Ayla () — Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan “Ayla” filmi 2017- ci ildə rejissor Can Ulkay və ssenarist Yiğit Güralp tərəfindən çəkilib. 1950-ci ildə başlamış Koreya müharibəsi zamanı yaşanmış real hadisə əsasında 2016-cı ildə filmin çəkilişinə başlanılıb. Filmin çəkilişləri Türkiyə və Cənubi Koreyada aparılıb. Filmin musiqiləri Fahir Atakoğlu tərəfindən bəstələnib. 2018-ci il 4 martda 90-cı Oskar mükafatının "Əcnəbi dildə olan ən yaxşı film" nominasiyasına filmin namizədliyi irəli sürülsə də, sonda qısa siyahıya düşə bilməyib.

Məzmun 1950-ci ildə Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Cənubi Koreyanın paytaxtı Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir duruma gəlmişdi. Birləşmiş Millətlər Təşkilatının yardım məqsədilə çağırışına Türkiyə Cənubi Koreyaya bir briqadasını göndərmişdir. Filmdə hadisələr Türk Briqadasının baş giziri Süleymanın gecə vaxtı baş vermiş döyüşlərindən birində ata və anası öldürülmüş kiçik bir qızı tapması ilə başlayır. Əsgərlər 5 yaşlı qıza ad vermək qərarına gəldikdə, baş gizir Süleymanın "ay gibi yüzü var zaten ay ışığında bulduk" (ay kimi üzü var, zatən ay işığında tapdıq) deyərək Ayla adını verir. 15 ay ərzində Aylaya baxan Süleymanın artıq Türkiyəyə geri dönməsi barədə əmri gəlir. Bu zaman məsələyə yuxarı rəhbərliyin qarışması ilə Ayla Koreya müharibəsi illərində türk əsgərləri tərəfindən yaradılmış "Ankara Okulu"nda təhsil almağa başlayır. Aylanı tək qoyub getmək istəməyən Süleyman onu Türkiyəyə aparmaq üçün hər cür cəhd etsə də, lakin Cənubi Koreyadan Aylanı çıxarmağa nail ola bilmir. Film müharibənin bitməsindən 60 il sonra Cənubi Koreyadakı Ankara parkında Ayla və Süleyman Dilbirliğinin yenidən bir-birinə qovuşması ilə başa çatır.

Rollarda İsmayıl Hacıoğlu — Kiçik zabit Süleyman / Süleyman Bilbirliyi (1950) Çətin Təkindor — Kiçik zabit Süleyman / Süleyman Dilbirliyi (2010) Kim Seol — Ayla (1950) Li Kunq-Jin — Ayla (2010) Əli Atay — Kiçik zabit Əli Taner Birsel — Minbaşı Fuad Murad İldırım — sahə zabiti MəsuD Ərqan Pətəkqaya — Minbaşı İsgəndərun Erik Roberts — Minbaşı General Koulter Damla Sönməz — Nuran

Filmin istehsalı Film, 2010-cu ildə Munhwa Broadcasting Corporation tərəfindən yayımlanmış Kim Eun-ja və Süleyman Dilbirliğin real hekayəsi əsasında Hvanq Byungun rejissorluğu ilə çəkilən "Ayla, mənim koreyalı qızım" (Ayla, My Korean Daughter) sənədli film əsasında yaradılmışdır. 2016-cı ildə Cənubi Koreyada başlanılmış aktrisa seçimlərində ölkənin "1988-ci ildə mənə cavab verin" populyar televiziya serialındakı Jin-ju rolunu oynayan uşaq aktrisa Kim Seol Ayla rolu üçün seçilmişdir. Ko Eun-min isə Aylanın anası rolu üçün çəkilişlərə qatılmışdır. Filmin çəkilməsinə Türk Hava Yolları, Türkiye Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ziraət Bank kimi qurumlar sponsorluq etmişdir. Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan filmin çəkilişləri Türkiyədə həyata keçirilmişdir. Filmin çəkilişləri 2016-cı ilin noyabrında Türkiyədə başlamış və 2017-ci il iyun aylarında Cənubi Koreyada tamamlanmışdır.

İstinadlar

Həmçinin bax Süleyman Dilbirliği

Kateqoriya:Türkiyə filmləri Kateqoriya:Türkcə filmlər Kateqoriya:2017-ci ilin Türkiyə filmləri Kateqoriya:Koreya dilində filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:2017-ci ilin dram filmləri Kateqoriya:1950-ci illər haqqında filmlər Kateqoriya:Cənubi Koreya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri