Nəsrəddin Mehmed bəy Xəlil bəy oğlu Zülqədər (; ) — 1399-cu ildən 1442-ci ilə qədər Zülqədəroğulları bəyliyinin beşinci hökmdarı.
Anadolunun cənubunda və Suriyanın şimalında yerləşən bəylik Məmlük sultanlığı və Osmanlı imperiyası arasında bufer zona rolunu oynayırdı, lakin hər iki dövlət Zülqədəroğulları bəyliyinin ərazilərinə nəzarət iddiası irəli sürürdü. Atası Xəlil bəy (hakimiyyəti: 1353–1386) vəfat etdikdən sonra Mehmed əmisi Sülü Şaban bəyin (hakimiyyəti: 1386–1398) hakimiyyətini rədd etmiş, Misir və Suriyanı idarə edən Məmlük sultanlığının dəstəyinə arxalanaraq onunla bir neçə dəfə toqquşmuşdur. Sülü bəyin öldürülməsindən sonra oğlu Sədəqə bəy taxta çıxmışdır. Mehmed Osmanlı sultanı I Bəyazidin (hakimiyyəti: 1389–1402) müdaxiləsi ilə qısa müddət sonra hakimiyyət iddiasına nail olmuşdur.
Zəmin Nəsrəddin Mehmed bəyin babası Məmlüklər tərəfindən regionun bir hissəsini idarə etmək hüququ verilmiş yerli türkman bəylərindən biri Zeynəddin Qaraca bəy idi. Onun oğulları Xəlil bəy, Sülü Şaban bəy, Davud, İbrahim, Osman, İsa idi. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur. Məmlük sultanı Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri" və Maraşdan Əlbistana qədər uzanan torpaqların naibi kimi tanımışdır. Əlbistan 1335-ci və ya 1337-ci ildə Zülqədəroğulları bəyliyi tərəfindən ələ keçirilmişdir. Beləliklə, Əlbistan dövlətin süqutuna qədər Zülqədəroğulları bəyliyinin paytaxtı olmuşdur. Qaraca bəy vəfat edənə qədər qonşuları ilə mübarizədə və Misir hökmdarlığına qarşı üsyanlarda iştirak etmişdir.
thumb|right|Zülqədəroğulları bəyliyi Anadolu xəritəsində. Təqribən 1400-cü il.
1348-ci ildə Qaraca özünü məktublarında özünü "Məlik əz-Zahir" adlandırırdı. Həmçinin, həmin il qələbələrindən cəsarət alan Qaraca bəy "Məlik əl-Qahir" kimi öz müstəqilliyini elan etmişdir. 1352-ci ilin avqustunda Baybuğa Suriyada özünü sultan elan etmişdir, Qaraca bəy də bu üsyana qatılmışdır. Üsyanın nəticəsində Qaraca bəy məğlub olmuş və Qahirədə həbs edilmişdir. Qaraca bəy 48 gün həbsdə qaldıqdan sonra, 11 dekabr 1353-cü ildə işgəncə ilə öldürülmüşdür. Onun cəsədi üç gün ərzində Bab-Züvəylədə asılı vəziyyətdə qalmışdır. Qaraca bəyin edam edilməsindən sonra onun davamçıları Qarsəddin Xəlil bəy (hakimiyyəti: 1353–1386) və Sülü Şaban bəy (hakimiyyəti: 1386–1398) də Məmlüklər ilə mübarizə aparmış, lakin nəticədə sultan Bərkukun (hakimiyyəti: 1382–1389, 1390–1399) əmri ilə öldürülmüşdür.
1398-ci ildə Sülü Şaban bəyin öldürülməsindən sonra oğlu Sədəqə bəy taxta varis olmuş və mənşur əldə etmək üçün Qahirəyə, Məmlük sarayına getmişdir. Sədəqə paytaxt Əlbistana qayıdan zaman Mehmed onun hakimiyyətinə meydan oxumuşdur və beləliklə, ikisi arasında qanlı döyüşə başlamışdır. Mehmed bəy Zülqədəroğulları bəyliyinin şimalında yerləşən və əvvəllər Qazı Bürhanəddinin (hakimiyyəti: 1381–1398) nəzarəti altında olan ərazilər üzərində hökmdarlıq qurmuş Osmanlı sultanı I Bəyaziddən (hakimiyyəti: 1389–1402) kömək istəmişdir. I Bəyazid Sədəqə bəyi Əlbistandan çıxarmışdır və Mehmed 2 avqust 1399-cu ildə I Bəyazid tərəfindən Zülqədəroğulları bəyliyinin hökmdarı təyin edilmişdir. Osmanlı imperiyasının Zülqədəroğulları varisliyində iştirakı Osmanlı–Məmlük rəqabətinin başlanğıcı olmuş və bu prosesdə Zülqədəroğulları bəyliyi bufer zona olmuşdur.
Hakimiyyəti
Fitrət dövrü Nəsrəddin Mehmed bəyin Məmlük sultanlığı ilə arasıra münaqişələrə daxil olmağına baxmayaraq, Osmanlı imperiyası ilə sabit münasibətlər saxlamışdır. Mehmed bəy Zülqədəroğulları bəyliyində hakimiyyətə Əmir Teymurun Kiçik Asiyada yürüşə hazırlaşdığı bir dövrdə gəlmişdir. Özündən əvvəl hakimiyyətdə olmuş Sülü Şaban bəy və Sədəqə bəydən fərqli olaraq, Mehmed bəy I Bəyazidin köməyi ilə hökmdar olmuşdur və buna görə də ordusu Əmir Teymura qarşı döyüşmüşdür. 1400-cü ildə Əmir Teymurun Sivası mühasirəyə alması zamanı Zülqədəroğulları bəyliyinə tabe olan qoşunlar mühasirə qüvvəsinə hücum edərək onlardan atlar oğurlamışdır. Cavab olaraq, Əmir Teymur Sivası ələ keçirdikdən dərhal sonra Zülqədəroğulları bəyliyinin ərazisinə ordu göndərmişdir. Suriyaya qayıdan zaman Əmir Teymur 1401-ci ildə Tədmur yaxınlığında yerləşən qışlaq Zülqədəroğulları bəyliyinin ordusunu yenidən məğlub etmiş və onlardan 200 min baş qoyun müsadirə edilmişdir.
thumb|250px|Əmir Teymurun Anadoluda yürüşləri.
1402-ci ildə I Bəyazid Ankara döyüşündə Əmir Teymura məğlub olmuşdur. Əmir Teymur Anadolunu onlarla kiçik dövlətə bölmüş, Osmanlı imperiyasının əvvəllər fəth etdiyi bütün bəylikləri bərpa etmiş və keçmiş sülalələrin hakimiyyətini qaytarmışdır. Mehmed bəy də digər Anadolu bəyləri kimi Əmir Teymurun hakimiyyətinə tabe olmağa məcbur qalmışdır. Əmir Teymur Osmanlı torpaqlarını Bəyazidin üç oğlu arasında bölüşdürmüş, bu da 1413-cü ilə qədər davam edən Osmanlıda taxt-tac mübarizəsinə səbəb olmuşdur. Əmir Teymur Anadoludan getdikdən sonra Mehmed bəy bəyliyin əraziləri üzərində nəzaərti bərpa etməyə başlamışdır. Mehmed Çələbi əvvəllər Qazi Bürhanəddinin hakimiyyəti altında olan və Zülqədəroğulları bəyliyi ilə həmsərhəd olan Rum əyalətinin birbaşa idarəçiliyini ələ keçirmişdir. O, Məhməd bəyin hakimiyyəti dövründə Osmanlı imperiyasının ərazilərini yenidən birləşdirməyi bacarmışdır. Məhməd Çələbi Məhməd bəyin qızı və ya bacısı olan Əminə Xatun ilə evlənmişdi. Tarixçilərə görə, İsa Çələbi üzərində qələbə Mehmed Çələbinin Qaramanoğulları və Zülqədəroğulları kimi Anadolu türkman bəyləri ilə ittifaqı sayəsində baş tutmuşdur. 1412-ci ildə Mehmed Çələbi Mehmed bəyin oğlu Süleymanın Musa Çələbiyə qarşı mübarizəsində ona kömək etmək üçün qoşun göndərmişdir.
1419-cu ildə Mehmed bəy Məmlüklərin Qaramanoğulları bəyliyinin hökmdarı II Mehmed bəyə qarşı cəza kampaniyasında iştirak etmişdir. Mehmed bəy Zülqədər onu məğlub edə bilmiş, Qaramanoğlu Mehmed bəy dağlarda gizləndikdən sonra onu tutaraq Qahirəyə göndərmişdir. Nəsrəddin Mehmed bəyə mükafat olaraq Məmlük sultanı tərəfindən Kayseri ona verilmişdir. Kayseridə Mehmed tərəfindən tikilmiş Xatuniyyə mədrəsəsi bu hadisənin xatirəsinə həsr olunmuşdur.
Bertrandon de la Brokyer 1432-ci ildə Suriyada səyahət edən zaman yazmışdır:
Məmlüklər ilə mübarizə Əmir Teymurun qüvvələrinin Suriyadan gözlənilmədən çəkilməsi Məmlüklər daxilində daxili münaqişələrə səbəb olmuşdur. Hələb və Dəməşqin keçmiş Məmlük valiləri Tanrıverdi və Dəmirdaşın üsyanlarını yenidən alovlanmışdır. Məhməd bəy bu qarışıqlıqdan istifadə edərək Darəndəni ələ keçirmiş, Malatya isə müttəfiq tayfa başçısı Məhəmməd ibn Köpək tərəfindən tutulmuşdur. 1411-ci ilin noyabrında Mehmed bəy Nasir Fəracın (hakimiyyəti: 1399–1412) əvvəlcə taxtını ələ keçirən Müəyyəd Şeyxin (hakimiyyəti: 1412–1421) dəstəyinə görə mükafat olaraq Antep əldə etmişdir. Mehmed bəyin qardaşı Ələddin Əli bəy 1402-ci ilin iyulunda Məmlüklər tərəfindən Antepin valisi təyin edilmişdi, çünki o, Nasir Fəracın Hələbdəki hakimiyyətini bərpa etməkdə rol oynamışdı, lakin Əli bəy Antepi itirmişdi və Mehmed bəyi şəhəri ələ keçirəndə Antep artıq onun nəzarətində deyildi. 1414-cü ildə və 1417-ci ilin yazında Müəyyəd Şeyx Zülqədəroğulları bəyliyinə qarşı iki ekspedisiya keçirmişdir. Onlardan birincisində Antep və Darəndə geri alınmışdır, lakin sonradan Darəndə yenidən itirilmişdir, Ələddin Əli isə ikinci ekspedisiyada iştirak etmişdir. Məmlüklər daha sonra Əli bəyə və oğlu Həmzəyə Əlbistan və Maraşa nəzarəti vəd etmişdilər. Bu, qısa müddət davam etmişdir, çünki Mehmed Əlbistanda hakimiyyətini bərpa etmişdir, lakin o, sonradan öz qohumları və Məmlüklərlə daha dostcul münasibətlər qurmağa çalışmışdır. Mehmed bəy qardaşı Əli bəyi Maraşın valisi təyin etmiş və 1419-cu ildə Qaramanoğulları bəyliyinə qarşı Məmlük kampaniyasında iştirak etmişdir. Buna görə də həmin ilin aprelində Kayserini Mehmed bəyin nəzarətinə keçmişdir.
Məmlük sultanı Barsbayın (hakimiyyəti: 1422–1438) əmri ilə Mehmed Antep və Darəndəni geri almışdır. Bu ərazilər əvvəlki Məmlük hökmdarı Seyfəddin Tatar (hakimiyyəti: 1421) tərəfindən Əli bəyə verilmişdi. Əli bəy Maraşı özündə saxlamışdır, lakin o, 1426-cı ilin iyununda Barsbay tərəfindən edam edilmişdir. Onun oğlu Həmzə qısa müddət Maraşı idarə etmiş, lakin Mehmedin oğlu Fəyyaz onun yerinə keçmişdir. Barsbay həmçinin, Mehmedin əmisioğlu Tuqrağın idarə etdiyi Malatyanı əlindən alınmış və onu Suriyanın daxilində yerləşən Hüms şəhərini idarə etməyə göndərmişdir.
1429-cu ilin mayında Mehmed şərqdə yerləşən Harputu Ağqoyunlulara itirmişdir. Onlar 1433-cü ilin mayında Mehmed və Məmlük qüvvələrinin Amidi ələ keçirmək cəhdini dəf etmişdilər. Məmlüklər Əli bəyiin oğlu Həmzəyə üstünlük verməyə başlamışdılar və 1434-cü ilin dekabrında Məhmədin oğlu Fəyyazı Maraşın hökmdarı kimi Həmzə ilə əvəz etmişdilər, Fəyyaz isə Qahirədə həbs olunmuşdur. Mehmed qısa müddət ərzində həyat yoldaşı Xədicə Xatunu diplomatik missiya ilə Qahirəyə göndərmişdir. Bu missiya Fəyyazın Maraşdakı keçmiş vəzifəsinə qayıtmasına və Süleyman bəyin Kayseridəki vəzifəsinin davam etməsinə nail olmuşdur, çünki Qaramanoğlu II İbrahim Məmlüklərlə danışıqlar apararaq Kayserini ələ keçirməyə çalışırdı. Buna baxmayaraq, 1435-ci ilin iyulunda Qaramanoğulları, Ramazanoğulları və başqalarının birgə hücumu nəticəsində Kayseri Məmlüklərin birbaşa nəzarətinə keçmişdir.
Məmlüklərlə münasibətlərin pisləşməsi ilə paralel olaraq, 1435-ci ildə sultanın rəqibi Əmir Canıbəy Sufi və tərəfdarları Malatyaya hücum etmişdilər. 10 oktyabr 1435-ci ildə Canıbəy gözlənilmədən Mehmed bəyin oğlu Süleyman bəy tərəfindən əsir alınmış və zəncirlə Əlbistana göndərilmişdir. Bu xəbər sultanı Barsbaya çatan zaman o, dərhal Mehmed bəydən Canıbəyi Qahirəyə təhvil verməsini tələb etmişdir. İbn Həcərin məlumatına görə, Süleyman bəy Canıbəy Sufini 5000 dinar qarşılığında Qahirəyə təhvil vermək niyyətində idi. Mehmed bəy Süleyman bəyə əmr etmişdir ki, Canıbəyin yalnız oğlu Fəyyazın azad edilməsi üçün əsir alındığını bildirsin. O zaman Mehmed hələ Fəyyaz və həyat yoldaşının azad edilib Əlbistana çatdığını bilmirdi. Barsbayın elçisinin Canıbəyi əsir almaq üçün Əlbistana getməsinə baxmayaraq, 1435-ci ilin dekabrında Mehmed onu azad etmişdi. 1436-cı ilin yanvarında elçi Qahirəyə qayıdaraq Canibəyin azad edildiyini Barsbaya bildirmişdir. Məhməd Məmlük üsyançısına üstünlük verirdi və qızı Nəfisə Xatunu Cənibəy ilə evləndirmişdir. Barsbay 1436-cı ilin oktyabrında Həmzəni edam etmişdir.
Sultan Barsbay Zülqədəroğulları bəyliyinin ərazisinə böyük ordu göndərmişdir. 1436-cı ilin martında Məmlük ordusu Hələbdən çıxaraq Maraşdan keçərək Əlbistana daxil olmuş, Mehmed isə şəhərdən qaçmışdır. Məmlük qoşunları Əlbistanı və ətrafını tamamilə talan etmiş, ardınca Hələbə çəkilmişdir. Misir mənbələrinə görə, Əlbistanın "həm şəhər, həm də kəndləri yandırılmış və talan edilmişdir, nəticədə orada sadəcə çöllük qalmışdır". 9–10 iyul 1436-cı ildə Mehmed və oğulları Canıbəyin ordusunun tərkibində idilər, lakin Canıbəy Antepdə Məmlük ordusu tərəfindən məğlub edilmişdir. Məmlüklər döyüş meydanından qaçan Canıbəy və Mehmed bəyo Sivasa qədər təqib etmişdilər, lakin onlar Osmanlı ərazisində, Ankara yaxınlığında sığınacaq tapmışdılar. Bundan sonra Osmanlı sultanı II Murad Mehmed bəyi Qaramanoğlu II İbrahim ilə münaqişəsində açıq şəkildə dəstəkləmiş və ordularını Kayseriyə yeritmişdir. Cavab olaraq, Barsbay İbrahim bəyə pul və silah göndərmişdir. 1437-ci ilin martında Canıbəy, Mehmed və oğlu Süleyman Osmanlıların Kayseriyə hücumunda iştirak etmişdilər. Nəticədə İbrahim bəy və Mehmed bəy sülh bağlamış, Kayseri isə Mehmed bəyə verilmişdir.