Əhmədov Elçin İldırım oğlu () — Beynəlxalq münasibətlər üzrə mütəxəssis, siyasi elmlər doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri.

Təhsili və əmək fəaliyyəti 1968-ci il, iyulun 28-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1974-1984-cu illərdə Şuşa şəhər 4 №li orta məktəbdə təhsil almışdır. 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinə daxil olmuş, 1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, BDU-da doktoranturaya qəbul olmuş və 1999-cu ilədək Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında müəllim, 2001-ci ildən baş müəllim, 2006-cı ildən dosent, 2017-ci ildən indiyə kimi isə professor vəsifəsində çalışır. Eyni zamanda, 2001-2012-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində dekan müavini, 2017-2022-ci illərdə isə həmin fakültədə dekan vəzifəsində işləmişdir. Elçin Əhmədov 2001-ci ildə “Böyük dövlətlərin Qarabağ münaqişəsinə dair siyasəti” mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru, 2015-ci ildə isə “Azərbaycan Respublikasının avroatlantik təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətləri” mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər doktoru elmi dərəcəsi almışdır. 2012-2020-ci illərdə keçmiş “Dağlıq Qarabağın Azərbaycanlı icması” İctimai Birliyində şöbə müdiri, Əlaqələndimə şurasının sədri, sədr müavini vəzifələrində çalışmışdır. 2013-cü ildən Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəridir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən FD 2.30 Dissertasiya Şurasının üzvü, Şuranın nəzdindəki “Beynəlxalq münasibətlər“ ixtisası üzrə Elmi seminarın sədridir. Bundan əlavə, “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə”, “Qafqazşünaslıq” elmi-nəzəri jurnallarının redaksiya heyətinin üzvüdür. Həmçinin, Türkiyədə nəşr olunun “Tarihin Peşinde” Beynəlxalq Tarix və Sosial Araşdırmalar dərgisinin Məsləhət Şurasının, həmçinin Ankarada fəaliyyət göstərən elmi və ədəbi əsər sahiblərinin müəllif hüquqlarını qoruyan Türkiyənin Elm və Ədəbi Əsəri Sahibləri Birliyinin (İLESAM) üzvüdür. Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsindən sonra Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin məzmununun hazırlanması ilə bağlı yaradılmış ekspert qrupunun, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki işçi qrupun üzvü olmuşdur.

2015-2019-cu illərdə İctimai Televiziyada “Qarabağ həqiqətləri” verilişinin ideya müəllifi və aparıcısı, 2022-ci ildən AZTV-də “Şuşam mənim” verilişinin ideya müəllifi və şərhçisi olmuş, 2024-cü ildən isə AZTV-də və Azərbaycan Beynəlxalq Radiosunda davam edən “Şuşanın səsi” verilişlərinin ideya müəllifi və şərhçisidir.

Elmi fəaliyyəti Elşin Əhmədov Azərbaycan Respublikasının xarici siyasəti, Beynəlxalq təşkilatlar, Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ müharibəsi ilə əlaqədar ümumilikdə, 30-a yaxın kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, eləcə də 100-dən çox elmi məqalənin müəllifidir. Onun İkinci Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, etnik təmizləmə və işğalçılıq siyasəti, Qarabağ münaqişəsinə dair beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyini əks etdirən elmi məqalələri Azərbaycanda, həmçinin ölkə xaricində (Ankara, İstanbul, Sakarya, Elazığ, Kilis, Bişkek, Sofiya, Volqoqrad, Tbilisi, Kişinyov, Moskva, Mexiko, Paris və Romada) “Web of Science” məlumat bazasına və “Scopus” sisteminə daxil olan impakt faktorlu jurnallarda nəşr edilmişdir. Bununla yanaşı, 500-dən çox siyasi-analitik məqalələri, dövri mətbuat, həmçinin müxtəlif kütləvi informasiya vasitələrində türk, ingilis, rus, fransız, ispan, alman, italyan, ərəb, fars, gürcü, bolqar, Çin dillərində yayınlanmışdır. O, 100-dən çox müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş və müvafiq sertifikatlarla təltif edilmişdir. Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf və 2023-cü ildə nəşr olunmuş “Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan dövlət siyasəti” adlı monoqrafiyanın müəllifidir. Elçin Əhmədov 2021-2025-ci illər ərzində 10 dildə (Azərbaycan, türk, ingilis, fransız, rus, ərəb, fars, ispan, Çin və urdu dillərində) nəşr edilmiş Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru (27 sentyabr – 10 noyabr 2020-ci il) adlı kitabın “Prezident İlham Əliyevin qələbə strategiyası: əsas istiqamətlər. Diplomatik fəaliyyət” adlı III fəsilinin müəllifidir. Onun Azərbaycan maarifçilik beşiyi və mədəniyyət mərkəzi olan Şuşanın tarixi-mədəni irsi və strateji əhəmiyyətini əks etdirən kitabları Bakıda, Tibilisidə, Romada, Afinada, Ammanda, Plovdivdə, Riqada, Düşənbədə, Parisdə, Strasburqda və Ankarada azərbaycan, italyan, fransız, yunan, ərəb, bolqar, latış, gürcü, tacik və türk dillərində nəşr edilmişdir. Xüsusilə, 2021-ci ilin noyabrında Romada nəşr edilmiş və həmmüəllifi Roma Sapienza Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə tanınmış tədqiqatçı Daniel Pommier Vinçelli olduğu “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa” kitabı Azərbaycan tarixinin və mədəniyyətinin rəmzi olmasını təcəssüm etdirən qədim Şuşa şəhərinin çoxəsrlik, zəngin mədəni irsi və görkəmli maarif, elm, mədəniyyət, incəsənət, ictimai xadimləri haqqında maraqlı faktların, xüsusilə Qarabağın tarixi-mədəni irsinin Avropa oxucusuna təqdim edildiyi ilk əsər olmuşdur. 2023-cü ildə həmmüəllifi Fransanın “La Gazette du Caucase” onlayn portalının baş redaktoru, “Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan-Mişel Brön olduğu “Qafqazın mirvarisi – Şuşa” kitabının Parisdə nəşr edilməsi və təqdimatının keçirilməsi xarici siyasi və akademik dairələrdə Şuşa şəhərinin böyük tarixi-mədəni əhəmiyyətə, eləcə də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olduğu dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilmişdir. Eyni zamanda, onun Şuşada tarixi faktlara əsaslanaraq doğma və qədim Azərbaycan şəhərinin zəngin mədəni irsi haqqında çoxsaylı və geniş müsahibələri yerli və xarici mediada müxtəlif dillərdə yayılmışdır. Elçin Əhmədovun 2026-cı ilin iyulunda nəşr edilmiş “Şuşa – şəhərsalma mədəniyyətinin nadir incisi: tarix və müasirlik” adlı sonuncu monoqrafiyası Şuşa işğaldan azad edildikdən sonra bu qədim Azərbaycan şəhəri haqqında forma və məzmunca fərqli olan (10-u xaricdə olmaqla) sayca 15-ci kitabdır.

Təltifləri Elçin Əhmədov 1998-ci ildə gənc tədqiqatçılar arasında keçirilən müsabiqənin qalibi olmuş və “II dərəcəli diplomla” təltif edilmiş, Azərbaycan Respublikası Təhsil nazirinin 17 sentyabr 2009-cu il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 2012-ci ildə “Yaddan çıxmaz Qarabağ” mövzusunda keçirilən ümumrespublika yazı müsabiqəsinin qalibi olmuş və I yer üçün ayrılan mükafatla, 2013-cü ildə “Dövlətin gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi dəstəyə” görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin “Fəxri Fərmanı” ilə təltif edilmişdir. Həmin ildə onun “Ermənistanın Azərbaycana təcavüzü” adlı 3 cildlik monoqrafiyası Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli “Şuşa Qrantı” birgə müsabiqəsinin qalibi olmuş və nəşr edilmişdir. 2015-ci il aprelin 24-də Türkiyənin Azərbaycandakı Səfirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Çanaqqala savaşının 100 illiyi” münasibətilə keçirilən müsabiqədə yüksək mükafata layiq görülmüşdür. 2017-ci ildə “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və Qarabağ həqiqətləri haqqında KİV əməkdaşlarının elmi maarifləndirilməsinə yönəlmiş təbliğat fəaliyyətinə görə” Mətbuat Şurasının Diplomu ilə təltif edilmişdir. 2022-ci ildə Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının iclasında, Baş Elmi Şuranın qərarı ilə akademiyanın həqiqi üzvü (akademik) seçilmiş və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın Beynəlxalq Təltif Komitəsinin qərarı ilə “Qızıl Ulduz” medalına layiq görülmüşdür. 2022-ci ilin sonunda “Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi irsinin təbliğində, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərinə, çoxsaylı araşdırma yazılarına görə” və “Şuşa İli” münasibətilə Mətbuat Şurasının Diplomu ilə təltif edilmişdir. 2023-cü il aprelin 8-də Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında TÜRKSOY-un Baş katibi və Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təltif edilmiş və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə, xüsusilə türk dünyasına çatdırılması istiqamətindəki fəaliyyəti, çoxsaylı fundamental elmi əhəmiyyət daşıyan əsərləri yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 saylı Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Nəşr edilmiş kitabları və tədris vəsaitləri Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar. –Bakı: “Tuna”, 1998. –138 s. Qarabağa qayıdacağıq. (azərbaycan, ingilis və rus dillərində). –Bakı: “Letterpress”, 2010. –92 s. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011). –Bakı: “Letterpress”, 2012. –912 s. Azərbaycanın xarici siyasəti: beynəlxalq təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətlər. –Bakı: “Letterpress”, 2013. –452 s. Ermənistanın Azərbaycana təcavüzü: Sənədlər və materiallar. I kitab. –Bakı: “Letterpress”, 2015. –324 s. Ermənistanın Azərbaycana təcavüzü: Etnik təmizləmə, soyqırım, terror, işğal. II kitab. –Bakı, “Letterpress”, 2015. –408 s. Ermənistanın Azərbaycana təcavüzü: Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti. III kitab. –Bakı” “Letterpress”, 2015. –368 s. Ermənistan Azərbaycan münaqişəsi. Dərslik. (Ali təhsilin magistratura səviyyəsi üçün). –Bakı, “Zərdabi LTD” MMC, 2019. –632 s. Ermənistan Azərbaycan münaqişəsi və regional təhlükəsizlik. Poqram və metodok vəsait /Azərbaycan və rus dillərində/. – Bakı: Zərdabi Nəşr, 2024. –112 s. Azərbaycan Respublikasının xarici siyasəti. Metodik vəsait. (Ali təhsilin bakalavriat səviyyəsi üçün). –Bakı: “Zərdabi LTD” MMC, 2025. –184 s. Şuşa–Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı. –Bakı: “Zərdabi Nəşr” MMC, 2021. –180 s. (azərbaycan dilində). Prezident İlham Əliyevin qələbə strategiyası: əsas istiqamətlər. Diplomatik fəaliyyət. III fəsil. –s.97-127. // Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru (27sentyabr –10 noyabr 2020-ci il). –Bakı: “Şərq-Qərb”, 2021-2025. –444 s. (Azərbaycan, türk, ingilis, fransız, rus, ərəb, fars, ispan, Çin və urdu dillərində) Şuşa–Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı. /Yeniləşdirilmiş və təkmilləşdirilmiş ikinci nəşr/ –Bakı: “Zərdabi Nəşr” MMC, 2022.–472 s. (azərbaycan dilində). Şuşa. Tarixi-mədəni irs. – Bakı: Zərdabi Nəşr, 2025. – 368 s. Şuşa – şəhərsalma mədəniyyətinin nadir incisi: tarix və müasirlik. –Bakı: “Zərdabi Nəşr” MMC, 2026 –416 s. Şuşa – şəhərsalma mədəniyyətinin nadir incisi: tarix və müasirlik. /Yeniləşdirilmiş və təkmilləşdirilmiş ikinci nəşr/. –Bakı: “Zərdabi Nəşr” MMC, 2026. –352 s.

Xarici ölkələrdə nəşr olunmuş kitabları