Mariya Vasili qızı Stadnik (; qızlıq soyadı ; ) — 2007-ci ildən 2025-ci ildə karyerasını sonlandırana kimi Azərbaycan yığmasının heyətində çıxış etmiş qadın güləşçi. O, Azərbaycan idmanı tarixinin ən titullu idmançılarından biri, həmçinin dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olan üç qadın güləşçidən biridir. 2025-ci ildən U-15 və U-17 yaş qrupu üzrə Azərbaycan millisinin böyük məşqçisidir.
Karyerası ərzində Mariya Stadnik dörd dəfə Olimpiya Oyunlarında mübarizə aparıb. 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medallara sahib olan Mariya Stadnik 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarının və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu. Mariya Stadnik Azərbaycanın Olimpiya Oyunları tarixində dörd dəfə medala sahib olan birinci və yeganə idmançısıdır. Mariya Stadnik həm də Yaponiya güləşçiləri Kaori İço və Saori Yoşidadan sonra dörd dəfə Olimpiya Oyunlarında medal qazanmağı bacaran üçüncü qadın güləşçidir.
Mariya Stadnik güləş üzrə Dünya Çempionatlarında isə altı dəfə medallara sahib olub. 2009-cu ildə Herninqdə, 2019-cu ildə isə Nur-Sultanda Dünya Çempionatının qalibi olan Mariya Stadnik üç dəfə — 2011, 2015 və 2018-ci illərdə final görüşlərində məğlub olaraq turnirin gümüş medallarını qazanıb.
Avropa Çempionatlarında isə Mariya Stadnik tarixi nailiyyətə imza atıb. 2008, 2009, 2011, 2014, 2016, 2017, 2018, 2021 və 2023-cü illərdə Avropa Çempionatlarının qızıl medallarına sahib olan Mariya Stadnik bu turnirin tarixində ən çox qızıl medal qazanan qadın güləşçidir. Mariya Stadnik həm də mübarizə apardığı 9 Avropa Çempionatında heç bir görüşdə məğlub olmayaraq yüz faizlıq nəticə göstərib.
Mariya Stadnik həm də 2015-ci ildə Azərbaycanda baş tutan I Avropa Oyunlarının, 2019-cu ildə isə Belarusda baş tutan II Avropa Oyunlarının qalibi olub.
Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən on dəfə ilin ən yaxşı idmançılarından biri seçilən Mariya Stadnik Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən 2011-ci ilin ən yaxşı qadın güləşçisi seçilib.
Mariya Stadnik Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2008-ci il tarixli 3017 nömrəli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 31 avqust 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Mariya Stadnik Ümumdünya Güləş Birliyinin (UWW) rəsmi məlumatlarına əsasən 2003–2022-ci illərdə 49 beynəlxalq turnirdə mübarizə aparıb. Dörd Olimpiya Oyunlarının hamısında medallara sahib olan Mariya Stadnik yeddi dəfə Dünya Çempionatlarında mübarizə aparıb və 2007-ci ildə baş tutan turnir istisna olmaqla digər altı çempionatın hamısında medallara sahib olub. Karyerası ərzində 2 dəfə Avropa Oyunlarında, 8 dəfə isə Avropa Çempionatlarında çıxış edən Mariya Stadnik bu turnirlərdə 100 faizlıq nəticə göstərib və hamısında qalib olub. Ümumi olaraq Mariya Stadnik 49 beynəlxalq turnirin 36-da qızıl, 7-də gümüş, 4-də isə bürünc medallara sahib olub. Karyerasında medalsız başa vurduğu turnirlər 2007-ci il Dünya Çempionatı və 2023-cü il Zaqreb Open beynəlxalq turniridir.
Karyerası ərzində Mariya Stadnik 144 dəfə görüşə çıxıb. Onların 133-də qalib gəlib, 11-də isə məğlub olub. Məğlub olduğu güləşçilərdən 8-i Yaponiya, biri ABŞ, biri Kanada, biri isə Polşa nümayəndələri idi. Mariya Stadnikin əsas rəqibləri 2011–2012-ci illərdə Hitomi Obara (Yaponiya), 2015–2016-cı illərdə Eri Tosaha (Yaponiya), 2018–2021-ci illərdə isə Yui Susahi (Yaponiya) idi. Bu güləşçilərlə görüşlərin hamısında o, rəqiblərinə məğlub olmuşdu. Karyerası ərzində Avropa Çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında heç bir zaman məğlub olmayan Mariya Stadnikin 11 məğlubiyyətinin dördü Olimpiya Oyunlarında, altısı Dünya Çempionatlarında, biri isə Klippan Lady Open beynəlxalq turnirində olub. 11 məğlubiyyətinin altısı final görüşlərinə təsadüf edir.
Həyatı Mariya Stadnik 1988-ci il dekabrın 3-də Lvov şəhərində anadan olub. 2000-ci ildə güləşlə məşğul olmağa başlayıb. Lvov Dövlət Bədən Tərbiyəsi Universitetini bitirib.
Mariya Stadnikin həyat yoldaşı sərbəst güləşçi Andrey Stadnikdir. Andrey Stadnik 2008-ci il Olimpiadasında gümüş medala sahib olub, 2009-cu il Avropa Çempionatının isə qalibidir. Mariya Stadnik onunla 2000-ci ildə tanış olub və 2007-ci ildə evləniblər. Cütlüyün 2010-cu il təvəllüdlü İqor adında bir oğlu və 2013-cü il təvəllüdlü Mia adında bir qızı var.
Mariya Stadnikin baldızı qadın güləşçi Yana Rattiqandır. Birləşmiş Krallıqı təmsil edən Yana Rattiqan, 2010 və 2013-cü illərdə Avropa Çempionlatının gümüş medallarına sahib olub. Mariya Stadnikin eltisi isə qadın güləşçi Alina Stadnikdir. Alina Stadnik Dünya və Avropa Çempionatlarının qalibi olub.
Karyerası
2002–2005-ci illər: Gənclər arasıda Dünya çempionluğu Mariya Stadnik 2003-cü ilin avqustunda İspaniyanın Sevilya şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Mariya Stadnik Rumıniya nümayəndəsi Alina Poqaçan üzərində qələbə qazandı və yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. Bu qızıl medal 14 yaşlı Mariya Stadnikin beynəlxalq turnirlərdə qazandığı birinci medal idi.
Bir il sonra, 2004-cü ilin iyulunda Mariya Stadnik növbəti dəfə yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Bolqarıstanın Albena şəhərində baş tutan turnirin final görüşündə Mariya Stadnik İsveç nümayəndəsi Sofiya Mattssona məğlub oldu və turnirin gümüş medalına sahib oldu.
Mariya Stadnikin mübarizə apardığı növbəti turnir 2005-ci ilin iyulunda Litvanın Vilnüs şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. Mariya Stadnik turnirin 1/8 final mərhələsində Hindistan nümayəndəsi Sudeş Kumar ilə üz-üzə gəldi. Həmin görüşdə Mariya Stadnik rəqibi üzərində vaxtından əvvəl (2:44 dəqiqə) qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Almaniya nümayəndəsi Anniha Hofmann oldu. Bu görüşdə də Mariya Stadnik rəqibi üzərində vaxtında əvvəl (1:44 dəqiqə) qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Demet Kaya oldu. Üçüncü görüşdə də Mariya Stadnik rəqibi üzərində vaxtından əvvəl (3:00 dəqiqə) qələbə qazandı və çempionatın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Vyetnam nümayəndəsi Ti Han Nguyen oldu. Final görüşündə də Mariya Stadnik vaxtından əvvəl qələbə qazandı. Rəqibini 2:50 dəqiqə ərzində 8:0 hesabı ilə məğlub edən 16 yaşlı Mariya Stadnik yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.
2006-cı il: Avropa çempionluğu və dopinq iddiası Üç il ərzində yeniyetmələr arasında Avropa Çempionatının, gənclər arasında isə Dünya Çempionatının qalibi olan Mariya Stadnik 2006-cı ilin 25–30 aprelində Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı. Mariya Stadnik turnirin 1/8 final mərhələsində Yunanıstan nümayəndəsi Fani Psata ilə üz-üzə gəldi. Həmin görüşdə Mariya Stadnik rəqibin üzərində qələbə qazandı (2:0) və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Finlandiya nümayəndəsi Həcər Aştiani oldu. Bu görüşdə də Mariya Stadnik rəqibinə qalib gəldi (2:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rumıniya nümayəndəsi Kristina Kroitoru oldu. Üçüncü görüşdə də Mariya Stadnik rəqibi üzərində qələbə qazandı (2:0) və çempionatın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Liliya Kasharova oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün üçüncü hissəsində Mariya Stadnik rəqibi üzərində qələbə qazandı və Avropa Çempionatının qızıl medalına sahib oldu.
Amma həmin ilin iyununda Beynəlxalq Güləş Federasiyası (FILA) Mariya Stadnikdən götürülən qan analizində qadağan olunan dərman preparatı hesab olunan furosemidin tapıldığını bildirdi və o, Avropa Çempionatında qazandığı qızıl medaldan məhrum edildi. Həmçinin ona bir il müddətinə beynəlxalq turnirlərdə mübarizə aparmamaq cəzası da verildi.
2007-ci il: Azərbaycana gəlişi və Olimpiadaya vəsiqə qazanması 2007-ci ilin aprelində Mariya Stadnikin bir il müddətinə beynəlxalq turnirlərdə mübarizə aparmamaq cəzası başa çatdı. İlin əsas turniri sentyabrda baş tutacaq Dünya Çempionatı idi. Həmin turnir 2008-ci il Olimpiadasına lisenziya verirdi. Amma yığmanın "bir nömrəsi" olmaq uğrunda gərgin rəqabət var idi. 2004-cü il Olimpiadasının qalibi olan İrina Merleni analıq məzuniyyətini başa vurmuşdu və idman formasını bərpa eləmişdi. Onun əsas məqsədi 2008-ci il Olimpiadası idi. Komandanın məşqçiləri 18 yaşlı Mariya Stadnikin gənc və təcrübəsiz olduğunu və sentyabrda Dünya Çempionatına İrina Merleninin yollanacağını bildirdilər. Əsas məqsədi 2008-ci il Olimpiadasında mübarizə aparmaq olan gənc Mariya Stadnik isə Ukrayna yığmasından ayrıldı. 2007-ci ildə Dünya Çempionatı Azərbaycanda baş tutacaqdı. Bu ərəfələrdə Azərbaycan Güləş Federasiyası (AGF) qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının formalaşdırılması üçün digər yığmalardan güləşçiləri heyətinə cəlb eləməyə başladı. Rusiyadan Mariya Kaçina, Latviyadan Olesya Zamula, Belarusdan isə Yuliya Ratkeviç Azərbaycan yığmasının heyətinə cəlb edildi. Azərbaycan Güləş Federasiyası (AGF) Mariya Stadniki də Azərbaycan yığmasının heyətində mübarizə aparmağa dəvət etdi. Mariya Stadnik də həmin dəvəti qəbul etdi və bununla da o, Azərbaycan yığmasının heyətində beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.
2007-ci ilin əsas turniri 16–24 sentyabrda baş tutan Dünya Çempionatı idi. Heydər Əliyev adına İdman Arenasında baş tutan turnirdə Mariya Stadnik sentyabrın 21-də mübarizə apardı. Turnirin 1/32 final mərhələsində onun rəqibi Rumıniya nümayəndəsi Kristina Kroitoru oldu. Həmin görüşdə Mariya Stadnik rəqibi üzərində vaxtından əvvəl qələbə qazandı (6:0, 4:0) və 1/16 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Cənubi Koreya nümayəndəsi Kim Hyun-Jo oldu. Bu görüşdə də Mariya Stadnik rəqibi üzərində vaxtından əvvəl qələbə qazandı (2:0, 8:0) və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatının qalibi olan Almaniya nümayəndəsi Briqitte Vaqner oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Mariya Stadnik rəqibinə 2:0 (1:0, 4:2) hesabı ilə qalib gəldi və çempionatın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi 2004-cü il Afina Olimpiadasının finalçısı olan Yaponiya nümayəndəsi Çiharu İço oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Mariya Stadnik rəqibinə 1:2 (1:0, 1:1, 1:1) hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Mariya Stadnik bu qrupun birinci görüşündə ABŞ nümayəndəsi Stefani Murata ilə üz-üzə gəldi. Həmin görüşdə də Mariya Stadnik rəqibinə məğlub oldu (1:2, 1:1). Bu görüşdən sonra qadın güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Nazim Əlicanov müsahibəsində "referilərin qərarını ədalətsiz" adlandırdı. Nəticədə Dünya Çempionatını yeddinci pillədə başa vuran Mariya Stadnik 2008-ci il Olimpiadasına vəsiqə qazandı. Bununla da o, Olimpiya Oyunlarına lisenziya qazanan birinci azərbaycanlı qadın güləşçi oldu.
Mariya Stadnik 2007-ci ilin sonlarında Donetsk şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı və bütünc rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
2008-ci il: Olimpiadalarda debüt və bürünc medal