Epitel toxuması və ya epitel ( — üstündə, üstündən; — örtən, uc) — insan orqanizmindəki 4 əsas toxuma növündən biri
Növləri Epitel toxuması təsnifatına görə 4 yerə ayrılır:
Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür. Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir. Əzələvi epitel Hissi epitel
Örtük epiteli Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır.
Təsnifatı Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.
Morfo-funksional təsnifat Morfo-funksional cəhətdən örtük epitelin 6 tipi ayırd olunur:
epidermal epitel enterodermal epitel nefrodermal epitel selomik epitel (mezotel) ependimoqlial epitel angiodermal epitel
Epidermal epitel Epidermal epitel çoxqatlı, yaxud çoxsıralı quruluşa malik olub, başlıca olaraq, mühafizə funksiyası yerinə yetirir. Məsələn: dərinin çoxqatlı buynuzlaşan epiteli.
Enterodermal epitel Enterodermal epitel birqatlı quruluşa malikdir. Bu epitelin sorulma funksiyası var. Məsələn: bağırsaq epiteli.
Nefrodermal epitel Nefrodermal epitel birqatlıdır, kubabənzər və silindrik hüceyrələrdən təşkil olunmuşdur. Mühafizə, sorucu və ən əsası, ekskretor funksiya daşıyır. Məsələn: sidik kanalcıqlarını daxildən örtən böyrək epiteli.
Selomik epitel Selomik epitel və ya mezotel birqatlıdır, yastı hüceyrələrdən qurulmuşdur. Seroz qişaların səthini hamar və nəm edir.
Ependimoqlial epitel Ependimoqlial epitel birqatlıdır, silindrik hüceyrələrdən ibarətdir. Qütblük (polyarlıq) xüsusiyyətinə malik olub hüdudi, istinad və sekretor funksiya daşıyır. Ependimoqlial epitel onurğa beyni kanalı və beyin mədəciklərini daxildən örtür.
Angiodermal epitel Angiodermal epitel birqatlıdır, yastı hüceyrələrdən qurulmuşdur. Angiodermal epitel bariyer və qidalanma (trofik) funksiya yerinə yetirir. Qan damarlarının divarında vardır.
Mənşəyinə görə örtük epiteli toxumasının təsnifatı Örtük epiteli embrional inkişaf zamanı müxtəlif mənbələrdən inkişaf edir:
Epidermal və ependimoqlial epitel ektodermadan, nefrodermal və selomik epitel (mezotel) mezodermadan, enterodermal epitel entodermadan, angiodermal epitel isə mezenximdən törəyir. Ependimoqlial epitel, daha da dəqiqi, sinir borusundan inkişaf edilməsində proses həyata keçirilir
Histoloji quruluşuna görə örtük epitelin təsnifatı Örtük epiteli daha çox quruluşuna görə təsnif olunur. Bunu aşağıdakı kimi göstərmək daha əlverişlidir: Örtük epitel toxumasıBirqatlı epitel (Sadə epitel)Çoxqatlı epitelBirsıralıÇoxsıralıKeçidYastıYastıKubabənzərSilindrik (prizmatik)Silindrik (prizmatik)Buynuzlaşmayan (qərniləşməyən)Buynuzlaşan (qərniləşən) thumb|388x388px|Örtük epiteli toxumasının histoloji quruluşuna görə təsnifatı
Birqatlı (sadə) örtük epiteli toxuması Örtük epiteli toxuması quruluşuna görə birqatlı və çoxqatlı olur. Birqatlı epiteldə, adından da məlum olduğu kimi, bütün hüceyrələri bazal zarla (membran) təmasdadır və tək qat halında düzülmüşlər.
Birqatlı örtük epiteli toxuması birsıralı və çoxsıralı olur. Birqatlı birsıralı epiteldə nüvələr tək sırada, çoxsıralıda isə hüceyərələrin nüvələri müxtəlif səviyyələrdə düzülmüşdür. Həmçinin birqatlı epiteldə toxumaların hər birində hüceyrələr eyni formada (kubabənzər, yastı və ya prizmatik), çoxqatlı epiteldə isə eyni anda müxtəlif formada olur. Bu səbəbdən birqatlı birsıralı epitel toxuması izomorf, birqatlı çoxsıralı və çoxqatlı epitel toxumaları anizomorfdur.
Birqatlı yastı epitel toxuması Əvvəl də qeyd olunduğu kimi, birqatlı örtük epiteli toxuması birsıralı və çoxsıralı olur. Birqatlı birsıralı epitelin növlərindən biri birqatlı yastı epiteldir. Birqatlı yastı epitel toxuması özü də 2 cür olur: endotel və mezotel.
Endotel birqatlı yastı epitel Endotel ( — daxili; — örtən) qan və limfa damarlarının, ürək kameralarının daxili səthini örtən strukturdur. O, yastı, çoxbucaqlı, kənarları girintili-çıxıntılı, bir-birilə sıx təmasda olan endotel hüceyrələrindən (endoliosit) təşkil olunmuşdur. Damarların divarlarındakı endoliositlər daha yastı olur.
Onların qanla təmasda olan səthlərində submikroskopik tükcüklər vardır.
Endoliositlərin tərkibində orqanoidlər azdır və bu orqanoidlərdən endoplazmatik şəbəkə və mitoxondrilərə rast gəlinir. Bundan əlavə, endoliositlərin sitoplazmasında çoxlu qlikogen və askorbin turşusu (C vitamini) vardır.
Endotel hüceyrələr mezenximdən inkişaf etmişdir, mitoz və amitoz yollar çoxalır. Funksiyalarına gəldikdə isə endotel hüdudi vəzifə daşımaqla yanaşı, həm də qan ilə digər toxumalar arasında qazlar və maddələr mübadiləsini təmin edir.
Mezotel birqatlı yastı epitel Mezotel ( — orta; — örtən) seroz qişaların (plevra, periton, perikard) azad səthləri və bədən boşluqlarının divarı ilə yanaşı, həm də ağciyər alveolları və böyrək yumaqcığı kapsullarında rast gəlinir.
Mezotel toxumasını təşkil edən hüceyrələr mezoteliositlər adlanır. Mezoteliositlər çoxbucaqlı formaya malikdir və qıraqları girintili-çıxıntılıdır. Onların azad səthində submikroskopik xovcuqlar müəyyən olunmuşdur.
Əsasən, birnüvəli olsalar da, iki və üçnüvəli mezoteliositlərə də rast gəlinir.
Mezotel digər yastı epitel toxumalarından fərqli olaraq xarici mühitlə əlaqəni itirdiyinə görə mezoteliositlərdə qütblük (polyarlıq) yoxdur.
Mezoliositlər mezodermadan inkişaf etdiyi üçün uyğun toxuma belə (mezotel) adlanır. Onlar amitoz yolla da bölünür və bu zaman çoxnüvəli hüceyrələr əmələ gəlir. Mezotel mühafizə funksiyasına malikdir. Belə ki, bu hüceyərlər xüsusi maye ifraz edərək seroz qişaların səthini hamar və nəm saxlayır ki, bu da daxili orqanların rahat sürüşməsini təmin edərək onların ətrafdakı törəmələrlə bitişməsinin qarşısını alır.
Birqatlı kubabənzər epitel toxuması Birqatlı birsıralı örtük epiteli toxumasının başqa bir növü kubabənzər epiteldir. Bu toxuma növü qaraciyər və mədəaltı vəzin kiçik axacaqlarını, ağciyərin kiçik bronxlarını, böyrəklərin qıvrım sidik borucuqlarını daxildən və yumurtalığı xaricdən örtür.
Birqatlı kubabənzər örtük epiteli toxuması çox sıx yerləşmiş, eni və hündürlüyü, adətən, eyni olan, kubabənzər hüceyrələrdən təşkil olunur. Bəzi nahiyələrdə, məsələn, ağciyərin kiçik bronxlarında toxumanın sərbəst səthində ehtizazlı kirpiklərə rast gəlinir.
Kubabənzər örtük epiteli hüceyrələri müxtəlif mənşələrdən inkişaf edir. Ağciyər, qaraciyər və mədəaltı vəzidə rast gəlinən belə hücyrələr entodermadan, yumurtalıqları xaricdən örtən və böyrəklərdəki kubabənzər epitel isə mezodermadan inkişaf edir.
Bu toxuma böyrək kanalcıqlarında reabsorbsiya (geriyə sorulma) prosesini təmin edir. Həm də digər örtük epiteli toxumaları kimi mühafizə funksiyası da vardır.
Birqatlı silindrik (prizmatik) epitel toxuması thumb|279x279px|Məməli heyvanın həzm borusundakı birqatlı sütunlu (silindrik) epitel Birqatlı birsıralı örtük epiteli toxumasının daha bir növü də silindrik (prizmatik) epiteldir. Bu toxuma növü nazik və yoğun bağırsağın, öd kisəsinin, qaraciyər və mədəaltı vəzin axacaqlarının, balalıq boynu və borularının, böyrəyn yığıcı borucuqlarının daxili səthini örtür.
Haqqında danışılan toxumanı təşkil edən hüceyrələr silindrik formada və bir-birlərinə çox sıx yerləşmiş olur. Birqatlı birsıralı örtük epiteli 3 yarımnövə ayrılır: haşiyəli, vəzi və ehtizazlı.
Haşiyəli epitelə sorulma prosesinin güclü olduğu yerlərdə rast gəlinir. Bu yerdə epitelin səthində epiteliositlər (epitel hüceyərləri) mikroxovcuqlardan ibarət olan sorucu haşiyəyə malik olur.
Birqatlı silindrik vəzili epiteldə silindrik hüceyrələrin arasında selik ifraz qədəhəbənzər birhüceyrəli vəzilər olur.
Ehtizazlı epiteldə isə epitelin sərbəst səthində hərəkəti təmin edən kirpklər olur.
Birqatlı birsıralı silindrik epitel də kubabənzər epitel kimi entodermadan (mədə, bağırsaqlar, öd kisəsi, qaraciyər, mədəaltı vəzidəki) və mezodermadan (böyrəklər, balalıq, balalıq borularındakı) inkişaf edir.
Əvvəl də qeyd olunduğu kimi, bu toxumanın hüdudi, mühafizə, sorulma, sekretor funksiyaları var.
Birqatlı çoxsıralı örtük epiteli toxuması Birqatlı çoxsıralı örtük epiteli toxuması tənəffüs yollarını (burun boşluğu, traxeya, iri bronxlar), bəzi cinsiyyət orqanlarını (balalıq, balalıq boruları, toxumdaşıyıcı kanallar) daxildən örtür.
Çoxsıralı epitel birsıralı epiteldən fərqli olaraq eyni deyil, müxtəlif forma və ölçülü hüceyrələrdən təşkil olunmuş, həmçinin hüceyrələrin nüvələri tək sırada deyil, bir neçə sırada (əsasən, 3 sıra) düzülmüşdür. Yəni, anizomorf toxumadır. Bu baxımdan çoxqatlı örtük epitelinə yaxın olsa da, toxumanı təşkil edən bütün hüceyrələrin proksimal qütbü bazal membrana birləşmiş olduğundan çoxqatlı epiteldən fərqlənir. Elə buna görə də psevdoçoxqatlı, yəni yalançı çoxqatlı epitel də adlandırılır.
Çoxsıralı birqatlı epitelin yalnız bir növü — çoxsıralı ehtizazlı (kirpikli) epitel aşkar edilmişdir. Çoxsıralı ehtizazlı epitelin sərbəst səthində kirpiklərə rast gəlinir. Bu toxumada 4 növ hüceyrə vardır: ehtizazlı (kirpikli), qədəhəbənzər, qısa ara, uzun ara hüceyrələr.
Ehtizazlı hüceyrələrin proksimal hissəsi dar, distal hissəsi genişdir və üzərində 250-yə qədər kirpik olur. Nüvələri distal hissədə yerləşdiyi üçün yuxarı sıranı əmələ gətirir. Bu hüceyrələrin distal hissəsi bir-birilə təmas edərək ümumi kirpikli səth formalaşdırır. Bu kirpiklərin tərkibindəki fibrillər nəm mühitdə onlara hərəkət etmək imkanı yaradır.
Qədəhəbənzər hüceyrələr xüsusi selik (mutsin) ifraz edir. Orta sıranı əmələ gətirir.
Qısa ara hüceyrələr kirpikli hüceyrələrdən fərqli olaraq geniş proksimal və dar distal hissəyə malikdir. Nüvə proksimal hissədə yerləşərək aşağı sıranı əmələ gətirir. Qısa olduqları üçün distal ucları epitelin səthindən çox aralı olur.
Uzun ara hüceyrələr iyşəkilldir və qısa ara hüceyrələrdən xeyli hündürdür. Orta sıranı əmələ gətirir.
Qısa və uzun ara hüceyrələr çoxsıralı örtük epiteli toxumasının sütun hüceyrələridir. Onların bölünməsindən əmələ gələn yeni ara hüceyrələr differensiasiya edərək (ixtisaslaşaraq) mühafizə funksiyası yerinə yetirən kirpikli və qədəhəbənzər hüceyrələrə çevrilir.
Çoxsıralı ehtizazlı örtük epiteli toxuması entodermal (tənəffüs orqanlarında) və mezodermal (cinsiyyət orqanlarında) mənşəlidir.
Çoxqatlı örtük epiteli toxuması Çoxqatlı örtük epiteli toxuması xarici təsirə daha çox məruz qalan orqanların səthini örtür. Bu toxumaya dərinin epidermisində, ağız boşluğu, dil, udlaq, qida borusu və balalıq yolunun azad səthində, göz almasının ön tərəfində, böyrək kasaları, böyrək ləyəni, sidik axarları, sidik kisəsi, sidik kanalının daxili səyhində rast gəlinir.
Çoxqatlı örtük epiteli toxuması anizomorfdur, hüceyrələr bir neçə qatda düzülüb. Ən alt qatda olan hüceyrə qrupu bazal zarla təmasdadır. Digər hüceyrə qatları isə bu qatın üzərində yerləşərək təbəqələr əmələ gətirir və bazar zarla birbaşa təmasları olmur. Birinci və ikinci qatın hüceyrələri cavandır və tərkibindəki maddələrin qatılığı çox olduğu üçün tünd rənglə boyanır. Üst qatlarda isə yaşlı və yüksək ixtisaslaşmış hüceyrələr yerləşir. Bu hüceyrələr boyanarkən yuxarı qatlara doğru rəng açılır.
Çoxqatlı örtük epiteli toxuması ektoderma və mezodermadan inkişaf edir. Çoxqatlı epiteldə yalnız birinci (bəzən, həm də ikinci) qatın hüceyrələri buna qabildir. Bu toxumanın əsas vəzifəsi mühafizədir. Birqatlı örtük epiteli toxumasından fərqli olaraq sorulma və sekretor funksiyası yoxdur.