– yaponəsilli ABŞ rəqqasəsi və aktrisası. O, Orijinal Rus Baleti və Amerika Balet Teatrında çıxış etmişdir. İkinci Dünya müharibəsi dövründə səhnəyə qoyulmuş "Veneranın bir toxunuşu" və "Şəhərdə" müzikllarındakı çıxışlarına görə tanınır.

Həyatı və karyerası Sono Osato 29 avqust 1919-cu ildə Nebraska ştatının Omaha şəhərində doğulmuşdur. Yapon olan atası fotoqraf idi. Kiçik yaşda ailəsi ilə birlikdə Çikaqo şəhərinə köçmüşdür. 8 yaşında ikən anası onu Sergey Dyagilevin ansamblının Monte-Karloda baş tutmuş "Kleopatra" performasına tamaşa etməyə aparmışdır. Bu hadisədən sonra Osatonun baletə qarşı böyük marağı yaranmış və Çikaqoya qayıtdıqdan sonra balet dərslərinə başlamışdır.

1934-cü ildə Vasili de Bazilin Orijinal Rus Baletinə seçilmişdir. O, ansambla seçilən ən gənc rəqqasə olmaqla yanaşı ansamblın ilk yaponəsilli üzvü olmuşdur. 1940-cı ilin noyabrında bu ansamblla birlikdə David Lişinin "İsrafçı oğul" baletində Dənizqızı kimi çıxış etmişdir. Antoni Tudorun "Alov sütunu" (1942) və "Romeo və Cülyetta" baletlərində rəqs etmişdir. 1943-cü ildə "Veneranın bir toxunuşu" müziklındakı çıxışına görə ən yaxşı rəqqasə üçün verilən Donaldson mükafatına layiq görülmüşdür.

Osato Amerika Balet Teatrına qoşulsa da, yaponəsilli şəxs olduğu üçün İkinci Dünya müharibəsi illərində teatrın Meksika və Kaliforniya səfərlərində iştirak etməsinə icazə verilməmişdir. Onun atası Çikaqoda "xalq düşməni" kimi həbs edilmiş, qardaşı Tim isə yaponəsilli amerikalılardan təşkil olunmuş 442-ci piyada alayının tərkibində İtaliyada döyüşməyə göndərilmişdir. Müharibə bitəndən sonra atası azad edilmiş, qardaşı isə ABŞ-yə qayıtmışdır.

1945-ci ildə "Şəhərdə" müziklında çıxış etdikdən sonra balet teatrını tərk etmişdir. Bu dövrdən sonra nadir hallarda çıxış etməyə başlamış və ailəsinə daha çox vaxt ayırmağa qərar vermişdir. 1980-ci ildə "Uzaq rəqslər" adlı avtobioqrafiyasını nəşr etdirmişdir. Rəqqaslar üçün Karyera Keçidi təşkilatının əsas dəstəkçilərindən biri olmuşdur. 2014-cü ildə "Şəhərdə" müziklının yenidən canlandırılmasında iştirak etmişdir. 2018-ci ildə Manhettendəki evində ölü tapılmışdır.

Şəxsi həyatı 1943-cü ildə ABŞ biznesmeni və əmlakçısı Viktor Elmale ilə evlənmişdir. Elmale 2014-cü ildə ölmüşdür. Cütlüyün Niko və Antonio adlı iki oğlu olmuşdur.

İstinadlar

Xarici keçidlər Osatonun kostyumda fotosu

Kateqoriya:ABŞ balerinaları Kateqoriya:ABŞ müzikl aktrisaları Kateqoriya:Donaldson mükafatı laureatları Kateqoriya:Yaponəsilli ABŞ aktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr ABŞ qadınları