Şeyx Səfi kompleksi () — İranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksi. Kompleks Səfəviyyə Sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxana ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılmışdır) dəfn edilmişdir.

Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı vardır. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.

Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir. 2010-cu ildə kompleks UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Tarixi

XIV əsrdə Ərdəbil şəhəri yerli şeyxlərin iqamətgahına çevrilir. Ərdəbil şeyxlərinin əvvəl Azərbaycanda, daha sonra isə bütün İranda siyasi hakimiyyəti ələ keçirmələrindən sonra isə, XVI əsr boyunca şəhərin əhəmiyyəti daha da artır. Həmin dövrlərdə şəhərə səfər etmiş səyahətçilər onu onu böyük və canlı ticarət mərkəzi kimi təsvir edirlər. 1623-cü ildə İrana səfər etmiş rus tacir Afanasi Kotov yazır ki, “...qonaq evlər və qala divarları Şamaxıdan daha böyükdür, bütün tikililər daşdan inşa edilmişdir, mağazalar da çoxdu, qonaq evləri də çoxdu, tərəvəzlər də gətirirlər, balıq da gətirirlər...” Fransız tacir Jan Batist Tavernye (XVII əsrin ortaları) isə qeyd edir ki, Ərdəbil böyük ticarət yollarının kəsişmə məntəqəsi idi. Buraya 800-900 dəvədən ibarət iri karvanlar üz tuturdu.

Səfəvilər sülaləsinin (1501-1736) ailə nekropolunun Ərdəbildə yerləşməsi də şəhərin əhəmiyyətinin artmasına təsir göstərən mühüm faktorlardan biri idi. XVI əsr ərzində Şeyx Səfinin şəhərdə yerləşən türbəsi ətrafında geniş dini-memarlıq kompleksi formalaşır. Bu memarlıq kompleksi şiə müsəlmanlar arasında böyük nüfuz qazanmaqla mühüm ziyarətgaha çevrilir. Böyük vəqf torpaqlarına malik olan kompleks təkcə Ərdəbilin deyil, həm də ətraf ərazilərin iqtisadi inkişafında mühüm rol oynayır. Şəhər karvansarayları, bazarları və ticarət sıralarından başqa Şeyx Səfi kompleksi həm də çoxsaylı kəndlər və əkin ərazilərinə malik idi.

Dəfnlər

Şeyx Səfi - Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi Şeyx Heydər - Səfəvi təriqəti və Ərdəbil hakimliyinin rəhbəri Aləmşah bəyim - Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin həyat yoldaşı Şah İsmayıl Xətai - Səfəviyyə təriqətinin şeyxi (1494—1524); Səfəvilər dövlətinin ilk şahı (1501-1524), Azərbaycan şairi. Şahbəyi Taclı Bəyim - Şah İsmayıl Xətainin həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu. I Şah Təhmasib - Səfəvilər dövlətinin ikinci şahı (1524-1576), Azərbaycan şairi. Sultan Ağa xanım – I Təhmasibin həyat yoldaşı, Şahhiran Pərixan Sultanın anası, Şəki hakimi Şamxal xanın bacısı.

Memarlıq xüsusiyyətləri Planlaşdırma

Kompleksə müxtəlif dövrlərdə inşa edilmiş türbələr, məscid, Çinixana və yaşayış binaları daxildir. Bütün bu tikililər bir neçə həyət ətrafında formalaşmışdır.

Kompleksin yerləşdiyi ərazinin qarşısında kvadrat formalı bazar meydanı vardır. Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı vardır. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. 14 metr uzunluq və 6 metr enə malik olan kiçik həyət iki tərəfdən 1.5 metr dərinliyə malik nişkli və stalaktitli tağlarla əhatələnmişdir. Əvvəl həmin divarlar tamamilə kaşı işləmələri ilə örtülmüş olsa da, dövrümüzə həmin kaşının yalnız bir hissəsi çatmışdır. Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.

Kompleksə daxil olan ən qədim tikili F. Zarrenin fikrincə XIII əsrdə inşa edilmiş, böyük həyətə açılan, portal nişinin ölçüsünə görə kompleksin digər tikililərindən fərqlənən səkkizbucaqlı plana malik məscid binasıdır. Daha sonra məscid binası yaxınlığında Şeyx Səfi türbəsi inşa edilmiş, XVI-XVII əsrlərdə isə kompleksə digər tikililər əlavə edilmişdir. Beləliklə XVII əsrin sonlarında Şeyx Səfi kompleksi müasir plan formasını almış, sonrakı yüzilliklərdə isə tikililərdə əsaslı dəyişikliyə yol verilmədən kiik təmir-bərpa işləri həyata keçirilmişdir.

Kompleksə daxil olan tikililər Portal

Kompleks ərazisinə girişi təmin edən portal kifayət qədər geniş ölçüyə malik olmaqla stalaktitli nişlə tamamlanır. Portal kitabəsində verilən məlumata görə tikili hicri 1057-ci ildə (miladi 1647-1648) tamamlanmış, kaşı işləri isə usta İsmail Ərdəbili tərəfindən həyata keçirilmişdir. Portalın ümumi sxemi həmin dövrdə Azərbaycanın digər şəhərlərində inşa edilmiş portalların sxemlərini xatırladır.

Giriş qapısının yerləşdirilməsi xüsusi diqqət cəlb edir. Bir çox Azərbaycan abidələrində giriş qapıları en və hündürlük baxımından o qədər də böyük deyillər. Burda isə giriş qapısı böyük ölçüdə həll edilmişdir ki, memarlıq tədqiqatçısı Ə. Salamzadə bunun tikilinin əhəmiyyətini vurğuladığını qeyd edir. Tədqiqatçının fikrincə bu baxımdan portalı Bakıdakı Şirvanşahlar sarayının Murad darvazasının portalı ilə müqayisə etmək olar.

Portalın yuxarı hissəsi ciddi dağıntıya məruz qalmış olsa da, onun tamamlanmasını aydın şəkildə izləmək mümkündür. Tədqiqatçı qeyd edir ki, müstəqil dayanan bu portal-darvaza özünün ümumi həcm həllinə görə XIV əsrdən başlayaraq Abşeron yarımadasının müxtəlif hissələrində inşa edilməklə həm girişin həll edilməsi (Şirvanşahlar sarayı, XV əsr), həm də divarlarla əhatə edilmiş ərazinin qapısının göstərilməsi üçün (Kələxana türbələri, XVII əsr) istifadə edilmiş giriş portalları ilə oxşarlıq təşkil edir. Lakin, Abşeron portaları əksər hallarda kiçik ölçüyə malik olduğundan (Şirvanşahlar sarayının portalı istisnadır) onlarda Ərdəbil portalında dominant təşkil edən stalaktitli tağdan istifadə edilməmişdir.

Həm stalaktitlərin həm də portaın digər ərazilərinin səthi şirəli kaşılarla örtülmüşdü. Dekorativ bəzəklər arasında kifayət qədər realistik təfsirə malik nəbati motivlər üstünlük təşkil edir. Stalaktitlərin altında yerləşən dayaz nişlər həndəsi xarakterli ornamental kompozisiyalarla bəzədilmişdir. Portalı bəzəyən tökülən güllərlə dolu vaza elementi xüsusi diqqət çəkir. Vazaların hər iki tərəfində mükəmməl çəkilmiş tovuzquşu təsvirləri yerləşir. Həmin motiv sonradan cüzi dəyişikliklərlə Azərbaycan divar rəssamlığının əsas motivlərindən birinə çevrilməklə Şəki xan sarayı, Şəkixanovların evi, Mehmandarovların evi, Qarabağ xan sarayı, Sərdar sarayı və sair tikililərdə də təkrarlanmışdır.

Şeyx Səfi türbəsi 190px|thumb|left|Şeyx Səfi türbəsi Şeyx Səfi türbəsi və ona bitişik səkkizbucaqlı məscid əzəmətli memarlıq abidəsi olmaqla Azərbaycanın qülləvari türbələrinin ən mükəmməl nümunələrindən biridir. F. Sarre türbənin XIV əsrdə inşa edildiyini, XV-XVI əsrlərdə işə bəzədildiyini qeyd edir. Ə. Salamzadə isə bildirir ki, əgər türbənin ilkin vəziyyətində XIV əsrdə inşa edildiyini qəbul etsək, onu da vurğulamalıyıq ki, sonrakı dövrlərdə onun yenidən qurulmuş portalı, geniş lent formalı friz yazısı və fasad bəzəkləri əsaslı dəyişikliklərə məruz qalmışdır. Onun fikrincə XVI əsrin əvvəllərində aparılmış yenidənqurma işləri binanın xarici görünüşünü tamamilə dəyişmişdir. Tədqiqatçı yazır ki, Azərbaycanın erkən qülləvari türbələrinin piramidal və konik dam hissəsinə malik olması, Şeyx Səfi türbəsinin də əvvəl belə örtüklə tamamlanmasını ehtimal etməyə əsas verməklə onun dövrümüzə çatmış oxvari günbəz örtüyünün XVI əsr yenidənqurması zamanı inşa edildiyini göstərir.

Türbənin silindrik korpusu qırmızı və şirələnmiş mavi kərpiclərin fiqurlu hörgüsü ilə bəzədilmişdir. Mavi şirələnmiş kərpiclərin düzümü nəticəsində türbənin fasadında “Allah” sözü çoxlu sayda təkrarlanır. Digər qülləvari türbələr kimi Şeyx Səfi türbəsinin də həcmi daş sokol üzərində dayanır. Binanın xarici həcminin kompozisiyasında türbənin korpusundan günbəzinə keçidin tamamilə düz həll edilməsi də diqqət çəkir. Azərbaycan ərazisindəki digər qülləvari türbələrdə isə bu keçid yaxşı dizayn edilmiş stalaktitli kəmər-karniz şəklində həll edilmişdir. Bu baxımdan Şeyx Səfi türbəsi digər qülləvari türbələrdən fərqlənir.

Karniz yerinə türbənin divarından günbəzinə keçid hissəsində geniş lent formalı yazılı friz yerləşir. Tünd göy fon üzərində ağ şirə ilə yaxşı çəkilmiş hərflər uzaqdan aydın oxunur. Hərflərin çəkilmə incəliyi, kitabənin diakritik işarələr və digər əlavələrlə zənginliyi onun ən erkən XV əsrdə, daha dəqiq isə XVI əsrin I yarısında türbəyə əlavə edildiyini deməyə əsas verir.

Xatirə məscidi 280px|thumb|left|Məscidin böyük həyətə baxan fasadının ümumi görünüşü Şeyx Səfi türbəsinin qarşısında yerləşən Şeyx Səfinin xatirə məscidi XVI əsrdə, I Təhmasibin (1524-1576) şahlığı dövründə inşa edilmişdir. Bu məscid həm müstəqil məscid binası kimi quruluşuna, həm də böyük həyətə açılan fasadının dizaynına görə böyük memarlıq əhəmiyyətinə malikdir. Onun orta həcminin – nefinin hər iki tərəfində üç dərin iki yaruslu nef yerləşdirilmişdir. Zalın sonunda apsidaya oxşar yarımsəkkizguşəli formaya malik dərin niş yerləşir. Həmin niş məscid binasını türbə ilə əlaqələndirir. Məscidin həll edilmə forması türbənin əhəmiyyətini bir daha vurğulayır. Belə ki, zalda ibadət edənlərin üzü türbəyə doğru çevrilmiş olur.

Hazırda zaldan türbəyə keçid stalaktitli dayağa malik güzgü tağ vasitəsiylə bağlanmışdır. Bu əlavə məscid binasına XIX əsrin II yarısında edilmişdir. Memarlıq-planlaşdırma həlli baxımından maraqlı olan xatirə məscidinin daxili həcmi yaxşı çəkilmiş detallar və divar rəsmləri ilə zəngin bəzədilmişdir. Daxili həcmin möhtəşəm memarlığı orta əsrlərə aid qiymətli metallardan hazırlanmış və daş-qaşlarla bəzədilmiş çilçıraqlarla tamamlanmışdır.