Hürufi-Müqəttə () — bəzi surələrin əvvəlində öz adları ilə tələffüz edilən hərflərin ümumi adı.
Etimologiyası Bu termin ərəb dilindəki "hərf" () sözünün cəmi olan "hüruf" kəlməsi ilə, "qat" () kökündən törəmiş, "kəsmək", "tamdan ayırmaq" mənalarına gələn "müqəttə" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu termini əmələ gətirən hərflər, sözü kimi deyil, öz adları ilə tələffüz edildiklərindən "müstəqil və ayrı hərflər" mənasına gələn "Hürufi-Müqəttə" olaraq adlandırılıblar. "Hürufi-Müqəttə"lərə yuxardakı səbəbdən ötrü "Hürufi-Təhəcci", surələrin ilk hərifləri olduqlarından "Əvailus-Süvər" və ya "Fəvatihus-Süvər" də deyilir. Mənaları və hansı səbəbdən istifadə edilmədiklərindən ötrü bu hərflərə "Hürufi-Mübhəmə" də deyilmişdir.
Müqəttə hərflərinin sayı Müqəttə hərflərinin sayı 14-dür. Bu hərflər aşağıdakılardır:
ا ح ر س ص ط ع ق ك ل م ن هـ ى
Bu hərflərin üçü tək, dördü iki, üçü üç, ikisi dört, ikisi də bəş hərflidirlər. Baqillani və Zəmaxşəri kimi alimlərin də işarə etdiyi kimi Hüruf-Müqəttə ərəb əlifbasının yarısını, məhmusə-məchurə, şədədə-rihvə kimi hərf qruplarının da yarısını əmələ gətirir.
Müqəttə hərfli surələrin sayı Hürufi-Müqəttə Quranda 29 surənin əvvəlində verilmişdir. Bu surələrdən 2-si Mədəni, 27-si Məkki surələrdir. Bu surələr aşağıdakılardır: Bəqərə surəsi, Ali-İmran surəsi, Ənkəbut surəsi, Rum surəsi, Loğman surəsi, Səcdə surəsi, Rəd surəsi, Əraf surəsi, Yunus surəsi, Hud surəsi, Yusif surəsi, İbrahim surəsi, Hicr surəsi, Mumin surəsi, Fussilət surəsi, Zuxruf surəsi, Duxan surəsi, Casiyə surəsi, Əhqaf surəsi, Şura surəsi, Qaf surəsi, Məryəm surəsi, Qələm surəsi, Sad surəsi, Taha surəsi, Nəml surəsi, Şuəra surəsi, Qəsəs surəsi, Yasin surəsi.
Müstəqil ayə olub-olmamaları məsələsi Müqəttə hərflərinin mətndəki (irəb) mövqeləri haqqında qiraət elmi və təcvid hökmləri baxımından müxtəlif fikirlər irəli sürülmüşdür. Bu hərflərin tam bir ayə sayıla biləcəyi də mübahisəlidir. Kufəli qiraət alimləri "əlif ləm mim", "hə mim", "qaf hə yə ayn", "ta hə", "ta sin mim" və "ya sin" hərflərini bir, "ha mim ayn sin qaf" hərflərini iki, digərlərini isə ilk ayənin bir hissəsi hesab etmişlər, lakin Bəsrənin qiraət alimləri bunların heç birini tam bir ayə olaraq qəbul etməmişlər.
Mənaları Əbu Bəkr, Ömər, Osman, Əli, İbn Məsud və İbn Abbas kimi səhabələr Müqəttə hərflərinin hansı mənalarda istifadə edildiyinin yalnız Allahın bildiyini söyləyiblər. Sünni alimlərdən Şəbi, Süfyən əs-Səvri, İbn Hibban, Əbu Həyyan əl-Əndəlüsi, Süyuti və şiə alimlərinin isə əksəriyyəti bu fikri dəstəyirlər. Şəvkani də sözü gedən hərflərin mənası ilə bağlı Məhəmməd peyğəmbərin heç bir açıqlama verməməsi, səhabələrin və Tabiin alimlərinin irəli sürdükləri çox fərqli fikirlərin bir nöqtədə cəm edilə bilməməsi, həmçinin təklif olunan mənaların da heç birinin ərəb dilinin qaydalarına uyğun gəlməməsi kimi səbəblərdən bu mövzuda fikir bildirməməyi üstün tutmuş, bu hərflərin nazil edilməsində Allahın mütləq bir hikməti olduğunu, lakin insan ağlının bu hikməti dərk etməkdə aciz olduğunu söyləməklə kifayətlənmişdir.
Mənaları haqqındak iddialar Tarix boyu bu hərflərin hansı mənaya gəlmələri haqqında həm avropalı şərqşünaslar, həm sünni, həm də şiə alimləri müxtəlif iddia və versiyalar irəli sürsələrdə də bunlar öz təsdiqini tapmamışdır.
İstinadlar Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam terminləri Kateqoriya:Quran Kateqoriya:Ayələr Kateqoriya:İslamşünaslıq