Sara Sofiya Benks (d. 28 oktyabr, 1744 – ö. 27 sentyabr, 1818) İngilis antikvar kolleksiyaçısı və botanist Josef Benksin bacısı və əməkdaşı idi. O, sikkələr, medallar və broşürlər, qəzet parçaları, vizit kartları, qravürlər, reklam elanları və teatr afişaları kimi tarixi dəyəri olan müxtəlif materiallar toplamışdır.

Bioqrafiyası Sara Sofiya Benks 28 oktyabr 1744-cü ildə Londonun Soho bölgəsində, Arqayl küçəsi 30-da anadan olmuşdur. O, Qrempaund bölgəsindən parlament üzvü olan Uilyam Benks və onun həyat yoldaşı Saranın ailəsində doğulub.

O, qardaşı ilə birlikdə bitki biologiyası mövzusunda müzakirələr aparmış və ona böyük təsir göstərmişdir. Onun bir çox ideyaları Jozef Benksin yazılarında yer almış və o, həmçinin Benksin 1766-cı ildə nəşr olunmuş Nyufaundlend səfəri haqqında əlyazmasının köçürülməsi və redaktə edilməsi işində dəyərli dəstək vermişdir.

Sara və Jozef Benks Soho Meydanındakı evlərində tez-tez yığıncaqlar təşkil edirdi. Kitablarla və müxtəlif kolleksiyalarla zəngin olan bu "böyük kitabxana" təbiət tarixi ilə maraqlanan insanlar üçün görüş, yemək və müzakirə yeri olmuşdur.

İrsi Benksin müxtəlif kolleksiyaları qardaşı və gəlininə miras qalmış, onlar isə bu kolleksiyaları Britaniya Muzeyinə və Kral Zərbxanası Muzeyinə bağışlamışlar. Onun sikkə kolleksiyası hazırda Britaniya Muzeyi və Kral Zərbxanası arasında bölüşdürülmüşdür, çap kolleksiyaları isə Britaniya Muzeyi və Britaniya Kitabxanasında saxlanılır.

1788–1790-cı illərdə onlarla qadına hücum etmiş "London Canavarı" haqqında topladığı materialların yenidən kəşfi, 2000-ci ildə Jan Bondesonun bu mövzuda kitab yazmasına birbaşa təsir göstərmişdir.

Haqqında yazılmış əsərlər

Ketrin İqlton, "XIX əsr Londonunda Afrika pullarının toplanması: Sara Sofiya Benks və onun sikkə kolleksiyası", Muzey Tarixi Jurnalı, cild 6, №1, 2013, s. 23–38. Ketrin İqlton, "Amerikanın toplanması: Sara Sofiya Benks və 1776-cı ilin 'Kontinental Dolları'", Numizmatik Xronika, cild 174, 2014, s. 293–301. Arlin Leys, "İncəsənət və dəbin sərgilənməsi: Sara Sofiya Benksin kağız kolleksiyalarında xanımların cib kitabı təsvirləri", Konsthistorisk Tidskrift, cild 82, №3, 2013, s. 252–271. Arlin Leys, "Ötəri tarixlər: Sara Sofiya Benksin kağız kolleksiyalarında İnqilab və Napoleon müharibələrinin sosial anılması", Satish Padiyar, Phillip Shaw və Philippa Simpson (red.) Visual Culture and the Revolutionary and Napoleonic Wars, Routledge, London və Nyu York, 2017, s. 183–199. Arlin Leys, "Həqiqətən maraqlı bir vizit kartları kolleksiyası", Tobi Berrouz və Sinti Conston (red.) "Keçmişin toplanması: Britaniyalı kolleksiyaçılar və onların kolleksiyaları, XVIII–XX əsrlər", Routledge, 2019. Entoni Pinkott, "Sara Sofiya Benksin kitab nişanları", The Bookplate Journal, cild 2, №1, mart 2004, s. 3–30.

İstinadlar