Binəqədi döyüşü — 1918-ci il avqustun 26–31-də Bakını azad etməyə gələn Qafqaz İslam Ordusunun şəhər ətrafında, Binəqədi kəndi yaxınlığındakı 311 və 364 nömrəli təpələr uğrunda keçirdiyi hərbi əməliyyat.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası 2 cilddə. I cild. Bakıː Lider nəşriyyatı, 2004, s.255–256
Döyüşün məqsədi İngilis – "Sentrokaspi" hərbi qüvvələrinə zərbə endirməklə onları şəhərə doğru sıxışdırmaq, Bakının azad olunması üçün həlledici hücum ərəfəsində əlverişli mövqelər ələ keçirmək idi.
Döyüşün gedişi və nəticəsi Döyüş əsasən 311, 364 nömrəli təpələrin və Binəqədi yüksəkliyinin ətrafında baş verdi. Avqustun 26-da başlanan döyüşdə 13-cü piyada alayı 364 nömrəli təpəni ələ keçirərək, "Sentrokaspi" – ingilis qüvvələrini geri çəkilməyə məcbur etdi. 311 nömrəli təpəni isə ələ keçirmək mümkün olmadı. Avqustun 27-də "Sentrokaspi" – ingilis qüvvələri 364 nömrəli təpəni geri qaytarmağa cəhd göstərdilər: ingilis qüvvələri hücuma keçərək, Maştağa dəstəsinin və 13-cü alayın mövqelərini aramsız atəşə tutdu, 10-cu alayın mövqeləri "Sentrokaspi" təyyarələri tərəfindən bombardman edildi, hərbi gəmilər isə Abşeron yarımadasının şimalında mövqe tutaraq, "Sentrokaspi" qüvvələrini müdafiə etməyə çalışdılar. Azərbaycan süvarilərinin və könüllülərinin çoxluq təşkil etdiyi Maştağa dəstəsi döyüşlərin ən qaynar yerində idi. Qaimməqam Həsən bəyin rəhbərliyi altında olan bu dəstə düşmən təyyarələrindən bombardman edilməsinə, dənizdə dayanan gəmilərdən top atəşinə tutulmasına baxmayaraq, döyüş mövqeyindən geri çəkilmədi. Avqustun 30-da Nasoslu yaxınlığında "Sentrokaspi" gəmilərindən quruya çıxarılmış desant Qafqaz İslam Ordusu qüvvələrinə arxadan zərbə vurmağa cəhd göstərdi. Lakin 364 nömrəli təpəni geri qaytara bilmədi. Qafqaz İslam Ordusu komandanlığı Bakı ətrafındakı qüvvələri yenidən qruplaşdıraraq, avqustun 31-də 311 nömrəli təpə üzərinə yenidən hücuma keçdi. "Sentrokaspi" – ingilis qüvvələri bu təpəni, həmçinin, bütünlükdə Binəqədi yüksəkliklərini qoruyub saxlaya bilmədilər və itki verərək geri çəkildilər. Qafqaz İslam ordusunun hissə və bölmələri Binəqədi ətrafındakı mövqelərdən əlavə, Digah və Məhəmmədi kəndlərini də ələ keçirdilər. Binəqədi-Digah xətti üzrə mühüm mövqelərin itirilməsi "Sentrokaspi diktaturası"nın süqutunu sürətləndirdi. General Denstervil döyüşdən sonra bəyan etdi ki, "yer üzündə heç bir qüvvə Bakını türklərdən ala bilməz" Beləliklə, Bakının şimalında "Sentrokaspi" – ingilis qüvvələri Biləcəri yüksəkliyinə qədər geri sıxışdırıldı və Bakının azad olunması uğrunda həlledici hücumun təşkili üçün əlverişli mövqelər ələ keçirildi.
Döyüşlə bağlı xatirələr Nuru paşa öz xatirələrində bu döyüşün hazırlanması, gedişi və nəticəsi barədə belə yazırdı:
Mənbə Süleyman M.Qafqaz İslam Ordusu və Azərbaycan. B. 1999. Rüştü, Büyük harpte Baku yollarında Ş.Kafkas piyade fırkası. 93 saylı Askeri mecmuanın tarih kısmı, 1934. Yüceer N, Birinci dünya savaşında Osmanlı ordusunun Azerbaycan ve Dağıstan harekatı, Ankara 1996. Süleymanov M. Nuru paşa və silahdaşları. Bakı, 2014
İstinadlar
Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti
Kateqoriya:XX əsrdə Bakı Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi Kateqoriya:Birinci Dünya müharibəsi döyüşləri