Entlebuxer zennenhundu — orta ölçülü, qoyun otaran it cinsi. Alp dağlarının İsveçrə hissəsinə məxsus "zennenhund" cins tipinin dörd regional nümayəndəsindən ən kiçiyidir. "Zennenhund" adı Alp dağlarının İsveçrə hissəsində qoyun otaran çobanlara verilən "zenn" ifadəsindən götürülmüşdür. Cinsin adı İsveçrənin Lukern kantonunda yerləşən Entlebux bölgəsindən gəlir.

Tarixi Entlebuxer zennenhundu digər İsveçrə zennenhundlarından ən kiçiyidir. Bu qrupa Appenseller zennenhundu, Bern zennenhundu və Böyük İsveçrə zennenhundu daxildir. XIX əsrdə bu itlər müxtəlif xüsusiyyətlərə malik olub, müstəqil cinslər kimi tanınmırdı. 1908-ci ildə İsveçrə İtçilik Klubu tərəfindən təsnifat işlərinə başlanmışdır. 1913-cü ildə Albert Heym adlı zooloq nadir rast gəlinən dörd kəsik quyruqlu Entlebuxer zennenhundunu təqdim etdi. Bu cins İsveçrə Kennel Klubu tərəfindən "Stud" kitabına daxil edildi, lakin Birinci Dünya müharibəsi səbəbindən cinsin nümunələri azaldı. İlk cins klubu 1926-cı ildə yaradıldı və 1927-ci ildə cəmi 16 fərd tapılaraq cinsin bərpası başladı. Əvvəllər qoruma və otarma məqsədilə istifadə edilən Entlebuxer zennenhundu indiki dövrdə daha çox yoldaş kimi yetişdirilir.

Xüsusiyyətləri Entlebuxer zennenhundu möhkəm, orta ölçülü və balanslı bədən quruluşuna malikdir. Erkək itlərdə bədən daha uzun, dişi itlərdə isə kvadrat formalıdır. Kiçik, üçbucaq formasında qulaqları və nisbətən kiçik qəhvəyi gözləri vardır. Baş bədənə nisbətdə proporsionaldır və güclü çənəsi vardır. Bu cins üçrəngli, yumşaq və parlaq kürkü ilə seçilir. Kürkün rəngi əsasən qara, narıncı və ağ rənglərin simmetrik birləşməsindən ibarətdir. Ağ rəng barmaqların uclarında, quyruğun ucunda, sinədə və üzün müəyyən hissələrində yerləşir. Narıncı rəng isə həmişə qara və ağ arasında olur. Arxası geniş, əzələli və möhkəmdir. Təbii kəsik quyruğu ola bilər və ya bəzi hallarda quyruğu kəsilir, lakin bir çox ölkədə bu tətbiq qadağan edilmişdir. Boyu 48–50 sm, çəkisi isə 20–30 kq arasında dəyişir.

Temperament Entlebuxer zennenhundu böyük və aktiv işçi itlərin xüsusiyyətlərini daşıdığı üçün erkən sosiallaşma və təlimə ehtiyac duyur. Tanıdığı insanlara qarşı sadiq, yad insanlara isə bəzən aqressiv ola bilər. Bu cins müntəzəm məşq və fəaliyyət tələb edir, çünki enerjili və işçi instinktlərinə malikdir.

Tanınması Entlebuxer zennenhundu beynəlxalq səviyyədə Beynəlxalq Kinologiya Federasiyası tərəfindən tanınır və isveçrəmənşəli standartlarına uyğun təsdiq edilmişdir. Beynəlxalq Kinologiya Federasiyası ilə əlaqəsi olmayan digər milli İtçilik Klubları da bu cinsi tanıyır və bəzi hallarda öz standartlarını hazırlamışdır. Nadir bir cins olaraq, kiçik klublar və internet əsaslı qeydiyyat sistemləri tərəfindən də tanınır.AKC Entlebucher Mountain Dog News , Retrieved April 9, 2011.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İt cinsləri Kateqoriya:Çoban itləri