thumb|Kann şəhəri Kann kinofestivalı () — dünyanın ən nüfuzlu kinofestivalı hesab olunan beynəlxalq kinofestival. Fransanın Kann şəhərində keçirilən festivalda sənədli filmlər də daxil olmaqla bütün janrlarda yeni filmlərin ilk nümayişləri təqdim olunur. 1946-cı ildə təsis edilmiş, yalnız dəvətnamə ilə iştirak olunan festival hər il, adətən may ayında Festivallar və Konqreslər Sarayında keçirilir. Festival 1951-ci ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyaları Federasiyası (FIAPF) tərəfindən rəsmi akkreditasiya alıb. Kann Venesiya və Berlin festivalları ilə birlikdə Avropanın "Böyük üçlük" kinofestivallarından, həmçinin Venesiya, Berlin, Toronto və Sandens ilə birlikdə dünyanın "Böyük beşlik" kinofestivallarından biri sayılır. Festivalın ali mükafatı Qızıl palma budağıdır.
Tarixi Erkən illər thumb|Fransa hökumətinin Venesiya festivalında iştirak etməmək və öz festivalını keçirmək qərarına dair 1939-cu il sənədi Kann kinofestivalının əsası 1938-ci ildə Fransanın xalq maarifi naziri Jan Zeyin yüksək vəzifəli məmur və tarixçi Filipp Erlanje ilə kino jurnalisti Rober Favr Le Bretin təklifi ilə beynəlxalq kinematoqrafiya festivalı yaratması ilə qoyulub. Təşəbbüsü amerikalılar və britaniyalılar dəstəkləyib. 1939-cu il mayın 31-də festivalın keçiriləcəyi yer kimi Biarrits yox, Kann seçilib, şəhər bələdiyyəsi və Fransa hökuməti Le Festival International du Film adlı Beynəlxalq Kinofestivalın rəsmi "doğum şəhadətnaməsini" imzalayıb.
Festivalın yaradılması əsasən Fransanın o dövrdə yeganə beynəlxalq kinofestival olan və faşist meyilləri ilə seçilən Venesiya kinofestivalı ilə rəqabət aparmaq istəyi ilə izah olunur. 1937-ci ildə Benito Mussolini fransız pasifist filmi "Böyük illüziya"nın qalib gəlməməsi üçün festivalın işinə müdaxilə etmişdi.
Son damla 1938-ci ildə oldu: Mussolini və Adolf Hitler münsiflər heyətinin qərarlarını ləğv edərək ən yaxşı film üçün "Mussolini kuboku"nu Mussolininin oğlunun nəzarəti altında çəkilmiş italyan hərbi filmi "Pilot Luçano Serra"ya, ən yaxşı xarici film üçün kuboku isə qaydalar sənədli filmləri yarışdan kənarda saxlamasına baxmayaraq, nasist Təbliğat Nazirliyi ilə birgə çəkilmiş və 1936-cı il Berlin Yay Olimpiya Oyunlarına həsr olunmuş alman sənədli filmi "Olimpiya"ya verdilər. Bu qərardan qəzəblənən fransız, britaniyalı və amerikalı münsiflər festivalı tərk edib, bir daha qayıtmamaq qərarına gəldilər. Bu hadisə fransızları öz festivallarını yaratmağa sövq etdi.
Kann Lacivərd sahildəki kurort şəhəri kimi turistik cazibəsinə və şəhər bələdiyyəsinin maliyyə iştirakını artırmağı, tədbir üçün xüsusi bina tikməyi təklif etməsinə görə seçildi. Metro-Goldwyn-Mayer şirkətinin icarəyə götürdüyü okean laynerində Geri Kuper, Keri Qrant, Marlen Ditrix, Ceyms Keqni, Spenser Treysi kimi Hollivud ulduzları Kanna gəldi. 1939-cu il avqustun 31-də açılış gecəsində Amerika filmi "Notr-Dam kilsəsinin donqarı" nümayiş olundu. Sentyabrın 1-də alman qoşunları Polşaya soxuldu; festival 10 gün təxirə salındı. Sentyabrın 3-də Fransa və Böyük Britaniya Almaniyaya müharibə elan etdi, İkinci Dünya müharibəsi başladı; Fransa hökuməti ümumi səfərbərlik elan etdi və festival ləğv olundu.
Festival 1946-cı ildə yenidən başladı: sentyabrın 20-dən oktyabrın 5-dək Kannın köhnə kazinosunda keçirilən Birinci Kann beynəlxalq kinofestivalında 21 ölkə öz filmlərini təqdim etdi. 1947-ci ildə ciddi təşkilati problemlər fonunda festival "Festival du film de Cannes" adı ilə keçirildi və 16 ölkənin filmləri göstərildi. Büdcə problemlərinə görə festival 1948 və 1950-ci illərdə keçirilməyib.
1949-cu ildə Kruazet sahil bulvarında festival üçün xüsusi olaraq Festivallar Sarayı tikildi, lakin hələ tamamlanmamış binanın damı fırtına zamanı uçdu. 1951-ci ildə payızda keçirilən Venesiya festivalı ilə birbaşa rəqabətdən yayınmaq üçün festival yaz aylarına keçirildi.
1950–1960-cı illər 1950-ci illərin əvvəlində festival şou-biznes qalmaqalları və məşhurların romanları sayəsində turistlərin və mətbuatın böyük marağına səbəb oldu. Eyni zamanda festivalın bədii tərəfi də inkişaf etməyə başladı. Filmlərin seçimi ilə bağlı mübahisələrə görə orijinal filmləri və cəsarətli rejissorları qiymətləndirmək üçün Tənqidçilər mükafatı yaradıldı. 1954-cü ildə ilk dəfə Münsiflər heyətinin xüsusi mükafatı verildi. 1955-ci ildə festivalın Qran-prisini əvəz edən Qızıl palma budağı təsis edildi. 1957-ci ildə Dolores del Rio rəsmi seçim münsiflər heyətinin ilk qadın üzvü oldu.
1959-cu ildə festivala kommersiya xarakteri verən və kino sənayesində satıcı ilə alıcılar arasında mübadiləni asanlaşdıran Marché du Film (Film bazarı) yaradıldı; bu, kino ticarəti üçün ilk beynəlxalq platforma oldu. Buna baxmayaraq, 1950-ci illərdə 1956-cı ildə "Gecə və duman", 1959-cu ildə "Xirosima, sevgilim" kimi görkəmli filmlər diplomatik səbəblərə görə müsabiqədən kənarda saxlanıldı. Həmin illərdə üç dəfə münsiflər heyətinin sədri olmuş Jan Kokto deyirdi: "Kann festivalı siyasətə yer olmayan neytral ərazi olmalıdır. O, dostlar arasında sadə görüş olmalıdır".
1962-ci ildə Fransa Kino Tənqidçiləri İttifaqı tərəfindən festivalın ilk paralel bölməsi — dünyanın müxtəlif rejissorlarının ilk və ikinci işlərini kommersiya meyillərinə uymadan təqdim etmək məqsədi daşıyan Beynəlxalq Tənqidçilər Həftəsi yaradıldı. 1965-ci ildə Oliviya de Hevillend münsiflər heyətinin ilk qadın sədri oldu, 1966-cı ildə isə heyətə Sofi Loren sədrlik etdi.
1968-ci il festivalı mayın 19-da dayandırıldı. Karlos Saura və Miloş Forman kimi bəzi rejissorlar filmlərini müsabiqədən geri çəkmişdilər. Mayın 18-də rejissor Lui Mal bir qrup rejissorla birlikdə Sarayın böyük zalını tutaraq bütün Fransada tətil edən tələbə və işçilərlə həmrəylik əlaməti olaraq nümayişləri dayandırdı; bu, həm də Fransa Sinematekasının o zamankı rəhbərinin vəzifədən uzaqlaşdırılmasına etiraz idi. Rejissorlar onun vəzifəsinə bərpa olunmasına nail oldular və həmin il Kino Rejissorları Cəmiyyətini (SRF) təsis etdilər. 1969-cu ildə Pyer-Anri Delonun rəhbərlik etdiyi SRF filmləri müstəqil seçimlə fərqlənən yeni qeyri-müsabiqə bölməsi — Rejissorlar iki həftəliyini (Quinzaine des Réalisateurs) yaratdı.
1970–1980-ci illər 1970-ci illərdə festivalda mühüm dəyişikliklər baş verdi. 1972-ci ildə Rober Favr Le Bret festivalın yeni prezidenti, Moris Bessi isə baş nümayəndəsi təyin edildi. Bessi iştirakçı filmlərin seçimində mühüm yeniliklər etdi, yeni texnikalara yer verdi və seçimi diplomatik təzyiqlərdən azad etdi; "MASH", daha sonra isə "Od illərinin salnaməsi" kimi filmlər bu dönüşün nümunəsi oldu. Bu dəyişikliklər bəzi hallarda Andrey Tarkovski kimi rejissorlara öz ölkələrindəki senzura problemlərini aşmağa kömək etdi. O vaxta qədər festivalda hər ölkəni təmsil edəcək filmləri həmin ölkələrin özü seçirdi; 1972-ci ildə Bessi fransız filmləri və xarici filmlər üçün ayrı-ayrı seçim komitələri yaratdı.
1978-ci ildə baş nümayəndə vəzifəsinə Jil Jakob gəldi; o, əsas bölmələrdə ən yaxşı debüt filmə verilən Qızıl kamera mükafatını və qeyri-müsabiqə bölməsi olan "Xüsusi baxış" (Un Certain Regard) bölməsini təsis etdi. Festivalın müddəti on üç günə qədər azaldıldı və bununla da seçilən filmlərin sayı da azaldı; o vaxtadək münsiflər heyəti kino akademiklərindən ibarət idisə, Jakob heyətə məşhurları və kino sənayesi peşəkarlarını daxil etməyə başladı.
1983-cü ildə festival üçün daha böyük, yeni Festivallar və Konqreslər Sarayı tikildi, Rejissorlar iki həftəliyi isə köhnə binada qaldı. "Bunker" ləqəbi alan yeni bina tədbir zamanı hələ tam başa çatdırılmadığı və bir sıra texniki problemlər yaşandığı üçün ciddi tənqid olundu. 1984-cü ildə festivalın prezidenti vəzifəsində Rober Favr Le Breti Pyer Vio əvəz etdi. Onun dövründə festivala Filippin, Çin, Kuba, Avstraliya, Hindistan, Yeni Zelandiya və Argentina kimi daha çox ölkənin filmləri daxil edildi. 1987-ci ildə festival tarixində ilk dəfə Sarayın girişinə qırmızı xalça döşəndi. 1989-cu ildə ilk "Kino və azadlıq" forumunda müxtəlif ölkələrdən yüz rejissor "dünyada hələ də mövcud olan senzuranın bütün formalarına qarşı" bəyannamə imzaladı. thumb|Fotoqraflar qarşısında poza verən ulduzlar Kann ənənəsinin bir hissəsidir
1990-cı illərdən bu günədək 1998-ci ildə Jil Jakob rəsmi seçimin sonuncu bölməsini — dünyada kino əsərlərinin yaradılmasını dəstəkləmək və yeni ssenaristlərin kino aləminə daxil olmasına töhfə vermək məqsədi daşıyan Sinefondasiyanı yaratdı. Sinefondasiya 2000-ci ildə gənc rejissorların ssenarilərini təkmilləşdirə biləcəkləri La Résidence proqramı, 2005-ci ildə isə hər il iyirmi rejissora filmlərinin maliyyələşdirilməsində kömək edən L'Atelier proqramı ilə tamamlandı. 2000-ci ildə Jil Jakob festivalın fəxri prezidenti təyin edildi, 2002-ci ildə festival rəsmi olaraq Festival de Cannes adını qəbul etdi.
2020-ci il martın 20-də təşkilatçılar COVID-19 pandemiyası səbəbilə 2020-ci il festivalının təxirə salındığını elan etdilər; buna baxmayaraq, kommersiya məqsədləri üçün rəsmi seçimə daxil olan kiçik bir film siyahısı açıqlandı. Qısa müddət sonra təşkilatçılar xaricdəki bəzi festivalların tətbiq etdiyi onlayn formatı qəbul etməkdən imtina etdiklərindən festival rəsmən ləğv olundu. Bu, 1968-ci ildən bəri festivalın keçirilmədiyi ilk il oldu.
2021-ci ildə pandemiya Fransada tam nəzarət altına alınmadığı üçün festival yenidən iki ay sonraya keçirildi; qırmızı xalçada film heyətləri istisna olmaqla bütün iştirakçılar üçün maska taxmaq məcburi idi. 2020-ci ildə əsas müsabiqənin münsiflər heyətinə rəhbərlik etmək üçün seçilmiş Spayk Li 2021-ci il festivalında da əsas müsabiqə heyətinin sədri oldu.
2022-ci ildə festival davam edən Rusiya–Ukrayna müharibəsinə qarşı çıxmayan mətbu orqanları ilə əlaqəli rusiyalı jurnalistlərə akkreditasiya verməkdən imtina etdi. Festivalın açılış gecəsində Ukrayna prezidenti Volodimir Zelenski video vasitəsilə çıxış edərək müharibədən və kinonun bu müharibədəki rolundan danışdı. Kirill Serebrennikovun "Çaykovskinin arvadı" filminin seçimi rejissorun müharibəni pisləyərək Almaniyada mühacirətdə yaşamasına baxmayaraq, Avropa Kino Akademiyasının prezidenti Aqnieşka Holland tərəfindən tənqid olundu. Həmin il Ayris Knobloh festivalın ilk qadın prezidenti seçildi; o, 2014-cü ildən bu vəzifədə olan, "Canal+" telekanalının həmtəsisçisi və keçmiş rəhbəri Pyer Lesküru əvəz etdi.
2025-ci il festivalında rekord göstərici qeydə alındı: filmlərin 45 faizinin rejissoru qadınlar idi. 13–24 may tarixlərində keçirilən 78-ci festivalda əsas müsabiqənin münsiflər heyətinə fransız aktrisası Jülyet Binoş sədrlik edib, Qızıl palma budağını iranlı rejissor Cəfər Pənahi "Sadəcə qəza idi" filminə görə qazanıb. Festivalın ACID bölməsinə daxil edilmiş sənədli filmin əsas qəhrəmanlarından biri olan fələstinli fotojurnalist Fatimə Həssuna 2025-ci il aprelin 16-da Qəzzada evinə endirilən İsrail hava zərbəsi nəticəsində ailəsinin on üzvü ilə birlikdə həlak oldu. Festival başsağlığı verən və Qəzzadakı müharibə və zorakılığı tənqid edən rəsmi bəyanat yaydı. Festivalın açılış günü 350-dən çox rejissor, aktyor və prodüser Həssunanın öldürülməsini pisləyən və Qəzzada baş verənləri soyqırımı adlandıran məktub imzaladı.
12–23 may 2026-cı il tarixlərində keçirilən 79-cu festivalda əsas müsabiqənin münsiflər heyətinə cənubi koreyalı rejissor Pak Çhan Uk rəhbərlik edib. Qızıl palma budağını rumın rejissoru Kristian Munciu "Fyord" filminə görə qazanıb; bu, onun ikinci Qızıl palma budağıdır.
Mübahisələr Son illərdə Kann kinofestivalı ətrafında gender və cinsi xarakterli bir sıra mübahisələr yaşanıb. Onlardan biri 2015-ci ildə bir premyeranın qırmızı xalçasında hündürdabanlı ayaqqabı əvəzinə yastı altlıq ayaqqabı geyindikləri üçün bir neçə qadının içəri buraxılmaması ilə bağlı "Heelgate" hadisəsidir. Bu hadisədən sonra bir çox məşhur qadın həmrəylik və etiraz əlaməti olaraq digər premyeralarda qırmızı xalçaya yastı altlıq ayaqqabı ilə və ya ayaqyalın çıxdı. Baş nümayəndə Tyerri Frémo 2015-ci ildə qırmızı xalçada selfi çəkməyi "qadağan" etmişdi.