəvi Günbəd türbəsininmemarlıq quruluşunda da tətbiq edilmişdir.

İç məkanın uca silindrik tutumu sferokonik günbəzlə örtülüdür. Onun əyri səthlərində günbəzdəki bacaya qalxan dolama pilləkənin izləri qalmışdır. Bu göstərir ki, Mömünə Xatun türbəsində günbəzlərarası məkana qalxmaq üçün Xərrəqan türbələrindəkindən fərqli olaraq açıq pilləkən qurulmuşdu. Ola bilsin ki, interyerin silndrik hissəsində suvaqla örtülü hissələr divar rəsmləri ilə bəzədilibmiş. İnteryerdə son dövrün suvağı altından abı rəngli yazı zolağının çıxması onun divar səthlərində əvvəllər müəyyən bəzək işləri olduğuna inam yaradır.

Əcəmi, türbənin xarici quruluşunu onüzlü etməklə geniş komozisiya və tərtibat imkanları əldə etmişdir. Memar yuxarıya yönəlməni başqa memarlıq elementləri ilə də gücləndirmişdir. Künc dayaqlar qalın və gözəçarpan olduğundan üzlərdəki tağçalar dar, dərin və çox uca alınmışdır. Taxçaların sivri stalaktit quruluşu ilə tamamlanması bu tağçalara daha dinamik və incə biçim vermişdir. Onların vertikal və horizontal ritmi türbənin gövdəsində möhtəşəm görünüş vermişdir. Buna görə də xatirə abidəsi olduğundan daha uca, incə və əzəmətli görünür.

Gövdənin prizmatik kürsü üzərinə qaldırılması və şiş piramidal günbəzlə tamamlanmasını üzvi şəkildə birləşdirməklə sənətkar memarlıq biçimlərinin yuxarıya qalxımını xeyli yüngülləşdirmişdir. Bununla yanaşı qüllənin bütün memarlıq elementlərində bədii bitkinlik konstruktiv məntiqiliyə əsaslanmışdır. Gözəl memarlıq, məkan və mühəndis həlli olan yeraltı sərdabə möhkəm özül kimi bütün abidənin dayanıqlılığını təmin etməkdə əsaslı rol oynamışdır. Türbənin ümumi mühəndis həllinin möhkəmliyini isə uca gövdənin tinlərinin yaratdığı karkas quruluşu və ikiqatlı günbəz örtüyü (iç sferik, xarici piramidal) tamamlanmışdır.

Fasadı Türbənin qülləvari prizmatik həcminin təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş qapısı olan şərq üzünü xüsusi fasad bəzəkləri ilə digər üzlərdən kəskin ayırmamışdır. Qüllənin düzbucaqlı giriş qapısı dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi xətti ilə "Bənna Əcəmi Əbu Əkr oğlu" kitabəsi həkk olunmuşdur. Bunları araya alan saya portal kompozisiyasının üstündə, tinləri birləşdirən düzbucaqlı çərçivədə eyni xəttlə türbənin tikinti tarixi yazılmışdır.

Sivri tağçaların yanları naxışlı incə sütuncuqlarla (diametri 15 sm), yuxarısı iri pətəkşəkilli gözlərlə qapanmış, iç səthləri bir-birini təkrar etməyən mürəkkəb həndəsi naxışlarla bəzədilmişdir. Səthlərə yüksək estetik görkəm verən bu zəngin naxış motivləri gözəlliyi, həndəsi baxımdan harmonikliyi anlam və quruluş dolğunluğu ilə fərqlənir. Buna görə də naxış kompozisiyalarının müxtəlifliyi məkanın bütövlüyünü pozmadan abidənin görüşündə dəyişgənliyi və dinamikanı artırır.

Üzlərdəki sivri tağçaların naxışlarında işlədilmiş parlaq göy-firuzəyi kaşılı kərpiclər bişmiş kərpicin ümumi qırmızımtıl koloriti fonunda təsirli memarlıq kompozisiyası əmələ gətirir. Bu kompozisiyalar taxçaların rəng həllini zənginləşdirməklə yanaşı tağçaiçi səthlərə məxsusi incəlik və vizual dərinlik gətirir.

+ Mömünə Xatun türbəsinin fasad elementləricenter|340px center|160pxcenter|310pxQülləvari türbə həcminin günbəzə keçid hissəsində yerləşdirilmiş kitabə kəməri Fasad dekorunun əsasını təşkil edən nişvari tağçalar hər iki yandan 15 sm diametrə malik sütunlarla əhatələnmişdir Türbənin şərq fasadında yerləşən giriş portalı və inşaat kitabəsi

Onüzlü gövdənin tinləri yuxarıda birləşərək üzlərdəki sivri tağçaları П şəkilli çərçivə içərisinə alır. Əcəmi bu çərçivələri başdan-başa incə epiqrafik naxışlı – düzbucaqlı hərflərin dik elementlərinin bir-birinə sarınaraq mürəkkəb hörmələrə çevrildiyi ecazkar bədiiliyi olan kufi xəttli yazılarla örtmüşdür. Kərpicdən yığılan bu yazı yelənlərinin yerliyi çox incə işlənmiş nəbati gəc naxışlardır. Bu kitabələri oxumuş Ə. Ələsgərzadə belə nəticəyə gəlmişdir ki: "Onüzlü türbənin bütün üzləri kənarlardan Yasin surəsinin mətni ilə haşiyələnmişdir. İki dəfə təkrar olunmaqla bu surə, bir dəfə bir üzdən beş üzə, o biri dəfə altı üzdən on üzəcən davam edir. Hər üzdə yazı sağda aşağıdan başlayıb yuxar qalxır, sonra yuxarıda üfüqi davam edir və soldan aşağı enir."

Yasin surəsi ilə haşiyələnmiş üzləri lap yuxarıda başqa bir yazı qurşağı birləşdirir. Bu, türbənin sifarişçisini və kimin xatirəsinə inşa edilməsini göstərən əsas kitabədir. İstər abidənin kompozisiyasında yerinə, istər hərflərinin iri ölçülərinə (qurşağın hündürlüyü 98 sm-dir), istərsə də materialına və rənginə görə bu kitabə başqalarından seçilir və onun üstün mövqeyi bütün vasitələrlə gözə çarpdırılmışdır.

Kitabənin yazılarının yerliyi bir qədər seyrək hörülmüş adi bişmiş kərpiclərdir. Bu qırmızımtıl cod yerlikdə iri göy kaşı hərflərin parıltılı və sığallı biçimləri daha aydın görünür. Həm kərpiclərin seyrək hörgüsü, həm də hərflərin iriliyi və göylüyü yazı qurşağının uzaq məsafədən yaxşı baxılmasına hesablanmışdır.