Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Tarixi Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir.

Filial dövrü 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.

İnstitut dövrü Regionun ehtiyacları nəzərə alınaraq iyun 1972-ci il tarixli Azərbaycan SSR Nazirlər Sovetinin 214 nömrəli qərar əsasında Naxçıvan MSSR Nazirlər Sovetinin 206 nömrəli qərarı ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bazası əsasında Naxçıvan şəhərində Naxçıvan Pedaqoji İnstitutunun təşkil edilməsi haqqında qərar qəbul edildi. Bundan sonra Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 9 yanvar 1973-cü il tarixli protokolunda Naxçıvan Dövlət Pedaqoji İnstitutuna akademik Yusif Məmmədəliyevin adının verilməsi haqqında qərar qəbul edilmişdi . Naxçıvan Pedaqoji İnstitutu yeni təşkil olunmasına baxmayaraq, 1972-ci ildən başlayaraq İnstitutunda ibtidai təhsil pedaqogikası və metodikası, fizika, ümumi texniki fənləri, əmək, kimya, biologiya ixtisasları üzrə müəllim hazırlanması üçün ayrıca yeni fakültələr açılmışdır. Bunların hamısı Azərbaycan Pedaqoji İnstitutunun fəaliyyəti, onun tədris planları, proqramları və göstərişləri ilə get-gedə inkişaf edir və təkmilləşirdi.

Universitet dövrü 29 dekabr 1990-cı ildə İnstitut Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan Dövlət Universitetinə çevrilmişdir.

2023-cü ilin avqutsun 1-də Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kolleci Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.

Rəsmi adları 1967 — V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı

1972 — Naxçıvan Dövlət Pedaqoji İnstitutu

1990 — Naxçıvan Dövlət Universiteti

Fakültələr Fizika-riyaziyyat fakültəsi Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi Tibb fakültəsi Memarlıq-mühəndislik fakültəsi İncəsənət fakültəsi Tarix-filologiya fakültəsi Beynəlxalq münasibətlər və hüquq fakültəsi Xarici dillər fakültəsi Pedaqoji fakültə İqtisadiyyat və idarəetmə fakültəsi

Tərkibi "Elmi əsərlər" jurnalı və "Fikir" informasiya bülleteni universitet əməkdaşlarının elmi məqalələrini nəşr edib yayır.

Universitetdə yaradılmış "Qeyrət" nəşriyyatında Naxçıvan regionunun tarixinə, arxeoloqiya və etnoqrafiyasına, zəngin təbiətinə və təbii sərvətlərinə, memarlıq abidələrinə, habelə fundamental elmlər üzrə aparılan elmi axtarışların nəticələrinə dair kitablar nəşr edilir.

Konservatoriya Naxçıvan Dövlət Universitetində yaradılmış Konservatoriya Azərbaycanın müstəqillik dövrünün yenitipli mədəniyyətini inkişaf etdirə biləcək mütəxəssislər hazırlayır.

Cənubi Koreya Mərkəzi Naxçıvan Dövlət Universitetinin Cənubi Koreya Mərkəzi 11 noyabr 2011-ci il tarixdə istifadəyə verilmişdir. Açılış mərasimində akademik İsa Həbibbəyli Cənubi Koreya Respublikasının Azərbayjandakı fövqəladə və səlahiyyətli səfiri Li Ji Han, Cənubi Koreyanın Kimçonq Universitetinin rektoru, xanım Sunq Aj Kanq, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Hee Cun Lee və köməkçisi David K. H. Leenin iştirak etmişdir.

Cənubi Koreya Mərkəzində Koreyanın dövlət atributları, milli musiqi alətləri, eyni zamanda, ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanmışdır. Mərkəzin müasir informasiya texnologiyaları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır.

Cənubi Koreyanın Rim Çenq Universiteti Koreya Mərkəzinə tədris ləvazimatları, milli geyimlər və musiqi alətləri bağışlamışdır.

Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş mərasimlər keçirilir.

2012–2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dili tədris mərkəzi mövcuddur. Yalnız Naxçıvan dövlət universitetinin tələləbələri deyil, Naxçıvanın istənilən bölgələrindən olan şəxslər də koreya dilini öyrənmək üçün bu mərkəzə müraciət edə bilərlər. Kursun sonunda tələbələrə Naxçıvan Dövlət Universiteti adından sertifikat təqdim edilir. Koreya dili asan və orta səviyyə olmaqla keçirilir.

Mərkəzdə eyni zamanda TOPİK imtahan hazırlıq kursu da mövcuddur.

Mərkəzdə 1 il – 2 semestr olmaqla Koreya dili dərsləri və Koreya mədəniyyəti dersləri keçirilir. Koreya mədəniyyət derslərində tələbələr Koreya filmləri izləmə, yemək hazırlama, mili oyunlar, mili rəqslər və mili musiqi alətlərində çalmaq kimi bir sıra tərcübələrə yiyələnə bilərlər.

Kitabxana Yenicə təşkil olunmuş kitabxananın fondunu yaratmaq üçün vəsait ayrılmış, lazımi ədəbiyyat və materiallarla təmin edilmişdir. Cəmi 370 kitabla fəaliyyətə başlayan kitabxananın fondu qısa bir zamanda zənginləşmişdir. Bura Azərbaycan və rus dillərində olan 290-dan artıq kitab Bakı Dövlət Universitetindən və AMEA-nın Mərkəzi Elmi Kitabxanasından, M. F. Axundov adına kitabxanadan və müxtəlif institutların kitabxanalarından hədiyyə edilmişdir.

1971-ci ildə yalnız 1 şöbədən və 1 oxu zalından ibarət olan kitabxanaya o zaman institutun tarix-filologiya fakültəsində qiyabi təhsil alan Novruz Quliyev, 1972-ci ildə isə institutun "Pedaqogika" kafedrasında laborant işləyən, hazırda həmin kafedranın müəllimi Bəyim Vəkilova, sonra müxtəlif illərdə Şövkət Qasımova, Qafar Əliyev, Teyyubə Abdullayeva, Pərvin Əliyeva və Aypara Behbudova rəhbərlik etmişlər. Hazırda NDU-nun Elmi Kitabxanasının direktoru Fariz Əhmədovdur.

Kitabxananın fondunu 1985-ci ildə 60 min nüsxə Azərbaycan, rus və xarici dillərdə çap olunmuş nadir və müstəsna əhəmiyyətli nəsr əsərləri, elmi ədəbiyyatlar təşkil etmişdir. 1987-ci ildən kitabxana respublikada nəşr edilən çap məhsullarının pulsuz məcburi nüsxələrini almışdır. Naxçıan Dövlət Universitetinin kitabxanası 1996-cı ildən etibarən daha da təkmilləşdirilərək inkişaf etdirilmişdir.

Kitabxana 2004-cü ilin may ayında Avropa standartlarına uyğun beşmərtəbəli binaya köçürülmüşdür. Akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, mərhum Zöhrab Vəliyev, akademik Budaq Budaqov, akademik Məmməd Cəfər Cəfərov, pedaqogika üzrə fəlssəfə doktoru, dosent Gültac Əliyeva və başqaları öz şəxsi kitab fondlarından kitabxanaya xeyli kitab hədiyyə etmişlər. Muxtar Respublikada elm sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanasının fondunda dünyanın 30-dan çox dilində 200 000-dən artıq ədəbiyyat saxlanılır.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının 11 nəfərdən ibarət Elmi Şura üzvləri var.

NDU-nun kitabxanası dünya elmindən, beynəlxalq kitabxana təcrübəsindən bəhrələnərək oxuculara yüksəık səviyyədə xidmət göstərir. Fond və oxu zallarının hər birinin konkret elm sahələri üzrə ixtisaslaşdırılması və hər zalın ayrıca mərtəbələrdə yerləşdirilməsi bu kitabxananın Avropa kitabxana sisteminə inteqrasiyasının bəhrəsidir. Hazırda kitabxanada ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşdırılmış 11 fonr və 11 oxu zalı oxuculara yüksək səviyyədə xidmət göstərir.

Futbol komandası Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edirFutbol üzrə muxtar respublika çempionatının qalibi "Araz-Naxçıvan" komandası olub . serqqapisi.az, 15.06.2017. 2017-ci ilin iyun ayında başa çatmış sonuncu — Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatında üçüncü yeri tutmuşdur.

Naxçıvan Dövlət Universitetinin futbol komandası 2002-ci ildə Türkiyənin Qars Qafqaz Universitetinin komandası ilə yoldaşlıq görüşləri keçirmiş, həm Türkiyədə və həm də Naxçıvanda qalib gəlmişlərİDMAN . ndu.edu.az.

Tələbələr 2003-cü ildə İran İslam Respublikasının Təbriz Universitetinin komandası ilə yoldaşlıq görüşü keçirmiş və 7:1 hesabı ilə qalib gəlmişlər.

Komandanın müxtəlif turnirlərdə qazandığı kuboklar hazırda Naxçıvan Dövlət Universitetinin İdman muzeyində saxlanılırİDMAN MUZEYİ . ndu.edu.az.

Muzeylər

İdman Muzeyi Naxçıvan Dövlət Universitetinin idman muzeyi 2000-ci ildə yaradılmışdır. Bu muzeydə universitetin idmançı tələbələrinin Naxçıvan muxtar respublika, Azərbaycan Respublikası və beynəlxalq yarışlarda qazandığı kubok, fəxri fərman və diplomlar nümayiş etdirilir. Onların arasında tələbələrimizin "Qafqaz universitetləri olimpiadası"nda (Türkiyə, Qars), Birinci Avropa Olimpiadasında (Bakı 2015), Avropa Universitetlərinin futbol çempionatında (Ukrayna, Polşa) və Beynəlxalq turnirlərdə (İran İslam Respublikası, Türkiyə, Rusiya)qazandıqları kuboklar xüsusi əhəmiyyətə malikdir. Muzeydə nümayiş etdirilən eksponatlar içərisində futbol, badminton, cüdo, sərbəst güləş, atletika və digər idman növləri üzrə keçirilən Naxçıvan Muxtar Respublikası birinciliklərində universitet komandalarının qazandığı nailiyyətlərlə bağlı kuboklar, diplomlar, "Universitet" futbol komandasının müxtəlif illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan Muxtar Respublika turnirlərinin qalibi kimi qazandığı kuboklar, super kuboklar da nümayiş etdirilir. İdmançılarımızın Türkiyə Cümhuriyyətində və İran İslam Respublikasında keçirilən yarışlarda qazandığı mükafatlara da muzeydə müvafiq guşə ayılmışdır. Muzey, universitetin idman kompleksində yerləşir. İdman muzeyinə "Tələbə İdman klubu"nun sədri Məmmədəli Rəhimov rəhbərlik edir.

Məktəb tarixi muzeyi "Məktəb tarixi" kabinəsi 03 noyabr 1997-ci il tarixdə "Pedaqogika və psixologiya" kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nərimən Bilal oğlu Orucəliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Kabinədə Naxçıvanda maarifçilik hərəkatını əks etdirən stendlər və Azərbaycanın görkəmli mütəfəkkirlərinin fotoşəkillərindən ibarət sərgi öz əksini tapmışdır.

Kabinə 18 may 2007-ci il tarixdə "Məktəb tarixi" muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. Muzeyin əsasını fakültə əməkdaşlarının nəşr olunmuş dərslikləri, dərs vəsaitləri, metodiki vəsaitləri, proqramları təşkil etmişdir. Muzeydə həmçinin universitet əməkdaşlarının fəlsəfə doktoru və elmlər doktoru avtoreferatları üçün ayrıca guşə də yaradılmışdır.

Muzeydə Nax. MR-nın ilk Maarif nazirindən başlayaraq indiyə qədər olan nazirlərin fotoşəkilləri və işlədikləri müddət göstərilmişdir. "Məktəb tarixi" muzeyi universitetdə olan qonaqlarda da daim xoş təəssürat yaratmışdır. "Məktəb tarixi muzeyi"ndə magistratura səviyyəsində təhsil alan pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika, təhsildə qiymətləndirmə və monitorinq ixtisaslarının tələbələri, həmçinin fakültənin bakalavr səviyyəsində təhsil alan tələbələrin də kafedrada tədris olunan dərsləri burada keçirilir.